Dövlət müstəqilliyimizin
mayası və qayəsi – ərazi bütövlüyü
Cocuq Mərcanlıdan başlayıb
Günnütdən güc alan, Böyük Mərcanlıya, Cəbrayıl
və Füzuliyə böyük qələbəyə aparan
zəfər yolu
Çoxəsrlik tarixi-siyasi təcrübənin məntiqi nəticəsi olan məşhur “Müstəqillik qurban tələb edir” aforizmi milli müstəqilliyini böyük qurbanlar bahasına əldə edən Azərbaycan xalqının dövlətçilik tarixində daha bariz şəkildə öz real inikasını tapıb. Bu qurbanların ən bahalısı isə ötən əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizdən çoxunun işğal edilməsi oldu. Təbii ki, bu, aciz, qorxaq, həm də kölə xislətli mənfur ermənilərin öz şücaəti hesabına deyil, neft və milyonlar səltənəti Azərbaycanı öz müqəddəratı ilə baş-başa buraxmağa heç vəchlə razı olmayan möhtəkir müstəmləkələrin Azərbaycanı var qüvvələri ilə sındırmaq, asılı vəziyyətə salmaq istəyi nəticəsində baş verdi. O zaman ölkəmizdə gedən hakimiyyət davası, iqtidarsız iqtidarın ölkəni vətəndaş müharibəsi həddinə gətirəcək özbaşınalıqları ardıcıl, faciəvi ərazi itkilərimizlə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mövcud vəziyyətdə atəşkəsə nail olmaqla ölkəni ağır siyasi-hərbi böhran vəziyyətindən, növbəti məğlubiyyət və itkilərdən xilas etdi. Ulu öndər Dağlıq Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq ictimaiyyəti obyektiv şəkildə məlumatlandırmaq, milli həmrəyliyə, ordu quruculuğuna, güclü hərbi kadr potensialına nail olmaq istiqamətində misilsiz xidmətləri ilə ərazi bütövlüyümüzün bərpası üçün real situasiyanın yetişməsinə rəvac verdi.
Tarixi ədalət bərpa edilir
Uzun illər sonra – 2016-cı il aprel ayının əvvəllərində təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribata cavab olaraq qəhrəman ordumuz işğal altında olan 2000 hektara yaxın ərazimizi, o cümlədən Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu.
Aprel döyüşləri Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcını qoymaqla bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi, Ermənistanın “məğlubedilməzlik” mifini darmadağın etdi, Azərbaycan xalqının erməni işğalı ilə heç vaxt barışmayacağını, tarixi ədalətin gec-tez bərpa olunacağını bəyan etdi. Bu dördgünlük haqq savaşı illərlə formalaşdırılan “məğlub Azərbaycan” stereotipini darmadağın edərək çoxdan bəri həsrətində olduğumuz qələbənin şirinliyini dadızdırdı bizlərə, milli ruhumuzdakı məğrurluq, müzəffərlik hisslərini oyatdı.
2018-ci ilin may ayında – Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ərəfəsində Günnüt zəfərinin qazanılması isə müstəqil dövlətimizin hərbi rəşadətini təkrar sərgiləməklə Aprel döyüşlərindəki ciddi məğlubiyyətin sarsıntılarından hələ ayıla bilməyən düşmən üçün daha böyük bir zərbə oldu. Belə ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad olundu. Lələtəpə, Cocuq Mərcanlı qələbəsindən sonra qazanılan bu növbəti zəfər, Azərbaycanda ordu quruculuğunun tək bir istiqamətdə – Dağlıq Qarabağ çevrəsində, məhdudlaşdırılmış şəkildə deyil, bütün ölkə üzrə, geniş spektrli, çoxşaxəli aparıldığını, xüsusilə də mənfur düşmənlə üz-üzə dayanan və tarixən onun əsassız ərazi iddialarının başlıca hədəflərindən olan Naxçıvanın təhlükəsizliyinin təmin edildiyini, Əlahiddə Ümumqoşun Ordunun güclü müdafiə potensialına malik olmaqla istənilən əməliyyatı həyata keçirməyə qadir olduğunu bir daha sübut etdi. Tarixə “Uğurlu Naxçıvan əməliyyatı” kimi düşən Günnüt zəfəri haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Günnüt əməliyyatının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü göstərdi. Birincisi, Günnüt əməliyyatı ölkə Prezidentinin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki muxtar respublikadakı ordu, birləşmə və hissələrin silah və texnika təminatı, şəxsi heyətin döyüş hazırlığının artırılması daim diqqətdə saxlanılır. İkincisi, bu əməliyyat Azərbaycan əsgərinin şücaətidir. Üçüncü səbəb isə əməliyyat planının dəqiq hazırlanması idi. Əməliyyatın hazırlanmasına bir il öncədən başlanıldı, ərazi öyrənildi, hərəkət marşrutları müəyyənləşdirildi, düzgün zaman seçildi və 2018-ci ilin aprel ayında əməliyyatın keçirilməsi üçün qərar qəbul olundu. Əməliyyat may ayında uğurla başa çatdırıldı, Günnüt kəndi tam nəzarətə götürüldü, ərazi minalardan təmizləndi, səngərlər qazıldı, postlar quruldu. Bununla da həm mühüm strateji yüksəkliklər, həm də Gorus-Laçın yolu Azərbaycan əsgərinin nəzarətinə keçdi. Bir çox ölkələrdən olan hərbi ekspertlər də təsdiq etdilər ki, Günnüt əməliyyatı hərb tarixində hazırlanmış ən mükəmməl əməliyyatlardandır”.
İstər Aprel döyüşlərindəki tarixi qələbə, istərsə də Günnüt zəfəri BÖYÜK QƏLƏBƏnin baş məşqləri, tarixi zəfərlərə aparan yoldakı ilk uğurlu addımlar idi.
XXI əsrin lider əzəməti, sərkərdə qətiyyəti:
“Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır”.
Prezident cənab İlham Əliyevin xalqa müraciəti zamanı dedikləri, son düşünülmüş və planlı əməliyyatlarımız nəticəsində qazanılan böyük uğurlar mənə görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının əsas ideyasını xatırlatdı: Yalnız güclü siyasi idrakla həmin idraka söykənən güc birləşəndə qalibiyyət və zəfərlərə imza atmaq mümkündür!
Dövlət başçımızın dünyanın tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı ümummilli liderimiz Heydər Əliyevin Dağlıq Qarabağla bağlı vəsiyyətini tez-tez xatırlatması, bu gün əzəli Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsini həm də dahi öndərin böyük, müqəddəs məramını gerçəkləşdirmək kimi dəyərləndirməsi başqa bir mətləbi yada saldı: ümummilli liderimiz son müsahibələrindən birində tanınmış jurnalistimizin Dağlıq Qarabağ problemi ilə bağlı sualını zarafata salaraq cavabsız qoymuş, ictimaiyyətə açıqlanması mümkün olmayan bəzi mətləblər barədə jurnalistlə ikilikdə söhbət etmək üçün kameranın söndürülməsini istəmişdi. Bəli, hər kəsə bəlli olan həqiqəti dünyaya qəbul etdirənəcən bu müəmmalı, laübalı suallar, əslində, qəhrəmanlıq dolu bir tarixə, milli qürur və ləyaqətə malik bir xalqın qəddini onilliklər boyu əymişdir. Nəhayət, bu mübhəm suallar nəyi necə, nə vaxt etmək lazım olduğunu aydın bilən dövlət başçımızın düzgün siyasəti, qətiyyətli iradəsi nəticəsində “Qarabağ Azərbaycandır!” nidasına çevrilmiş, xalqımızın milli heysiyyətini, milli vüqarını dirçəldərək qəddini düzəltmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzun illərin gərgin və çoxcəhətli fəaliyyəti, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində buna nail olmuşdur.
Ölkənin xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyən edildi, iqtisadi və demokratik inkişafa nail olundu. Azərbaycan iqtisadi qüdrətini artırmaqla, bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkana çevrilməklə dünya dövlətlərinin iqtisadi-siyasi maraq mərkəzini özündə cəmləşdirdi. Bununla dünyada öz mövqeyini möhkəmləndirdi, söz və nüfuz sahibinə çevrildi.
Dövlət başçımız Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda qazanılan siyasi nüfuzdan istifadə edərək ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha operativ çatdırmağa müvəffəq oldu.
Azərbaycanın mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə uğurlu ev sahibliyi etməsi nəticəsində ermənilərin antiazərbaycan təbliğatı alt-üst edildi, xalqımızın sülhsevər, qonaqpərvər, tolerant, bəşəri və dini dəyərlərə sayğı ilə yanaşan, öz milli mentalitetini sevərək qoruyub yaşadan bir xalq kimi milli imici möhkəmləndirildi.
Əsaslı kadr islahatları, mühüm hərbi-siyasi postlara daha qabiliyyətli, yüksək intellektli, siyasi erudisiyaya, idarəetmə qabiliyyətinə, diplomatik səriştəyə malik, ən əsası isə sağlam məfkurəli, vətənpərvər şəxslərin, xüsusilə də gənclərin irəli çəkildi, etibarlı, güclü komanda formalaşdırıldı.
Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri ölkənin ərazi bütövlüyünün toxunulmazlığını təmin edə biləcək güclü ordunun olmasıdır. Bu illər ərzində ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları yüksəldilib. Milli Ordumuz dünyanın ilk ən güclü 50 ordusu sırasında özünə yer alıb. Azərbaycan Respublikasının Prezidenti “TRT Haber” televiziya kanalına müsahibəsində demişdir: “Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz”. Bu gün Azərbaycan hərbi sənayesinin formalaşdırılması və inkişaf etdirilməsi sayəsində Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Vətən müharibəsindəki parlaq qələbələrimiz bir daha sübut etdi ki, tankçılarımızın “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarındakı uğurları, ölkəmizin hərbi qüdrətini, ən modern silah və digər hərbi texnika ilə zənginləşmiş arsenalını nümayiş etdirən təntənəli hərbi paradlar, hərbi təlimlər heç də zahiri təmtəraq, görüntü deyil, ölkənin real hərbi qüdrətini artırmağa hesablanmış siyasətin bəhrələridir.
Prezident cənab İlham Əliyevin oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində dediyi fikirlərlə bağlı bir mühüm məqama da diqqət yetirmək yerinə düşər. Ölkə başçımızın vurğuladığı kimi, bu gün Ermənistan hökuməti Soros və digər çirkin təşkilatların nümayəndələri tərəfindən idarə olunur. Məhz İlham Əliyev siyasətinin böyüklüyü nəticəsində ölkəmiz postsovet məkanında baş vermiş çevriliş və “inqilablar”dan, xarici seperatçı qüvvələrin təsiri altına düşməkdən qorundu, Azərbaycanda möhkəm siyasi sabitliyə, stabilliyə nail olundu ki, bu da müstəqil dövlətimizin hərtərəfli inkişafının, başlıcası isə müstəqil siyasət yürütmək imkanlarının əsasını təşkil edir.
Biz sülhsevərik, lakin hərbə qadirik
Azərbaycan Respublikasının Prezidenti “…biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun” deməklə ölkəmizin sülhsevər siyasətini beynəlxalq tribunalardan dəfələrlə bəyan edərək dünya dövlətlərini və beynəlxalq təşkilatları məsələyə obyektiv münasibət bildirməyə, düzgün reaksiya verməyə səsləmişdi. Bu, bir reallıqdır ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. Avropa Parlamentinin qətnamələri Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Lakin, təəssüf ki, BMT-nin kağız üzərində qalan, az qala qanunlar külliyyatı təşkil edən keçərsiz qətnamələri, ATƏT-in Minsk Qrupunun “fəaliyyətindən”, səmərəsiz danışıqlardan tarix çoxcildliyi yaranması “məsələnin hərbi həlli yolu yoxdur” aksiomunu puça çıxardı. İllərdir, Dağlıq Qarabağ kimi tektonik təhlükəli bir problemin sönmüş vulkan vəziyyətində qalması heç kimi narahat etməmiş, öz qanunlarının keçərsizliyi belə, beynəlxalq təşkilatların, dünya dövlətlərinin məsələyə münasibətini dəyişməmişdir. Əksinə, bu vulkanın uzun illərdən sonra püskürməsi – yəni Azərbaycanın yeni təxribatların, yeni ərazi işğallarının qarşısını almaq üçün adekvat olaraq öz ərazi bütövlüyünü, daha dəqiq desək, tarixi ədaləti bərpa etməyə qalxması, bəzi “ədalət mücəssəməsi” dövlətlərin, əslində isə özləri də Ermənistan kimi işğalı, seperatizmi, terroru bu və ya digər şəkildə dəstəkləyən dövlətlərin “bədbəxt”, “günahsız”, “məzlum” ermənilərdən ötrü ciddi təşviş və təlaş keçirmələrinə səbəb olmuşdu. Halbuki ölkə başçımızın da müsahibələrindən birində qeyd etdiyi kimi, sadəcə, atəşkəsə nail olunmaqla kifayətlənməyib Ermənistana işğalçı dövlət kimi sanksiyalar tətbiq edilsə, çox ciddi təzyiq göstərilsə idi, problem çoxdan, özü də sülh yolu ilə həll olunardı. Ermənistan isə bundan sui-istifadə edərək 2019-2020-ci illərdə münaqişənin həllində danışıqlar prosesini dəfələrlə pozmuş, Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qanunsuz seçkilərdən sonra Şuşada təxribatçı “inaqurasiya” mərasimi təşkil etmişdi. Ermənistan xəstə təxəyyülün məhsulu olan sərsəm bəyanatlar, yeni ərazilər uğrunda yeni müharibə təhdidləri ilə məsələni yenidən aktuallaşdırdı. İyul ayının 12-14-də Tovuz rayonu istiqamətində növbəti təxribat törətməklə Ermənistan hakimiyyəti öz daxili problemlərindən diqqəti yayındırmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycan əleyhinə münaqişəyə cəlb etmək istəyirdi. Başlıcası isə Ermənistan təcavüzkar dövlət olduğu üçün kənarda qaldığı regional enerji və infrastruktur layihələrinə zərbə vurmaqla ölkəmizdən qisas almaq istəyirdi. O, həmin layihələrdən bəhrələnən digər Avropa dövlətlərinə də zərər verməklə Azərbaycanın illərin gərgin siyasi fəaliyyətin bəhrəsi olaraq qazandığı “sabit, dinamik və sülhsevər dövlət, etibarlı iqtisadi tərəfdaş” imicini yerləyeksan etməyə can atırdı. Azərbaycanın yeganə çıxış yolu təcavüzkarı dayandırmaq, yeni ərazilər işğal etməsinə yol verməmək idi. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun, ədalətli şəkildə müharibəyə başlamalı oldu. Dövlətimizin başçısı humanizm prinsiplərinə sadiq qalaraq dəfələrlə bəyan etdi ki, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir.
Ümummilli məfkurəyə çevrilən şüar:
“Qarabağ Azərbaycandır!”
Sentyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa ilk müraciəti ilə illərdir, işğal tarixlərini qeyd etmək kimi tarixi rüsvayçılıqdan xilas olmaq istəyən, illərdir, “Ali Baş Komandan hücum əmri verərsə” arzusunu gerçəkləşdirməyə can atan on milyonluq Azərbaycan xalqı bir yumruq kimi birləşdi, səfərbər oldu. “Qarabağ Azərbaycandır!” ümummilli ideyaya, ana mərama, milli məfkurəyə çevrildi. Xalq vaxtilə ümummilli liderin ətrafında bir yumruq kimi birləşərək milli birlik, həmrəylik nümayiş etdirdiyi kimi, öz müqəddəratını liderinə həvalə edərək ona böyük inam, etibar nümayiş etdirdi! On minlərlə Azərbaycan vətəndaşı döyüşə getməyə hazır olduqlarını bildirdi!
Azərbaycan Respublikası Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında qətiyyətlə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını ağ yalan kimi ifşa edərək dediyi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” gerçəyini müzəffər ordumuz öz hərbi qüdrəti, Azərbaycan əsgəri öz qanı ilə isbat etməyə qalxdı!
Prezident cənab İlham Əliyevin səsləndirdiyi bu fikirlər kəskin siyasi bəyanat kimi tarixə düşdü. Paşinyanın sərsəm “Qarabağ Ermənistandır” mülahizəsinin sonunda işlətdiyi nöqtə işarəsi isə Ermənistanın işğalçı siyasətinə, siyasi avantürasına, yalan və iftiralarına, hiylə və məkrlərinə, eyni zamanda problemin danışıqlar yolu ilə həllinə, istənilən sülh variantına birdəfəlik nöqtə – son qoydu. Azərbaycan Prezidentinə məxsus “Nida işarəsi” isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin də vaxtilə böyük uzaqgörənliklə yazdığı kimi, “Azərbaycan üçün Böyük Qələbənin parolu və anonsu” oldu.
Ordum var
ki yurdum var!
Artıq 20 gündən çoxdur ki, Azərbaycan öz
ərazi bütövlüyünün bərpası
uğrunda, yeni ərazi işğallarının
qarşısını almaq üçün Vətən
müharibəsi aparır. Qısa zaman keçməsinə
baxmayaraq, ordumuzun əks-hücum əməliyyatları beynəlxalq
hərbi-siyasi ekspertlər tərəfindən taktiki cəhətdən
dəqiq hesablanmış, çox yüksək səviyyədə
və peşəkarlıqla hazırlanmış əməliyyat
kimi, ölkəmizin hərbi rəşadəti kimi qiymətləndirilir.
Müharibə Ali Baş Komandanın da dediyi kimi, çətin
relyef şəraitində, aşağıdan yuxarı getməklə,
düşmənin 30 il ərzində
möhkəm istehkamlarını yarmaqla aparılır. Lakin buna baxmayaraq, düşmənin dərinliklərindəki
hədəflər ordumuz tərəfindən yüksək dəqiqliklə
məhv edilir. Taktiki cəhətdən
çox dəqiqliklə, bütün risk və təhdidlər,
təhlükələr nəzərə alınaraq hazırlanmış
əməliyyat planı zamanı gözlənilməz
hücumlar həyata keçirilir. Müasir
silahlardan eyni vaxtda istifadə edilməsi düşməni
tamamilə çaşbaş salır. Şimal və cənub
istiqamətlərində düşmənin strateji yüksəkliklərini,
əsas əlaqə yollarını nəzarətə
götürməklə, bütün Dağlıq
Qarabağı mühasirəyə salmaq, düşməni təslim
etmək! Azərbaycan Respublikası Prezidenti
Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində
də vurğulayıb ki, heç zaman bizim ordu
qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu
alacaqsan vəzifəsi qoymayıb. Çünki
müharibənin öz qaydaları, öz qanunları var. Bizim
üçün əsas məsələ ərazi
bütövlümüzü bərpa etməkdir. “ən qısa müddətə maksimum ərazi
tutmaq” taktikası üzrə deyil, düşməni
uzunmüddətli savaşa çəkib resurslarını
tükətmək, digər, xüsusən qərb sərhədlərimiz
istiqamətində qoşun yerdəyişmələri
aparmağa sövq etmək və canlı-texniki itkilərini
maksimum çoxaltmaqla birdəfəlik sarsıtmaqdır.
Bu müddət ərzində onların S-300 zenit-raket
kompleksləri də daxil olmaqla, qısa, orta və uzaqmənzilli
hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi
məhv edildi.
Ordumuz tərəfindən məhv edilən
düşmənə məxsus radioelektron müdafiə (REM)
sistemi – Rusiyanın qabaqcıl texnologiyaları əsasında,
dronlara qarşı mübarizə aparmaq üçün
hazırlanmış bir sistem elə dron hücumu nəticəsində
də aradan qaldırıldı. Düşmənin
bütün havadan müdafiə sistemini yönəldən,
Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U)
radiolokasiya stansiyası məhv edilməklə hava obyektlərini
daha geniş məsafədə aşkarlaya bilən, yeni iş
rejimi tətbiq edilən, müasir Avtomatlaşdırılan
İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiya edilməsi
mümkün olan bir radar zərərsizləşdirildi. Nəticədə, bu gün Azərbaycan Ordusunun
pilotsuz uçuş aparatları (PUA) döyüş bölgəsini
və Dağlıq Qarabağın bütün ərazisini
asanlıqla tədqiq edilə bilir, çünki düşmən
hava hücumundan müdafiə baxımından tamamilə iflic
vəziyyətinə salınıb. Düşmənə
vurulan bu zərər, təxminən, yarım miyard ABŞ
dolları ilə ölçülür. Verilən
məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin
zərbə PUA-ları Ermənistan ordusuna, ümumilikdə,
azı 1 milyard ABŞ dolları ziyan vurub.
Qarabağın
ətrafının ordumuz tərəfindən qısa zamanda
mühasirəyə alınması nəticəsində Azərbaycan
Ordusu, ümumən, 2 şəhər, bir qəsəbə,
70-dən çox kənd və bir sıra yüksəklikləri
işğaldan azad etmişdir ki, bu ərazilər çox
mühüm strateji əhəmiyyət kəsb edir. Murovdağ zirvəsi ermənilərin müdafiə
xəttinin qırılması, Gorus-Kəlbəcər yolunun
bilavasitə atəş altında saxlanılması,
silah-sursat, canlı qüvvə daşınmasının
qarşısını almaq deməkdir. Cəbrayıl
və Hadrut Qarabağa uzanan yolda strateji bir nöqtədir.
Bu nöqtədə olan qoşunlar, demək olar
ki, qismən Ağdamın və Ağdərənin bir hissəsinə
nəzarət edirlər. Talış kəndindən
isə ordumuz həm Kəlbəcər, həm də Ağdərəyə
nəzarət edə bilir. Suqovuşanın
azad olunması nəticəsində ordumuz Ağdərə
üçün təminat yollarına – Murov-Kəlbəcər-Tərtər
yoluna nəzarət etməklə düşmənlərimizin
hərbi imkanlarını məhdudlaşdıra bildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə
qazanılan qələbəni isə rus hərbi ekspertləri
II Qarabağ müharibəsinin gələcək taleyini həll
edən qələbə, Ermənistanın ən böyük
məğlubiyyəti kimi qiymətləndirirlər. Prezident cənab İlham Əliyev də xalqa
müraciət edərkən bildirdi ki, Azərbaycan Ordusu
böyük hərbi peşəkarlıq və rəşadət
nəticəsində Füzulini işğalçılardan
azad etdi. Füzulinin azad edilməsi cənub istiqamətində
həyata keçirilən ən uğurlu əməliyyat olub
Azərbaycan Silahlı Qüvvələri üçün hərbi
strateji baxımdan çox əhəmiyyətlidir, Şuşa şəhərinə yolun
açılması deməkdir. Ümumiyyətlə,
Azərbaycan Ordusunun qüdrətini, mükəmməl
döyüş qabiliyyətini və arsenal
üstünlüklərini təsdiq edən bu qələbələrin
hər biri şanlı zəfər tariximiz kimi dərsliklərə,
kitablara düşəcək.
Düşmən minlərlə canlı qüvvə itki
verib. Birinci
Qarabağ müharibəsinin “Milli Qəhrəmanları”,
Xocalı faciəsininin iştirakçıları olmuş
general, polkovnik kimi yüksək hərbi rütbəlilərinin,
separatçı quldur rejimin “baş prokuroru”nun məhv edilməsi
“Həzrəti Haqqın zühuru” təsiri
bağışlayır. Bu məğlubiyyət
düşmən ordusunda iğtişaşa, kütləvi fərariliyə
səbəb olub. Döyüş
bayraqlarına belə, sahib çıxa bilməyən ermənilər
ordumuzun qüdrəti ilə ya məhv edilir, ya da
silah-sursatlarını, texnikalarını qoyub alay-alay,
tabor-tabor qaçırlar. Əlacı kəsilən
Ermənistan hökuməti qoca, yaşlı və
qadınları döyüş bölgəsinə göndərir.
Hərbi əməliyyatlar dövründə Ermənistan
silahlı qüvvələrinin 2 milyard dolardan çox hərbi
texnikası, silah-sursatı məhv edilib və ya qənimət
götürülüb. Düşmənin
məhv edilən döyüş texnikaları arasında Su-25
döyüş təyyarələri də var. Ordumuzun qənimət
götürdüyü texnikanı düşmənin
özünə qarşı işlətməsi onlara daha
ağır mənəvi-psixoloji zərbə vurur.
Bütün bunlar BÖYÜK QƏLƏBƏni lap yaxın
zamanda qazanacağımıza əminlik yaradır.
Hərbi məğlubiyyəti dərinləşdikcə
bununla barışmayan və ört-basdır etmək istəyən
Ermənistan hər addımında öz-özünü
ifşa edir.
Müharibə qaydalarına, beynəlxalq hüquq
normalarına məhəl qoymayan, humanitar atəşkəs
rejiminin tələblərinə əməl etməməklə
vasitəçi rol oynayan ölkəyə də hörmətsizlik
ifadə edən Ermənistanın öz
döyüşçülərinin cəsədlərinə belə,
sahib çıxmaması bu ölkə üçün
humanizm prinsiplərinin, insan amilinin çoxdan
öldüyünü bir daha isbat edir. Ölüm
anında daha da azğınlaşan yırtıcı kimi qisas
hissi ilə yanan Ermənistan heç bir müharibə
qaydalarına və beynəlxalq humanitar hüququn tələblərinə
sığmayan əməllərə əl atır.
Müharibə zonasına aid olmayan əksər
rayonlarımızı, Azərbaycanın ikinci böyük
şəhəri, tarixi-siyasi, mədəni əhəmiyyət
kəsb edən Gəncəyə ballistik raketlərlə zərbələr
endirməsi, onlarla dinc sakinin, xüsusilə də
uşaqların qətliamına səbəb olması,
işğal olunmuş Qubadlı rayonu ərazisindən
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə
əməliyyat-taktiki raket atması (şükürlər
olsun ki, dinc sakinlərə və mülki obyektlərə zərər
dəyməyib), Kəlbəcər rayonu ilə yaxın sərhəd
zonasında start mövqeyində yerləşdirilən
bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin
Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilməsi
nəticəsində çoxsaylı insan tələfatının
qarşısının alınması buna sübutdur. Bütün bunlar artıq Ermənistanın, konkret
olaraq, hər hanısı ərazini işğal etmək
baxımından təkcə Azərbaycanın deyil,
terrorçu, antihumanist, soyqırımı törədən
bir dövlət kimi bəşəriyyətin düşməni
olduğunu təsdiqləyir. Bu isə
özlüyündə laqeyd münasibət bəsləyən
Beynəlxalq Antiterror Koalisiyası üzvlərinin, dünya
birliyinin də üzərinə böyük məsuliyyət
qoyur.
Müharibə
dövrünün liderlik missiyası:
ön cəbhədə
olduğu kimi, siyasi müharibədə və informasiya
savaşında da qələbəni təmin etmək
Vaxtilə
başabəla, hakimiyyətpərəst dövlət
başçılarımızın günahı üzündən
Qarabağ torpaqlarının itirilməsi kimi tarixi bir ləkəni
Azərbaycanın üzərindən silmək kimi
ağır, məsuliyyətli, eyni zamanda şərəfli bir
missiyanı üzərinə götürmüş Prezident cənab
İlham Əliyevin müharibə şəraitinə, gərgin
iş qrafikinə baxmayaraq, dövlət
başçısı, Ali Baş Komandan kimi istər siyasi,
istərsə də hərbi proseslərin hər anına
birbaşa nəzarət edib fəal mövqe nümayiş
etdirməsi onun xarizmatik liderə məxsus əzmkarlıq və
qətiyyətindən, vətənpərvərliyindən irəli
gəlir. Müasir dünyanın əsas liderlərindən
biri kimi qəbul olunan dövlət
başçımızın dəfələrlə xalqa
etdiyi müraciətlər, dünyanın tanınmış
kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr
müasir dövrün milli hərb və siyasət tarixinin
düşünülmüş şəkildə, anbaan
yazılan zəfər səhifələridir.
İnformasiya
müharibəsindən danışarkən qeyd etmək yerinə
düşər ki, Ermənistan tərəfin XX əsrin səksəninci
illərinin sonu, doxsanıncı illərinin əvvəllərində,
Dağlıq Qarabağ münaqişəsinin
başlanğıc mərhələsində Azərbaycanın
informasiya blokadasına salınması fürsətindən
istifadə edərək yalan, saxta məlumatlar
yaymasının əksinə olaraq Azərbaycan hökuməti
istənilən dezinformasiyanı anında və tutarlı
cavab verməklə təkzib edir. Naxçıvan Muxar
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
düşmən Ermənistanın Xarici İşlər
Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi
nəticəsində döyüş əməliyyatlarının
başlanılmasından sonra bir çox erməninin orduya
çağırılmamaq məqsədilə vətəndaşlıqdan
imtina etməsi və bu barədə Ermənistanın xarici
ölkələrdə yerləşən səfirlik və
konsulluqlarına müraciət etməsini sübut edən, həmçinin
çoxsaylı itkilərini gizlədən sənədlərin
əldə olunması aparılan uğurlu əks-kəşfiyyat
işlərinə bariz nümunədir.
Ölkə başçımızın bü müddətdə
xalqa müraciətlərini xronoloji və məntiqi ardıcıllıqla
izləsək, siyasi-hərbi iradə və güc, qalibiyyət,
müzəffərlik, qətiyyət və dönməzliyin –
problemlərin bu qısa zaman kəsiyində Azərbaycanın
xeyrinə necə həll edilməsinin şahidi olarıq. Dövlət
başçımızın dünyanın
tanınmış media qurumlarına müsahibələri,
bütövlükdə, “Qarabağın Azərbaycan
torpaqları kimi dünyaya tanıdılması” siyasi hərəkatı
kimi dəyərləndirilməlidir. Ümummilli liderin
siyasi irsinin layiqli varisi, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun ilk prezident məzunu,
dünya siyasətində özünütəsdiqləyən
siyasi lider kimi hər fürsətdə Qarabağın və
ermənilərin orada məskunlaşması tarixini, Azərbaycan-Ermənistan
münaqişəsinin tarixini və proseslərin gedişini,
Ermənistanın təcavüzkar, işğalçı
siyasətini, Azərbaycanın hərbi-diplomatik mövqeyini
dünya ictimaiyyətinə çatdırır. Hərbi uğurlarımızla yanaşı, bu siyasi
mübarizədə də qələbənin nəticəsidir
ki, ilk vaxtlar antiazərbaycan mövqe tutan, necə deyərlər,
suyun şırıltısına qulaq asaraq neytrallıq
nümayiş etdirən bəzi dövlətlərin məsələyə
siyasi münasibəti Azərbaycanın xeyrinə dəyişməyə
başladı. Həqiqətpərəst,
səmimi, kütləvi informasiya orqanlarına açıq
olan Prezident cənab İlham Əliyev müsahibələrində
çarpaz suallara yerində, lakonik, sərt cavabı ilə də
siyasi qətiyyət nümayiş etdirir. Bu
müsahibələrdən də bəlli olduğu kimi,
artıq yeni dünya müstəvisində, dünya siyasətinin
tarazlanması prosesində Azərbaycan öz gələcək
siyasi strategiyasını da müəyyənləşdirir.
Böyük siyasi mədəniyyət, həssaslıq
nümayiş etdirən ölkə başçımız Azərbaycanın
bu haqq savaşında ilk və ən qətiyyətli
müdafiəçisi olan qardaş Türkiyəyə,
Pakistana, ədalətli mövqe nümayiş etdirən digər
ölkələrə hər dəfə təşəkkürlərini
çatdırır. Prezident cənab İlham Əliyev
Azərbaycanla eyni soykökə və tarixə, eyni milli-dini dəyərlərə
mənsub olan Türkiyənin dünya miqyasında
böyük potensiala malik olan güclü bir dövlət kimi
bu məsələdə fəal ədalətli mövqe
nümayiş etdirməklə mühüm strateji tərəfdaşımız
olduğunu, “Bir millət, iki dövlət” ideyasına
sadiqliyini, bu ideyanı müasir mərhələdə, yeni
müstəvidə inkişaf etdirdiyini, beləliklə də,
defakto olaraq danışıqlar masasında iştirak etdiyini
vurğulayır. Ölkə başçımız
CNN-Türk televiziyasına verdiyi müsahibəsində
demişdir: “Türkiyə bizim üçün təkcə
müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir,
necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz
bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir.
Ancaq, təbii ki, bu münaqişə, bu döyüşlər
zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident,
mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın
açıqlamaları, Azərbaycana göstərilən dəstək,
Türkiyədən gələn məktublarda insanların “Azərbaycan
tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə
olan məhəbbəti daha da artırdı. Siz də bunun
şahidisiniz ki, bütün bölgələrdə Türkiyə
və Azərbaycan bayraqları bir yerdə dalğalanır... Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir.
Azərbaycanı Türkiyə qədər dəstəkləyən
ikinci ölkə yoxdur. Dünyada Türkiyəni
də Azərbaycan qədər dəstəkləyən ikinci
ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”.
Prezident cənab İlham Əliyev xalqa müraciətləri
zamanı tarixi qələbələrimiz, düşmən tərəfin
məğlubiyyət və itkisi barədə şəxsən
məlumat verib onları təhlil etməklə düşmənə
mənəvi-psixoloji zərbə endirir, beləliklə də,
siyasi qələbəni təmin etmiş olur. Dövlət
başçımızın Milli Ordumuzun cəbhədəki
qələbələri ilə bağlı öz sosial şəbəkə
səhifəsində məlumat verib xalqı təbrik etməsi,
ordumuzu alqışlaması böyük fərəh hissini
xalqı ilə şəxsən bölüşmək istəyi
olmaqla yanaşı, siyasi lider və Ali Baş Komandan olaraq
inam və qətiyyətlə xalqın və ordunun
başında dayandığını da bütün
dünyaya bəyan edir. Bu siyasi jest rəhbər-xalq-ordu
birliyinə ideal nümunə olmaqla, xalqda və orduda
böyük ruh yuksəkliyi, inam və etibar yaradır.
Prezident cənab İlham Əliyevin
çıxışları zamanı Ermənistanın
baş nazirini, onun təcavüzkar siyasətini, siyasi
liberallığını və acizliyini (əslində isə
ümumilikdə, Ermənistanın təcavüzkar hərbi-siyasi
rejimini, ermənilərin vandal, işğalçı milli
simasını) öldürücü şəkildə
ifşa edərək Paşinyanı rəzil və
gülünc vəziyyətə, siyasi nokdauna salması ən
parlaq siyasi qələbədir.
Prezident cənab İlham Əliyev Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqləri dəf etməklə hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edərək işğalla heç zaman barışmayacağını bəyan edir. Status-kvonu öz Ali Baş Komandanına arxalanan şanlı Azərbaycan Ordusunun döyüş meydanında dəyişdiyini, təmas xəttinin məhv edildiyini bildirən ölkə rəhbərimizin siyasi əzmkarlığı, qətiyyəti sayəsində Azərbaycan artıq şərtləri diktə edən, qalib tərəfdir. Çünki: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq”.
Mehriban SULTAN
Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalisti
İki sahil.-
2020.-27 oktyabr.- S.30-31.