YAP-ın siyasəti xalqın iradəsinə əsaslanır

 

«Tarix fenomen şəxsiyyətləri yox, fenomen şəxsiyyətlər tarix yaradır» sözləri sınaqlarda özünü doğruldan hikmətlərdəndir. Dövrünün tanınmış liderlərinin əməlləri, ideyaları yalnız yaşadıqları zaman üçün, qarşıdakı onillər üçün hesablanır. Göstərdiyi xidmətlər sayəsində Ümummilli Lider adını qazanan Heydər Əliyev bu adı siyasi bacarığı, zəkası ilə qazanan dahilərdəndir. Azərbaycan dövlətçiliynin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen insan kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq, sağlığında canlı əfəsanəyə çevrilmiş ulu öndər Heydər Əliyev ağlı, uzaqgörən siyasəti ilə dahilik zirvəsinə qalxmışdır.

 

Siyasi fəaliyyətinin bütün dövrlərində başqa liderlərin öhdəsindən gələ bilmədiyi sınaqlardan mətinliklə çıxan böyük şəxsiyyət Heydər Əliyev totalitar sistemin dağılması, dövlət müstəqilliyinin bərpa edilməsi, suveren, demokratik hakimiyyətin formalaşması prosesinin fəal iştiakçısı olmaqla, zəngin bilik və təcrübəsini Azərbaycanın qüdrətlənməsi, xalqının firavan yaşaması naminə sərf etdi.

 

Amma tərəqqiyə aparan yol heç də asan, hamar olmur.

 

XX əsrin sonlarında dünyada, Sovetlər Birliyində cərəyan edən qlobal proseslərin və milli azadlıq hərəkatının nəticəsi olaraq dövlət müstəqilliyinə qovuşan Azərbaycanı demokratiya, inkişaf yolu ilə aparmağı qarşısına məqsəd qoyan Ulu Öndər məqsədinə nail oldu.

 

1990-cı ildə Kremlin əsarətindən qurtararaq Azərbaycana gələn fərdi pensiyaçı Heydər Əliyev o dövrdə respublikaya rəhbərlik edən səriştəsiz başçıların səbatsızlığı üzündən doğma yurdu Naxçıvan gəldi. Az müddətdən sonra Naxçıvan Muxtar Respublika Ali Məclisinin deputatı, sonra isə Sədri seçilən Heydər Əliyev siyasi fəaliyyətinin bu dövründə bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliy naminə çox mühüm xidmətləri ilə tariximizin yeni səhifəsini yazdı.

 

1993-cü ilin iyun ayında ölkədə ciddi siyasi böhranın, anarxiyanın hökm sürməsi, Ermənistan tərəfindən torpaqlarımızı işğalı insanlarda ümidsizlik yaratmışdı. Belə bir məqamda adları Azərbaycanın tarixinə «91-lər» kimi yazılan ölkə ziyalıları yenə də üzərlərinə düşən vəzifələrini yerinə yetirdilər. Ölkəni böhrandan, vətəndaş müharibəsindən xilas etmək gücünə, bacarığına qüdrətinə malik Ulu Öndərə müraciət edərək ölkəni düşdüyu ağır vəziyyətdən çıxarmaq gücünə malik liderə ehtiyac duyulduğunu bildirdilər.

 

Həmişə azad fikrə, vətəndaş təşəbbüsünə, təklifinə hörmətlə yanaşan böyük şəxsiyyət Heydər Əliyev bu müraciəti dəyərləndirməklə, onu da bildirdi ki, demokratiya, çoxpartiyalı sistem, xalqın birlik və həmrəyliyi olmadan siyasi, iqtisadi, sosial tərəqqi mümkün deyil. Bunun üçün isə xalqı ətrafında sıx birləşdirəcək vahid siyasi qüvvə, güclü təşkilat formalaşmalıdır. Azərbaycan ziyalılarının müraciətinə cavab məktubunda respublikada yaranan kritik vəziyyətdən narahat olduğunu bildirən dahi şəxsiyyət Heydər Əliyev ölkəni təhlükədən çıxarmaq üçün demokratik islahatların aparılmasını mühüm amil adlandıraraq, dövlət müstəqilliyinin əldə olunmasını Sovet İttifaqında və dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi kimi dəyərləndirirdi: « Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən Xalq cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu, tarixi –obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir

 

«Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur» söyləyən ulu öndər Heydər Əliyev onu da vurğulayırdı ki, təşkilat Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməklə, dövlətin möhkəmləndirilməsində tarixi rol oynaya bilər: «Əgər belə bir partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.»

 

Beləliklə 1992-ci ilin 21 noyabrında Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu təşəbbüs Azərbaycanın müstəqilliyi, dünyaya inteqrasiyası, demokratiyanın təntənəsi naminə atılan ilk mühüm addım idi.

 

1993-cü ilin iyun ayının 9-da xalqın tələbi ilə Bakıya qayıdan, Azərbaycanı dağılmaq təhlükəsindən xilas edən, xalqa düzgün yol göstərərək gələcəyə aparan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyanı davam etdirdi. «Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur» söyləyən Ulu Öndər bu sözlərini əməli işi, xalqına xidməti ilə doğrultdu.

 

Azərbaycan ziyalılarının müraciətinə uyğun olaraq «Yeni Azərbaycan naminə» çağırış ilə yola çıxan YAP dünənin, bu günün sabahın partiyası olduğunu xalqa xidməti ilə sübut etdi. Az müddətdə partiyanın yerli təşkilatlarının sayının artması, sıralarının genişlənməsi, AXC-Müsavat iqtidarının təsir və təzyiqlərinə baxmayaraq ölkə vətəndaşlarının YAP-a inamının artması partiyanın Sədri Ulu Öndərə etimadın və etibarın nəticəsi idi. Bütün sahələrdə demokratiyanın, azad fikrin ifadəsinə böyük hörmətlə yanaşan, Azərbaycanı düşdüyü ağır vəziyyətdən, iqtisadi böhrandan çıxarmaq üçün gərgin, yorulmadan çalışan ulu öndər Heydər Əliyev partiyadaxili prosesləri diqqətdə saxlayır, qurumun həqiqi mənada ideyasına sadiq insanların təşkilatına çevrilməsinə çalışırdı. «Ona görə də siyasi hikkələrdən uzaqlaşmaq lazımdır, bir-birinə hörmət lazımdır, bir-birinə kömək etmək lazımdır. Ən əsası odur ki, bu ideya, məslək üzərində qurulmalıdır, hər bir partiyaya şəxsi mənafe, şəxsi məqsəd arzusu ilə gələn adamlar bu partiyada daim qala bilmirlər. Partiyaya gələn, onda iştirak etmək istəyən, oun üzv olan adamlar doğrudan da gərək ideya, məslək naminə birləşsinlər» söyləyən Ulu Öndərin bu sözləri bütün respublika vətəndaşları milli həmrəyliyə, birliyə çağırış oldu. Partiyanın Proqramında göstərilən demokratik prinsiplərə sadiqlik, bazar iqtisadiyyatı, iqtisadi inkişaf prinsiplərinin həyata keçirilməsi, insanların sosial müdafəsinin yüksəldilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi sayəsində YAP-a rəğbət artdı. 1994-1995-ci illədə daxili və xarici bədxahların planlaşdırdıqları dövlət çevrilişlərinə cəhdlərin qarşısı ümummilli lider Heydər Əliyevin xalqla birliyi nəticəsində alındı. Xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin əbədi qarantı oldu. Müstəqilliyimizin əbədiliyinin başlıca təminatı, strateji əhəmiyyətli daxili və xarici siyasəti xalqın milli mənafeyinin müdafiəsi naminə təkmiləşdirildi. Ölkənin əsas iqtisadi sahələri olan neft –kimya sənayesi inkişaf etdirildi. Respublikada təhsilin, səhiyyənin, mədəniyyətin tərəqqisi naminə mühüm addımlar atıldı, dövlətin gənclər və qadın siyasəti ilə bağlı qərarlar qəbul olundu, ordu quruculuguna diqqət ön plana çəkildi. Azərbaycanın dünya miqyasında tanınması üçün respublikanın xarici siyasət strategiyası təkmilləşdirildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə hazırlanan Milli Konstitusiyamızda ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təsbit edildiyi bəndlər beynəlxalq qanunlara uyğun təkmilləşdirildi. Söz, mətbuat, vicdan azadlığı kimi demokratik prinsiplərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təkmil islahatlar aparıldı.

 

YAP-ın əsas fəaliyyət prinsiplərinə hər bir üzvün sadiqliyi nəticəsində partiyanın xalqımız tərəfinədən dəstəklənən siyasəti, ümummili lider Heydər Əliyevin irsi bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev, təşkilatın İdarə Heyəti, Siyasi Şurası, Gənclər Birliyinin birgə səyi ilə qətiyyətlə davam etdirilir.

 

Partiyanın Sədri İlham Əliyevin vurğuladığı kimi, inkişaf dövrünü yaşayan Azərbaycanda bütün sahələr üzrə Ulu Öndər tərəfindən qoyulmuş siyasi, iqtisadi islahatlar, demokratişləşmə prosesi sürətlə davam etdirilir. Xalqla iqtildar arasında milli birlik və həmrəylik mövcuddur. Ölkəmizdə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində YAP namizədlərinin yüksək seçici etimadı qazanması üzvlərinin sayı kəmiyyət və keyfiyyət etibarilə artan iqtidar partiyasına vətəndaş etimadının ifadəsidir. Partiyaya marağın artması təşkilatın siyasi dialoq tərəfdarı olması, xarici dövlətlərlə münasibətlərin Azərbaycan xalqını maraqları naminə formalaşması və bu prinsiplərə vətəndaş dəstəyi YAP-a inamın göstəricisidir.

 

Mərkəzində xalqın maraqlarının dayandığı siyasətin həmişə özünü doğrultduğunu bildirən Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, xalq-iqtidar birliyinin şərtləndirdiyi qüdrətli Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən olmaqla, daxili və xarici siyasətini, uğurlu inkişafını özü müəyyən edir, sərvətlərinin sahibidir. «Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimizi real, konkret nəticələrə gətirib çıxarır» söyləyən cənab İlham Əliyevin vurğuladığ kimi, bu siyasətin xalq tərəfindən dəstəklənməsində YAP-ın böyük rolu və xidmətləri vardır.

 

Azərbaycanın qüdrətli ölkə, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas tərəfdaşı kimi tanınmasında , sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsində, mültikultural dəyərlərin təbliğində partiyanın üzv və təəssübkeşlərinin rolu böyükdür. Təkzibolunmaz faktdır ki, ictimaiyyətdə böyük nüfuz qazanan, sıraları genişlənən, zəngin irsə, siyasi və dövlətçilik təcrübəsinə malik insanların birləşdiyi YAP milyonların partiyasıdır.

 

Xarici siyasətinin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması ilə bağlı məqsədyönlü siyasət aparan Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizin beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi dəstəklənir. Ən yüksək səviyyələrdə müdafiə olunur. « Deyə bilərəm ki, bizim siyasətimiz beynəlxalq aləmdə dəstəklənir. Azərbaycanın haqq səsi eşidilir. Mən keçirdiyim bütün ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə apardığım danışıqlar əsasında bir daha əmin oldum ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın tutduğu mövqe dəstəklənir. Bu mövqe Heydər Əliyevin mövqeyidir və yeganə düzgün mövqedir» söyləyən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ulu Öndərin arzusu gerçəkləşdi. Ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın sülhə, sabitliyə yönələn çağırışlarının dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi nəticəsini verir. Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı uğurlu əks-əməliyyatlar nəticəsində azad olunan torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Zəngilanda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada, Hadrutda, Xudafərin körpüsündə… dalğalanan bayraqlar Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin liderlik qətiyyətinin, Milli Ordumuzun rəşadətinin, xalqla iqtidar birliyinin və həmrəyliyinin nəticəsidir. «YAP-ın səsi, xalqın səsidir» çağırışı Azərbaycanın bu günü ilə həmahənglik təşkil edir.

 

Prezident, YAP-ın Sədri İlham Əliyevin «Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin qüdrətli ölkəyə çevriləcək» sözləri bu gün real həyatda əksini tapır.

 

 

 

Xuraman İsmayılqızı

İki sahil.-2020.- 21 noyabr - S.22