Kəlbəcər köçü: 27 il əvvəl
və indi
Ermənilər vaxtilə talayaraq
işğal etdikləri bu bölgəmizi indi viran qoyaraq tərk
edirlər
Noyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin,
Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan baş nazirinin
birgə imzaladıqları üçtərəfli bəyanat
Azərbaycanın həm hərbi, həm siyasi, həm də
diplomatik qələbəsi, Ermənistanın isə tam məğlubiyyəti
deməkdir. Bəyanata əsasən,
işğalçı qüvvələr Kəlbəcər
rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan
tərəfi rayonun təhvil verilməsi üçün əlavə
10 gün vaxt istəyib. Azərbaycan dövləti öz
humanist xarakterini bir daha nümayiş etdirərək bu
müddətin noyabrın 25-dək uzadılmasına
razılıq verib.
Noyabrın 25-dək Kəlbəcərin
azad olunması BMT Təhlükəsizlik Şurasının
822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir.
Çünki qətnamədə bütün
işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb
olunsa da, indiyədək bu öhdəliklər yerinə
yetirilməyib. Azərbaycan Ordusu
işğalçını təslimetmə əməliyyatını
və 27 ildir yerinə yetirilməyən BMT qətnamələrinin
icrasını da həyata keçirir. 44 gün davam edən
İkinci Qarabağ müharibəsində məğlubiyyətini
qəbul edən Ermənistan artıq Kəlbəcərdən
çıxmağa başlayıb. Amma, necə? Tarixdə
misli görünməmiş xüsusi vandallıq və faşistliklə…
30 il bundan əvvəl Ermənistan
torpaqlarımızı vəhşicəsinə işğal
etdiyi kimi, indi də o cür barbarlıqla təhvil verir. Məlum razılaşmadan sonra erməni mülki vətəndaşlar
və yerlərdə qalmış silahlı birləşmələr
işğaldan azad olunmuş ərazilərimizdən təyin
edilmiş qrafik əsasında çıxmaqdadırlar,
lakin hər zaman olduğu kimi,
bu dəfə də ermənilər öz vandal hərəkətlərindən
və ən əsası, əldə edilmiş
razılaşmaya hörmətsizlik nümayiş etdirməkdən
çəkinmirlər. Belə ki, mətbuatda Kəlbəcərdən
çıxan erməni əhalisinin videoları və
fotoları yayımlanıb. Bu video və fotolarda aydın
görünür ki, ermənilər əsasən bütün
əşyalarını yük maşınlarına yükləyərək,
daşıyırlar. Hətta mal-qaranı da rahat şəkildə
apara bilirlər. Ermənilər təhlükəsiz
şəkildə, atəşə məruz qalmadan
rahatlıqla əşyalarını götürür, hətta
evlərin dam örtüyü və unitazlarına qədər
çıxarıb aparırlar. 27 il əvvəl buradan qovulmuş
azərbaycanlıların evlərində yaşayan ermənilər
indi həmin evlərə od vuraraq gedirlər. Kəlbəcəri
tərk edən ermənilər ölülərinin qəbirlərdəki
sümüklərini belə özləri ilə aparıb.
Daşıya biləcəkləri əşyaları
maşınlarına yükləyən ermənilər evlərə
benzin tökərək yandırırlar. Kəlbəcərdə
ağacların kəsilməsi, meşələrin
yandırılması və ətraf mühitə qəsdən
zərər verilməsi təbiətə qarşı ən
ağır cinayətdir. İşğal dövründə Kəlbəcərə
köçürülən ermənilər evləri və ərazidəki
meşə zolaqlarını yandırmaqla yanaşı,
tarixi abidələrə də təcavüz edir. Ermənilər
Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə
olan Xudavəng monastırını sökməyə
başlayıblar. Onlar monastırda qədim əşyaları,
əsərləri və digər qiymətli əşyaları
Ermənistana daşıyırlar. Kəlbəcərin
işğaldan azad edilməsindən sonra ermənilər
monastırdakı zəngləri, məşhur Alban Xudavəng
monastırının xaç daşlarını və digər
qiymətli əşyaları sökərək qeyri-qanuni
olaraq Ermənistana aparırlar. Quru divarlara da od vurub
yandırırlar. Hətta məktəb binası belə
yandırılır. Meşələr qırılır,
alovlara qərq edilir.
Hazırda Kəlbəcəri tərk edən
erməni əhalisi rayonun işğalından sonra orada
qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə
zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər
ərazisində ermənilərin fəal məskunlaşdırılmasına
başlayıb. Ermənilərin 27-28 il boyunca
qanunsuz yaşadıqları evlərdən sökdükləri
qapı-pəncərə çərçivələrini və
aparılması mümkün olan digər bütün vasitələri
daşımaları, daşıya bilmədiklərinə isə
od vurub yandırmaları artıq dünya miqyasında onların
kimlikləri, necə bir rüsvayçı “əqidəyə”
malik olmaları barədə əsl gerçəklikləri
nümayiş etdirməkdədir. Bununla
yanaşı, bütün bunlar onu sübut edir ki,
işğala məruz qalmış torpaqlarımızda mədəniyyət
irsimizi, tarixi abidələrimizi, dini ocaqlarımızı, məscidlərimizi
təhqirlərə məruz qoyan ermənilər ötən
müddət ərzində az da olsa dəyişməyiblər,
əksinə daha da vəhşiləşiblər.
Kəlbəcəri tərk edən zaman ermənilərin
göstərdikləri bu biabırçı şoular mənfi mənada dünya
mediasının da diqqətini çəkməyə bilməzdi.
Qərb, Rusiya və Türkiyə KİV-ləri
işğalçıların bu addımlarını
fotolarla, videolarla birgə işıqlandırıblar. Qeyd
olunub ki, erməni əhalisi mağaza, idarə
binalarını yararsız hala salırlar və eyni mənzərə
Laçınla Ağdamı da gözləyir.
Yaponiyanın “msn.com” saytı Azərbaycanın
işğaldan azad olunmuş Kəlbəcər rayonunu tərk
edən ermənilərin buradakı evləri və sosial
obyektləri yandırması barədə məqalə dərc
edib. “Azərbaycan köçürülmə
vaxtını noyabrın 25-dək uzadır” sərlövhəli
məqalədə qeyd edilir ki, Ermənistan tərəfi Azərbaycana
müraciət edərək ərazinin təhvil verilməsi
müddətinin noyabrın 25-dək uzadılmasını
xahiş edib. Məqalədə bildirilir
ki, 1990-cı illərin əvvəllərində
keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Kəlbəcəri
mühasirəyə alan Ermənistan ordusu və
separatçılar burada yaşayan azərbaycanlılara ərazini
tərk etmələri üçün cəmi bir neçə
saat vaxt vermişdilər. Lakin buna baxmayaraq, Azərbaycan
tərəfi növbəti dəfə humanistlik göstərərək
Ermənistan rəhbərliyinin bu xahişini qəbul edib. Məlumatda
ermənilərin tərk etdikləri evləri və sosial
obyektləri yandırmalarına da geniş yer ayrılıb.
Bildirilib ki, bu evlərin əksəriyyəti ötən əsrin
90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara
məxsus olub.
Rusiyanın “RBC” agentliyinin Kəlbəcərdəki
müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilər gedərkən
evləri qəsdən yandırırlar. Hətta məktəb
binasına da od vurulub. BBC-nin reportajında isə evi
yandıran erməni belə deyir: “Mən yaşamıramsa,
heç kim yaşamasın”. Bütün bunlar sadəcə
vandallıqdır.
Düşmən tam boşaltmalı olduğu Kəlbəcər
şəhərində ekoloji terrorlar törətməyə
başlayıb. Bu barədə “Sputnik Ermənistan” saytında
da yazı dərc olunub. “Kəlbəcərdən gələn
yol maşınlarla doludur: ermənilər evləri
yandırır və torpaqları tərk edirlər”
başlıqlı xəbərdə yanğından video da
paylaşıb. Bununla da ermənilər Azərbaycanın
işğal altında olan torpaqlarında vandalizm əməlləri
törətdiklərini özləri bir daha sübut ediblər.
“BBC News” kanalı da ermənilərin Kəlbəcər
rayonunda ekoloji və kütləvi terrorlar törətməsi
ilə bağlı məsələni
işıqlandırıb. Telekanalın Moskva müxbiri Stiv
Rozenberq bununla bağlı Kəlbəcərdən reportaj
hazırlayıb. Reportajdan da görünür ki, ermənilər
aparılması mümkün olan hər şeyi özləri
ilə götürürlər. Bununla da BBC-nin videoreportajı
razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri
tərk etdiyini təsdiqləyir. Materialda ermənilər
yaşadıqları evlərdə azərbaycanlıların
yaşamaması üçün bu addımı
atdıqlarını bildiriblər. Bu o deməkdir ki,
işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin
dağıdılması və qarət olunması indi də
davam edir.
Rusiyanın “Rossiya 1”
telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”)
verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər
Şurasının eksperti, Aleksey Naumov Kəlbəcəri tərk
edən ermənilərin oradakı evlərini,
mağazalarını və digər tikililəri
yandırmasını əks etdirən videogörüntüləri
şərh edib: “Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır.
Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur,
o bu torpağın qaytarılması uğrunda vuruşub.
Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı
tutduqdan sonra – zəfərdən əvvəl dayandı və
sülhməramlıların buraxılmasına və
rayonların mərhələ-mərhələ,
yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına
razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə
bundan artıq alicənabcasına necə apara biləcəyini
təsəvvür etmirəm.”
Bununla belə, Naumov xatırladıb ki,
1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən
çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa,
o biri şəhərə yox, “o biri dünya”ya gedirdi: “Tamamilə
faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli,
bu, çoxdan olub, amma biz bunu unuda bilmərik.”
Kəlbəcər “köçü” zamanı
baş verənlər həm də Azərbaycan və Ermənistan
arasındakı fərqi bir daha göstərir. Azərbaycan
tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin
ərazidən çıxması üçün humanitar
qaydalara tam uyğun olaraq, qabaqcadan
razılaşdırılmış müddət
ayırıb, lakin erməni tərəfi işğal
zamanı bunların heç birini etməyib. Qeyd etmək lazımdır ki, Kəlbəcərin
Ağdaban kəndinin qadınları hələ 1991-ci ildə
11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir
götürmüşdülər. 1992-ci ilin aprelin 8-də
Ağdaban kəndi ermənilərin amansız hücumları
nəticəsində işğal olunub. 39
nəfər kənd sakini qəddarcasına
öldürülüb, 5 nəfər girov
götürülüb, 100-dən artıq ev
yandırılıb. 1993-cü ilin mart ayında düşmənlər
strateji əhəmiyyətli bir neçə yüksəkliyi
tutublar. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə
soxulub evlərə od vurub, dinc əhalini diri-diri
yandırıblar. Ən əhəmiyyətli Keçiliqaya
yüksəkliyinə sahib çıxıblar. Aprelin 2-də
Kəlbəcər artıq erməni quldurlarının əlində
idi. Dağlıq Qarabağ ərazisindən kənarda
yerləşən Kəlbəcər rayonunun Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal
edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə
divan tutulub, yerli əhali min illər boyu
yaşadığı ata-baba torpağından qovularaq didərgin
salınıb. İşğal nəticəsində Kəlbəcərdən
53.340 nəfər adam qovulmuş, 511 dinc əhali
öldürülmüş, 321 nəfər isə əsir
götürülmüş və itkin
düşmüşdür. Erməni faşistləri rayonu
talan edib,yandırdılar. Rayon ərazisində olan
tarixi-memarlıq abidələrini, binaları, evləri
dağıdıb məhv etdilər.
Göründüyü kimi, bu
gün təhlükəsiz şəkildə və öz
seçimi ilə ərazini tərk edən erməni əhalidən
fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi
oradan zorakılıqla qovulub, dağ yolları ilə,
ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından
qaçıb xilas olublar. Onların bir çoxu
qırğına məruz qalıb, atəşə tutulub,
meyitləri belə təhqir edilib. Azərbaycan əhalisi
özü ilə heç nə götürə bilməyib,
sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən
qarət olunub. 1993-cü ildə Kəlbəcərin əsl
sakinləri dağları, meşələri, keçilməz
yolları ayaqyalın qət edərək canlarını erməni
silahlılarından güclə qurtardılar. Yüzlərlə
kəlbəcərli qırğına məruz qaldı, cəsədləri
belə təhqir edildi.
Yaqut
Ağaşahqızı
İki sahil.- 2020.- 17 noyabr.- S.27