Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini Konfessiyalarla birgə Vətən Müharibəsi ilə bağlı bəyanat yayıb

 

 

Oktyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə Vətən Müharibəsi ilə bağlı bəyanat yayıb.

 

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “2020-ci ilin iyul ayından etibarən Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən, Azərbaycan-Ermənistan dövlət sərhədi məntəqələrində Ermənistanın həyata keçirdiyi son hərbi təxribatlar, habelə, işğalçı rejimin mülki əhalimizə və döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizə qarşı tətbiq etdiyi insanlığa qarşı hərbi cinayətləri və onun nəticələri barədə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə və dini liderlərinə, xarici ölkələrin dövlət orqanlarına və beynəlxalq təşkilatlara çoxsaylı məktub və müraciətlər ünvanlayıb.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair dövlətimizin siyasətinə uyğun olaraq dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi öz xətti və fəaliyyət istiqamətləri üzrə əməli iş aparmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman Azərbaycanın haqq işinin həqiqətləri barədə geniş, əhatəli məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir. QMİ sədri iştirak etdiyi bütün beynəlxalq forumların xitabət kürsüsündən Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinə dair mövqeyini ifadə edir.

 

QMİ sədri Azərbaycan xalqının dini lideri olaraq hər zaman münaqişənin ədalətli həllinin vacibliyinə və buna nail olmaq üçün sülhməramlı danışıqların zəruriliyə inam mövqeyindən çıxış edərək 1988-ci ildən, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən müxtəlif illərdə dini mərkəzlərin, nüfuzlu dini liderlərin vasitəçiliyi ilə - ələlxüsus, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, Ümumgürcüstan Patriarxı II İlyanın ali vasitəçilikləri, Ümumdünya Kilsələr Şurasının himayəsi və Vatikan nümayəndələrinin də müşahidəçi iştirakı ilə ermənilərin dini liderləri ilə bir araya gəlib. Müxtəlif illərdə İsveçrənin Montrö, Rusiyanın Rostov şəhərlərində, Tbilisidə, dəfələrlə Moskvada, Dünya Dini Liderlərinin I Sammiti zamanı Bakıda, MDB Dinlərarası Şurasının iclası zamanı İrəvanda erməni katolikosları ilə görüşləri qan tökülməsinin qarşısının alınmasına, ədalətli sülh üçün mənəvi zəmin hazırlanmasına xidmət etmək məramı daşıyıb. Görüşlərin nəticələrinə dair QMİ sədrinin erməni katolikosları – I Vazgen, I Qaregin, II Qaregin ilə imzaladığı birgə bəyanatlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyinə dair əminlik, xalqlarımızın dinc yanaşı yaşaması üçün zəminin hazırlanması, dini liderlərin bu işdə mənəvi rolu xüsusi təsbit olunub. Ən mühümü, birgə bəyanatlarda münaqişənin dinlərarası qarşıdurma səciyyəsi daşımadığı birmənalı şəkildə vurğulanıb. Bu vacib nəticə idi və sülhməramlı vasitəçilik missiyasında xüsusi əməyi olan Patriarx Kirill həzrətləri Azərbaycan və Ermənistan dini liderlərinə son müraciətində əldə olunmuş nəticələri qoruyub saxlamaq zərurətindən danışarkən, məhz bu məqamı xüsusi dəyərləndirib.

 

Bu ilin iyulunda Tovuz istiqamətində Ermənistanın son təxribatları və sentyabrın 27-də hücum halları baş verəndən bəri Azərbaycanın məruz qaldığı yeni təcavüzün əsl mahiyyəti barədə QMİ əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərini, qurum və təsisatları məlumatladırmağı mənəvi vəzifə olaraq həyata keçirməkdədir. QMİ nəzdində 2017-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi xətti ilə dünyanın nüfuzlu dövlət, hökumət və mənəvi təsisatlarına yönləndirdiyimiz müraciətlər dünyanın yüzə yaxın dövlətini əhatə edir.

 

Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyinin ifadə olunduğu Xalqa müraciətini bəyan etdi. Ardınca QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı. QMİ sədri Şeyxülislam A. Paşazadənin imzası ilə Vatikan dövlətinin rəhbəri, Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İlya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı cənab Ali Erbaşa, İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri cənab Əli Əkbər Vilayətiyə, habelə beynəlxalq təşkilatların ünvanına - BMT Baş Katibi Antonio Quttereşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Useyminə, İRSİKA-nın Baş direktoru Halit Erenə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə (Qətər), Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuqa (Küveyt), İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İssaya (Səudiyyə Ərəbistanı), Avropa-Türk İslam Birliyinin prezidenti Sərdar Çələbiyə göndərilən müraciətlər vasitəsilə dünyanın nüfuzlu şəxsləri Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə məlumatlandırılıblar.

 

Bunlarla yanaşı, QMİ və Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin fəaliyyət zəminində əməkdaşlıq etdiyi Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib (Misir), Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi, Seneqal Prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Nias, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədri, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqi, Mərakeş Vəqflər naziri Əhməd Taufiq, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, ABŞ Yeshiva universiteti Sefardi araşdırmaları institutunun direktoru Eli Abadi, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Yerusəlim baş sefardi ravvini Şlomo Amar, ABŞ Xristian liderləri Birliyinin prezidenti Conni Mur, Avropa ravvinlər konqresi idarə heyətinin üzvü Cenevrə ravvini İshak Dayan, Berlinin baş ravvini Yitshak Erenberq, Mərkəzi Asiya ölkələrinin dini liderləri, Şimali Qafqaz Respublikalarının müftiləri, Rusiya Federasiyanın bütün subyektlərinin mərkəzi dini idarə rəhbərləri və digərlərinə Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib. Dünya dini liderlərindən, nüfuzlu şəxsiyyətlərdən müraciətlərimizə cavab olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bilavasitə ifadə olunduğu məktublar daxil olmaqdadır.

 

Reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin öz işğalçı siyasətinə dini don geyindirmək cəhdləri həmişə olmuşdur və təəssüflər olsun ki, bu gün də gündəmə gətirilməkdə davam edir. Dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə kimi olduqca təhlükəli meyli erməni tərəfi dini təəssübkeşlikdən dolayı dünya dövlətlərindən hərtərəfli dəstək almaq məramı ilə zaman-zaman məkrlə, riyakarcasına qabartmaqdadır. Məlum olduğu kimi, dünya birliyinə meydan oxuyan, beynəlxalq qanun və normalara məhəl qoymayan, Rusiyanın təşəbbüsü ilə əldə olunmuş atəşkəsi pozan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır raket silahı ilə atəşə tutaraq, dinc insanları, yaşayış evlərini, mülki obyektləri nişan alır. Ümumən, bu günədək 5-i uşaq olmaqla 42 dinc sakinimiz qətlə yetirilib. Son təcavüz aktı zamanı Gəncədəki Rus Pravoslav Yeparxiyasına məxsus kilsəyə və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən Gəncə İmamzadəsinə xəsarət yetirilib. Bu reallıqların müqabilində erməni kilsəsi bütün dünyaya təxribat xarakterli yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürmüşdür. Bu təxribat xarakterli məlumat Azərbaycanın rəsmi qurumları tərəfindən sübutlarla təkzib edilmişdir. Dini konfessiya rəhbərləri olaraq bildirməyi vacib sayırıq ki, Vətənimiz Azərbaycan ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələri, məscid, kilsə, sinaqoqları təmir, bərpa, inşa etdirən dövlətdir. Şuşa Azərbaycanın nadir incisidir və buradakı bütün mədəni-dini abidələri də qoruyub himayə edən bir dövlətə belə ittihamlar uyğun gəlmir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlətimizin başçısı İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə diqqət və qayğısının əyani şahididir. Serbiyada müharibə zamanı dağılmış kilsə və məscidi təmir etdirən, Vatikanda katakombaları, Fransada kilsə vitrajlarını bərpa etdirən dövlət barəsində beynəlxalq rəydə xristian dini abidələrinə xələl gətirən ölkə imici formalaşdırmaq cəhdi məsələyə dini don geyindirməklə xristian-müsəlman qarşıdurması yaratmaq məqsədi güdür. Azərbaycan dövləti erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir edib qoruyur. Bakıda olarkən erməni Katolikosu şəxsən bu kilsəni ziyarət etdi, ibadət mərasimi və Azərbaycanda yaşayan ermənilərlə görüş keçirdi, kilsənin daxilində erməni dilindəki kitabların qorunduğu kitabxana ilə tanış oldu. Ermənistandan fərqli olaraq, Azərbaycanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası, rusdilli tədris, Slavyan Universiteti, pravoslav, katolik, alban-udi xristian dindarlar uçun bazar günü məktəbləri, habelə yəhudi tədris və mədəniyyət mərkəzləri mövcuddur. Ölkəmiz milli və dini azlıq nümayəndələrinin bütün vətəndaşlıq hüquqlarından yararlandığı, öz milli, dini adət-ənənələrini azad yaşatdıqları bir ölkədir və mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlıq məkanı kimi dünya miqyasında tanınır. Ermənistanın isə monoetnik dövlət olması, etnik təmizləmə həyata keçirməsi onun ksenofobiyaya meyilli olduğunun təzahürüdür, qonşu torpaqlarına göz dikməsi, Xocalı soyqırımını törətməsi terrorçu xislətinin göstəricidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində on minlərlə dini, mədəni abidələri məhv etməsi, mənşəyini saxtalaşdırması vandalizm mahiyyəti daşıyır, müsəlman mədəniyyəti nümunələrini məqsədyönlü məhv etməsi isə islamofobiyanı dövlət siyasəti olaraq həyata keçirməsinin sübutudur.

 

Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt özgə torpağında gözü olmayıb. Və bu gün Azərbaycan öz ərazilərində, öz torpaqlarını işğalçılardan təmizləyərkən, dövlət rəhbərinin siyasi iradəsinə, xalqının əzminə, öz ordusunun güc və qüdrətinə güvənir. Bizim haqq yolunda olmağımız bizə qüvvət verən mühüm amildir. Beynəlxalq birlik özünün tanıdığı ərazi bütövlüyümüzü bərpa etmək yönündə bizim beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyimizin fərqindədir. Bunu bizə daxil olan çoxsaylı dəstək məktublarında, həmrəylik zənglərində görürük. Bütün bizim haqq işimizə dəstək olan, ədaləti müdafiə edən ölkələrə, xalqlara, tanınmış insanlara ürəkdən minnətdarıq.

 

Biz, Azərbaycandakı bütün dini konfessiya rəhbərləri bir daha bəyan edirik ki, Vətənin haqq işi uğrunda birlikdəyik, həmrəyik və xalqımıza, dövlətimizə, dövlət başçımıza dəstək veririk. Bizim bir tələbimiz var - BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin erməni hərbi birləşmələri tərəfindən qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinin yerinə yetirilməsi. Bütün səmavi dinlərin müqəddəs kitablarında ən ali dəyər hesab olunan insan həyatının xilası, qan tökülməsinin qarşısının alınması məramının vacibliyini rəhbər tutaraq dünya ictimaiyyətinə, dini liderlərə, dövlət rəhbərlərinə və beynəlxalq təşkilatlara müraciət edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün səylərini əsirgəməməyə çağırırıq.

 

Uca Allah bizi qorusun!

 

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Aleksandr

Bakı və Azərbaycan Arxiyepiskopu

 

Melih Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

 

Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

 

Robert Mobili

Alban-udi icmasının rəhbəri”.

 

İki sahil.- 2020.- 17 oktyabr.- S.17.