Bizim döyüşçülər böyük əsgərlər kimi tarixə düşəcəklər

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşəcək. Ən əvvəl ona görə ki, xalq Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib. 50 mindən çox adam Qarabağın işğaldan azad olunmasında könüllülər kimi iştirak etmək üçün ərizə ilə müraciət edib. Azərbaycan Ordusu dağlıq ərazidə, minalanmış torpaqlarda hədsiz çətin döyüş şəraitinə davam gətirərək, əsl şücaət və mərdlik göstərdi və qələbə qazandı. Bu döyüş əməliyyatları dövründə ekspertlər dəfələrlə qeyd ediblər ki, erməni ordusu və ermənilərin digər silahlı dəstələri Azərbaycan Ordusunun yüksək peşəkarlığı qarşısında Qarabağı tərk etməyə məcbur olacaqlar.

 

Şübhəsiz, İkinci Qarabağ müharibəsində Qələbəyə görə bizim veteranlar xüsusi qürur hissi keçirirlər. Axı neçə illər idi ki, Qarabağdan söhbət düşəndə bu veteranlar onu ürəkağrısı və acı xatirələrlə yad edirdilər. AZƏRTAC Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sədri, general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynova müraciət edərək, Qarabağın erməni işğalçılardan azad edilməsi ilə bağlı bugünkü hadisələr barədə suallara cavab verməsini xahiş edib.

 

Məlumat üçün qeyd edək ki, 40 ildən artıq Sovet ordusunda xidmət etmiş general-polkovnik Tofiq Ağahüseynov 1987-ci ildə ordudan tərxis olunub, Sovet İttifaqı dağılandan sonra, Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı silahlı təcavüzü başlananda yenidən ordu sıralarına qayıdıb. 1997-ci ildə Prezident Heydər Əliyevin təkidi ilə hərbi xidmətə bərpa olunub və prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edilib. 2002-ci ilə qədər bu vəzifədə çalışıb, müasir Azərbaycan Ordusunun yaradılmasına sanballı töhfə verib. 2002-2007-ci illərdə Prezidentin tövsiyəsi ilə Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsini tutub.

 

Əfsanəvi general həmişə əmin idi ki, erməni təcavüzünə yalnız müasir ordunun köməyi ilə son qoymaq olar. Azərbaycanda belə bir ordu yaradılması üçün o, ölkə rəhbərliyi ilə birlikdə uzun illər boyu çalışıb.

 

-Tofiq müəllim, xahiş edirəm bir peşəkar hərbçi kimi Qarabağda Azərbaycan ərazisinin işğaldan azad olunması əməliyyatını şərh edin. Sentyabrın 27-dən başlayaraq Qarabağda çox mürəkkəb şəraitdə fəaliyyət göstərən Azərbaycan Ordusunun döyüş əməliyyatlarının taktikası barədə nə demək istərdiniz?

 

-Hesab edirəm ki, Azərbaycan Ordusu düşmən üzərində hər cəhətdən tam üstün olmasını sübut etdi. Xilaskar Azərbaycan Ordusunun istifadə etdiyi taktika ən müasir müharibə taktikasıdır. Bizim əsgərlər böyük döyüşçülər kimi tarixə düşəcəklər. Onlar tariximizdəki qara ləkəni silməyə və Birinci Qarabağ müharibəsində yol verilmiş səhvləri düzəltməyə nail oldular.

 

Əlbəttə, bu döyüşlərdə qazanılan uğur hərbi əməliyyatların planlaşdırılmasından asılı idi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm müasir Azərbaycan Ordusunun yaradılması üzrə çoxillik mürəkkəb iş dövründə, həm də Qarabağda ermənilər tərəfindən işğal olunmuş ərazinin azad edilməsi üzrə bu il sentyabrın 27-dən başlayaraq, bilavasitə hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda Qarabağda gedən döyüşlərdə tarixi dönüş baş verdi.

 

Hərbi mütəxəssislərə aydındır ki, Ali Baş Komandan İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat faktiki olaraq Ermənistanı sülhə məcbur edən, Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT qətnamələrini yerinə yetirən bir aksiya oldu və ən müasir silah növlərindən istifadə edilməklə aparılan döyüş əməliyyatlarının bütün güclü tərəflərini göstərdi. Qeyd etmək lazımdır ki, ən yeni dünya tarixində döyüş meydanında bu cür əməliyyatların presedenti yox idi. Fikrimcə, belə silahlardan istifadə edilməklə aparılmış bu hərbi əməliyyat hələ uzun müddət hərbi ekspertlər və dünyanın bir sıra ordularının komandanlığı tərəfindən təhlil ediləcək, öyrəniləcək.

 

-Bu günə qədər Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə bəyanat imzalanıb, Azərbaycan torpaqlarının xeyli hissəsi işğaldan azad edilib və ölkəmizin bütün ərazisində “Qarabağ Azərbaycandır!” şüarı səslənir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Qarabağ uğrunda döyüşlərdə ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirirdi. Siz 1941-1945-ci illərin Böyük Vətən müharibəsi cəbhələrinin yolunu keçmiş, Berlində Qələbə həmləsinin iştirakçısı olmuş bir döyüşçü kimi bu günlərdə, bütün xalqımız Azərbaycanın Qələbəsini qeyd etdiyi bir vaxtda hansı hisslər keçirirsiniz?

 

-Mən öz ölkəmizə görə, Azərbaycanda yaşayan, sıx birləşmiş xalqlara görə, bizim qüdrətli ordumuza və əlbəttə, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə görə böyük qürur hissi keçirirəm. Fəxr edirəm ki, bizim ordumuzun formalaşmasının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun vəsiyyətlərini həyata keçirməklə ölkəmizdə sülhü bərqərar edən Azərbaycan Ordusu öz döyüş imkanlarını modernləşdirməyi və təkmilləşdirməyi davam etdirməlidir.

 

-Xarici KİV-lərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin həlli barədə həmişə ən müxtəlif fikirlər söylənilib. Doğrudur, müəyyən televiziya verilişlərində, mətbu nəşrlərdə və elektron resurslarda Qarabağ mövzusunun qərəzli işıqlandırılması nəticəsində ermənilərin guya Qarabağ torpaqlarına şəriksiz sahib olmaları barədə yeni erməni mifi yaradılmışdı, lakin bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. İndi daha obyektiv fikirlər səslənməyə başlayıb. Yaranmış reallıqda informasiya mübarizəsinin təşkili barədə Sizin fikrinizi bilmək maraqlı olar.

 

-Mənim fikrimcə, Azərbaycan KİV-ləri erməni təbliğat maşını tərəfindən Qərb mediasında yayılan açıq-aydın dezinformasiyaya vaxtında və dəqiq münasibət bildirdi. Azərbaycan bu dezinformasiyanı ifşa etmək üçün vaxtında və kifayət qədər fakt təqdim etdi. Bu baxımdan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəal işini xüsusi qeyd etməliyəm. Bu xidmət döyüş əməliyyatları zonasında baş verən bütün hadisələr barədə hər gün mötəbər informasiya təqdim edirdi. Zənnimcə, bunun nə dərəcədə vacib olmasını anlamaq çətin deyil. Əhaliyə operativ şəkildə təqdim edilən informasiya istər Qarabağda, istərsə də Azərbaycanın digər regionlarında torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar hadisələrdən vaxtında xəbər tutmağa kömək edirdi. Ölkəmizin bütün vətəndaşları, hətta hərbi mövzudan uzaq olan insanlar da cəbhədən verilən xəbərlərin mötəbərliyinə əmin idilər.

 

Mən həm də ona görə çox şadam ki, bizim informasiya agentlikləri, elektron KİV-lər və telekanallar daim informasiya mübarizəsi rejimində fəal iş aparırdılar və yenə aparırlar. Onlar Azərbaycanın işğaldan azad edilməsinin qeyd-şərtsiz zəruri olmasını və bu işin həqiqi səbəblərini dünya birliyinə çatdırmaq vəzifəsinin öhdəsindən gəliblər.

 

-Siz 1982-1987-ci illərdə Çexoslovakiyada Hava Hücumundan Müdafiə Komandanının yanında Varşava Müqaviləsinin iştirakçısı olan dövlətlərin Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanının nümayəndəsi olmusunuz, yəni, beynəlxalq hüquqa əsasən döyüş əməliyyatlarına cəlb edilmiş ölkələr arasında bağlanmış sülh müqavilələrinə riayət edilməsi üzrə praktiki iş təcrübəniz var. Sizin fikrinizcə, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən bu yaxınlarda imzalanmış Bəyanat hansı şərtlər daxilində Qarabağda möhkəm sülhün bərqərar olunmasında həlledici rol oynayacaq?

 

-İlk növbədə, qeyd etmək lazımdır ki, bu sənədin imzalanması üçün əsas arqument Qarabağın ərazisinin çox hissəsini yetərincə qısa müddət ərzində azad etmiş Azərbaycan Ordusunun uğurla irəliləməsidir. Hər şey döyüş meydanında və Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik fəaliyyət planının uğurla həyata keçirilməsi, onun öz rəhbərini yekdilliklə dəstəkləyən xalqına müraciətləri və konkret hərəkətləri, demək olar ki, hər gün dünyanın aparıcı KİV-lərinin jurnalistləri ilə görüşləri, məsələn, Fransanın dövlət rəhbərinin irəli sürdüyü iddiaları uğurla rədd etməsi sayəsində mümkün oldu. Hələ onu demirəm ki, Ali Baş Komandan ədalətin bərpa olunmasında və Qarabağın işğalına son qoyulmasında bizi dəstəkləyən Rusiya, Türkiyə və Pakistanın prezidentləri ilə daim əlaqə saxlayırdı.

 

Mən çox şadam ki, strateji yüksəkliklərdə Azərbaycan bayrağının qaldırılması uğrunda, hər bir şəhər, hər bir kənd uğrunda gərgin döyüşlərdə qəhrəmanlıqla vuruşan əsgərlərimiz tərəfindən Qarabağın çox hissəsinin azad edildiyi günü görmək mənə də qismət oldu. Xoşbəxtəm ki, döyüşlərin çox ağır şəraitdə aparılmasına baxmayaraq, Azərbaycan Ordusu ermənilərin 30 il müddətində inşa etdiyi istehkamları darmadağın etdi, Qarabağın minalanmış ərazisində məkrli düşmənin müqavimətini çox qısa müddətdə qırmağa və qalib gəlməyə nail oldu. Azərbaycanın qədim şəhər-qalası Şuşanın erməni işğalçılardan azad edilməsi elan olunanda mən çox sevindim. Şübhəsiz, bu hadisə Qarabağ ərazisinin işğalçılardan azad edilməsində dönüş nöqtəsi oldu.

 

Bəyanatın məzmununa gəldikdə isə, bu tipli razılaşmalar imzalamış ölkələrin rəhbərlərinin təcrübəsi göstərir ki, belə hallarda əsas məqsəd sazişin konkret əməllərlə dəstəklənməsi, həmin sənəddə göstərilən müddət parametrlərinə riayət edilməsidir.

 

Çox ümid edirəm ki, Türkiyənin iştirakı ilə birgə sülhməramlı mərkəzin təşkil edilməsi etimad şəraiti yaranmasında müsbət rol oynayacaq. Şübhə yoxdur ki, bu, regionda sabitliyə əlavə zəmanətdir. Rusiya tərəfin bu məsələyə konstruktiv yanaşması diqqəti cəlb edir.

 

Aydındır ki, bu sənəddə nəzərdə tutulan bütün məqamların Azərbaycanla Ermənistan arasında münasibətlərin indiki mərhələsində həyata keçirilməsi heç də asan olmayacaq. Lakin mən əminəm ki, bu bəyanat bizim regionda sülhün bərqərar olması üzrə tədbirlərin inkişafında təməl rolu oynayacaq.

 

-Müsahibə üçün təşəkkür edirəm.

 

 İki sahil.- 2020.-13 noyabr.- S.17.