Sən qalibsən, Azərbaycan əsgəri!
Füzuli şəhəri də işğaldan azad edildi!..
Köksüm
ürəyimə darlıq
edir...
Nə gözəl sevincdir, İlahi, nə gözəl sevincdi!. Zaman-zaman itirdiyimiz torpaqları qaytara bilməmişik. İndi torpaqlarımızı
döyüş-döyüş azad edirik! Torpaqlarımız
işğaldan tamamilə
azad ediləcək! Döyüş bölgəsindən
gözəl ovqatla qayıtmışdım, reportajı
daha gözəl ovqatla yazıram...
***
Azərbaycan əsgərinin mövqe qələbəsi də bir tarixdir, mövqe
qələbələri Böyük
Qələbənin tərkib
hissəsidi. Bu qələbələr düşmənə
də, havadarlarına
da ağır təəssüflər yaşadır:
Azərbaycan Ordusu Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ
problemini hərbi yolla həll edir. Həm də qüdrətli ordu olduğunu təsdiqləməklə həll
edir. Torpaqlarımızı
işğaldan azad edəcək döyüşlərin
əməliyyatıdı. Düşmən
döyüş-döyüş geri çəkilir, strateji yüksəkliklər
ermənisizləşdirilir, düşmən döyüş
texnikalarını, uçuş
aparatlarını, canlı
qüvvəsini itirir.
Döyüş bölgəsinə bu düşüncələrlə çatmışam.
Hər tərəfdə
müharibə ovqatı
var. Bu ovqatın
qələbə ovqatı
olduğunu duymaq çətin deyil. Müharibə aparmanın tələbləri
imkan verən məsafəyəcən yaxınlaşmaq,
müharibəni, döyüşləri
görmək istəyənlərin
sırasında 10-12 yaşlı
iki uşaq da var, onların
inadkar yerişini gözlərinə köçürənlər
də...
Döyüşlər gedir...
Bir az əvvələ kimi artilleriyaçılarımızla nəfəs-nəfəsəydim, qarşı tərəfə
mərmilər buradan atılacaqdı. Müharibə
aparmanın tələbi
kimi atışı xeyli aralıdan izləyirəm və bunu da jurnalist
taleyimə şükranlıq
bilirəm. Mərmilərin
qarşı tərəfə
– düşmənin mövqelərinə
uçuşu könlümü
telləndirir. Baxıram
və az sonra qarşı tərəfdən eşidiləcək
partlayış səslərini
düşüncələrimə köçürəcəyim anların
tezləşməsini arzulayıram.
Atış içində
düşündüklərimi pıçıldamağa macal
tapmamış gözlədiyim
səslər göy üzünə ürəyimdən
boylanır, göy üzü mövqe qələbəsinin boyuna
tən olan o səsləri ürəyimdə
oxşayır...
Bir səs sonrakı
səsin başlanğıcıdır
elə bil. Səslərin bir-birini belə izləməsi, belə tamamlaması qələbə üvertürası
kimi eşidilir.
2016-cı ilin aprelindən
yaddaşıma bir əsgər sözü hopub: Öz əlimizlə öz torpaqlarımızı
yaralamağa məcburuq.
Dediklərini də xatırlayıram,
özünü də.
Düşündürücü düşüncələri vardı.
Döyüş növbətçiliyinə
gedəndə də, qayıdanda da Lələtəpənin o tərəfinə
boylanırdı. Qaşları
çatılırdı, baxışları
dolaşıq düşürdü.
Şəhidlərdən söz
düşəndə qürurqarışıq təəssüfü
közə dönüb
dodaqlarını yandırıdı.
Onda həmin əsgərə “Torpaqlarımızın
yaraları işğaldan
qurtulanda qaysaqlayacaq. Bu məcburolma torpaqlarımızın işğaldan
qurtuluşu üçündü”,
– demişdim. İndi artilleriya atışı getdiyi vaxtlarda düşüncələrimdə bir kükrəyiş duyuram. Bəlkə indi həmin əsgər də döyüşlərdədi, belə
atışları o da
görür, eşidir.
Bizim kimi ona da əyan
olur ki, artilleriyaçılarımızın atdığı hər mərmi nifrətimizin, qəzəbimizin mərmisidi.
Göy üzünü qara bulud topası
bürüyür. Bu bulud təbiətin buludu deyil, bu
bulud topası düşmənin üstünə
çökəcək (və
çökən!) azərbaycançılıq
bulududur!..
Uzaqlarda mərmilər partlayır. Bu partlayışların səsi
qələbə nidası
kimi eşidilir. Dəqiqələr ötüşür,
gümanlarımız təsdiqlənir.
Tuşlayıcıları bağrıma
basmaq keçir könlümdən...
Belə bir atışı
1992-ci ilin yayında Goranboy əməliyyatından
az sonra Tərtərdə, Şıxarxda
Qəzənfər Babacanovun
batareyası Ağdərəni
artilleriya atəşinə
tutanda görmüşdüm.
Hər mərmi səsinə uçunurdum: bu, Tofiq Hüseynovun qisası, bu, Əlif Hacıyevin qisası, bu, qarda-sazaqda donanların qisası, bu, qar dizləyə-dizləyə
uzaqlaşanda kürəyinə
güllə dəyən
ağsaqqalın qisası,
bu, əsir düşməsin deyə
əvvəl qızını,
sonra özünü öldürən atanın
qisası, bu atasız-anasız qalan körpələrin qisası,
...
O anlarda baxışlarımız
Qəzənfərin baxışlarına
sarılıb Ağdərəyə
meyillənmişdi...
Artilleriya atəşlərı Ağdərədə
də, Kəlbəcərdə
də, Zəngilanda da görmüşəm. Əsgərlərimizin atışları
düşüncələrimin bəsirət gözünə
dönüb, bu həmlələrin, hücumların
qələbəni tezləşdirəcəyinə
inanmışam, atışları
artilleriyaçılarımızla nəfəs-nəfəsə
izləmişəm. Hərdən
mövqelərimizə düşən
mərmilər düşüncələrimi
çilikləyib, hərdən
gümanlarımı dolaşığa
salıb. Sentybarın 27-dən başlayan
əks-hücum əməliyyatında
belə deyil; düşmən mövqelərimizə
mərmi ata bilmir, döyüşlərdən
çəkindiyinə görə
mülki əhali ilə döyüşür,
həm də uzaqdan-uzağa. Gəncəyə,
Mingəçevirə. Tərtərə,
Bərdəyə raketlər
atır. Dünya hələ ki, səsini “içinə çəkib”. “Azərbaycan!”
deyənlər də,
“can Azərbaycan!” deyənlər də bu döyüşlərin
iştirakçılarına güvənir, inanır ki. döyüşlər Böyük Qələbəylə
tamamlanacaq!..
Artilleriya atışından
sonra əsgərlərlə
söhbətləşirəm. Əsgərlər Suqovuşanın
ermənisizləşdirilməsindən danışırlar. Hər
kəlmədə qürur
var, qürura tən olan həsəd
var. Bu qürurun
da başlanğıcı
Vətən sevgisidi, həsədin də; qürur – qələbədi,
həsəd
o qələbənin iştirakçısı
olmamağın həsədidi.
Düşmənin mövqelərinə
sarı bu qüruru, bu həsədi yaşayanların
əhatəsindən baxmaq
da qürurdu. Yelin yelə, əlin ələ, odun oda, közün közə, sözün sözə qovuşmasında
yaşanılan duyğuların
ən gözəli suyun suya qovuşmasında
yaşanılmasıymış, həm də Suqovuşanda, istəyin istəyə, niyyətin niyyətə qovuşduğu
yerdə! “Suqovuşanda
yaşanılan sevinc Böyük Qələbə
günü daha əzəmətlə yaşanılacaq
böyük sevincin başlanğıcıdır” deyirəm.
Qələbə ruhunun cazibəsində
əsgərlərlə, zabitlərlə
əks-hücum əməliyyatından,
ilkin qələbələrdən,
ermənilərin erməniliyindən
– Mingəçevirə, Gəncəyə
atılan raketlərdən,
humanitar atəşkəs
elan ediləndən sonra şəhidlərimizi
çıxardanlarımızın atəşə tutulmasından
danışırıq. Çatılan qaşlar görürəm, tündləşən
baxışlar görürəm,
avtomatının qundağını
sıxan barmaqlar görürəm. “Atam müharibə veteranıdı.
Uşaqlığımdan evimizdə
müharibəli söhbətlər
olub, atamın döyüş yoldaşları
döyüşlərdən danışıb. Azərbaycan
Dövlət Universitetinin
hüquq fakültəsini
bitirdikdən sonra həqiqi hərbi xidmətdə oldum. Xidmətimi zabit kimi davam etdirməyi
qərara aldım. Bu qərara görə indi bu döyüşlərin
içində özümə
nə qədər minnətdaram! Bu qərara gəlməsəydim,
indi təəssüf
ürəyimi üzürdü...”,
– zabit Rüstəm Abdullayevin kəlmələri
könlümü telləndirir.
Mənə elə gəlir
ki, indi döyüşməyə gücü
olanların döyüşlərdən
uzaqda olmaq istəməyənlər qələbədən
sonra acı təəssüflər yaşatmayacaq,
yaşanılacaq illəri
üyüşdürəsi təəssüfü olmayacaq.
Döyüşməyə gücü olanlar döyüşlərə getmək
istəyir...
Döyüşlər başlayandan bəri biz də düşmənə
xeyli hərbi zərər yetirmişik.
Zabitin qürurlu kəlmələrini gizir Mirtağı Sadıqov tamamlamışdı:
–Bu döyüşlər Azərbaycanın işğaldan
azad edilməsinə hesablanmış əks-hücum
əməliyyatlarının davamıdır. Bu döyüşlər Azərbaycan
Ordusunun qalibiyyət döyüşləridir və
tam qələbə ilə tamamlanacaq.
–Yəni, Azərbaycan əsgəri qalibiyyət bayrağıdır, – demişdim.
Bu söhbəti xatırladıram.
Əsgər yoldaşının
burxulan ayağına təpitmə qoyan əsgəri göstərən
zabitin əsgərə
sevgisi, deməli, Vətənə sevgisi mənə qazanılan mövqe qələbə qədər könül xoşluğu verir:
–Döyüşdə iştirak
edənlərin hamısı
bunların mənəvi
qardaşıdır. Əsgərin
tibbi yardıma ciddi ehtiyacı yoxdur, zaman-zaman burxulan ayağa təpitmə qoyulub. Bir-iki saata anadangəlmə
olacaq.
O ucalıqda döyüşün
içində döyüş
iştirakçısı olan
zabitin dediklərini həm etibarlı, həm kövrək, həm də qəti təsəlli bilirəm və Azərbaycan əsgərinə
xitabən deyirəm: Qalibiyyət bayrağısan,
Azərbaycan əsgəri!..
Şuşada dalğalanacaq Bayrağı
mən də öpüb gözlərimin
üstünə qoymaq
istəyirəm...
Orada döyüş
əmri ilə barmağı tətiyə
uzalı əsgərlər
görəcəm, o əsgərlərlə
çiyin-çiyinə dayanan
əsgərlərin əlində
qələbə ruhuyla
dalğalanan bayraq görəcəyəm...
Azərbaycan əsgərinin qələbə
ruhuna, qələbəsinə
görə döyüşçülərimizə
vəfa borcu kimi deyəcəyəm ki, Vətənin tətiyə uzalı barmağı sənsən,
Qələbə ruhuyla
dalğalanan Qalibiyyət
bayrağı sənsən,
Azərbaycan əsgəri!
Rəşid Faxralı
İki sahil.-2020.- 22 oktyabr.- S.26