Doğma torpaqlara qayıdış Füzuli
- Şuşa yolundan başladı
«Yenə də Azərbaycan vətəndaşları burada
yaşayacaqlar, quracaqlar,
yaradacaqlar» söyləyən
Prezident İlham Əliyev Böyük Qayıdışın daha
möhtəşəm olacağını
bildirir
Belə bir
deyim var: Ayaq basdığın yeri torpaq deyib
keçmə, onu tanı, sev. Torpaqlarımız uğrunda
vuruşmalarda şəhid,
qazi olan igidlərimiz bu müdrik kəlamı Vətən uğrunda canlarından keçməklə
daha da müqəddəsləşdirdilər.
İkinci Qarabağ müharibəsindəki
tarixi qələbəmiz,
torpaqlarımızın işğaldan
azad olunması uğrunda aparılan müharibə, ən başlıcası isə
üçrəngli bayrağımızın
Azərbaycanın incisi,
mədəniyyət mərkəzi
Şuşada dalğalanması,
Gövhərağa məscidində
azan səsinin eşidilməsi düşmən
üzərində qələbəmiz,
bu müqəddəs ocaqda namaz qılınması
xalqımızın özünəqayıdış
müjdəsi idi. Bu qayıdışla sonrakı illərdə görüləcək işlərin
ilk konturları müəyyənləşdirildi. Düşmən üzərində
qələbənin əsas
qəhrəmanı olan
Prezident, Ali Baş Komandan İlham Əliyevin, Vətən uğrunda mübarizəyə qoşulan
Milli Ordumuzun əsgər və zabitlərinin hər birinin bu şanlı
qələbədə payı
vardır. Azərbaycan xalqının zəfər
salnaməsinin hər səhifəsində gərgin
gedən döyüşlər,
düşmənə ağır
zərbə endirən,
başını əzən
ərənlərimizin Vətən
sevgisi, torpağa bağlılığı görünməmiş
bir qəhrəmanlıq
dastanı kimi tarixə yazıldı. Ulu Dədə Qorquddan qalan birliyə çağırış rəmzi
olan üç tonqalın yandırılması
bugünkü nəslə
də nəsib oldu.
Torpaqlarımızın erməni işğalçılarından
azad olunması ilə xalqımızın
Vətənə məhəbbət,
torpağa bağlılıq
duyğuları reallaşdı.
Artıq Dədə Qorqudun həyat naminə başqa nəsihətlərinin yerinə
yetirilməsi vaxtıdır:
Torpağı qorumazsansa,
əkib beçərməyinə
dəyməz, əkib
becərməzsənsə, qorumağına dəyməz.
İllərdən bəri
düşmənin murdar
nəfəsindən çat-çat
olan torpaqlarımızı
canlandırmaq dövrü
başlanır. Hər zaman
düşünülmüş siyasəti ilə Azərbaycanı qüdrətli
dövlətlərlə eyni
sıraya qaldıran, nəyin nə zaman və necə
həlli olunacağını
dövlətçilik təcrübəsi
ilə müəyyənləşdirən,
qətiyyəti ilə
düşmən üzərində
tarixi zəfər
çalan Prezident İlham Əliyev yenə də düzgün seçimi ilə xalqının etimad və etibarını qazanan lider olduğunu bildirdi.
Mədəniyyət yoldan başlanır. Bir də deyirlər
ki, abad kənd yolundan bəlli olur. Həmişə xalqımızın
milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşan
Prezident İlham Əliyev yenə də babalarımızın
tarixin sınağından
çıxmış müdrik
deyimlərinə əməl
etdi.
Bu günlərdə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında olarkən Füzuli- Şuşa avtomobil yolunun təməlqoyma mərasimində
iştirak edən Prezident İlham Əliyevin bu addımı hələ də məğlubiyyətdən
özünə gəlməyən,
Cəbrayıla yol çəkdirmək istəyən Ermənistanın baş naziri, sərxoş Nikol Paşinyana daha bir zərbə idi. Yolun çəkilişi münasibətilə Azərbaycan
xalqını təbrik
edən cənab İlham Əliyevin «Şuşa, sən artıq azadsan, biz səni yenidən
dirçəldəcəyik» çağırışı bu yolun çəkilişi
ilə başlayır.
«Çünki bu yol bizi Qarabağın
tacı olan Şuşa şəhərinə
aparır. Noyabrın
10-da düşmən faktiki
olaraq kapitulyasiya aktını imzalamışdır.
Şuşanın işğaldan
azad edilməsi bizim gücümüzü
göstərdi. Ordumuzun peşəkarlığını,
hərbçilərimizin cəsarətini,
qəhrəmanlığını göstərdi. Şuşanın
götürülməsi çox
böyük peşəkarlıq,
cəsarət tələb
edən əməliyyat
idi. Əminəm ki, bu əməliyyat
dünya tarixində xüsusi yer tutacaqdır. Çünki
bu əməliyyatı yalnız yüngül
silahlarla silahlanmış
bizim qəhrəman hərbçilərimiz dağlardan,
meşələrdən, cığırlardan
keçərək icra
ediblər» söyləyən
Ali Baş Komandan İlham Əliyev həmin gün dövlət başçısı kimi
qələbə günündən
8 və Ermənistanın kapitulyasiyasından
6 gün keçəndən
sonra Füzuli –Şuşa yolunun çəkilməsinə başlanmasını
işğal olunmuş
ərazilərdə aparılan
quruculuq işlərinin
başlanğıcı adlandırır.
İşğal olunmuş ərazilərdə
bütün infrastrukturun,
evlərin dağıdılması,
bəzi kəndlərin
tamamilə yerlə-yeksan
olunması, yandırılması
bir həqiqəti dünyaya bəyan etdi ki, Azərbaycan
özünü dünya
ictimaiyyətinə məsum,
məzlum xalq kimi təqdim edən, əslində isə vəhşi düşməndən
də betər dağıdıcılıqla, qəddarlıqla
məşğul olan Ermənistanla üz-üzəyə
dayanaraq, haqq-ədalət
uğrunda apardığı
mübarizədə qalib
gəlib.
İkinci Qarabağ müharibəsində
Azərbaycan xalqı göstərdi ki, qəsbkarların, başqasının
torpağına göz
dikənlərin, təbiətə
qarşı barbar münasibət göstərənlərin
aqibəti mütləq
rəzillik, məğlubiyyət,
ədalətin zülm
üzərində qələbəsidir.
Bu baxımdan işğal olunmuş ərazilərdə aparılan
quruculuq işlərinin
təməli olan Füzuli-Şuşa yolu tarixi qələbənin Böyük Qayıdışa,
abadlığa uzanan qoludur. «Bu gün bu gözəl
təməlqoyma mərasimi
böyük rəmzi məna daşıyır»
söyləyən Prezident
İlham Əliyev Şuşaya gedən bu yoldan onlarla
şəhər və
kəndin istifadə edəcəyini, bütünlükdə
bölgənin inkişafı
üçün böyük
əhəmiyyət
daşıdığını bildirir. «Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb,
talan edib, bizim mədəni, tarixi, dini irsimizi
silmək istəyib, ancaq istəyinə nail ola bilməyib»
sözləri ilə Böyük Qayıdışın
bu yerlərə yeni həyat verəcəyini bildirən
dövlət başçımız
işğaldan azad olunan bütün torpaqlarda quruculuq, abadlıq işlərinin aparılacağını, düşmənin
torpağımıza vurduğu
yaraların sağalacağını
diqqətə çatdırır.
Viran qoyulmuş şəhər və kəndlərdə ürək
ağrıdan mənzərə
bir məsələyə
də aydınlıq gətirir. Xunta rejimi ilə
idarə olunan Ermənistanın «qüdrətli
ordusu» dağıdıcılıqla,
barbarlıqla, həyat
qaynağı sayılan
təbiətə, bütün
canlılara , torpağa,
suya, floraya, faunaya ziyan vurmaqla,
Azərbaycan xalqına
məxsus sərvətləri
talamaqla məşğul
olmuşdur. Dünyada
çox müharibələr,
toqquşmalar olub. Amma heç bir dövlət dağıdıcı, ziyanverici,
barbar, vəhşi ermənilər kimi düşmənlə rastlaşmayıb.
Azərbaycan xalqı bu cür yırtıcı
düşmənə də
qalib gəldi.
Cəbrayılda olarkən gördüyü
mənzərəni ürək
ağrısı ilə
seyr edən Prezident İlham Əliyev şəhər və kəndlərin qısa müddətdə
abadlaşdırılacağını bildirdi. Xalqımız əmindir ki, işğaldan azad olunmuş bütün torpaqlar yenidən canlanacaq. Hazırda dağıdılmış bütün
şəhər və
kəndlərə dəyən
ziyanlar hesablanır. Sonrakı mərhələdə
şəhərsalma üzrə
yerli və xarici mütəxəssislərin
birgə fəaliyyəti
ilə kəndlərin,
şəhərlərin infrastrukturu,
ekologiyası bərpa
olunacaq, yeniləcək.
Bu vəhşilikləri
üçün Ermənistan
beynəlxalq məhkəmələrdə
cavab verməli olacaq. Hazırlanacaq baş plana əsasən rayonlarda yeni inzibati, yaşayış binaları,
məktəblər, səhiyyə
ocaqları inşa olunacaq, parklar salınacaq, küçələr
bərpa ediləcək.
«Bütün şəhərlərdə
qələbə abidələri
ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları
burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bu günkü
tarix heç vaxt silinməyəcək.
Erməni vəhşiliyinin
canlı şahidləridir
bax, bu dağıdılmış
evlər… Bərpa edəcəyik bunları hamısını bərpa
edəcəyik. Azərbaycan
xalqı bir daha öz böyüklüyünü
göstərəcək» söyləyən
Prezident İlham Əliyev bərpa işlərinin çoxşaxəli
olacağını bildirir.
Xudafərin körpüsünü görərkən «Bu gün noyabrın 16-sı
mənim həyatımda
xüsusi tarix olaraq qalacaq» söyləyən Prezident
İlham Əliyevin İranla Azərbaycan arasında dostluq körpüsü, memarlıq
abidəsi olan Xudafərin üzərində
Azərbaycan bayrağını
qaldırması xalqımızın qürür mənbəyi olmaqla düşmən üzərində
qələbəmizin önəmli
məqamlarından birini
də əbədiyyətə
çevirdi.
Bəli, Azərbaycan
düşmən üzərində
siyasi, hərbi zəfər çaldı.
Torpaqlarımız işğaldan
azad olundu. Növbəti qələbəmiz
isə bu torpaqlara yeni həyatın qayıtması,
Vətən həsrətli
insanların doğma evlərinə qayıdışı,
«Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»
sözlərini gündəlik
həyatlarında hiss
etməsi olacaq.
Xuraman İsmayılqızı,
İki sahi.- 2020.- 19 noyabr.- S.10