Yaqut Qarayeva: Kim ki ordumuza,
qələbəmizə dəstək
olmaq istəyir koronavirusla mübarizəyə
qoşulsun
Payız-qış aylarında virusa yoluxma sayında artım olacağı gözlənilən idi. Hər bir kəskin virus infeksiyası havalar soyuyanda, qış vaxtı artır. Lakin hələ
havalar çox soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik.
Görünür, başqa səbəblər
də var. Bəlkə
də vətəndaşların
sentyabrda COVID-19-a yoluxma
sayında azalmanın
olmasına görə
bir qədər arxayınlaşması bu nəticəyə gətirib
çıxardı. Lakin bilməliyik
ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım olacağı gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu
Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) Xəstəliklərin
profilaktikası və
kontrolu şöbəsinin
müdiri Yaqut Qarayeva söyləyib.
O qeyd edib ki,
Nazirlər Kabineti yanında Operativ Qərargah xəstələrin
sayı artarsa, hansı xəstəxanaların
bu işə qoşulacağı, çarpayı
fondunun necə istifadə olunacağı
ilə bağlı xüsusi planlar hazırlamışdı: “Lakin
hazırda bir çox dəyişikliklər
var. Bir sıra bölgələrdə modul
tipli xəstəxanalar
tikilib istifadəyə
verilib. Bizim kifayət qədər
çarpayı fondumuz
var idi. Son hadisələrlə əlaqədar biz çarpayı
fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə
edirik. Tibb işçilərimiz də sağlam, qüvvətli və hazır vəziyyətdə
olmalıdırlar ki, hərbçilərimizə kömək
edə bilsinlər.
Bu da çox önəmlidir. Xəstəlik insanın peşəsinə
baxmır.
Hazırda əsas problem ağır xəstələr, yaşlılar,
xroniki və yanaşı xəstəliyi
olanlarla bağlıdır. Çünki
onların adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyacları
var. Həmin xəstələrin
müalicəsinin azı
2 həftə olduğunu
nəzərə alsaq,
bu, o deməkdir ki, həmin çarpayıdan iki həftə ərzində
yeni bir xəstə istifadə edə bilməyəcək.
Bu, ciddi problemdir.
Hazırda reanimasiya şöbələrində
200-dən çox xəstə
var, onlardan 20-yə yaxını süni tənəffüs aparatına
qoşulub. Hər birimiz bunun məsuliyyətini
hiss eləməliyik. Doğrudur, dövlət
modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları
da gətirilib. Lakin bir
resurs var ki, onu yetişdirmək
çox çətindir.
Bunlar tibb işçiləridir.
Bir həkim-reanimatoloq,
həkim–pulmonoloqun yetişməsi üçün
illər lazımdır.
Bizim stasionar
çarpayı sayı
baxımından heç
bir problemimiz yoxdur. Stasionarda yatan xəstəyə
hər bir həkim qulluq edə bilər. Bütün dünyada belə praktika var. Belə ki, digər ixtisasdan olan həkimlərə yüngül
treninq keçirlər
və onlar stasionarda yatan xəstəni müalicə
etməyi və onu nəzarətdə saxlamağı bilirlər.
Lakin reanimasiyada olan, süni tənəffüs
cihazına qoşulan xəstəyə sadəcə
mütəxəssis, həkim-reanimatoloq
baxa bilər. Hər hansı bir həkimi qısa müddətdə treninqlər
keçərək süni
tənəffüs aparatında
olan xəstəyə
baxmağı öyrətmək
mümkün deyil.
Bu, illərlə qazanılan bir təcrübədir. Ona görə
də mən xüsusən gənclərimizə,
cavanlarımza müraciət
edirəm. Çox təəssüf
ki, onlar maska taxmaqdan çəkinirlər, xəstəliyə
ciddi yanaşmırlar.
Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər.
Lakin hər kəsin evində valideynləri, yaşlılar var. Gənclərimiz
başa düşmürlər
ki, ailə üzvləri bu xəstəliyə tutulanda
onları yüngül
formada, evdə müşahidə altında
keçirə bilməyəcəklər.
Ona görə də gənclər bu məsələyə diqqətli
yanaşmalıdırlar. Burada bizə ictimai qınaq da lazımdır.
Kim ki, ordumuza,
qələbəmizə dəstək
olmaq istəyir koronavirusla mübarizəyə
qoşulsun. Çünki biz öz tibb resurslarımızı
bölmək məcburiyyətində
qalırıq”.
Y.Qarayeva
evdə özbaşına
dərman qəbul edən vətəndaşlardan
da bəhs edib: “Evdə həkim nəzarəti olmadan antibiotiklərdən istifadə
edən xəstələr
xəstəxanaya düşəndən
sonra onların müalicəsi ciddi problemlər yaradır. Belə ki, virus infeksiyasından sonra ikincili bakterial infeksiyalar inkişaf edə bilər. Onlar inkişaf etdiyi
zaman xəstənin müalicəsi üçün
antibiotik tapmaq və ya uyğunlaşdırmaq
çox çətin
olur. Bəzən bir xəstə
xəstəxanaya qədər
evdə iki cür, o cümlədən
güclü antibiotik qəbul edir. Bu zaman xəstənin
müalicəsində daha
yüksək və daha genişspektrli antibiotiklərə keçmək
məcburiyyətində oluruq”.
TƏBİB-in
şöbə müdiri,
həmçinin aparılan
testlərin sayına
da toxunub: “Fevral ayında test aparılan laboratoriyalarımızın sayı
az idi. Onlar əsasən
Səhiyyə Nazirliyinin
xüsusi təhlükəli
infeksiyalarla mübarizə
mərkəzlərində idi.
Lakin bu günə qədər TƏBİB-in nəzdində
olan tibb müəssisələrində, xüsusilə regionlarda bir çox laboratoriyalar açılıb.
Bu da bizim testaparma
imkanlarımızı artırıb.
Bir çox özəl müəssisələr də
bu işə qoşulub. Hazırda
gündəlik 9 mindən
çox test edirik, hətta bundan
da çox test aparmaq mümkündür. Test sayı
çox olarsa, aşkarlanma da çoxala bilər. Lakin bu, bizi rahatlaşdırmamalıdır. Düşünməməliyik ki,
test çoxdur, ona görə yoluxma sayında artım var. Əgər test sayı artarsa, lakin xəstə sayında artım olmazsa, bu, bizim üçün
müsbət göstərici
kimi qiymətləndirilə
bilər. Hər aşkarlanan pozitiv
hadisə asimptomatik olsa belə, başqa vətəndaşlar
üçün təhlükədir.
Həmin
şəxsləri aşkarlayıb
izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında
vacib addımdır”.
İki sahil.-
2020.- 24 oktyabr.- S.18.