İsrailli ekspert: Azərbaycan məsələni
məntiqi sona çatdırmaq niyyətindədir və bu məsələdə
heç bir yarımçıq variantlara baxılmır
BMT Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə dair Dağlıq
Qarabağ ərazisinin işğaldan azad edilməsi barədə
dörd qətnaməsi var. Əgər Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmirsə,
o halda müharibə qələbə əldə edilənədək
davam edəcək.
AZƏRTAC xəbər verir ki,
beynəlxalq münasibətlər sahəsində
tanınmış israilli ekspert, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin
başçısı Arye Qut bu barədə İsrailin
Doqquzuncu televiziya kanalının “Gün” analitik-informasiya
proqramının birbaşa efirində bildirib.
Arye Qutun sözlərinə görə, rəsmi
Yerevan real şəkildə yaddan çıxarır ki, Azərbaycanın
indiki ordusu – ən güclü, ən müasir texnika və
silah-sursat, şəxsi heyətin yüksək səviyyəli
döyüş hazırlığı, intizamı və
döyüş ruhu deməkdir.
“Azərbaycan məsələni məntiqi sona,
yəni öz ərazilərinin işğaldan tamamilə azad
edilməsinə çatdırmaq niyyətindədir. Bu məsələdə
heç bir yarımçıq variantlara baxılmır. Müasir müharibədə isə hərbi əməliyyatların
daha qabaqcıl yüksək texnologiyalı vasitələrlə
təchizatına malik olan tərəf qalib gəlir. 2016-cı
il Aprel əməliyyatları zamanı erməni
işğalçılara qarşı İsrail istehsalı
olan zərbə pilotsuz uçuş aparatlarının səmərəli
tətbiqini yada salmaq kifayətdir və bu haqda xeyli
danışmaq olar. Heç kəs yaddan
çıxarmayıb ki, Ermənistanın hərbi təxribatına
cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini
təmin etmək məqsədilə Azərbaycan Silahlı
Qüvvələri 2016-cı il aprelin əvvəlində erməni
ordusuna sarsıdıcı hərbi zərbə endirmişdi.
2016-cı ilin Aprel hadisələrindən sonra
Azərbaycan ordusu sürətli əks-hücuma keçərək
erməni ordusunun müdafiə xəttini məhv edəndə,
bir neçə strateji yüksəkliyə və
yaşayış məntəqələrinə nəzarəti
özünə qaytaranda biz Ermənistanda antiisrail
isterikasını və antisemitizmini real şəkildə
gördük”, - deyə israilli ekspert vurğulayıb.
Qut bildirib ki, o, il yarım bundan əvvəl təmas
xəttində olub və atəşkəs rejiminin zəifliyini
və amanabəndliyini real olaraq hiss edib. O deyib: “Müasir
güclü və müstəqil Azərbaycan artıq XX əsrin
90-cı illərinin sonundakı ölkə deyil. Hamı
yaxşı başa düşür ki, üçüncü
ölkənin dəstəyi olmadan yoxsul və dilənçi
Ermənistan Azərbaycan ərazilərinin 20 faizini
işğal edə bilməzdi. Azərbaycanın səbri
artıq çoxdan tükənmişdi.
Azərbaycan öz ərazilərinin azad edilməsi
üzrə hərbi əks-hücuma davam edəcək, yoxsa
danışıqlar masası arxasına əyləşəcək
– bu, Ermənistanın danışıqlar prosesində
konstruktiv mövqe tutmağa hazır olmasından
asılıdır. Yəni Azərbaycan münaqişənin
nizamlanmasının siyasi-diplomatik müstəviyə
keçirilməsinin əleyhinə deyil. Lakin bunun
üçün Yerevan Azərbaycan ərazilərinin
işğalından əl çəkmək barədə beynəlxalq
öhdəliklərini yerinə yetirməyə hazır
olduğunu bildirməlidir. Rəsmi Bakı dəfələrlə
bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan
mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq.
İndiki vəziyyətdə vasitəçilər –
ATƏT-in Minsk qrupu – Rusiya, ABŞ və Fransa bəyanatlar verməkdən
başqa ümumiyyətlə prosesə qarışmırlar.
Rusiya münaqişənin həllinə qarışa, təsir
edə və real şəkildə kömək edə bilər.
ABŞ Prezidenti Tramp ABŞ-da seçkiqabağı vəziyyəti
əsas götürərək, münaqişə ilə
bağlı bəyanatla çıxış edib”.
İsrail Azərbaycana humanitar yardım təqdim edib. İsrailin Azərbaycandakı
səfiri Corc Dik humanitar yardımı Gəncə bələdiyyəsinə
çatdırıb, atəşə tutulan yerlərdə
olub, ölənlərin xatirəsinə ehtiram əlaməti
olaraq oraya güllər qoyub və atəş nəticəsində
doğmalarını və yaxınlarını itirmiş vətəndaşlarla
görüşüb.
Arye Qutun fikrincə, İsrail-Azərbaycan strateji tərəfdaşlığı
iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığı
və tərəfdaşlığı sayəsində
inkişaf edib.
Qeyd etmək yerinə düşər ki,
İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdən biri olub. Avrasiyada
heç bir ölkənin İsraillə dostluq əlaqələri
Azərbaycan qədər sıx deyil. Bu,
danılmaz faktdır.
“Birincisi, İsrail-Azərbaycan münasibətləri
strateji və hərbi-texniki xarakter daşıyır və ən
yüksək hökumətlərarası və dövlətlərarası
səviyyədə etimada və daimi qarşılıqlı
dialoqa söykənir. Bu gün bu strateji tərəfdaşlıq
iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən
kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə
və hərbi-texniki sahələrdə həyata
keçirilir. Qeyd etmək lazımdır
ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas
strateji alıcılarından biridir.
Əfsuslar
olsun, Ermənistan o faktı qəbul edə bilmir ki,
İsrailin Cənubi Qafqazda strateji tərəfdaşı məhz
Azərbaycandır və Azərbaycan İsrail ilə hərbi-strateji
tərəfdaşlıq nəticəsində hər cür
texnoloji üstünlük əldə edir, bu
üstünlüyə postsovet məkanının heç bir
ölkəsi nail ola bilmir. Bu, bizim tərəfdaşlığımıza
həsəd aparanlara real cavabdır. Ermənilər
qibtə edə, provokasion hərəkətlər törədə,
cəfəng fikirlər yaya bilərlər, lakin bu gün
artıq tarixi faktdır ki, İsrailin müdafiə sənayesi
şirkətləri Azərbaycan hərbi sənayesinin
qurulmasında fəal iştirak ediblər və bunu davam
etdirirlər”, - deyə Qut vurğulayır.
İsrailli ekspertin fikrincə, Azərbaycanın
multikulturalizm və tolerantlıq sistemi sınaqdan uğurla
çıxıb, Azərbaycanda dinlər və etnik qruplar
arasında əsl harmoniyanı və dialoqu qoruyub saxlaya bilib.
“Yəhudi icmasının nümunəsində onu demək
istəyirəm ki, azərbaycanlılar heç vaxt yəhudilərə
əcnəbilər kimi baxmayıblar. Yəhudi xalqı əsrlərboyu
müasir Azərbaycanın ərazilərində təqiblə,
təhqirlə, talanla və antisemit hərəkətlərlə
heç vaxt qarşılaşmayıb. Azərbaycanda
nə vaxtsa olmuş hər bir yəhudi təsdiqləyə
bilər ki, orada yaşayan yəhudilər sinaqoqa təhlükəsiz
gedə bilirlər. Halbuki, hətta Qərbin
inkişaf etmiş bəzi ölkələrində bu gün
bunu etmək praktik olaraq mümkün deyil və çox təhlükəlidir.
Siz Melih Yevdayevin rəhbərlik etdiyi Bakı Dağ Yəhudiləri
İcmasının gördüyü gözəl işlərə
baxın. M.Yevdayev təkcə icmaya rəhbərlik etmir, həm
də, eyni zamanda, Amerikanın nüfuzlu yəhudi
saytlarında Azərbaycanın
populyarlaşdırılması və Azərbaycan həqiqətlərinin
yayılması ilə məşğul olur. Məhz Melih Yevdayevin israrı və real
işgüzarlığı sayəsində Bakıda Azərbaycanın
Milli Qəhrəmanı Albert Aqarunovun çox gözəl
abidəsi ucaldılıb. Bu abidə yəhudi
və Azərbaycan xalqlarının dostluq və qəhrəmanlıq
simvoludur.
Mən bir İsrail vətəndaşı olaraq, fəxrlə
qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi və
şəxsən Prezident İlham Əliyev yəhudi
icmasına böyük hörmət nümayiş etdirir. Prezidentin himayəsi
ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil
mərkəzi tikilib. Cənubi Qafqazda və
bütövlükdə dünyada ilk dəfə olaraq dağ
yəhudiləri muzeyinin yaradılması
planlaşdırılır”, - deyə israilli analitik qeyd edib.
Arye Qut vurğulayır ki, Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğalı 28 ildən
çoxdur davam edir. O deyib: “Bu təcavüz nəticəsində Azərbaycanda
1 milyondan çox insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın
ədalətli mövqeyinin Yaxın Şərqdə
mühüm strateji tərəfdaş və güclü
geosiyasi aktor olan İsrail Dövləti tərəfindən dəstəklənməsi
Azərbaycan üçün çox mühüm və zəruridir.
Dünya işğal edilmiş torpaqlarda erməni millətçiləri
və faşistlərinin dinc Azərbaycan əhalisinə
qarşı törətdiyi vəhşiliklər və qəddarlıqlar
barədə daha çox bilməlidir. Bu qətliamın
qəddar və amansız səhnələri Azərbaycanın
qəlbində sağalmaz yara kimi daim qalacaq.
Azərbaycanın qədim yaşayış məntəqələrindən
biri – Xocalı şəhəri cəmi bir gecədə
dağıdılıb və yandırılıb. Bu faciə bəşəriyyətə
qarşı cinayətkarlıqdır. Bu,
artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri
və muzdlulardan ibarət dəstələr Xocalı şəhərini
və onun ətrafını tərk etməyə macal
tapmamış sakinlərin heç birinə rəhm etmədilər.
Erməni
silahlı dəstələrinin vəhşiliyi nəticəsində
613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst
oldu, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir
götürülərək, misli görünməmiş
işgəncələrə, əzablara, təhqirlərə
və alçaldıcı hərəkətlərə məruz
qaldılar. Xocalı şəhərinin
mülki əhalisinin kütləvi şəkildə qərəzli
məhv edilməsinin yeganə səbəbi onların hamısının
azərbaycanlı olmaları idi. Xocalının
yolları meyitlərlə örtülmüş qarlı və
qanlı palçığa dönmüşdü”.
Arye Qutun sözlərinə görə, azərbaycanlı
qaçqınların öz torpaqlarından qovulması
Avropada İkinci Dünya müharibəsi dövründən bəri
bu qəbildən olan ən kütləvi hadisə idi. “Azərbaycana və onun
xalqına xəyanət edilmiş, bu adamlar
aldadılmış və atılmışdı... Xocalı şəhəri Azərbaycan ərazilərinin
işğalında və etnik təmizləmədə,
sarsıdıcı qəddarlıq qarşısında
çaxnaşma və qorxu yaradan növbəti mərhələ
idi. Xocalıda misli görünməmiş
amansızlıqla və vəhşiliklə törədilən
qanlı soyqırımı aktı XX əsrin sonlarında ən
dəhşətli faciələrdən biri olub. Bu qətliamın qəddar və amansız səhnələri
azərbaycanlıların qəlbində sağalmaz yara kimi
daim qalacaq”, - deyə Arye Qut bəyan edib.
“Və nəhayət, Azərbaycan
özünün bütün beynəlxalq tərəfdaşlarına
mesaj göndərir – rəsmi Bakı beynəlxalq qüvvələrin
münaqişəyə aid mövqelərini və fəaliyyətini
(həm siyasi-diplomatik, həm də hərbi-siyasi müstəvidə)
diqqətlə izləyir. Axı gec və
ya tez müharibə başa çatacaq, bizi isə
qarşıda əməkdaşlıq gözləyir”, - deyə
İsrailin Doqquzuncu televiziya kanalının “Gün”
analitik-informasiya proqramının birbaşa efirində beynəlxalq
münasibətlər sahəsində tanınmış
israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki nümayəndəliyinin
başçısı Arye Qut bildirib.
İki sahil.- 2020.- 30
oktyabr.- S.22.