Vətən müharibəsi Azərbaycan mediası

 

 

Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Məsələyə ümumi baxış budur.

 

Onu da vurğulamaq lazımdır ki, medianın müharibə dövründəki fəaliyyətini ayrılıqda götürmək düzgün olmaz. Cəbhəyə doğru böyük axın var idi. Əsgərə, hərbçilərimizə dəstək axını. Hər kəs hansısa formada orduya kömək göstərməyə çalışdı bunu etdi. Jurnalistlər xalqın bu monolitliyini istər yerli, istərsə beynəlxalq ictimaiyyətə göstərdilər, məsələni peşəkarlıqla işıqlandırdılar. Qələbəmizdə həmrəyliyimiz başlıca rol oynadı. Söhbət xalq-hakimiyyət, xalq-ordu həmrəyliyindən gedir. Media isə hər iki qütblə həmrəy oldu.

 

Ümumən Vətən müharibəsi zamanı informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı bir sıra diqqət çəkən məqamlar var idi. Əvvəla nəzərə alınmalıdır ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-in fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda, o da bildirilməlidir ki, media özü ovqat ruh yüksəkliyi formalaşdırdı, onu daha da artırdı, sabit saxlanması qorunması naminə əlindən gələni etdi.

 

***

 

Xarici təzyiqlər qarşısında duruş gətirmək. Azərbaycan hakimiyyəti erməni lobbi diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, bunu bacardı. Məsələnin vacibliyini əsaslandırmağa ehtiyac yoxdur. Yalnız onu vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində xalqa müraciətlərində həm xaricə, həm daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə daşındı.

 

Prezident müsahibə çıxışlarında bir növ, tezislər verdi. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Nəinki mediamız, bütövlükdə ictimai sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli idi.

 

***

 

Vurğulanmalı vacib məqamlardan biri cəbhə bölgəsindən informasiyaların çatdırılmasıydı. Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində, xüsusən I Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar reportyorlar operatorlarımız olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca, bu gün Real TV-nin rəhbəri olan Mirşahinin Ağayevin özü. Adlarını indi xatırlamadığım başqa simalar da var. Yada salım ki, müharibə başa çatıb atəşkəs elan olunduqdan sonra Ümummilli lider Heydər Əliyev həmin jurnalistlərin bir qrupu ilə görüş keçirmiş, onların əməyini yüksək qiymətləndirmişdi.

 

Bəli, dediyimiz kimi, Azərbaycan jurnalistikasının münaqişə bölgələrində, ekstremal vəziyyətlərdə çalışmaq təcrübəsi var. Ancaq illər keçir, nəsillər dəyişir. Təəssüf ki, bu dəyişikliklərlə müəyən peşəkarlıq vərdişləri sıradan çıxdı. Gənc nəsillə yaşlı nəsil arasında müəyyən mənada peşəkar əlaqə itdi...

 

44 günlük müharibədə isə hərbi jurnalistikamız da belə desək, özünə gəldi, canlandı. Bu gün cəbhənin hər qarışına, hər nöqtəsinə, hər rayonumuza, silah-sursatların xüsusiyyətlərinə bələd olan jurnalistlərimiz var. Onlar bu bilikləri əsasən praktik şəraitin diktəsilə qazandılar. Hər birinin əməyi yüksək qiymətləndirilməlidir. Həyatlarını riskə atmaqdan çəkinmədilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər.

 

Bununla belə, 44 günlük müharibə onu göstərdi ki, hərbi jurnalistika məsələlərinə ciddi önəm verilməlidir. Yalnız praktik biliklərlə, vərdişlərlə kifayətlənmək yetərsizdir. İşin nəzəri fundamental aspektləri mütləq şəkildə nəzərə alınmalıdır. Qarşıdakı müddətdə məsələyə məhz bu baxımdan yanaşmaq şərtdir. Müharibə jurnalistikamız üçün bu zərurəti aşkar şəkildə meydana çıxartdı.

 

***

 

Müharibə şəraitinin Azərbaycan jurnalistikasına öyrətdiyi bir vacib xüsusiyyət diqqətdən yayınmır. Bu, rəsmi mənbələrə istinad, əldə edilmiş qeyri-rəsmi bilgilərin təsdiqlənməsi ilə bağlıdır. İstər 2020-ci ilin iyulunda Tovuzda - Azərbaycanla Ermənistanın dövlət sərhədində yaşanmış gərginlik vaxtı, istər 2016-cı ilin "Aprel müharibəsi" dönəmində, istərsə atəşkəsin pozulduğu daha əvvəlki illərdə media təmsilçilərinin rəsmi mənbələrə istinadı ilə bağlı problem var idi. Problem sosial şəbəkələrin informasiyalılıq dərəcəsi artdıqca özünü daha qabarıq göstərməyə başlamışdı. 44 günlük müharibədə Azərbaycan jurnalistikası bəzi mənfi sayılacaq istisnaları çıxmaq şərtilə, ümumən rəsmi mənbələrə daha çox üz tutdu. Bu, kifayət qədər pozitiv məqamdır.

 

Eyni zamanda, o da təqdir olunmalıdır ki, media işini həm yayılmış müxtəlif bilgilərin reallıqla dərəcədə uyğun olduğunu öyrənərək qurdu. Burada vurğulanmalı başlıca məqam həm ondan ibarətdir ki, əlaqədar dövlət qurumları da - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz işlərinə məsuliyyətlə yanaşdılar, düşmən tərəfdən yayılmış fikir məlumatlara dərhal reaksiya verdilər, imkan yaratmadılar ki, Ermənistanın hər hansı ideoloji təxribatı cavabsız qalsın. Bu cəhət medianın belə desək, informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Hər bir halda yekun nəticə bu oldu ki, Azərbaycan mediası rəsmi mənbələrə daha çox istinad etmək sahəsindəki vərdişlərini təkmilləşdirdi, mövcud sahədəki boşluqları xeyli aradan qaldırdı.

 

***

 

Sonda üzərində dayanılmalı bir məsələ ilə bağlı da söz açılmalıdır. Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi. Mənəvi baxımdan bu, yüksək dividentdir. O mənada ki, müharibə dünyanın Azərbaycana diqqətini cəmləşdirən amil idi. İstər-istəməz Dağlıq Qarabağ münaqişəsinə maraq yarandı. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi güc gücün aşkar üstünlüyə çevrilməsi, tam qalibiyyətə gedən yoldakı lokal qalibiyyətlər gücün qarşısında deyil, yanında dayanma tendensiyasını aktuallaşdırdı. Nəticə etibarilə biz xaricin Azərbaycan mediasına daha çox istinad etdiyini gördük. Əlbəttə, ilk baxışdan bunu təbii saymaq da mümkündür. Xaricdəkilərin Ermənistan mediasına olduğu kimi, Azərbaycan mediasına da nəzər salmaları təbii idi. Amma etibarlılıq məsələsi önəmlidir. Erməni mediası müharibə dönəmində Ermənistan hakimiyyətinin cəfəng fikirlərini, reallıqla uzlaşmayan informasiyalarını yaydı. Azərbaycan mediası isə reallığa söykəndi.

 

Ümumən ölkəmizin KİV-i mövzuya yanaşmada xeyli dərəcədə ciddi oldular.

 

Xaricdən bütün bunları görür dəyərləndirirlər. Nəticə budur - müharibə dövründəki fəaliyyət Azərbaycan jurnalistikasına bəlli imic, müsbət reputasiya qazandırdı. Bu isə perspektiv beynəlxalq əməkdaşlıq məsələləri baxımından vacib göstəricidir.

 

Əflatun AMAŞOV

 

 İki sahil.- 2020.- 13 noyabr.- S.16.