Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki
matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda
Qarabağ uğrunda gedən döyüşlərin
ətraf ərazilərdə
getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncədən hazırladığı
reportajda oktyabrın
17-nə keçən gecə
raket atəşi nəticəsində dağılan
yaşayış massivinə
baş çəkib.
Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan
evlərin qalıqları
arasında sakinlərlə
söhbət edib. Evi tamamilə dağılmış Gəncə
sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır.
O, vaxtilə çoxlu
yaşayış evinin
olduğu məhəllənin
raket atəşi nəticəsində viran qaldığını söyləyir.
Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında
öz ev əşyalarını tanıyır
və onları toplamağa çalışır.
Jurnalist həmin
qanlı gecədə
həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki,
Gəncə sakinləri
raket zərbəsi nəticəsində həlak
olanların xatirəsini
yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara
görə oyuncaqlar gətirirlər. Guşədəki
lövhələrdə sakinlər
bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.
Y.Hahn bildirir
ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin
sakinləri müharibənin
birbaşa onları da ağuşuna alacağını heç
ağıllarına belə
gətirməzdilər. Lakin
ötən həftəsonu
şəhərin bu məhəlləsindəki evlər
dağıldıqdan sonra
artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə
kəskinləşə bilər.
Gəncənin mərkəzində sakinlərlə
müsahibələr əsasında
insanların vətənpərvər
ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə
inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün
könüllü yazıldıqlarını,
düşməndən qorxmadıqlarını,
Vətən üçün
candan keçməyə
hazır olduqlarını
və tezliklə Azərbaycan bayrağının
Dağlıq Qarabağda
dalğalanacağına inandıqlarını
söyləyirlər.
Yekunda isə
qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan
istifadə etməyə
tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri,
eləcə də dağılmış evinin
qalıqları arasında
özünə yeni gün-güzəran qurmalı
olacaq Rəqibə Quliyeva söyləyir.
İki sahil.- 2020.- 22
oktyabr.- S.7.