Vətəndaş məktubları: Cənab
Prezident, ədalət mübarizənizdə canımızla,
qanımızla Sizin yanınızdayıq
Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan,
xaricdə yaşayan soydaşlarımızdan, eləcə də
qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından
məktublar gəlməkdə davam edir.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların
bir neçəsini təqdim edir.
Türkiyənin Balıkesir şəhərindən
Berkut Gencay Sarıkız yazır: "Hörmətli cənab
Prezident, mən məktəbliyəm. Azərbaycanı
çox sevirəm. Düşünürəm ki, atamın mənə
məktəb ləvazimatı almaq üçün verdiyi 100
türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə
bağışlamağım, inşallah, əsgərlərimizə
töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən,
qələmlərimdən istifadə edə bilərəm. Həmin
pulun əsgərləriniz olan böyük qardaşlarıma
daha çox kömək olacağına ümid edirəm.
İnşallah, qələbə sizinlədir. Allah əsgərlərimizin
ayağına daş, gözünə yaş salmasın”.
Yozqat şəhərindən Hilalsu Mert
yazır: "Hörmətli cənab Prezident, mənim 10
yaşım var. Sizi səmimi qəlbdən salamlayır, dəyərli
böyüyüm kimi əllərinizdən öpür, uca
Allaha Sizi qoruması üçün dua edirəm. Hər
gün televiziyadan ölkənizin torpaqlarınızı
işğaldan azad etmək üçün göstərdiyiniz
mübarizəni həyəcanla izləyirəm. Mən
inanıram ki, uğrunda şəhidlər verdiyiniz doğma
torpaqlarınızı erməni zülmündən
qurtaracağınız günlər yaxındadır. Biz
bütün ailə üzvlərimizlə birlikdə Sizə və
qəhrəman əsgərlərinizə görə dua edirik.
Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Mən
özümə məxsus sırğamı Azərbaycan əsgərinə
kömək üçün yaradılan fonda bəxş etməklə,
ümid edirəm ki, az da olsa igid əsgərlərimizə dəstək
ola bilərəm. Allaha əmanət olun”.
Giresun şəhərindən Erdal Adlan
yazır: "Hörmətli cənab Prezident, müraciətimin
əvvəlində tarixboyu Azərbaycanın və Türkiyənin
azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə
Allahdan rəhmət diləyirəm. Cənab
Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində
10 yaşım olsa da, Dağlıq Qarabağın
işğal edilməsi barədə xəbərləri babamla
birlikdə böyük ürək ağrısı ilə
qarşıladıq, göz yaşlarımızı saxlaya
bilmədik. İllərdir bu yara ürəyimizdə
qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin
idim ki, əsl türk olan azərbaycanlı qardaşlarım
bir qarış torpaq belə verməzlər. Erməni
terrorçularını doğma torpaqlarınızdan
qovmanıza çox sevindim. Onları sonacan qovun, 10
yaşında olan uşaqlarımızın bir daha
üzülməsinə imkan verməyin. Ermənilərin hələ
1915-1923-cü illərdə doğulduğum Giresun şəhərində
törətdikləri vəhşiliklər, tarixboyu türklərə
qarşı xainlikləri hələ də yaddaşlardan
silinməyib. Siz mübarizənizdə
qazandığınız qələbələrlə təkcə
öz şəhidlərinizin deyil, erməni terrorunun
qurbanı olan hər bir kəsin qisasını
alırsınız. Türkiyə hər zaman candan əziz
olan Azərbaycanın yanındadır. Ölkəmizin hər
bir vətəndaşı Azərbaycan üçün
canından belə keçməyə hazırdır və
bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı
daşıyan hər kəs haqq işinizi hələlik
dualarımızla dəstəkləyirik. Ədalət
mübarizənizdə canımızla, qanımızla Sizin
yanınızda olduğumuzu unutmayın. Şəhidlərinizə
rəhmət, yaralılara şəfa diləyirəm.
Tanrı türkü qorusun! Türk qanı daşıyan
xoşbəxtdir”.
Rusiyanın Moskva şəhərindən Namiq
Əlimuradov: "Hörmətli cənab Prezident, artıq bir
aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda
baş verən hadisələri izləyirəm. Qarabağ
torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan
Ordusunun növbəti uğuru barədə hər dəfə
xəbər alanda sevinc və qürur hissləri keçirirəm.
Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim
Azərbaycana sevgimi azalda, ölkəmə görə
duyduğum fəxarət hissini zəiflədə bilməz. Cənab
Prezident Sizə, eləcə də Azərbaycan xalqına mətanət,
əzm və bütün işlərdə uğurlar
arzulayıram. Valideynlərimizin bizə təlqin etdiyi və
Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli
haqq-ədalət hissi bizi baş verən hadisələrə
biganə qalmağa qoymur. Hər an Azərbaycanın köməyinə
gəlməyə hazıram, sözdə də, əməldə
də. Bizim hamımıza, xüsusən də Sizə
uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə,
o qalib gəlir, çünki haqq güclüdür.
Qarabağ Azərbaycandır!”.
Rusiyanın Novosibirsk şəhərindən
Mayis Məmmədov: "Hörmətli cənab
Prezident, sentyabrın 27-də Ermənistanın Azərbaycan
mövqelərinə və yaşayış məntəqələrinə
hücumuna cavab olaraq Azərbaycan Ordusunun
başlatdığı və işğal edilmiş ərazilərin
azad olunmasına yönəlmiş hərbi əməliyyatlar
gedişində şəhid olmuş qardaşlarımıza
görə "Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatı
adından və şəxsən öz adımdan bütün
Azərbaycan xalqına dərin hüznlə
başsağlığı verirəm. Dinc əhali arasında
həlak olanlar, yaşayış binalarında, eləcə də
məktəblər və uşaq bağçaları daxil
olmaqla ictimai binaların dağıdılması bizi hədsiz
kədərləndirir. Dinc əhaliyə qarşı silah və
güc tətbiqini biz qətiyyətlə pisləyirik. Hazırda biz – Sizin soydaşlarınız Vətəndən
uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə
yaxın işğal altında olmuş
torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin
əks-hücumu nəticəsində azad edilməsi prosesini
diqqətlə izləyir, haqq-ədalət mübarizəsində
Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin
taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz
Azərbaycanla həmahəng döyünür. Ümid edirik
ki, əldə olunmuş müvəqqəti atəşkəs
münaqişənin nizamlanması üçün yeni imkan
yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq
nöqteyi-nəzərindən haqlı olan Azərbaycan
döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz
üstünlüyünü davam etdirəcək, ədalətli
mübarizəsini sona çatdıraraq Dağlıq
Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına
nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa
edəcəkdir. İndi bizim gözəl ölkəmiz yeni
sınaqla üz-üzədir. Lakin ötən illərin
təcrübəsi bizə inanmağı, mübarizə
aparmağı və qalib gəlməyi öyrədib. Hörmətli cənab Prezident, mən Sizin strateji siyasətinizi
dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli
rəhbərliyiniz və həmişə xalqı doğru
yola istiqamətləndirən müdrikliyiniz sayəsində
bundan sonra da sülhü və hər kəs üçün
rifahı təmin edəcəksiniz. Hansı ölkədə
yaşamağımızdan asılı olmayaraq biz –
soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik,
Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən
gələni edəcəyik. Rusiya ilə Azərbaycan
arasında böyük dostluq bir çox nəsillərdən
bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin
vəziyyətdə bir-birlərinə kömək etməyə
həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya–Azərbaycan
dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi,
rifahı və əməkdaşlığı naminə daha
da dərinləşəcək, inkişaf edəcək və
möhkəmlənəcək”.
Tovuz sakini Kürzəli Bayramov dövlətimizin
başçısına yazır: "Hörmətli cənab
Prezident, işğaldan azad olunan bütün torpaqlara və
yaşadığımız sevinc hisslərinə görə
Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə uzun illərin həsrətinə son
qoyuldu, əzəli, əbədi torpaqlarımıza
qovuşuruq. Sevinc hisslərimizi sözlə ifadə edə
bilmirik. Hər zaman yanınızdayıq, cənab Prezident.
Şəki sakini Elvin Məmmədov: "Müzəffər Ali Baş Komandan, mən bir
zabit olaraq Azərbaycanın bu haqq savaşında,
işğal altında olan doğma torpaqlarımız
uğrunda gedən Vətən müharibəsində
canımdan, son damla qanımdan belə keçməyə
hazıram. Bir Azərbaycan oğlu kimi ön cəbhədə
düşmənlə üz-üzə vuruşaraq şəhidlərimizin
intiqamını almaq istəyirəm. Müzəffər Ali
Baş Komandan, hərbi anda sadiq qalacağıma, düşmənə
qarşı vicdanla vuruşacağıma Sizi əmin edirəm.
Əmrinizi gözləyirəm”.
Şamaxı rayonunun sakini Rubabə Nuriyeva:
"Hörmətli cənab Prezident, Sizin dərin
savadınız, dünyagörüşünüz
qarşısında dünyanın siyasət meydanında
heç bir siyasətçi tab gətirə bilməz. Siz Azərbaycan
xalqının xilaskarısınız. Gələcək nəsillər
Azərbaycan deyəndə Sizi, İlham Heydər oğlu deyəndə
isə Azərbaycanı xatırlayacaq. Allah Sizi qorusun.
Yaşasın Azərbaycan xalqı! Yaşasın sevimli
Prezidentimiz! Azərbaycanın şanlı Ordusuna eşq
olsun!”.
Saatlı rayonun sakini Fariz Ağayev: "Müzəffər
Ali Baş Komandan, bu sevinci bizə
yaşatdığınıza görə Sizə Saatlı
sakinləri adından dərin minnətdarlığımızı
bildiririk. Cənab Prezident, bir təhsil işçisi kimi
inanıram ki, pedaqoji fəaliyyətimizi Şuşada, Xankəndidə,
Laçında davam etdirəcəyimiz günlər lap
yaxındadır. Bildirmək istəyirik ki, hər zaman Sizin əmrinizi
gözləyirik. Hər birimiz Vətənimiz naminə son
damla qanımızadək döyüşməyə
hazırıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Cavad Quliyev
yazır: "Müzəffər Ali Baş Komandan, bir
talış, bir lənkəranlı olaraq Sizə təşəkkür
edirəm. 30 ilə yaxın işğal altında qalan
torpaqlarımızı, doğma Qarabağımızı
düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək
savadınız və güclü iradənizin nəticəsində
mümkün olmuşdur. Bütün xalqımız Sizə
sonsuz təşəkkür edir və ətrafınızda
sıx birləşib. Allah Sizi və mətin Ordumuzu qorusun! Cənab
Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş
olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm.
Çox istərdim ki, məni də Ordu sıralarına daxil
etsinlər. Bu Vətən üçün canımı da,
qanımı da verməyə hazıram. Yaşasın Ali
Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Qubadlı sakini Çingiz Salmanov: "Möhtərəm Prezident, Müzəffər
Ali Baş Komandan, nəhayət gözlədiyimiz gün gəldi.
İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun
qapısı adlandırılan Qubadlı rayonu mənfur
düşmən tapdağından azad edildi. İllərdi bu
günü gözləyir, Vətən həsrəti ilə
yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman,
yenilməz oğlu. Bizi əbədi və əzəli
dədə-baba torpaqlarımıza qovuşdurduğunuz
üçün Sizə dərin təşəkkürümü
bildirirəm. İnşallah, Sizin göstərişinizlə
müzəffər Azərbaycan Ordusu digər işğal
altında olan torpaqlarımızı yaxın günlərdə
düşmən tapdağından azad edərək
şanlı Azərbaycanımızın üçrəngli
bayrağını yüksəklərə
qaldıracaqdır. Cənab Prezident, Sizin bu haqq işiniz və
adınız bir sərkərdə olaraq gələcək nəsillərin
yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində
yazılacaqdır. Mən fəxr edirəm ki, mənim
xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən
Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”.
Ağcabədi sakini Səbuhi Atakişiyev:
"Hörmətli cənab Ali Baş Komandan, son günlər
Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Çox xoşbəxtik
ki, qazanılan qələbələrin canlı şahidiyik.
Müzəffər Ali Baş Komandan, hər gün azad
olunmuş torpaqlarımızın xəbərini eşitdikcə
böyük qürur hissi keçiririk. Siz bu gün
milyonların arzusunu reallaşdırırsınız, Sizə
Ulu Tanrıdan güc qüvvət arzu edirik.
İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu
üçrəngli bayrağımızı Şuşada
dalğalandıracaq. Eşq olsun Ali Baş Komandanımıza,
eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!”.
Bərdə sakini Rauf Xanlarov: "Hörmətli
Prezident, cənab Ali baş Komandan, Mən Sizinlə fəxr
edirəm. Azərbaycanımızın torpaqlarının
qarış-qarış azad edilməsi barədə dilinizdən
çıxan sevinc dolu cümlələri, məntəqələrimizin
adlarını çəkdiyiniz saniyələri qürurla izləyirəm.
Cənab Prezident, son illər etdiyiniz kadr dəyişiklikləri,
COVID-19 pandemiyası ilə apardığınız mübarizə
tədbirləri və nəhayət ki, qəlbimizdə yara
bağlamış Qarabağ həsrətinə son qoymaq
üçün başlatdığınız Vətən
müharibəsi bir daha sübut etdi ki, Siz var olduqca Azərbaycan
xalqının yaşayacağı gözəl günlər
çox olacaq. Sizə inanıram və güvənirəm.
Kaş hər gün dilinizdən çıxan o
"Qarabağ Azərbaycandır!” ifadəsini televiziyadan yox,
Sizin qarsızında duraraq eşidəydim. Allah Sizi və rəşadətli
əsgərlərimizi qorusun! Fəxr edirəm ki mən azərbaycanlıyam!
Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Cavid Şamoyev:
"Çox hörmətli Prezident, cənab Ali Baş
Komandan, mənim adım Cavid Şamoyevdir. 13 yaşım var və
torpaqlarımızın azadlığı uğrunda
döyüşmək istəyirəm. Yaşım az olsa da, əlimdən
gələni əsirgəmərəm. Mənim qardaşım
hərbi xidmətdədir. Mən də onun kimi Vətənimin
keşiyində durmaq istəyirəm. Əminəm ki, çox
yaxın zamanda Siz başda olmaqla, Azərbaycan Ordusu qələbə
qazanacaqdır. Sizə və qəhrəman əsgərlərimizə
böyük uğurlar arzu edirəm. Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
İki sahil.- 2020.- 30 oktyabr.- S.4.