Beynəlxalq hüquq və ədalət
bizim tərəfimizdədir
Milli Məclisin İntizam komissiyasının sədri,
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov
- Eldar müəllim, bu yaxınlarda Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin 29-cu
ili tamam oldu. Ötən dövr ərzində müstəqil
ölkəmizin keçdiyi inkişaf yolu haqqında fikirlərinizi
bilmək istərdik...
- Müstəqilliyinin 29-cu ilini yaşayan Azərbaycan
dövləti bir çox çətinlikliklərdən,
ağır sınaqlardan keçərək, böyük
inkişaf, tərəqqi yoluna qədəm qoyub. Bu gün Azərbaycan
nəinki bölgənin ən güclü, ən qüdrətli
dövlətidir, həm də dünyanın lider dövlətləri
sırasında inamla addımlayır. Dünyanın enerji təhlükəsizliyinin
ən önəmli iştirakçılarından və əsas
aktorlarından birinə çevrilib. Azərbaycan
bu gün dünyanın milli-dini tolerantlıq mərkəzi
kimi tanınır, qəbul və etiraf edilir. Ölkəmiz
dünya və regional miqyaslı tədbirlərin,
toplantıların, forumların, yarışların
keçirildiyi siyasi, iqtisadi, hərbi, mədəni, humanitar
dialoq məkanıdır. Bu gün Azərbaycan
dünyanın idman ölkəsi kimi də tanınmaqdadır.
Təbii ki, bunlar da elə-belə,
özbaşına baş verməyib. Bunların arxasında
illərin əməyi, zəhməti, fədakarlıqları
dayanır. Bu nailiyyətlər Ulu Öndər Heydər
Əliyev dühasından, Onun uzaqgörən daxili və
xarici siyasət kursundan, neft strategiyasından, bu kursun layiqli
davamçısı ölkə Prezidenti cənab İlham
Əliyevin balanslaşdırılmış siyasətindən
qaynaqlanır. Bu uğurların müəllifləri Ulu
Öndər və ölkə Prezidenti cənab İlham
Əliyevdir. Eyni zamanda, bu nailiyyətlərdə ölkənin
Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rolu, xidmətləri misilsiz, əvəzsizdir.
Heç təsadüfi deyil ki,
ölkəmizin sürətli inkişafı, xoşməramlı,
sülhpərvər, barışcıl mövqeyi sayəsində
Azərbaycan son illərdə dünyanın ən nüfuzlu
idman yarışlarının keçirildiyi bir məkan rolunu
oynamaqdadır. Statistikaya nəzər salsaq, deyilənlərin
quru sözlərdən ibarət olmadığı bir daha
üzə çıxmış olar. Belə ki, 2015-ci ildə
ilk Avropa Oyunları keçirildi. Hansı ki, bu Oyunların
baş tutmaması üçün bütün ermənipərəst
anti-Azərbaycan qüvvələr var-gücləri ilə
çalışır, ölkəmizə qarşı hər
cür qarayaxma kampaniyası aparırdılar. Amma ölkəmiz
bütün bu cəhdləri fiaskoya uğratdı və ilk
Avropa Oyunlarının keçirilməsinə nail oludu. Bu
yarışlarda da Avropanın 50 ölkəsinin 10 000
idmançısı mübarizə aparmışdı.
Daha bir misal- 2017-ci ilin mayında nüfuzlu
İslam Həmrəyliyi Oyunları, 4-cü “İslamiada”
ölkəmizdə, Bakı şəhərində baş
tutdu. Bu, çoxmillətli, multi-idman turniri idi. Özü də
ilk dəfə idi ki, İslam Həmrəyliyi İdman
Federasiyasının bütün 56 üzvü Oyunlarda
iştirak etmişdi. Bununla yanaşı, 2016-cı ildən
başlayaraq ilk dəfə olaraq Bakı dünyanın ən
aparıcı avtoidman yarışı olan “Formula 1″ə
ev sahibliyi etdi.
Bakıda keçirilən “Formula
1” hər kəsə böyük sürət , həyəcan
vəd etdiyindən və eyni zamanda trek ətrafında
möhtəşəm əyləncə tədbirləri,
konsert proqramları olduğundan, dünya azarkeşləri
paytaxtımıza səfər edərək , yarışı
burada izləməyə böyük maraq
göstərirdilər. Ümumilikdə, yarışı
Bakıda izləmək üçün 20 mindən çox
insan bilet almışdı. Azarkeşlərin böyük hissəsi
Rusiya, Türkiyə və Gürcüstan ilə
yanaşı, Avropanın aparıcı ölkələrindən
də çox sayda turist yarışı Bakıda canlı
olaraq izləmək üçün Azərbaycana səfər
etdi. 500 milyona yaxın azarkeş isə yarışı
canlı olaraq televiziya vasitəsilə izlədi.
Həmçinin, 2019-cu ildə Bakı şəhəri
futbol üzrə Avropa Liqasının final oyununa möhtəşəm
evsahibliyi etdi. Həmin ərəfədə də
bütün məkrli dairələr Azərbaycana qarşı
sözün əsl mənasında hücuma keçmiş, cəbhə
açmışdılar. Amma Azərbaycan yenə də səbrlə
bu hücumları dəf edərək, bir daha
özünün necə mədəni, tolerant, inkişaf
etmiş, xoşməramlı bir ölkə olduğunu
dünyaya nümayiş etdirdi. Bütövlükdə hər
il respublikamız çoxsaylı müxtəlif idman
yarışlarına ev sahibliyi edir və hələ bundan
sonra da bu istiqamətdə böyük zəfərlər
yazılacaq.
Eyni zamanda, Azərbaycan bu gün dünyanın ən
multiculturalist ölkəsidir. Çünki
multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Müstəqilliyini bərpa etdikdən sonra isə
ölkədə multikulturalizm ənənələrinin
güclənməsinə dövlət dəstəyi
formalaşıb. Azərbaycanda
xalqların, dini inancların dostluq və qonşuluq şəraitində
fəaliyyətini, onların birgə yaşamasını təmin
edən siyasət həyata keçirilir.
Heç
təsadüfi deyil ki, bir neçə il
öncə ölkə Prezidentinin Fərmanı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradıldı, 2016-cı il Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edildi.
Həmçinin,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edildi
ki, bu Mərkəz Azərbaycan elm və mədəniyyətinin
görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir
Nizami Gəncəvinin irsinin araşdırılması və
onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət
göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi
beynəlxalq təşkilatdır. Mərkəz
Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq qərarverici
qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən
təşkil olunmuş Beynəlxalq İdarə heyətidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər
arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ
olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ
etdiyi ümumbəşəri dəyərlərin daha geniş
miqyasda dünyaya təbliğ olunmasıdır. Onu da qeyd etmək lazımdır ki, bugünlərdə
bu qurumun Beynəlxalq İdarə Heyəti Azərbaycanın
apardığı haqq savaşına öz dəstəyini
açıq ifadə etdi, Qarabağ məsələsinin həllində
Azərbaycanın bütün addımlarını dəstəklədiyini
ortaya qoydu.
- Azərbaycan
beynəlxalq müstəvidə də etibarlı tərəfdaş
kimi tanınır. Ötən illər ərzində ölkəmizin
beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə
genişlənib…
- Azərbaycan
müstəqillik əldə etdikdən, dünyanın ən
nüfuzlu təşkilatına-BMT-yə üzv qəbul
edildikdən bu yana bütün beynəlxalq
və regional qurumlarla səmimi, konstruktiv əməkdaşlığa
üstünlük və onların işinə töhfələrə
verir. Belə nüfuzlu təşkilarlardan biri də
BMT-dən sonra dünyanın ikinci beynəlxalq qurumu olan
Qoşulmama Hərəkatıdır. Qeyd edim ki, bu təşkilat
özlərinin formal olaraq heç bir bloka tərəf
olmadığını bildirmiş 120 dövlətin üzv
olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın
müşahidəçi statusunda çıxış etdiyi
beynəlxalq təşkilatdır. Hərəkatın
yaradılması ideyası 1955-ci ildə Bandonq konfransında
(İndoneziya) irəli sürülüb. 1961-ci
ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi
ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf
Dövlətlər Hərəkatının
yaradıldığı elan olunub. Azərbaycan
2011-ci ildən Qoşulmama Hərəkatının
üzvüdür.
Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq
münasibətlərini inkişaf etdirməyə yönəlmiş
xarici siyasət kursu və heç bir hərbi bloka
qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən
ölkəmiz müşahidəçi statusuna malik olduğu
Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu
üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər
Konfransında hərəkata qoşulub. Ölkəmizin
ərazi bütövlüyü təşkilat çərçivəsində
üzv-dövlətlər tərəfindən birmənalı
şəkildə tanınıb və haqlı mövqeyimiz
beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı
inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin
təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının
nazirlər konfransı keçirilib. Bu gün reallıq
ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatının
ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz
bütün dövlətlərlə əməkdaşlıq
münasibətlərini inkişaf etdirməyə yönəlmiş
xarici siyasət kursu və heç bir hərbi bloka
qoşulmadan tarazlı siyasət həyata keçirir.
- Qoşulmama Hərəkatının Azərbaycanın ərazi
bütövlüyünə birmənalı dəstəyini
necə dəyərləndirirsiniz?
- Məhz Qoşulmama Hərəkatı tərəfindən
ölkəmizə olan etimadın və dövlətimizin artan
nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində
üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən
yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəkləndi. Belə ki,
2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama
Hərəkatı üzvlərinin dövlət və
hökumət başçılarının XVIII Zirvə
Görüşü keçirildi. Növbəti
üç ildə Azərbaycan 120 ölkəni birləşdirən
bu mötəbər quruma sədrlik edir.
Bildiyiniz kimi, Azərbaycan bu quruma rəhbərlik etməyə
başladıqdan bir müddət sonra dünya koranvirus
adlı bəla, gizli düşmənlə üz-üzə
qaldı və bu düşmənlə mübarizə hələ
də davam etməkdədir. Azərbaycan bu məsuliyyətli
və həssas dönəmdə də öz
sözünü deməkdə, Qoşulmama Hərəkatına
layiqincə rəhbərlik etməkdədir. Heç təsadüfi
deyil ki, bir neçə ay öncə məhz ölkə
Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının
videokonfrans formatında möhtəşəm Zirvə
görüşü keçirildi və Azərbaycan bir daha
öz əməli addımları ilə bu qurumun işinə
töhfələrini verdi.
Azərbaycan koronavirusla mübarizədə
dünyanın bir neçə qurumuna, ölkəsinə, o
cümlədən, Qoşulmama Hərəkatının
üzvü olan ölkələlərə maddi dəstək
göstərdi, yardım əlini uzatdı. Bir daha
göstərdi ki, o, hansısa qurumun formal üzvü deyil və
ya ona formal sədrlik etmir, həm də əməli
addımları ilə töhfələr verməyə
çalışır, bu istiqamətdə əlindən gələni
əsirgəmir.
Bu yerdə onu da təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, Azərbaycan bu qurumla əməkdaşlığa
başlayarkən, bəzi diletant şəxslər, beynəlxalq,
xarici siyasətin nə demək olduğunu anlamayanlar çox əsassız
fikirlər və iddialarla çıxış edirdilər. Az qala bu
qurumun lazımsız olduğunu sübut etməyə
çalışırdılar. Amma elə
bugünlərdə BMT Təhlükəsizlik Şurasında
Qarabağ məsələsi ilə bağlı aparılan
müzakirələr və Qoşulmama Hərəkatının
üzvü olan dövlətlərin qətiyyətli mövqe
həmin iddiaların nə qədər boş və puç
olduğunu göstərdi. Bir neçə gün öncə
Azərbaycan xalqına növbəti müraciətində də
ölkə başçısı həmin dövlətlərin
Azərbaycana dəstəyini kişilik kimi qiymətləndirdi
və dedi: “Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik
Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd
görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl
biz yeni sənədin ortaya çıxmasını
gördük, xəbər tutduq. Dərhal
biz hərəkətə keçdik və bu sənədin qəbul
edilməsinə imkan vermədik. Baxmayaraq
ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik
Şurasına üzv olan digər ölkələrə
böyük təzyiqlər edirdi. Nə
idi bunun məqsədi? Məqsədi
çox aydındır, 1993-cü ildə erməni silahlı
qüvvələrinin torpaqlarımızdan
çıxarılması barədə qəbul edilmiş qətnamələr
kölgədə qalsın, onlar arxada qalsın, onlar ya
qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini
itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir?
Biz yenə də işğalçıya dəstək
göstərilməsi cəhdini gördük. Amma nə oldu
nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına
üzv ölkələr kişi kimi buna
imkan vermədilər, bizə dəstək göstərdilər,
sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq
göstərildi, bəlkə də hədələr oldu.
Amma durdular kişi kimi bizim arxamızda, necə
ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki,
keçməyəcək…Birləşdilər, yenə də
Ermənistanın maraqlarına cavab verən sənədi
ortalığa atdılar, amma keçmədi…”.
Bəli,
ölkə Prezidentinin qeyd etdiyi kimi, çünki ədalət
var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər
bu haqqı yerə vursalar da, yenə də ədalət var.
Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.
Ona görə biz yolumuza davam edəcəyik.
Biz əsgərlərimizin, zabitlərimizin
canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi
müstəvidə özümüzü təsdiqləmişik,
dünyaya təsdiqləmişik.
- Ermənilər
öz işğalçı siyasətinə haqq
qazandırmaq üçün Qarabağın tarixini
saxtalaşdırmağa çalışırlar. Buna
münasibətiniz necədir?
- Azərbaycan xalqı qürurlu xalq kimi, cəsarətli
xalq kimi, yenilməz xalq kimi özünü təsdiqləyib.
Heç bir təzyiq bizə təsir edə bilməz.
Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir
və əbədi olacaq! Ali Baş Komandanın bildirdiyi kimi,
biz düşməni torpaqlarımızdan sona qədər
qovacağıq.
Qarabağın Azərbaycana məxsus, onun
ayrılmaz tərkib hissəsi olması heç kim
üçün sirr deyil və bu yöndə ikinci bir fikir də
ola bilməz. Düşmənlərimiz, onlara
havadarlıq edənlər nə qədər Qarabağın
Azərbaycana aid olmadığını iddia etməyə
çalışsalar da, bunlar sabun köpüyündən başqa
bir şey deyil. 1921-ci ilin iyul ayının-Qafqaz bürosunun
protokollarına baxmaq kifayətdir.
Qafqaz bürosunun protokollarında
göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın. Ölkə Prezidentinin bildirdiyi kimi,
bütün bu illər ərzində saxta erməni alimləri,
ermənilərə havadarlıq edən dairələr
sübut etməyə çalışırdılar ki, Stalin
Dağlıq Qarabağı Ermənistandan ayırıb
Azərbaycana verib.
“Yalandır! Açın, baxın Qafqaz
bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir
ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan
sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o
bölgəyə xüsusi status verildi”-deyən ölkə
Prezidenti onu da bildirdi ki, bu, respublika deyildi, vilayət idi. Yəni,
orada daha aşağı səviyyəli bir
özünüidarəetmə mexanizmi mövcud idi. Bütün bunlar bir daha onu göstərir ki, mənfur
və murdar qonşularımızın xəstə təxəyyüllərinin
məhsulu olan “Qarabağ Ermənistana məxsusdur” fikirləri
başdan-ayağa yalan, iftira, tarixin qəsdən
saxtalaşdırılması cəhdləridir.
Bütün bunlara baxmayaraq, Ali Baş Komandanımızın
dediyi kimi “Biz zəfər çalacağıq, Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır!”.
İki sahil.- 2020.- 30 oktyabr.-S.10