Milli qürur, qələbə və zəfər
bayramı
Azərbaycan ədliyyəsinin 102 illik zəngin
və şərəfli dövrü
Noyabr ayı müstəqil Azərbaycanın
müasir tarixində artıq zəfər, qələbə
ayı kimi qalacaqdır. Xalqımızın
işğal altında olan torpaqlarımızı düşmən
tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində
başlatdığı İkinci Qarabağ – Vətən
Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi,
düşmənin kapitulyasiyası ilə sona çatdı.
44 günlük hərbi döyüşlər
nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi,
o cümlədən Füzuli şəhəri, Cəbrayıl
şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri,
Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər
qəsəbələr döyüş meydanında azad edildi.
Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan
İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini
xalqımıza verdi. Bundan sonra imzalanan
üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Əldə olunan razılaşmaya əsasən, 1 dekabr 2020-ci
il tarixinədək Ağdam, Kəlbəcər və
Laçın rayonları Azərbaycana qaytarılacaq,
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcək.
Bəli, xalqımızın 30 illik həsrətinə
son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü,
süverenliyi bərpa edildi, ədalət yerini tapdı.
İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz
öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab
Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və
nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə
qəhrəman igid oğullarmız şəhid oldu,
yaralandı, Vətən uğrunda qanından, canından
keçdi. Allah şəhidlərimizə rəhmət etsin,
qazilərimizə şəfa versin.
Bu gün hər birimiz müasir Azərbaycan
tarixinin ən qürurlu, fəxarətli günlərini
yaşayırıq. Sözüz ki, Vətən
müharibəsində qazandığımız qələbə
ədliyyə işçiləri üçün də
böyük qürurdur, fəxrdir. 30 ildir ki,
xalqımızın torpaq həsrətinə son qoyuldu,
düşmən üzərində böyük qələbə
əldə edildi. Məhz cənab
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi
arenada, həm də döyüş meydanındakı
gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti
bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi
və hərbi gücünü nümayiş etdirdi. Bu
müharibədə ən əsas məqamlardan biri Xalq-Ali
Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş
Komandanın ətrafında bir yumruq kimi birləşərək
Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman,
yenilməz Ordumuz isə döyüş meydanında cənab
Ali Baş Komandanın əmrlərini şərəflə
icra edərək düşmənə ağır zərbələr
endirdi və işğal altındakı
torpaqlarımızı azad etdi.
Bu günlərdə cənab
Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban
Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl
rayonlara səfərləri, böyük qələbəni
xalqla birlikdə qeyd etmələri hər birimizi
qürurlandırdı. Bütün dünya tarixi ədaləti
bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş
Komandanın və xalqımızın gücünü
gördü.
Noyabr ayının 22-si Azərbaycanda ədliyyə
işçilərinin peşə bayramı günü kimi
qeyd edilir. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci
il 11 noyabr tarixli Sərəncamı ilə təsis
olunmuşdur. Bu il ölkəmizdə ədliyyə
orqanlarının yaradılmasından 102 il ötür.
Ədliyyə sisteminin xalqımızın müstəqillik
uğrunda mübarizəsini, onun şanlı keçmişini
əks etdirən zəngin tarixi vardır. Ədliyyə
tariximizin ən şərəfli anları 1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının yaranması ilə başlanır.
Bir əsr inkişaf yolu keçən Azərbaycan
ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə
Ədliyyə Nazirliyinin təsis edilməsi ilə
başlamış, təcrübəli dövlət xadimi Xəlil
bəy Xasməmmədov ilk ədliyyə naziri təyin
olunmuşdur. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə
Palatasının Əsasnaməsi, noyabrın 22-də isə
Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə
sahəsində və məhkəmə idarəçiliyində
bir sıra qərarlar qəbul edilmiş, qanunlar
hazırlanmışdır. Cəzaçəkmə
yerləri ilə aparılan işin ədalət mühakiməsinin
həyata keçirilməsində əhəmiyyəti nəzərə
alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı
ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində
olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə
verilmiş, nazirliyin təşəbbüsü ilə
"İstintaq hissəsinin quruluşu və gücləndirilməsi
haqqında", "Məhkəmə idarəsi sahəsində
vəzifələrə namizədlər haqqında",
"Azərbaycan andlı iclasçılar məhkəməsinin
təsis edilməsi haqqında", ADR-in yaranmasından il
yarım keçməsi münasibətilə ümumi amnistiya
haqqında və digər qanunlar parlamentin müzakirəsinə
çıxarılmışdır.
Azərbaycan Demokratik
Respublikası süqut etdikdən sonra 13 may 1920-ci il tarixli qərarla
Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə
Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə
qanunvericilik layihələrinin hazırlanması, məhkəmə
işçilərinin seçilməsi, təlimatlandırılması
və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa
ali nəzarət və istintaqın aparılması daxil
edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv
edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə,
Mərkəzi İcraiyyə Komitəsinə və digər
orqanlara verilmişdir.
Qeyd edək ki, Ədliyyə
Nazirliyinin yenidən yaradılması ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə
baş verib. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin
qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və
bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ
başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə
orqanlarına təşkilati rəhbərliyi həyata
keçirmiş, əhaliyə hüquqi yardımı
yaxşılaşdırmış, notariat fəaliyyətinin
və məhkəmə ekspertizalarının
aparılmasını təmin etmiş, 1972-ci ildə
Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş,
ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək
onun gələcək inkişafı üçün zəmin
yaranmışdır. Həmin dövrdə
nazirlik qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi,
hüquqi biliklərin artırılması, məhkəmələrə
təşkilati, eləcə də notariat, məhkəmə
ekspertizası, vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı və vəkillik fəaliyyətinə
rəhbərliyi həyata keçirmək səlahiyyətlərinə
malik olmuşdur.
Ölkəmiz dövlət
müstəqilliyini bərpa etdikdən sonra ulu öndər
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi
sahədə islahatların mütəşəkkil qaydada
aparılması məqsədilə Hüquqi İslahat
Komissiyası yaradılmışdır. Bununla
yanaşı, Azərbaycan ədliyyəsinin
inkişafını təmin edən ardıcıl tədbirlər
görülərək səlahiyyətləri genişləndirilmiş,
istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət institutu, icra xidməti
yaradılmış, nazirliyin cəmiyyətdə
artmışdır.
Ulu Öndərin dövlət
quruculuğu siyasi kursunu uğurla davam və inkişaf etdirən
cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyət
göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində,
ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı
islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin
təkmilləşdirilməsi, ədliyyə
orqanlarının inkişafı, ədalət mühakiməsinin
səmərəliliyinin artırılması, müstəqil məhkəmə
hakimiyyətinin möhkəmləndirilməsi üzrə kifayət
qədər mühüm təbirlər həyata
keçirilmişdir. Belə ki, 2006-cı ildə nazirliyin yeni
Əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə
orqanı statusu verildi. Nazirliyin yeni müasir
görünüşlü rəsmi emblemi təsdiq edildi.
Ədliyyə orqanlarının inkişafı, məhkəmə
sisteminin müasirləşdirilməsi haqqında fərmanların
imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə
haqqında" yeni Qanunun, habelə Ədliyyənin
inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu
xüsusi əhəmiyyət kəsb etdi. Nazirlikdə yeni
qurumların-Ədliyyə Akademiyasının, regional ədliyyə
şöbələrinin, müxtəlif reyestrlərin
yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində
mühüm yer tutur.
Azərbaycan Prezidentinin 2006-cı
il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə
və ədliyyə orqanlarının inkişafının
yeni mərhələsini müəyyən etdi, məhkəmə-hüquq
sisteminin müasir dövrün tələblərinə
uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin
regionlarında hüquq infrastrukturunun
genişləndirilməsinə şərait yaratdı.
Ədliyyə nazirliyinin cəmiyyətdə rolunun və
xüsusi çəkisinin əhəmiyyətli dərəcədə
artması ədliyyə fəaliyyətinin müasir
dövrün tələblərinə və beynəlxalq
standartlara uyğun təşkil edilməsini, bu sahədə
müasir informasiya və kommunikasiya texnologiyalarının
tətbiqinin genişləndirilməsini, yeni nəsil
hüquqşünasların
formalaşdırılmasını şərtləndirmişdir.
Ədliyyə sahəsində fəaliyyətin
müasirləşdirilməsi və islahatların aparılması,
ədliyyənin davamlı inkişafının təmin edilməsi
və sürətləndirilməsi məqsədilə
dövlət başçısının 06.02.2009-cu il tarixli
sərəncamı ilə "Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər
üçün Dövlət Proqramı" təsdiq
olunmuşdur. Bu gün ədliyyə sahəsində
dövlət siyasətini və idarəetməni həyata
keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində
iştirak edir, normativ hüquqi aktların layihələrini
hazırlayır, onların, habelə əhalinin və mətbu
nəşrlərin, sahibkarlıq sahəsində aparılan
yoxlamaların və qüvvədən
düşmüş sənədlərin reyestrlərini, vətəndaşlıq
vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatını aparır, penitensiar sistemə rəhbərlik
edir, ədalət mühakiməsi əleyhinə və bir
sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini,
məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin
fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin
və digər orqanların qərarlarının
icrasını və probasiya nəzarətini təmin edir.
Həmçinin nazirlik bələdiyyələrə
metodoloji yardım göstərir və inzibati nəzarət
edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə
işçiləri, vəkillər, bələdiyyə
üzvü və qulluqçularının və digər
hüquqşünasların ixtisasartırmasını, habelə
peşə fəaliyyətinə buraxılışı,
ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq
haqqında müqavilələrin bağlanmasını və
onların icrasını, beynəlxalq sahədə hüquqi
yardım göstərilməsini təmin edir və digər
funksiyaları həyata keçirir.
Ədalət mühakiməsinin səmərəliliyində
məhkəmə infrastrukturunun müasirləşdirilməsi
də az əhəmiyyət kəsb etmir. Son illər
ərzində dövlət büdcəsi hesabına və
Dünya Bankı ilə birgə məhkəmə
üçün müasir bina və komplekslərin layihələri
hazırlanmış, müasir məhkəmə binaları və
bir neçə məhkəmənin
yerləşdiyi məhkəmə kompleksləri tikilərək
istifadəyə verilmiş, ədliyyə orqanları və
məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir.
Məhkəmə sisteminin müasirləşdirilməsi
üzrə həyata keçirilən islahatlar çərçivəsində
"Elektron məhkəmə” informasiya sisteminin
yaradılması haqqında dövlət
başçısının sərəncamı bu sahədə
strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün
əsasını qoymuşdur.
Qeyd edək ki, ötən
dövrdə yeni nəsil hakim korpusunun
formalaşdırılması məqsədilə mütərəqqi
qaydalar hazırlanmış, müstəqil qurum-Hakimlərin
Seçki Komitəsi yaradılmışdır. Çoxmərhələli
imtahanlarda şəffaflıq və obyektivlik, nəticələrin
yoxlanması və elan edilməsi, çoxsaylı yerli və
beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin
qarşısında keçirilməsi və onlayn rejimdə
canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların
da diqqətini cəlb etmişdir. Təsadüfi
deyildir ki, bu prosesi bilavasitə izləyən Avropa
Şurası Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ), habelə Avropa İttifaqı
Azərbaycanda hakimliyə namizədlərin seçimini
örnək kimi qiymətləndirmiş və digər
dövlətlərə tövsiyə etmişdir.
Daim inkişaf edən hər bir cəmiyyətdə
olduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin
edilməsi üçün bütün sahələrdə həyata
keçirilən islahatlar məhkəmə-hüquq sisteminin
inkişafında yeni mərhələnin
başlanmasını və bu sahədə islahatların
dərinləşdirilməsini zəruri etdiyindən,
müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik ədalət
mühakiməsinin formalaşdırılması prosesini
sürətləndirmək məqsədilə məhkəməyə
müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində
şəffaflığın artırılması, məhkəmə
icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə
qərarlarının tam və vaxtında icra edilməsinin təmin
olunması, süründürməçiliyin və digər
neqativ halların aradan qaldırılması üçün
görülən tədbirlər gücləndirilməsi
məqsədi ilə bu sahəni daim diqqət mərkəzində
saxlayan cənab Prezidentimiz İlham Əliyev 3 aprel 2019-cu il
tarixdə “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” Fərman
imzalamışdır. Fərmanda Azərbaycan
Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq
Şurasına tövsiyə, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə tapşırılmışdır
ki, sahibkarların məhkəməyə müraciət
imkanlarının asanlaşdırılması və
sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və
təcrübəsi olan hakimlər tərəfindən
baxılmasını təmin etmək məqsədilə vergi
və gömrük ödənişləri, məcburi dövlət
sosial sığorta haqlarının ödənilməsi ilə
bağlı yaranan mübahisələrə, habelə
sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə
dair işlər üzrə ixtisaslaşmış məhkəmənin
yaradılması; məhkəmələrin
hüquqi məsələlərin həllinə
yanaşmasının sabitliyini və normativ hüquqi
aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin
proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə
təcrübəsi formalaşdırmaq vəzifəsinin
və həmin vəzifənin icra olunması mexanizminin təsbit
edilməsinin qeyd edilməsi diqqət çəkən önəmli
məsələlərdəndir.
Həmin fərmanda digər
önəmli məsələlərlə yanaşı, Məhkəmə-Hüquq
Şurasına hakimlərin müstəqilliyinin təmin edilməsi,
məhkəmələrin fəaliyyətinə müdaxilə
və digər neqativ halların aradan qaldırılması məqsədilə
müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması tövsiyə
edilmiş və məhkəmələrin fəaliyyətinin
daha optimal şəkildə qurulması, ədalət
mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və
məhkəmələrdə işlərə baxılma
müddətlərinin qısaldılması məqsədilə
Azərbaycan Respublikasının məhkəmə
sisteminə daxil olan məhkəmələrin hakimlərinin
ümumi sayı 200 nəfər artırılması ölkə
başçısının bu sahəyə diqqətinin və
qayğısının təzahürüdür. Eyni zamanda bu diqqətin bariz nümunəsi kimi Azərbaycan
Respublikasının Prezidentinin Azərbaycan Ədliyyəsinin
100 illiyi münasibətilə ədliyyə və məhkəmə
orqanlarına aid yüksək dövlət təltif, fəxri
adlar və sair həvəsləndirici tədbirlərə dair
Sərəncamlarını da göstərmək olar.
Qeyd etdiyimiz kimi, noyabr ayı artıq müasir
tariximizin parlaq zəfər səhifəsi kimi
yaddaşlarımıza həkk olunub. Bu mənada
ərazi bütövlüyümüzün bərpa edilməsi,
düşmən üzərində qazandığımız
qələbə münasibətilə
soydaşlarımızı, Azərbaycan Respublikasının
bütün ədliyyə işçilərini, məhkəmə
aparatı əməkdaşlarını və hakimləri isə
22 noyabr peşə bayramı münasibətilə təbrik
edir, gələcək işlərində uğurlar
arzulayırıq.
Yaşasın
müstəqil Azərbaycan!
Akif Eyvazov
İki sahil.- 2020.- 19 noyabr.- S.20