Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin
və xalqımızın inkişafı naminə misilsiz xidmətlər
göstərib
Milli Məclisin İntizam komissiyasının sədri,
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov
www.yap.org.az saytına müsahibə verib:
-Eldar müəllim, Yeni Azərbaycan
Partiyasının yaradılmasının 28 ili tamam olur.
Partiyamızın yaradılması ərəfəsində
ölkəmizdə baş verən prosesləri necə
xatırlayırsınız?
-İlk öncə qeyd etmək istəyirəm
ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci
ildönümü xalqımızın tarixində çox əlamətdar
bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan
xalqının qürur mənbəyinə çevrilmiş
hadisələr yaşanmışdır. YAP Sədri, ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri,
torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik
tariximizə qızıl hərflərlə daxil olmuşdur. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla
son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu
dövlətimizin ərazi bütövlüyünü bərpa
etdi və 10 noyabr tarixi Azərbaycan xalqının
yaddaşına qələbə günü kimi
yazıldı. Bu gün ilk dəfə biz YAP-ın
ildönümünü torpaqlarımızın
işğaldan azad olunduğu, ərazi
bütövlüyünün bərpa edildiyi bir dövrdə
qeyd edirik. Ona görə də, qalib ölkənin vətəndaşları
olan bütün Azərbaycan xalqı və hər birimiz
çox xoşbəxtik ki, bu fərəhli anları
yaşayırıq. Bu şanlı tarixi yaratdığına
görə Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan, partiyamızın Sədri İlham Əliyev cənablarına
borcluyuq və ona dərin təşəkkürümüzü
bildiririk.
Ölkəmizin siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının
yaranması və təşəkkül tapması milli
tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər
Əliyevin şərəfli adı ilə bağlıdır.
Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan
Partiyası elə bir dövrdə formalaşmışdır
ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə
qarşısında idi. Xalqımızın əsrlərdən
bəri ürəyində yaşatdığı azadlıq
amallarını beşiyindəcə boğmağa cəhd
göstərən qara qüvvələr heç nədən
çəkinməyərək ən çirkin vasitələrə
belə əl atırdılar.
Belə bir vaxtda müstəqilliyimizin
qorunub saxlanması istiqamətində aparılan işlərin
daha geniş vüsət alması və həyata keçirilməsinin
zəruriliyi Heydər Əliyevin ətrafında birləşən
böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac
yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın
16-da Azərbaycanın 91 nəfər tanınmış
ziyalısı “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərə
“Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə
müraciət etdi. Müraciətdə Heydər Əliyevə
xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət
quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz,
qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini
əhatə edəcək çox böyük, güclü,
nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar
ki, bütün bölgələrində aparılan ictimai rəy
sörğularının nəticələrinə və bizim
təşkilat komitəsinə daxil olan minlərlə
şifahi və yazılı vətəndaş təkliflərinə
əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına
bu gün rəhbərlik etməyə qadir olan yeganə
mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda
yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə
çatar, respublikanın bütün zümrələrindən
olan xalq kütləsini öz ətrafında
birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında
mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu
işlərində öz layiqli töhfəsini verə biləcək.
Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik
ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək
dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli,
müstəqil düşüncəli, milli qürurlu peşəkar
insanların siyasi partiyasına çevriləcəkdir”.
-Yeni Azərbaycan Partiyasının
yaradılmasına o vaxtkı hakimiyyət hər vəchlə
mane olmağa çalışırdı. Bu məqsədlə
hakimiyyət tərəfindən müxtəlif təxribatlar
da törədildi...
-Görkəmli dövlət xadimi Azərbaycan
ziyalılarının müraciətinə oktyabrın 24-də
“Yeni müstəqil Azərbaycan uğrunda”
çağırışı ilə başlayan cavab verdi.
Heydər Əliyev “91-lər”in müraciətinə
cavabında Yeni Azərbaycan Partiyasının
yaradılmasının obyektiv zərurətdən
doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal
iştirak etməyə hazır olduğunu bəyan etdi. Onun
ölkədəki ictimai-siyasi vəziyyəti hərtərəfli
əks etdirən və AXC-Müsavat hakimiyyətinin əsl
mahiyyətini açıb göstərən cavab məktubu Azərbaycanda
böyük əks-səda doğurdu. Heydər Əliyevin bu
cavabından o dövrkü iqtidar təşvişə
düşdü və oktyabrın 24-də Naxçıvanda
dövlət çevrilişinə cəhd göstərildi.
Belə bir vaxtda Heydər Əliyevi sevən insanlar ayağa
qalxıb, hamı bir nəfər kimi onu müdafiə etdi. O
dövrkü hadisələr barədə Ulu Öndər Heydər
Əliyev belə demişdir: “Biz Naxçıvanda ağır
şəraitdə yaşadığımız zaman - bəziləri
bunu da bizə çox gördülər, - Naxçıvanda
dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin
böyük bir silahlı dəstəsi Daxili İşlər
Nazirliyini zəbt etdi. Onların bəzi nümayəndələri
televiziya ilə xalqa müraciət edib bizi devirmək
çağırışları ilə şıxış
etdilər. Ancaq heç bir şey edə bilmədilər.
Çünki xalq bizimlə idi.”
Bütün təzyiqlərə
baxmayaraq, tez bir zamanda ölkənin hər yerində yeni
partiyanın təsis konfransına hazırlıq işlərinə
başlanıldı. Əfsuslar olsun ki, həmin dövrdə
Bakıda Yeni Azərbaycan Partiyasının təsis
konfransını keçirmək mümkün olmadı.
Çünki, AXC-Müsavat hakimiyyəti Heydər
Əliyevin rəhbərliyi ilə yaradılacaq partiyadan qorxur
və onun təsis olunmasına çox böyük maneələr
törədirdi. Buna görə də partiyanın təsis konfransı
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirildi.
Konfransda Azərbaycanın müxtəlif
regionlarını təmsil edən təşəbbüs
qruplarının 550 nəfərdən artıq nümayəndəsi
iştirak edirdi. Tədbir şaxtalı bir gündə
Naxçıvan Dram Teatrının binasında keçirildi.
4 saat davam edən konfransda partiyanın Proqram və Nizamnaməsi
qəbul olundu və Heydər Əlirza oğlu Əliyev
partiyanın Sədri seçildi. Yeni yaranmış
partiyanın proqramında bu siyasi qurumun əsas məqsədləri
barədə belə deyilirdi: “Yeni Azərbaycan
Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
ərazi bütövlüyü, sivilizasiyalı hüquqi
demokratik dövlətin yaradılması, möhkəm əmin-amanlıq
və ictimai həmrəylik, sabit və sosial istiqamətli
iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən,
dilindən asılı olmayaraq şəxsiyyətin
hüquq və azadlıqlarının hərtərəfli
inkişafı və etibarlı müdafiəsini təmin etmək
məqsədilə geniş demokratik islahatların həyata
keçirilməsi uğrunda çıxış edən
parlament tipli siyasi partiyadır”.
-Yeni Azərbaycan Partiyası hansı zərurətdən
yarandı?
-Ulu ÖndərHeydər Əliyev YAP-ın
yarandığı dövrü belə xarakterizə edirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə
bütün Azərbaycan xalqının mənafelərinə
xidmət etmək üçün və xalqın o
ağır dövründə ölkəmizin
qarşısında duran məsələlərin həll edilməsi
üçün zamanın tələblərinə uyğun
olaraq zərurətdən yaranmış bir partiyadır”.
Mövcud olduğu dövrdə
YAP qəbul etdiyi Proqram və Nizamnaməyə uyğun olaraq
dövlətçiliyimizin və xalqımızın
inkişafı naminə misilsiz xidmətlər göstərmişdir.
Ötən 28 il ərzində Yeni Azərbaycan Partiyası
sıralarında siyasətçilərin yeni nəsli
yetişmişdir. Bu nəslin ən parlaq
nümayəndəsi, dərin fəlsəfi və milli
köklərə malik Heydər Əliyev siyasi məktəbinin
yetirməsi cənab İlham Əliyev öz çoxşaxəli
fəaliyyəti sayəsində geniş xalq kütləsinin dərin
rəğbətini qazanmışdır. 2000-ci il parlament
seçkilərində İlham Əliyev YAP-ın
seçki kampaniyasına uğurla rəhbərlik etdi və bu
partiya parlamentdə yerlərin böyük əksəriyyətini
qazandı. Partiyanın II qurultayının qətnaməsində
bu barədə belə deyilirdi: “Parlament seçkiləri
kampaniyası gedişində yüz minlərlə seçici
qarşısında İlham Əliyevin qətiyyətli, məntiqi,
praqmatik çıxışları xalqa onu Heydər
Əliyev siyasətinin layiqli davamçısı kimi daha
yaxından tanıtmışdır”.
Partiyanın II qurultayında
İlham Əliyev partiya Sədrinin I müavini seçildi.
2003-cü il prezident seçkiləri ərəfəsində
isə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində
cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə
rəhbərlik etməyə qadir şəxsiyyət kimi
gördüyünü bildirmişdir: “Sizi
əmin edirəm ki, həm İlham Əliyev, həm də
Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən
layiqli övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
2003-cü il prezident seçkilərində
Yeni Azərbaycan Partiyası çox mühüm bir siyasi qələbə
qazandı. Bu seçkilərdə partiya Heydər Əliyev
ideyalarına sarsılmaz sədaqət nümunəsi, ən
başlıcası isə qələbəyə haqqı
olduğunu bütün dünyaya nümayiş etdirdi.
Partiyanın namizədi cənab İlham Əliyev ölkə
başçısı seçildi.
2003-cü il oktyabrın 31-də keçirilən
andiçmə mərasimində cənab İlham Əliyev Ulu
Öndər Heydər Əliyevin dövlətçilik irsinə
sədaqət andı içərək demişdir: “Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün
yüksək kürsüdən çıxış edərkən
mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.
-Bu gün Yeni Azərbaycan Partiyası yeni
inkişaf mərhələsini yaşayır. Bu barədə
də fikirlərinizi bilmək istərdik...
-Bu gün Heydər Əliyev mənəvi-siyasi
irsinin ən layiqli davamçısı, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri
yazılır. Cənab İlham Əliyev
bütün sahələrdə Heydər Əliyev
ideyalarının layiqli davamçısı olduğunu hələ
Prezident seçilməmişdən əvvəl də Ulu
Öndərimizin müəllifi olduğu yeni neft
strategiyasının həyata keçirilməsinə, Milli Məclisin
deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin
inkişafına, Azərbaycan idmanının yüksəlişinə
verdiyi töhfələrlə sübuta yetirmişdir.
Əlbəttə, bu uğurlar heç də
asan əldə olunmamış, çox böyük səylər
və uzaqgörən siyasət nəticəsində
qazanılmışdır. Belə ki, AXC-Müsavat
cütlüyünün ölkəyə rəhbərlik etdiyi
qısa müddət ərzində respublikamızı siyasi,
iqtisadi və sosial baxımdan çox acınacaqlı vəziyyətə
qoymuşdu. Bu barədə 2005-ci ildə keçirilən
partiyamızın III qurultayında ölkə Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyev belə
demişdi: “Yeni Azərbaycan Partiyası 1992-ci ildə çətin
şəraitdə .... müxalifət partiyası kimi
yaranmışdır. Ancaq indiki bəzi müxalifət
nümayəndələrindən fərqli olaraq, Yeni Azərbaycan
Partiyası müxalifətdə olan dövrdə heç vaxt
Azərbaycan dövlətçiliyinə, Azərbaycanın
milli maraqlarına müxalifətdə olmamışdır. O vaxtkı iqtidara müxalifətdə olmuşdur və
təkcə biz yox, bütün Azərbaycan xalqı o
vaxtkı iqtidara müxalifətdə idi. Çünki
onların yarıtmaz fəaliyyəti nəticəsində
ölkədə anarxiya, hərc-mərclik, total böharn
hökm sürürdü. Demək olar ki, ölkəni
uçurum kənarına gətirib
çıxarmışdılar. Ölkədə gedən
proseslər Azərbaycanın gələcəyini sual
altında qoymuşdu və ölkə parçalanma ərəfəsində
idi. Azərbaycan xalqının müdrikliyi və
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi
təcrübəsi, biliyi, cəsarəti nəticəsində
ölkəmiz o çətin şəraitdən şərəflə
çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən
qoruya bildi”.
Bunun
nəticəsidir ki, ötən illər ərzində
partiyanın keçdiyi şərəfli yol, bu gün
sağlam qüvvələrin partiyaya axını belə deməyə
əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan
Yeni Azərbaycan Partiyası ölkə qarşısında
duran problemləri həll etməyə, xalqımızı
xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda
özünü təsdiqləmiş monolit bir partiyadır.
Partiyanın yaradıcısı, Ulu Öndər Heydər
Əliyevin təbirincə desək: “Yeni Azərbaycan
Partiyası dünənin, bugünün və gələcəyin
partiyasıdır”.
Biz fəxr edirik ki, Ümummilli Liderimizin dediyi
bu fikir öz təsdiqini real həyatda əyani surətdə
tapır. Bu günlərdə Vətən
müharibəsində Yeni Azərbaycan Partiyasının parlaq
zəkalı lideri, ölkəmizin Prezidenti və Ali Baş
Komandanı İlham Əliyev cənablarının möhtəşəm
rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun
Qarabağın 30 il ərzində mənfur qonşumuz Ermənistanın
işğalında olan ərazilərimizin azad edilməsi,
respublikamızın ərazi bütövlüyünün bərpa
edilməsi buna sübutdur. 30 ildən çox idi ki Azərbaycan
xalqı bu günü gözləyirdi və həmin gün gəldi.
Bu şanlı qələbəni bizə bəxş edən
isə partiyamızın lideri cənab İlham Əliyevdir. Məhz
buna görə bütün Azərbaycan xalqı kimi,
partiyamızın üzvləri də böyük fəxrlə
deyirik: “Yaşasın Yeni Azərbaycan Partiyasının Sədri,
Azərbaycan Respublikasının Prezidenti və Ali Baş
Komandanı İlham Əliyev”.
İki sahil.- 2020.- 21 noyabr.- S.13.