Qadın “hərbçilər”in Qarabağa göndərilməsi Ermənistan hakimiyətinin çirkin niyyətinin ifadəsidir

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:

 

- Ermənistan silahlı qüvvələri həm hərbi təxribat törədir, həm də humanitar atəşkəs rejimini kobud surətdə pozur. Cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlara raket zərbələri endirir. Sizin fikrinizcə, buna səbəb nədir?

 

- 27 ildir ki, BMT-nin Qətnamələri kağız üzərində qalıb. Bizim sülhsevər xalqımız ötən müddət ərzində aparılan danışıqlara inanır və səbr göstərirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılacaq. Lakin biz danışıqların mənasız olduğunu müşahidə edirdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənitandır və nöqtə” deməsi isə danışıqların, demək olar ki, birtərəfli qaydada dayanmasına səbəb oldu. Artıq elə bir vəziyyət yarandı ki, işğalçı Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladı.

 

Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks - hücüm əməliyyatı nəticəsində kəndlərimiz, ərazilərimiz, Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, xüsusi strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü, Mincivan və Ağbənd qəsəbələri azad olundu. Döyüş meydanında uduzan Ermənistanın siyasi-hərbi rəhbərliyi silahları dinc əhaliyə, mülki obyektlərə yönəldir. Həmçinin, iki dəfə oktyabrın 10-u və 17-də humanitar atəşkəsin tətbiq olunması ilə bağlı razılığa baxmayaraq, terrorçu Ermənistan həm cəbhə boyu yerləşən şəhər, rayon və kəndlərimizə, həm də döyüş bölgəsindən tamamilə kənarda yerləşən ərazilərə, rayon və şəhərlərə (Bərdə, Mingəçevir, Ağcəbədi, Yevlax, Gəncə, Xızı, Qəbələ, Kürdəmir, Siyəzən) artileriya zərbələri endirdi. Danışıqalar və atəşkəs üçün yalvaran Ermənistan yenə də öz mənfur, çirkin, cinayətkar xislətindən əl çəkmir, silahı dinc əhaliyə, müki və strateji obyektlərə istiqamətləndirir. Bunların sırasında daha dəhşətlisi Gəncədə törədilən vəhşilikdir. Ümumiyyətlə, terror aktlarında həlak olan hər insan şəhiddir! Allah şəhidlərə rəhmət eləsin, onların yaxınlarına baş sağlığı verirəm! Yaralılara isə tezliklə sağalmalarını arzu edirəm! Bu vandalizmdir və Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Ermənistan özünü “qurban”, “yazıq” kimi göstərməklə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Bu terrorçu, heç bir hüquqa məhəl qoymayan Ermənistanın qurumda təmsilçiliyinə yenidən baxılmalıdır. Xislətində riyakarlıq, terrorçuluq, dağıdıcılıq kimi mənfi elementlər olan bu ölkə təkcə Azərbaycan deyil, həm də digər ölkələr üçün də hər zaman təhlükəli ola bilər. Ümumiyyətlə, bu təşkilat öz Nizamnaməsini yenidən nəzərədən keçirməli və ora belə bir bənd əlavə etməlidir ki, üzv dövlətlərdən biri terror aktları həyata keçirirsə, hərbi cinayətlər törədirsə, təşkilatdan çıxarılmalıdır.

 

- Dağlıq Qarabağın tarixi və gələcək status barədə nə demək mümkündür?

 

- Əgər biz tarixə baxsaq, görərik ki, sənədlərə və siyasi hüquqa əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti qurumu artıq arxivdə qalıb. Tarixi sənədlərə əsasə 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.

 

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.

 

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

 

Bunun ardınca 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.

 

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Bu qanunlar bir daha sübut edir ki, belə bir muxtar vilayət yoxdur.

 

Digər bir fakt isə 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendumun nəticəsinə görə “müstəqillik qərarı” alınmış və 6 yanvar 1992-ci ildə də “müstəqillik” “rəsmən” elan edilmişdir. Lakin Ermənistan respublikası da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin “müstəqilliyini” tanımamışdır.

 

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi kimi tanınmışdır. Lakin buna baxmayaraq bu torpaqlar hələ də işğal altındadır.

 

1988-1994-cü illər ərzində Qarabağda yerli azərbaycanlı əhaliyə qarşı davam edən etnik təmizləmə prosesi nəticəsində hal-hazırda Dağlıq Qarabağda bir nəfər də azərbaycanlı yaşamır. Bu həmin ərazidəda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə prosesinin ən bariz sübutudur. Statistikaya nəzər yetirsək, görərirk ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Perspektivdə status məsələsinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağda refendumun keçirilməsi ilə bağlı suala cavabı çox qəti olub: “Heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”.

 

- Azərbaycanı qələbəyə aparan yola nəzər yetirsək, əsas hansı məsələləri qeyd edərdiniz?

 

- Bugünkü qələbənin əsasında bizim ölkəmizin inkişafı, sabitliyi dayanır. Biz gələcəyə böyük inamla baxırıq. Nəyə görə? Yaxın tarixə nəzər salsaq, nə görürük? Dağıdılmış, bütün əlaqələri kəsilmiş bir ölkə. 1993-cü ilin yayında tarixi missiyanı öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bütün çətin sınaqlardan şərəflə çıxarmışdır. Ulu Öndərin təməlini qoyduğu siyasət son 17 ildə Prezidentmiz İlham Əliyev tərəfindən daha da gücləndirilmişdir. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında yer alıq.

 

Bu gün hər kəs tam qələbəyə nail olmaq üçün, torpaqlarımızı mənfur terrorçulardan azad etmək üçün öz töhfəsini verir. Baxın, cəbhə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz atəşə tutulur, raket zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağılır. Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhval-ruhiyyəsinə mənfi təsir göstərmir. Hardandır, bu güc? Cavab çox sadədir: Biz bu gücü, bu inamı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, bütövlükdə dövlətimizdən, ordumuzdan, qəhrəman əsgərlərimizdən, vətən sevgisindən, birliyimizdən alırıq!

 

- Vətən müharibəsi bitdikdən sonra gələcəyi necə təsəvvür edirsiniz, regionu necə görürsünüz?

 

- Son müsahihələrində cənab Prezident də bu məsələni qeyd edir ki, müharibə bitdikdən sonra yeni siyasi və geosiyasi vəziyyət yaranacaqdır. Hazırda Azərbaycan öz xilaskar missiyası ilə təkcə ölkəmiz üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda yeni tarix yazır. Azərbaycanın regional və qlobal proses və layihələrdə iştirakı daha da artacaqdır. Ölkəmizin iqtisadi imkanları güclənəcəkdir. Biz öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra da çox ehtiyatlı olmalıyıq. Tarix və təcrübə göstərir ki, ermənilər hər an təhlükə yarada bilərlər.

 

- Ermənistan hakimiyyəti döyüşdə iştirak etmək üçün qadınları səfərbər edir. Sizin erməni qadınlarının müharibədə iştirakına münasibətiniz necədir?

 

- Bu məsələyə bir neçə aspektdən baxa bilərik:

 

Birincisi, bu, Ermənistan üçün böyük bir demoqrafik problem yaradacaq. Onların genefondu daha da zəifləyəcəkdir.

 

İkincisi, hərbi əməliyyatlar zamanı yaralanan və ölən qadın hərbçilərdən öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər. Həmin qadınların guya dinc əhali olduğunu və Azərbaycan tərəfinin onlara qarşı silahdan istifadə etdiyini deyəcəklər.

 

Üçüncüsü, terrorçu ölkənin baş naziri Nikol Paşinyan qadınları səfərbər etməklə həm də Qarabağ cəbhəsində pərən-pərən olmuş erməni ordusunu ruhlandırmaq istəyir. Ancaq əlbəttə ki, bu alınmayacaq, çünki bizim rəşadətli ordumuzun gücünü bütün dünya görür.

 

Dördüncüsü, bu bir mesajdır, yəni Ermənistanda hətta erməni qadını da başqa ölkənin torpaqlarında vuruşmağa hazırdır. Bu siyasətə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan başçılıq edir.

 

- Bu ilin yay aylarında Anna Akopyan 15 erməni qadınla birlikdə hərbi təlimlərdə iştirak ediblər. Harada? Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində. Kimə qarşı? Dinc əhaliyə, şərti düşmən olan azərbaycanlıya qarşı. Əgər Ermənistanda qadınlar da döyüşə, müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

 

- Bir də Azərbaycan qadınına baxaq, nə görürük, güclü, qorxmaz ana, sülhsevər qadın. Vətən müharibəsində şəhidlərin dəfn mərasimində iştirak edirəm. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbrlə “Vətən sağ olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparmağı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır.

 

İki sahil.- 2020.- 24 oktyabr.- S.20.