“Din və
etiqad azadlığının
irəlilədilməsi üzrə
üçüncü nazirlər
konfransı”nda təmsil
olunub
ABŞ hökumətinin
təşəbbüsü və Polşa hökumətinin təşkilatçılığı
ilə 16-17 noyabr
2020-ci il tarixlərində
videokonfrans formatında
keçirilən “Din və etiqad azadlığının irəlilədilməsi
üzrə üçüncü
nazirlər konfransı”nda
nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri
də daxil olmaqla 60-a yaxın dövlətin xarici işlər nazirləri və müavinləri, din azadlığı üzrə xüsusi səfirlər iştirak ediblər.
Cari ilin iyul ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi
planlaşdırılan üçüncü
nazirlər konfransı
dünyada yayılan pandemiya səbəbindən
dəfələrlə təxirə
salınmış və
sonda tədbirin 16-17 noyabr tarixlərində virtual olaraq keçirilməsi qərara
alınmışdı. Tədbirdə ölkəmizi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı təmsil edib.
Videokonfransı Polşa Respublikasının
Xarici İşlər
Naziri Zbiqniev Rau açaraq din və etiqad
azadlığının fundamental
insan hüququ olduğunu vurğulayıb,
dünyada bir çox insanların, xüsusən də dini azlıqlara
mənsub olanların bu təməl haqqının pozulması
ilə qarşılaşdıqlarını və COVID-19 pandemiyası dövründə
bu problemin daha da artdığını
bildirib. Nazir, həmçinin konfrans iştirakçılarını din və etiqad
azadlığını qorumaq
və təşviq etmək üçün səylərini artırmağa
çağırıb.
Videokonfransın açılış mərasimində çıxış
edən ABŞ Dövlət
katibi Mayk Pompeo konfransa ev sahibliyi etdiyinə
görə Polşa hökumətinə minnətdarlığını
bildirərərək bu
qəbildən olan tədbirlərin din və etiqad azadlığının təmin
edilməsi sahəsində
səylərin davam etdiriləcəyinin göstəricisi olduğunu
qeyd edib.
Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı videokonfransda çıxış
edərək ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə dinlərarası
dialoqun mərkəzinə
çevrilmiş Azərbaycanın
müasir dövrdə
həyata keçirdiyi
dünyəvilik, tolerantlıq
və multikultural dəyərlərə söykənən
dövlət-din modeli
və siyasətindən
bəhs edib, dövlət səviyyəsində
dini konfessiyalara və icmalara göstərilən diqqət
və qayğıdan danışıb.
Ermənistanın Azərbaycana qarşı
təcavüzünə toxunan
Dövlət Komitəsinin
sədri Dağlıq
Qarabağ bölgəsi
və ətraf 7 rayonunun işğalı zamanı baş vermiş hadisələri
- azərbaycanlıların öz yurdlarından qovulması, qətl edilməsi, tarixi dini-mədəni abidələrimizin,
yaşayış məntəqələrinin ermənilər tərəfindən
dağıdılması, məscidlərimizin
tövləyə çevrilməsi,
donuz saxlanılmaqla təhqir edilməsi, o cümlədən tarixi Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməyə məruz qalması faktlarını vurğulayıb.
Eyni zamanda cari il sentyabr ayının
27-dən noyabr ayının
10-dək Ermənistan tərəfinin
başladığı hərbi
hücumlar nəticəsində
Azərbaycanın münaqişə
zonasına aid olmayan yaşayış məntəqələrinin raket
zərbələrinə məruz
qalması zamanı ümumilikdə 100-ə yaxın
mülki şəxsin qətlə
yetirilməsini də qeyd edən M.Qurbanlı məruzəsində
Azərbaycanın həyata
keçirdiyi uğurlu
əks-hücum əməliyyatları
nəticəsində işğalçı
Ermənistanın ağır
məğlubiyyətə uğradıldığını,
30 ilə yaxın müddətdə düşmən
tapdağında olan ərazilərimizin azad
edildiyini və həmin ərazilərdə
quruculuq işləri aparılacağını, bütün
tarixi dini abidələrin bərpa ediləcəyini bildirib.
Həmçinin düşmənin öz təcavüzünə
dini don geyindirmə cəhdini də ifşa edən Dövlət Komitəsinin sədri ölkəmizdə müsəlman,
xristian, yəhudi və s. dinlərin nümayəndələri kimi
minlərlə erməninin
sərbəst yaşadığını,
Bakının mərkəzində Erməni
Apostol Kilsəsinin dövlət tərəfindən
qorunduğunu iştirakçıların
nəzərinə çatdırıb.
Çıxışının yekununda M.Qurbanlı
müasir günümüzdə
insanlar arasında vəhdət və harmoniyanın yaradılmasını,
dini liderlər tərəfindən ekstremizm,
terrorizm və separatizmin tənqidinə yönəlik çağırışların
edilməsini dinlərin
insanlara verəcəyi
əsas töhfə kimi qiymətləndirib.
Nazirlər konfransının əksər iştirakçıları
məruzələrində əsasən
dövlətləri tərəfindən
aparılan din və etiqad azadlığı sahəsindəki
uğurlu siyasətdən
bəhs edib, həmçinin bir çox məruzəçilər
ayrı-ayrı ölkələrdə,
xüsusən də Avropa ölkələrində
dini zəmində baş vermiş terror hadisələrini vurğulamaqla dünyadakı
din və etiqad azadlığının
hazırkı vəziyyətindən
narahatlıqlarını dilə
gətiriblər.
Nazirlər konfransının ilk gününün müzakirələrini yekunlaşdıran
Polşa Xarici İşlər Nazirliyinin
Dövlət katibi Piotr Vavrzik din
azadlığının təmin
edilməsində beynəlxalq
ictimaiyyət tərəfindən
dinlərarası dialoq
və müasir texnologiyalardan düzgün
istifadə kimi həyata keçirilə biləcək
bir sıra konkret fəaliyyətə
diqqət çəkib.
Qeyd edək ki, Nazirlər konfransının
gedişində din və etiqad azadlığının qorunması
sahəsində beynəlxalq
əməkdaşlığın gücləndirilməsi məqsədilə
iştirakçılar tərəfindən
münasibət bildirilməsi
üçün səkkiz
bəyanat irəli sürülüb. Həmin bəyanatlarda dinlərarası
dialoqların irəlilədilməsi,
COVID-19 pandemiyası dövründə
din və etiqad azadlığının
qorunması, eləcə
də dinə və inancına görə zülmə məruz qalan azlıqların qorunması,
din xadimlərinin sülh quruculuğuna verdiyi töhfə, Dayanıqlı İnkişaf
Məqsədləri ilə
din azadlığı
arasındakı əlaqələr,
din azadlığı
sahəsində savadlılığın
rolu, texnologiyaların
istifadəsi barədə
məsələlər öz
əksini tapıb. Din və etiqad azadlığının təmin
edildiyi, dini azlıqların hüquqlarının
qorunduğu və dinlərarası dialoqun hökm sürdüyü inkluziv cəmiyyətin təşviqatçısı olan
dövlət kimi Azərbaycan tərəfi də adıçəkilən
bəyanatlara qoşulub.
Məlumat üçün bildiririk ki, 2018-ci ildən ABŞ hökumətinin
təşəbbüsü ilə başladılan nazirlər konfransının
ötən ilin 16-18 iyul tarixlərində
ABŞ-ın paytaxtı
Vaşinqton şəhərində
keçirilmiş tədbirində
ölkəmizi təmsil
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
məruzə ilə çıxış edib və mühüm görüşlər keçirərək
Azərbaycan dövlətinin
din azadlığının
qorunması ilə bağlı apardığı
multikultural və tolerant siyasəti barədə geniş məlumat verib. Vaşinqton konfransının
yekunu olaraq, din azadlığının
irəlilədilməsi üzrə
irəli sürülmüş
bəyanatların bir neçəsinə Azərbaycan
tərəfi də qoşulub.
Iki sahil.-
2020.- 19 noyabr.- S.5.