SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı
kəndlərə qaz
xətləri çəkir
Oktyabrın
21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların
kompakt şəkildə yaşadığı İlməzli kəndinə
“SOCAR Georgia Gas” MMC tərəfindən çəkiləcək
qazpaylayıcı xəttin əsası qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma
mərasimində SOCAR-ın
prezidenti Rövnəq
Abdullayev, Kvemo-Kartlinin
qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın İqtisadi
İnkişaf nazirinin
müavini David Tvalabeişvili iştirak ediblər. Mərasimdə
qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 min 145 metrlik şəbəkə
bir sıra yaxın yaşayış
məntəqələrini əhatə
edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq. “SOCAR Georgia
Gas” MMC cari il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə
olmaqla 15 yaşayış
məntəqəsində qazpaylayıcı
şəbəkənin tikintisini
tamamlamağı planlaşdırır.
Ümumi uzunluğu
129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra
daha 2483 potensial abonent qazla təmin
ediləcək.
Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan
ibarət olan Marneuli bələdiyyəsində
bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilib.
Azərbaycanlıların yaşadığı
bu məntəqələrə
qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən
60-ı artıq qazlaşdırılıb.
Plana uyğun olaraq, cari ildə
daha 7 kənddə
1111 abonent üçün
ümumi uzunluğu
7,3 kilometr olan qaz kəməri çəkilir. Marneuli üzrə qazlaşdırmanın
səviyyəsi 80,2 faiz
təşkil edir.
SOCAR-ın prezidenti
daha sonra Dmanisi bələdiyyəsində
azərbaycanlılar yaşayan
Yırğançay kəndinə
qaz təchizatının
başlanması mərasimində
iştirak edib. Mərasimdə, həmçinin
Azərbaycanın Gürcüstandakı
səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər
iştirak ediblər. Yırğançay kəndinin
qazlaşdırılması nəticəsində 496 yeni
abonentin qaz şəbəkəsinə qoşulmasına
şərait yaradılıb.
Məlumat verilib ki, Dmanisi bələdiyyəsində
ümumilikdə 295 kilometr
uzunluğunda qaz boru kəməri inşa edilib, 7029 abonentin qaz şəbəkəsinə
qoşulmasına şərait
yaradılıb. 2020-ci ildə
burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır.
Dmanisi bələdiyyəsi
üzrə ümumi qazlaşdırma səviyyəsi
83,1 faizdir.
Ümumiyyətlə, bu il sentyabrın
1-nə olan məlumata
görə, SOCAR tərəfindən
bütün Gürcüstan
üzrə 10 min 297 kilometrdən artıq qaz kəməri çəkilib və 306 min 504 abonent qazla təmin olunub. Cari il
üçün 15 yaşayış
məntəqəsində 2483 potensial abonenti əhatə edəcək
128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi
planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 min 300 kilometrlik qazpaylayıcı
şəbəkənin operatorluğunu
həyata keçirir və 742 mindən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın
səviyyəsi 76,9 faiz
təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
İki sahil.- 2020.- 22
oktyabr.- S.6.