Azərbaycanın üçrəngli
bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı
ildə Naxçıvanda dalğalandırılıb
Ulu
Öndərimiz qədim diyarda milli dövlətçiliyimizin
bərpası istiqamətində tarixi addımlar atıb
Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan
üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın
müstəqillik rəmzinə çevrilməsi ulu öndər
Heydər Əliyevin tarixi xidmətləri ilə
bağlıdır. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda
Naxçıvana qayıdışı və bu qədim Azərbaycan
diyarında milli dövlətçiliyimizin bərpası
istiqamətində atdığı tarixi addımlar, nəinki
Naxçıvanı, bütövlükdə, Azərbaycanı
məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə
cərəyan edən mürəkkəb və
ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik
edən dahi lider Heydər Əliyevin milli dövlət
quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar
Naxçıvanda milli dirçəlişin əsasını
qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi
dövlət kimi gələcək fəaliyyətinin siyasi və
ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki
gücləndirən, milli dövlət rəmzlərinə
hörmət təlqin edən genişmiqyaslı addımlar
atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan
Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə müstəqil Azərbaycan
dövlətçiliyinin bərpası
istiqamətində bir çox məsələlər
müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının adının dəyişdirilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət
hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar
Respublikasının Dövlət rəmzləri haqqında”
tarixi qərarlar qəbul edildi.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
tarixi qərarı
“Naxçıvan Muxtar Respublikasının Dövlət
rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin
əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi qəbul
olundu. Bununla əlaqədar
ümummilli lider Heydər Əliyevin öz əli ilə
yazdığı Ali Məclisin Qərarında deyilirdi:
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
Dövlət Bayrağı Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər
dövlət rəmzi – Dövlət Himni və gerbi
haqqında məsələ öyrənilib Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə
verilsin.
3) Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli Dövlət
Bayrağının, bütövlükdə, Azərbaycan
SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan
SSR Ali Sovetindən xahiş edilsin.
Bizim
müstəqilliyə gedən yolumuz həmin
gündən başlayıb
Həmin gün Azərbaycanın üçrəngli
bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda
dalğalandırıldı, dövlət
atributlarımızla bağlı çox mühüm qərarlar
qəbul edildi.
Hələ kommunist partiyasının hökm
sürdüyü bir dövrdə böyük cəsarətlə
qəbul edilmiş həmin qərarlar Azərbaycanın
müstəqillik yoluna işıq saldı. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət
Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə
gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının
Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı
müstəqilliyə daha da yaxınlaşdırmış və
ölkəmizdə gedən proseslərə güclü təkan
vermişdir”.
Dövlət
Bayrağımız milli suverenliyin simvolu kimi
təsdiq
olunub
1991-ci il fevral ayının 5-də Azərbaycan
Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin vəsatətinə baxıb və üçrəngli
bayrağın Azərbaycanın Dövlət Bayrağı
kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda
yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət
Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan
Respublikasının Dövlət Bayrağı haqqında
çoxsaylı normativ aktlar qəbul edildi. Ulu Öndərimizin rəhbərliyi altında
hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında
üçrəngli bayrağımız dövlət rəmzi
kimi təsbit edilib. Burada göstərilir
ki, Azərbaycan Respublikasının Dövlət
Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayrağımızdakı mavi rəng Azərbaycan
xalqının türk mənşəli olmasını,
qırmızı rəng müasir cəmiyyət qurmaq,
demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng
İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Ümummilli
Lider deyib: “Azərbaycanın bayrağı, sadəcə,
bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin
rəmzidir. Gərək hər bir evdə Azərbaycan
dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan
bayrağına itaət etsin. Bu bayraq gərək
hər bir ailənin həyatının əziz bir hissəsi
olsun”.
Bayrağımıza
böyük ehtiram, dərin məhəbbət
Görkəmli dövlət xadiminin siyasi kursunu
bütün sahələrdə uğurla davam etdirən
ölkə Prezidenti İlham Əliyev dövlət
atributlarımıza xüsusi ehtiramla yanaşır. Dövlət
başçısının 2007-ci il 17
noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində
Dövlət Bayrağı Meydanı yaradılıb. “Ginnes”
dünya rekordları təşkilatı 2010-cu il
mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq
edib. Fərəhli haldır ki, dünyanın ən
hündür bayraq dirəyinin ucaldığı Bakıdan
sonra ölkəmizin əksər bölgələrində
üçrəngli bayrağımızın şərəfinə
meydanlar yaradılıb.
Belə Bayraq meydanlarından biri də dövlət
atributlarımıza sevgi və hörmətin göstəricisi
kimi Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikasındadır. Muxtar
respublikada dövlət rəmzlərinin qorunması,
yaşadılması və təbliğinə böyük
diqqət göstərilir, dövlət rəmzlərimiz və
atributlarımız daim uca tutulur. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
2014-cü il 22 avqust tarixdə imzaladığı
“Naxçıvan şəhərində Dövlət
Bayrağı Meydanı və Muzeyinin yaradılması
haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. 2014-cü il noyabrın 17-də
Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli
açılış mərasimi keçirilib. Həmin
gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Sərəncam imzalayıb. Sərəncama əsasən
hər il noyabr ayının 17-si Azərbaycan
Dövlət Bayrağının Naxçıvanda
Qaldırıldığı Gün kimi qeyd edilir. Naxçıvan şəhərindəki Bayraq Meydanında
unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Dövlət Bayrağı Muzeyi Naxçıvan
şəhərinin ən hündür ərazisində yerləşir.
Bayraq dirəyinin ətrafında
yaradılmış muzey səkkizguşəlidir. Meydanda
dalğalanan Dövlət Bayrağının uzunluğu 20
metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə
57 metrdir. Muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının
ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar
Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın
surəti və həmin tarixi günə aid fotoşəkillər,
tarixən Naxçıvan ərazisində mövcud olmuş
dövlətlərin, eləcə də Naxçıvan
xanlığının bərpa olunmuş bayraqları, gerbləri
və inzibati xəritələri, Naxçıvan
xanlığının süvari dəstələrinə verilən
bayraqlar, döyüşçü libasları,
Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə
qəbul olunmuş konstitusiyaları dövlətçilik
tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin
tarixini öyrənməyə geniş imkanlar yaradır, gənc
nəslin dövlətçilik ənənələrinə sədaqət
ruhunda tərbiyə edilməsi işində mühüm rol
oynayır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan
dövlət rəmzləri və bayraqlar bir tərəfdən
nadir dövlətçilik irsinin varisləri kimi bizdə
iftixar hissi doğurursa, digər tərəfdən
Naxçıvanda mövcud olmuş qədim dövlətlərin
tarixini öyrənməyə də geniş imkanlar
yaradır. Naxçıvan şəhərində
yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi
bu baxımdan mühüm əhəmiyyətə malik
olacaqdır”.
Bu gün
Şuşada da dalğalanan üçrəngli
bayrağımız dövlətimizin gücünün,
xalqımızın milli birliyinin simvoludur
Bu gün üçrəngli
bayrağımız dövlətimizin gücünün və
xalqımızın milli birliyinin nişanəsi kimi
dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında,
mötəbər mərasimlərdə, ən yüksək
zirvələrdə dalğalanır. Qürurvericidir ki,
illər öncə Prezidentimizin dediyi “Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz hər an
öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq” ifadələri bu gün real
həyatda təsdiqini tapıb. Bir aydan çox idi dövlətimizin
ərazi bütövlüyünün bərpası,
işğal altında olan torpaqlarımızın azad
olunması uğrunda başlanan Vətən müharibəsindən
qalib çıxan, zəfər çalan Azərbaycan oldu. Müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı,
Ali Baş Komandanımızın qətiyyətli iradəsi
sayəsində Qələbə qazandıq. İndi əzəmətli
Azərbaycan bayrağı əzəli, qədim
torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda,
Qubadlıda, Hadrutda, Suqovuşanda, Şuşada, digər kənd
və qəsəbələrimizdə xalqımızın
tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin
körpüsü üzərində qürurla
dalğalanmaqdadır. Vətənimizin bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin,
qəhrəman oğullarımızın sayəsində ucalan
zəfər bayrağımız əbədidir.
Lütvəli Babayev
İki sahil.- 2020.- 18 noyabr.- S.13.