Müstəqillik tariximizə möhtəşəm
imzalar yazan 28 il
Yeni Azərbaycan Partiyasının
yaradılması həmin dövrün tələbi,
bügünümüz üçün möhkəm təməl
oldu
Çağdaş tariximizdə
baş verən önəmli hadisələr, xüsusilə
yaxın keçmişimizlə bugünümüzün
müqayisəli təhlili hər zaman keçilən yola nəzər
salmağı, həmin dövrün reallıqlarını bir
daha göz önünə gətirməyi bir zərurətə
çevirir. Bu günlər müasir müstəqil
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
aparıcı rol oynayan, nəinki ölkəmizin, eyni zamanda, Cənubi
Qafqaz regionunun ən güclü siyasi təşkilatına
çevrilən, hazırda sıralarında 760 mindən
artıq üzvü birləşdirən, ən
başlıcası dövlətinə, xalqına xidməti
fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan
Partiyasının yaradılmasının 28-ci
ildönümünü böyük fəxr və qürur
hissi ilə qeyd edirik. Qısa müddətdə keçilən
şərəfli yol partiyanın 28 illik fəaliyyətinin
aydın mənzərəsini yaradır. Bu
baxımdan Yeni Azərbaycan Partiyasının
yarandığı dövrdən deyil, ənənəmizə
bir qədər dəyişiklik edib bugünümüzün
reallıqlarından, uğurlarımızdan başlamaq, arxada
qalan illərə nəzər salmaq istərdik. Çünki
bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, Yeni Azərbaycan
Partiyasının çoxminli üzvləri 30 ildən sonra
çağdaş tariximizin bu günlərdə yazılan ən
möhtəşəm və parlaq səhifəsinin sevincini
yaşayır, hər bir soydaşımız sonsuz fəxarət
və qürur hissi ilə “Gözün aydın, Azərbaycan!
Qələbən mübarək!” söyləyir.
Hər birimiz fəxr edir və
sözlə ifadə edilməsi mümkün olmayan sonsuz
qürur hissi keçiririk ki, 44 günlük İkinci
Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm
Qələbəsi ilə başa çatdı. 10 noyabr
şanlı Qələbəmiz 30 illik həsrətə,
niskilə, sıxıntılara son qoydu. Xalqımız
bu Qələbəni böyük coşqu, sonsuz sevinclə
qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin,
milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi
olan üçrəngli bayrağımız işğaldan
azad olunan torpaqlarımızda dalğalandıqca
başımızı dik tutur, hər zaman böyük inamla bəyan
etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq”
çağırışının reallıqda öz əksini
tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə
olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi
qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi
ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün
mənbəyidir. Hamını birləşdirən Vətən
müharibəsi milli birliyin əyani təzahürüdür.
Vətən müharibəsi başlayan andan 50 siyasi
partiyanın bir araya gələrək birgə bəyanat
imzalaması xalq-iqtidar birliyinin təcəssümüdür. Dövlətimizin başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin işğaldan azad
edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o
cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə
səfəri zamanı qəhrəman Prezidentini
qarşılayan qalib xalq öz müdrik rəhbərinə
sonsuz sevgi və etiramını bir daha nümayiş
etdirdi. Dövlətimizin başçısı
Qələbə sevincini xalqımızla birgə
yaşadı, onlarla paylaşdı. Bir sözlə, dövlətimizin
başçısı İlham Əliyevin işğaldan azad
edilmiş Füzuli və Cəbrayıl rayonlarına
noyabrın 16-da etdiyi səfər qalib xalqın qəhrəman
Ali Baş Komandanının tarixi səfəri kimi dəyərləndirildi.
Bu səfər işğaldan azad edilmiş ərazilərimizdə
yeni həyatın başlanmasının rəmzidir.
“Qarabağ Azərbaycandır və nida” deyən dövlətimizin
başçısı İlham Əliyev Füzuli və Cəbrayıl
rayonlarına səfəri ilə bir daha həmin nidanı
qoydu. Möhtərəm Prezidentimizin ictimaiyyət
nümayəndələri ilə görüşündə
qeyd etdiyi kimi, Ermənistan bundan sonra rəzalət
damğası ilə, Azərbaycan isə qürur hissi ilə-müzəffər
xalq, güclü dövlət, yenilməz ordu, güclü
iradə sahibi kimi yaşayacaq.
Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasının əsas hədəflərindən biri Azərbaycan
həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin
əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması, tarixi ədalətin bərpa
olunması, ərazi bütövlüyümüzün təmin
edilməsidir. Azərbaycanın müstəqillik tarixinin
uğurlarının, qələbələrinin bələdçisi
olan Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin
davam etdiyi 44 gündə Azərbaycan Ordusunun
yazdığı tarixə də şahidlik etdi. Hər bir qələbə xəbəri partiyanın
çoxminli üzvləri tərəfindən böyük
coşqu ilə qarşılandı. Noyabrın 10-da Yeni Azərbaycan
Partiyasının qərargahının qarşısında
möhtəşəm Qələbəmiz münasibətilə
təşkil olunan tədbirdə bir daha vurğulandı ki, Qələbənin əldə
olunmasında güclü Azərbaycan dövləti
mühüm rol oynadı. Hər bir dövlətin əsas
missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini
təmin etməkdir ki, Azərbaycan dövləti də bunu
bacardı. Dövlət, xalq və ordu o zaman
güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu
mənada, bu gün Azərbaycan xalqının böyük
coşqu ilə qeyd etdiyi Qələbəmizin müəllifi,
qəhrəmanı ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevdir. Hərb və diplomatiya cəbhəsində
cənab İlham Əliyevin liderliyini, sərkərdəlik
nümunəsini əyani surətdə gördük. Bu gün
cənab İlham Əliyev ümumilikdə Cənubi Qafqaz
regionunun lideri kimi qəbul olunur. Bu gün Yeni Azərbaycan
Partiyasının hər bir üzvü cənab İlham
Əliyevin rəhbərliyi, yüksək səviyyədə
yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində
xalqımızın öz tarixinin ən şərəfli
anlarını yaşamasından qürur duyur. Tarix
öz şərəf səhifəsinə Ali Baş
Komandanımızın adını qızıl hərflərlə
əbədi həkk etdi. Eşq olsun Ali Baş Komandana! Eşq
olsun müzəffər Azərbaycan Ordusuna! Eşq olsun, məğrur
Azərbaycan xalqına!
Dəyişməz strateji hədəflərimiz:
Suverenliyimizi möhkəmləndirmək, müstəqil siyasətə
sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq
Yeni Azərbaycan
Partiyasının yaranması tarixi zərurət, eyni zamanda, o
dövrdə baş verən hadisələrin yekunu və
mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi
idi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət
müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəyə
rəhbərlik edənlərin səriştəsizliyinin, idarəçilik
qabiliyyətlərinin yoxluğunun, öz şəxsi
ambisiyalarının quluna çevrilmələrinin nəticəsi
olaraq ölkəmizdə ictimai-siyasi vəziyyət günbəgün
gərginləşir, xaos, anarxiya, özbaşınalıqlar,
iqtisadi böhran baş alıb gedir,
Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil,
ayrı-ayrı siyasi dairələrin maraqlarının
müdafiəçisinə çevrilərək
torpaqlarımızın işğalına şərait
yaradır, xalqın sabaha olan ümidləri puça
çıxırdı. Belə bir gərgin dövrdə 91 nəfər
vətənpərvər insan tarixi
missiyanı öz üzərinə götürərək ulu
öndər Heydər Əliyevə xalqın arzu və istəklərini
özündə əks etdirən müraciət
ünvanladı, xalqımızı belə çətin vəziyyətdən
xilas edəcək şəxsin Ümummilli Lider olduğunu
bildirdi. Bu tarixi müraciətdə Yeni Azərbaycan
Partiyasının yaradılmasının ölkəmizdə
gedən xoşagəlməz proseslərin
qarşısının alınmasında əvəzsiz rol
oynayacağı xüsusi qeyd edildi. Ulu öndər
Heydər Əliyev hələ hakimiyyətinin birinci
dövründə, 1969-1982-ci illərdə gördüyü
işlərlə, Azərbaycanın davamlı
inkişafına verdiyi əvəzsiz töhfələrlə
xalqımızın böyük sevgisini, rəğbətini,
dəstəyini qazanmışdı. Xalqımız bilirdi ki,
onu bu çətin vəziyyətdən yalnız Heydər
Əliyev kimi dahi şəxsiyyətin idarəçilik təcrübəsi,
nüfuzu, dövlətinə, xalqına, Vətəninə
bağlılığı xilas edə bilər. Bir sözlə, xalq öz ümidini ümummilli lider
Heydər Əliyevə bağlamışdı. Məhz 91 nəfər
ziyalının müraciəti də xalqın böyük əksəriyyətinin
istəyini və dövrün tələbini özündə
əks etdirirdi. Ümummilli Lider “91-lər”in müraciətinə
cavabı ilə xalqa nə qədər yaxın
olduğunu, ölkəmizin gələcəyini, dövlətimizin
müstəqilliyini düşündüyünü bir daha əyani
şəkildə nümayiş etdirdi. Həmin illərin gərgin
hadisələri Azərbaycanı müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndərin ziyalıların müraciətinə
cavabında da müstəqilliyi qorumağın onu əldə
etməkdən nə qədər çətin olduğu əks
olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin
öhdəsindən layiqincə gələcəyinə inam
ifadə edilmişdi.
1992-ci il noyabrın 21-də ulu öndər Heydər
Əliyevin sədrliyi ilə Yeni Azərbaycan
Partiyasının təsis konfransının keçirilməsi
yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin
əsasını qoydu. Amma o dövrün mənzərəsinə
nəzər saldıqda Azərbaycanın gələcəyi
heç də parlaq görünmürdü. Belə ki,
separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət
kifayət qədər gərgin idi, siyasi çəkişmələr
getdikcə vəziyyəti daha da
ağırlaşdırırdı. Bütün bunlar müstəqilliyin
də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışı mənzərəni
tamamilə dəyişdi, Azərbaycanı üzləşdiyi
bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək
uğurlarına yol açdı. Azərbaycan dövlət
müstəqilliyini qorudu, bugünümüz üçün
möhkəm təməlin qurulması nəticəsində
müstəqilliyimizin ilk illərinin çətinlikləri
aradan qaldırıldı, ölkəmiz müstəqil
dövlət kimi varlığını dünyaya sübut
etdi. Daxili və xarici bədxahların Azərbaycanı
parçalamaq, dövlətçiliyimizi məhv etmək
istiqamətindəki bütün cəhdlərinin
qarşısı alındı. Ulu öndər Heydər
Əliyev öz qayıdışı ilə Azərbaycana
sülh, sabitlik, dirçəliş və davamlı
inkişaf gətirdi. Artıq cəmiyyətin
hər bir üzvündə dövlətimizin yenilməzliyinə
böyük əminlik yarandı. Yeni Azərbaycan
Partiyasının qısa müddətdə milyonların
sevgisini qazanmasının, xalqın partiyasına çevrilməsinin
tək bir səbəbi var idi: Ümummilli Liderə xalqın
sonsuz sevgisi və inamı! Çünki zaman göstərdi
ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında
sıx birləşməklə öz gələcəyini təmin
etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Cənab İlham Əliyev bu günlərdə
işğaldan azad edilmiş Füzuli və Cəbrayıl
rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl
şəhərlərinə səfəri çərçivəsində
ictimaiyyət nümayəndələri ilə
görüşündə bir daha diqqəti müstəqilliyimizin
ilk illərinin reallıqlarına yönəldərək
bildirmişdir ki, 1990-cı illərin əvvəllərində
Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir
verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya
sürükləmişdilər. O illərdə
bizim torpaqlarımız işğal altına düşəndə
o vaxtkı hakimiyyət vətəndaş müharibəsinə
başlamışdı, AXC-Müsavat cütlüyü öz
əsgərlərini əsir götürmüşdü, Gəncəni
bombalamışdı. Ona görə torpaqlar əldən
getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin
yaşadığı illəri - 1992-ci illəri
yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti
bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər
Əliyev hakimiyyətə gələndən sonra bütün
müsbət meyillər inkişaf etməyə
başlamışdır. Bu gün bizim ordumuz dünya
miqyasında güclü ordular sırasındadır. Biz
bütün dünyaya göstərmişik ki, yenilməz xalq
Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan
Ordusudur.
1993-2003-cü illərdə Azərbaycanda
heç bir sahənin inkişafı diqqətdən kənarda
qalmadı
Ümummilli lider Heydər
Əliyev ölkə həyatında baş verən ən
xırda problemə belə həssaslıqla yanaşdı və
onun həllinə çalışdı. Bir zamanlar xəyal
edilən iqtisadi layihələr həyata keçirildi.
1994-cü il mayın 12-də Ulu Öndərin səyləri nəticəsində
cəbhə xəttində atəşkəsin əldə
olunmasından sonra elə həmin ilin 20 sentyabrında
“Əsrin müqaviləsi” imzalandı. Ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının əsas
tərkib hissələri olan BTC və BTƏ neft-qaz layihələrinin
təməli qoyuldu. Dahi şəxsiyyətin
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” tezisi bütün sahələrin
inkişafında öz aydın ifadəsini tapdı. Dövlətçiliyin
əsasları yaradıldı, ordu quruculuğu istiqamətində
mühüm tədbirlər həyata keçirildi. İqtisadi
və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlara yol açdı.
Azad mətbuat imkişaf etdi, insan hüquqlarının qorunması
və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi,
çoxpartiyalı sıstemin yaradılması, seçkilərin
demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və
sair kim demokratik təsisatların inkişafı təmin
olundu. Ən əsası 1995-ci ilin 12 noyabrında milli
Konstitusiyamız qəbul edildi. Azərbaycan beynəlxalq
aləmdə yerini və mövqeyini möhkəmləndirdi.
İkitərəfli və çoxtərəfli çərçivədə
əlaqələrin inkişafı Azərbaycan həqiqətlərinin
təbliğində, erməni diasporunun Azərbaycanın ətrafında
yaratdığı informasiya blokadasının
yarılmasında əhəmiyyətli rol oynadı.
Ümummilli Lider Azərbaycanın müstəqil
və suveren dövlət kimi inkişafını təmin edən
strategiyanı hazırladı və dahi rəhbərin layiqli
davamçısı cənab İlham Əliyev bu
strategiyanı uğurla həyata keçirdi. Bütün
bunların nəticəsidir ki, bu gün regionda Azərbaycanın
iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsindən danışmaq
qeyri-mümkündür. Azərbaycan dünya birliyində də
böyük nüfuza malik dövlət, söz sahibi kimi siyasi
çəkisini artırır. Ölkə daxilində sabitlik,
firavanlıq hökm sürür, iqtisadi imkanların
artması fonunda insanların rifah halı gündən-günə
yaxşılaşır. Elə bir sahə yoxdur ki, orada
inkişaf, tərəqqi olmasın.
Yeni Azərbaycan Partiyası ümumxalq
partiyasına çevrildi
Partiyanın sıraları ötən 28 ildə
kəmiyyət və keyfiyyət baxımından zənginləşib.
Bu gün Yeni Azərbaycan Partiyası öz
sıralarında 760 mindən çox insanı birləşdirir
və onların 40 faizdən çoxu gənclərdir. 28 illik
şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu
gün də ulu öndər Heydər Əliyevin ideyaları əsasında
yaşayır və inkişaf edir. Dahi
şəxsiyyət Heydər Əliyevin «Yeni Azərbacan
Partiyası dünənin, bu günün və gələcəyin
partiyasıdır» tezisi bütün dövrlər
üçün öz aktuallığını qorumaqla
yanaşı, partiyanın gələcək inkişaf yoluna
işıq salır. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışı Yeni
Azərbaycan Partiyasının həyatında da yeni bir səhifə
açdı. Partiyamız yarandıqdan 7 ay sonra iqtidar
partiyasına çevrildi.
Azərbaycanın müstəqillik tarixində
qazandığı hər bir uğurunda Yeni Azərbaycan
Partiyasının öz yeri, rolu vardır. Ulu öndər Heydər
Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda
gedən ictimai-siyasi proseslərin içərisindən
çıxan zərurətdir: «O, bir adamın istəyi ilə
yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir
çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə
başlayan adamların şəxsi təşəbbüsü
ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü
ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan
Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu
yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul
olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati
mərkəz olmadan, hərəsinin öz tərəfindən
hərəkət etməsi nəticəsində,
ağır şəraitdə, böyük təqiblər
şəraitində yaranmış bir partiyadır." Yeni Azərbaycan
Partiyası hər bir çətinlikdən şərəflə
çıxmış, dövlətə, xalqa xidməti fəaliyyətinin
əsası kimi qəbul etməklə davamlı uğurlara
imza atır. YAP ölkədə keçirilən bütün
seçki proseslərindən qələbə ilə
çıxaraq tarixə qələbələr, uğurlar
partiyası kimi daxil olub. Hər bir qələbə
xalqımızın partiyanın yaradıcısı, ulu
öndər Heydər Əliyevin ideyalarına sədaqəti,
möhtərəm Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi siyasətə dəstəyinin ifadəsidir. YAP hər
zaman yeniliyə, təkmilləşməyə meyil göstərən
partiyadır. Son bir ilin uğurlarından bəhs
edərkən Yeni Azərbaycan Partiyasının ölkədə
həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda
qalmaması, parlamentin buraxılması və növbədənkənar
parlament seçkilərinin keçirilməsi təşəbbüsü
ilə çıxış etməsini xüsusi qeyd etməliyik.Prosedur qaydalarına uyğun olaraq atılan
addımların sonunda dövlətimizin
başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il
tarixli «Beşinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında» Sərəncamına
uyğun olaraq bu ilin fevralın 9-da növbədənkənar
parlament seçkiləri keçirildi. Diqqət
çəkən əsas məqamlardan biri yeni parlamentin
formalaşmasında siyasi sistemin təkmilləşməsinə
xidmət edən addım kimi müxalifət
partiyalarının nümayəndələrinin də rəhbərlikdə,
komitələrə sədrlikdə təmsil
olunmalarıdır. Belə ki, Milli Məclisin sədr
müavinlərindən biri müxalifət təmsilçisidir.
Bu hallara dünya praktikasında rast gəlinmir. Azərbaycan
dövləti daim siyasi partiyalar arasında birliyin, həmrəyliyin,
siyasi dialoqun tərəfdarı olub və bu istiqamətdə
zəruri addımlar atır. Prezident Administrasiyasında Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin yaradılması da bu məqsədə
xidmət edir.
Davamlı inkişafa, təkmilləşməyə
xidmət edən hər bir addım, eyni zamanda, demokratik dəyərlərə
sadiqliyin sözdə deyil əməldə təsdiqini
tapması Azərbaycanın demokratik ölkə imicinə yeni
əlavələr edir. Yeni Azərbaycan Partiyası “Yeni hədəflərə
doğru” çağrışı ilə hər zaman əldə
olunan uğurlarla kifayətlənmədiyini, daim irəliyə
doğru addımladığını təsdiqləyir.
Partiya, eyni zamanda, beynəlxalq əməkdaşlığa
xüsusi önəm verərək Azərbaycanın ikitərəfli
əlaqələrinin inkişafına böyük töhfələr
verir. YAP-ın müasir dövrün
çağırışlarından olan sivilizasiyalararası
dialoqa töhfələri davamlıdır, partiya yeni iqtisadi və
sosial çağırışların müzakirəsi
üçün beynəlxalq tədbirlərə ev sahibliyi
edir. Ümumiyyətlə, YAP-ın bütün
addımlarının əsasında bir məqsəd dayanır:
Azərbaycanı daha güclü, qüdrətli dövlətə
çevirmək, yüksək rifaha dəstək olmaq, ölkəmizin
beynəlxalq nüfuzunu artırmaq.
Son 17 il: Yeniləşmə, təkmilləşmə
dövrü
Ulu öndər Heydər
Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına
müraciətində ölkəmizin bu günü üçün
gördüyü işlər fonunda bu
çağırışlar öz əksini
tapmışdı: «Üzümü Sizə- həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm
ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.»
Möhtərəm Prezidentimiz İlham
Əliyevin son 17 ildə həyata keçirdiyi təkmil
islahatlar Azərbaycanın davamlı inkişafını təmin
edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın
şaxələndirilməsi bu dövrün əsas prioritetləri
sırasındandır. Cənab İlham
Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən iqtisadi artımın
qeyri-neft sektorunun hesabına olmasını qarşıya
mühüm vəzifə kimi qoydu, «Neft kapitalını insan
kapitalına çevirək» tezisini irəli sürdü. Cənab
İlham Əliyev bu fikri də daim diqqətə
çatdırır ki, iqtisadiyyatın inkişafında
neft-qaz sektorunun rolu böyükdür. Azərbaycan
bu müddətdə dünyanın enerji xəritəsini dəyişdi.
Ölkəmizin bu sektorda qazandığı uğurlar onun
etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi.
2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı,
2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın
başlanğıcı kimi dəyərləndirilən
Cənub Qaz Dəhlizinin rəsmi açılışı
oldu, həmin ilin iyun ayında bu layihənin əsas tərkib
hissələrindən olan TANAP istifadəyə verildi. Cari ilin
sonuna qədər TAP-ın istifadəyə verilməsi nəzərdə
tutulub.
Neft-qaz gəlirlərinin idarə olunmasında
şəffaflığın qorunması qeyri-neft sektorunun
inkişafını sürətləndirir. Artıq
regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət
Proqramı uğurla icra edilib və dördüncü sənədin
icrası davam edir. Son 17 ildə 2 milyona yaxın yeni iş yeri
yaradılıb. Bir məqamı da unutmayaq ki, hazırda
bütün dünya, o cümlədən Azərbaycan COVID-19-la
mübarizə aparır. Dövlətimizin
başçısı İlham Əliyev ilk gündən
mübarizə tədbirlərini gücləndirməklə
insanların sağlamlığını qorumaqla
yanaşı, pandemiyanın iqtisadi və sosial fəsadlarını
aradan qaldırmaq üçün səylər göstərdi.
COVID-19-un digər ölkələr kimi, Azərbaycan
iqtisadiyyatına da təsiri inkaredilməzdir. Postpandemiya
dövrü üçün hazırlanan inkişaf
strategiyası yaranmış çətinliklərin qısa
müddətdə aradan qaldırılmasını təmin edəcək.
Bir sözlə, son 17 il bütün istiqamətlərdə
davamlı uğurlarla xarakterizə olunur. Dövrün,
zamanın tələblərinə uyğun olaraq təkmilləşmə
həm ölkəmizin sosial-iqtisadi, həm də demokratik
inkişafını sürətləndirir. İqtisadi və
siyasi islahatların vəhdətliyinin təmin edilməsi
yeni-yeni hədəfləri stimullaşdırır.
Müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu nəzərə alsaq,
müasir dünyagörüşə, zəngin biliyə,
savada malik olan gənclərin dövlət idarəçiliyində
irəli çəkilməsi cari ildə də prioritet məsələ
olub və əsas tələb dövlət maraqlarının
qorunması, məmur-vətəndaş münasibətlərinin
yüksək səviyyədə tənzimlənməsidir.
Son 17 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli
tədbirlər üçün ideal məkan kimi qəbul
olunur. Pandemiya dövründə də Azərbaycan birlik, həmrəylik
çağrışlarını irəli sürdüyü
təşəbbüsləri ilə gerçəkləşdirdi.
Türk Şurasının, Qoşulmama Hərəkatının
Zirvə görüşlərinin, eyni zamanda, dekabrın 3-4-də
keçirilməsi nəzərdə tutulan BMT Baş
Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı
Azərbaycandır, möhtərəm Prezidentimiz İlham
Əliyevdir. Dövlətimizin
başçısı İlham Əliyevin bir il bundan öncə
Rusiyanın Soçi şəhərində dünyanın məşhur
“beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq
Diskussiya Klubunun «Şərq şəfəqləri və
dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında Ermənistanın
baş naziri Nikol Paşinyanın
“Qarabağ Ermənistandır və nöqtə” sərsəm
bəyanatına «Qarabağ Azərbaycandır və nida
işarəsi» cavabı və onun 44 gündə şanlı
Qələbəyə imza atmağımızla reallığa
çevrilməsi işğalçı dövlətə və
onun havadarlarına ciddi dərs oldu.
Azərbaycan dünyada tolerant,
multikultural dəyərlərin inkişafına böyük
töhfələr verən ölkə kimi də
tanınır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm
İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi
multikulturalizmin dövlət siyasətinin əsası
olduğunu bir daha təsdiqlədi. 2018-ci ili “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan etməklə tarixinə
sahib çıxan dövlət, xalq olduğunu dünyaya
nümayiş etdirən Azərbaycan 10 noyabr 2020-ci il
çanlı Zəfəri ilə bunu reallıqda gerçəkləşdirdi.
Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi
kursunu bütün istiqamətlərdə uğurla davam etdirən
Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə
hesablanmış inkişaf strategiyası Azərbaycana daha
böyük uğurlar qazandıracaq.
İdarəçilik sistemində təkmilləşmə
davamlı inkişafın əsası kimi
Son 17 ilin uğurları sırasında
2016-cı ildə keçirilən ümumxalq səsverməsinə
çıxarılan əlavə və dəyişikliklər
arasında prezidentlik müddətinin 7 ilədək
uzadılmasını, vitse-prezidentlik institutunun
yaradılmasını xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham
Əliyevin Sərəncamı ilə 2017-ci ilin fevralında
Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin
olunması uğurlarımızın
davamlılığını şərtləndirən əsas
amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat
mərasimində bildirmişdir: “Gündəlik
fəaliyyətimizdə insansevərlik, mərhəmət,
qarşılıqlı hörmət, mehribançılıq
unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri
uca tutaraq ən yüksək qələbələr əldə
etmək, ən böyük zirvələrə qalxmaq olar.” Azərbaycanın Birinci vitse-prezidenti bu əminliyi də ifadə
etmişdir ki, gələcək fəaliyyətimi məhz bu
prinsiplər əsasında qurmağa
çalışacağam: “Ölkəmizin və
xalqımızın maraqlarını hər şeydən
üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə
çalışacağam.”
Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti xalqımız tərəfindən yüksək
dəyərləndirilir. Hər bir vəzifənin
özündə ehtiva etdiyi məsuliyyətin ümumi məqsədi
dövlətə, xalqa xidmət, Azərbaycanı
bugünkü inkişaf səviyyəsinə gətirib
çıxaran Heydər Əliyev siyasətinin
uğurlarını təbliğ etmək, dövlətimizin
başçısı İlham Əliyevin Azərbaycanın
davamlı inkişafına, müstəqilliyinin,
suverenliyinin möhkəmləndirilməsinə xidmət edən
siyasətinin gerçəkləşməsinə dəstək
olmaqdır. Möhtərəm Prezidentimizin və Azərbaycanın
Birinci vitse-prezidentinin birgə səyləri nəticəsində
yeni-yeni hədəflərin reallığa çevrilməsinə
nail olan Azərbaycan bu gün qalib ölkə kimi
dünyanın diqqətindədir.
Son illərdə hakimiyyətin hər
üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq
sistemində təkmilləşmələr ölkəmizin
dövrün, zamanın hər bir
çağırışını yüksək səviyyədə
cavablandırmasının təsdiqidir. Bu uğurlar fonunda
işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin
miqyası genişlənəcək, həmin ərazilərimizdə
yeni həyat başlayacaq, Azərbaycan möhtəşəm
uğurları, yeni inkişaf modeli ilə yenə də
dünyanın diqqətində olacaq.
Məğrur, yenilməz xalqın qalib
Prezidentinə milyonların sevgisi şəksizdir
Möhtərəm Prezidentimiz, Ali
Baş Komandan İlham Əliyevin 44 gün davam edən
İkinci Qarabağ müharibəsi dövründə xarici
mediaya müsahibələrində söylədiyi “Mən hər
zaman çalışmışam ki, atamın yoluna sadiq olum.
2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə
etimad göstərəndə seçkilərdən
əvvəl mən demişdim ki, əgər siz mənə bu
inamı, etimadı göstərsəniz, mən Heydər
Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər
üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki,
sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və
uğurlu inkişafı, beynəlxalq müstəvidə
böyük hörmətə malik olması, ölkə
daxilində sosial, iqtisadi, digər problemlərin həlli,
böyük layihələrin həyata keçirilməsi, əlbəttə
ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri
son 17 ildə keçilən yolun ümumiləşdirilmiş
ifadəsidir. Dövlətimizin başçısı bu məqamı
da xüsusi qeyd etmişdir ki, təbii ki, dünya dəyişir.
Dünyadakı güclər nisbəti də dəyişir.
Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə
ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz
dəyişməz olaraq qalır. O da müstəqilliyi
möhkəmləndirmək, müstəqil siyasətə
sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq,
heç kimin qarşısında baş əyməmək,
öz qürurumuzu saxlamaq, qorumaq və ərazi
bütövlüyümüzü bərpa etməkdir.
Azərbaycan yeganə problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinə
nail oldu, ərazi bütövlüyünü bərpa etdi.
Təbii ki, Azərbaycanın 29 illik müstəqillik
tarixinin 28 ilinə bələdçilik edən Yeni Azərbaycan
Partiyasının bu illər ərzində keçdiyi şərəfli
yolu bir yazı çərçivəsində tam əhatə
etmək qeyri-mümkündür. Hər günü tarixinə
əhəmiyyətli hadisələrlə daxil edən partiyaya
xalqın inamı, dəstəyi sonsuzdur. Bu birlik fonunda partiya
müasir müstəqil Azərbaycanımızın daha da
qüdrətlənməsinə öz davamlı töhfələrini
verəcək.
Yeni Azərbaycan Partiyasının çoxminli
üzvlərinin hər birini şanlı Qələbəmiz,
eyni zamanda, partiyanın yaradılmasının 28-ci
ildönümü münasibətilə təbrik edir, bol-bol
uğurlar arzulayıram.
Vüqar Rəhimzadə
İki sahil.- 2020.- 21
noyabr. S.16-17.