Azərbaycan dövlətçilik tarixinə
dair qiymətli tədqiqat
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix
elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Tanınmış tarixçi, Azərbaycanın
orta çağlar tarixinə dair bir sıra elmi əsərlərin
müəllifi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix
İnstitutunun elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru Tofiq Nəcəflinin bu yaxınlarda nəşr
edilmiş “Azərbaycan Səfəvi dövlətinin
xarici siyasəti” adlı geniş həcmli monoqrafiyası
ölkə səfəvişünaslığına, eləcə
də Vətən diplomatiya tarixinə əhəmiyyətli
töhfə olmuşdur. (Tofiq Nəcəfli.
Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti.
Bakı, Turxan NPB, 2020, -520 s)
Akademik Yaqub Mahmudovun elmi
redaktorluğu, Tarix İnstitutunun Elmi Şurasının qərarı
ilə çap edilən bu əsərdə Azərbaycan, eləcə
də bütövlükdə türk dövlətçiliyinin
ən mühüm sahələrindən olan xarici siyasət məsələləri,
əsasən, Türkiyə tarixçilərinin tədqiqatları ilə, onların dəyərləndirmələri
ilə müqayisəli elmi yanaşmada ətraflı şərh edilmişdir. Müəllif çoxsaylı tarixi sənədləri,
diplomatik yazışmaları, elçilik missiyalarının
gündəlik və xatirələrini, arxiv sənədlərini
tədqiqata cəlb etməklə Vətən tariximizin ən
şanlı mərhələsi olan Azərbaycan Səfəvilər
dövlətinin (1501-1736) regionumuzda, Asiya qitəsində, həmçinin o zamanların dünya nizamında
tutduğu yeri, oynadığı rolu, bu dövlətin qurucusu
və ilk hökmdarı Şah İsmayılın
(1487-1524) bu günümüz
üçün çox dəyərli olan dövlətçilik
təcrübəsini, siyasi-mənəvi irsini, onun xələfləri
tərəfindən həyata keçirilən
xarici siyasət xəttini hərtərəfli
araşdırmağa müvəffəq olmuşdur. Əsərdə
Azərbaycan Səfəvilər dövlətinin Osmanlı
dövləti ilə, həmin dövrün güclü
türk dövlətləri olan Böyük Moğol (Pakistanın dövlət dili olan urducada “Muğal” deyilir və
yazılır, ingiliscədə “Mughal”, biz də bundan sonra
urduca olduğu şəkildə işlədəcəyik -
E.M.) imperatorluğu, həmçinin Şeybanilər dövləti,
Türküstan xanlıqları, Misir Məmluk dövləti,
Gürcü knyazlıqları, Böyük Moskva
knyazlığı, Venesiya Respublikası və Papalıq,
Portuqlaiya, İspaniya, Almaniya, İngiltərə, Hollandiya,
İsveç, Fransa ilə əlaqələri zəngin tarixi
materiallarla oxuculara təqdim olunur. Səfəvi
hökmdarlarının o dövrdə Avropa rəssamları tərəfindən
çəkilmiş portretlərinin, diplomatik fəaliyyətlərin
və görüşlərin, mərasimlərin təsvir
olunduğu portert və miniatürlərin, həmin dövrlərə
dair tarixi xəritələrin və cədvəllərin
kitabda yer alması bu dəyərli tədqiqatın cəlbediciliyini
daha da artırmışdır.
Bir cəhətə diqqəti
yönəltmək lazımdır ki, Azərbaycan
Respublikası ilə Türkiyə Cümhuriyyəti
arasında ulu öndər Heydər Əliyevin “Bir millət
iki dövlət” düsturu üzərində qurulmuş
qardaşlıq münasibətlərinin bu günkü
inkişaf səviyyəsi və ana xətti ölkəmizin
tarixi münasibətlərini, xalq və dövlət əlaqələrini
yenidən və obyektiv olaraq təhlil etməyi, lazımi
tarixi dərsləri əxz etməyi zəruri edir. Təəssüflə qeyd edilməlidir ki, son
vaxtlaradək qardaş Türkiyənin bəzi tarixçilərinin
əsərlərində Azərbaycanın qədim və orta əsrlər
tarixinə, hətta XIX əsdə Azərbaycan ərazisində
baş verən proseslərə bəzən elmi yanaşmadan
çox, sırf siyasi-məzhəbi
aspektdən dəyərləndirmə və bütün
bunları İran tarixinin hadisələri
olaraq təqdim etmə meylləri olmuşdu. Təqdirəlayiqdir
ki, bu sahədə artıq illərcə
formalaşmış yanaşma tərzi dəyişməkdədir
və T. Nəcəflinin bəhs etdiyimiz
kitabının da bir missiyasının I Şah
İsmayılın və xələflərinin Səfəvilər
hakimiyyətinin Azərbaycan türk kimliyinin, təfəkkürünün
və dövlətçilik ənənəsinin meydana gətirdiyi
tarixi hadisə olduğunu bir daha təsbit etməkdir. Bizim fikrimiz belədir
ki, son min ildə İran tarixi həm də, ümumtürk
tarixinin bir parçasıdır və onuncu əsrdən
üzü bəri, ərəb xilafətinin zəifləməyə
başlamasından etibarən 1925-ci ilədək bu ölkəni
əsasən türk sülalələri idarə etmişlər,
yəni İran farsların olduğu qədər də
türklərin vətənidir və indi də bu ölkə əhalisinin
40 faizinindən artığını türksoylu xalqlar təşkil
edir.
T. Nəcəfli haqlı olaraq
vurğulayır ki, bəzi Türkiyə tarixçilərinin
Səfəvilərə qarşı yanlış mövqe
nümayiş etdirmələrinin başlıca səbəblərindən
biri onların subyektiv xarakterli tarixi mənbələrə tənqidi
yanaşmaması, həmin mənbələri yazanların hansı
dünyagörüşə, hansı siyasətə xidmət
etdiklərinin nəzərə alınmamasıdır. Müəllifin
Osmanlı-Səfəvi münasibətlərinə məzhəbçilik
mövqeyindən yanaşan bəzi tarixçilərin fikirlərinə
elmi-tənqidi münasibəti təqdirəlayiqdir. Münasibətləri məzhəb ayrılığı
müstəvisində dəyərləndirmək əlbəttə
kökündən yanlışdır. Nəzərə
alınmalıdır ki, burada ilk növbədə o
zamanların imperiya maraqları dominantlıq etmiş, məzhəb
ziddiyyətlərindən isə
yalnız vasitə kimi istifadə olunmuşdur.
Bunlarla yanaşı, T. Nəcəfli
ilk dəfə olaraq Azərbaycan Səfəvi dövlətinin
xarici siyasətini və xüsusilə düya ölkələri
ilə diplomatik əlaqələrini Türkiyə
tarixşünaslarının çox qiymətli tədqiqatları
əsasında işləyib ümumiləşdirmək, təhlil
edib elmi münasibət bildirməklə Azərbaycan elmi
ictimaiyyətinə və geniş oxucu auditoriyasına təqdim
edir. Müəllif təəssüflə qeyd
edir ki, o zamanlar bir sıra Avropa ölkələrinin və
xristian dini qurumlarının məqsədyönlü şəkildə
türk dövlətlərini bir-birinə qarşı qoymaq
siyasəti türk xalqlarının birliyinin
formalaşmasına ciddi zərər vurmuşdu. Səfəvilər
yalnız elə Osmanlılarla yüz əlli il ərzində
dəfələrlə savaşmalı olmuşlar. Bu, eləcə
də Səfəvilərin özbək Şeybani dövləti
ilə də münasibətlərinə aiddir. Osmanlı
imperatorluğunun Qərbə yerləşməsinin
qarşısını almağa çalışan Avropa
dövlətləri ustalıqla bu qüdrətli
imperatorluğu bölgənin digər güclü Azərbaycan
Səfəvi dövlətinə qarşı qoymaqla öz niyyətlərinə
çatırdılar, eyni zamanda, XVI əsrdə getdikcə
qüvvətlənən Səfəvi dövlətinin də
zəiflədilməsinə nail olurdular.
Bu yazıda T. Nəcəflinin
monoqrafiyasının bu sətirlərin müəllifi
üçün daha maraqlı bölümlərindən bir
olan Böyük Muğal dövləti ilə münasibətlərinə
dair çox dəyərli məlumat və təhlilləri ilə
əlaqədar fikirlərimi bölüşmək istərdim.
2002-2010-cu illərdə Pakistanda ölkəmizin
səfiri olaraq xidmət etdiyim illərdə daha yaxından
şahid olmuş və bu qənaətə gəlmişdim ki,
bu günkü Pakistan xalqı da XIX əsrin əvvəllərində
başlanan ingilis işğalına qədər ən azı
səkkiz yüz il türk siyasi-mədəni mühitində
olmuş və Muğal imperatorluğunun bu qardaş
xalqın dövlətçilik təfəkküründə
oynadığı rolu Səfəvi dövlətinin Azərbaycandakı
tarixi missiyası ilə müqayisə etmək olar. Bir
sözlə, bütövlükdə Türk xalqına, özəlliklə
Azərbaycan türklərinə hüsn-rəğbət və
qardaşlıq duyğusunun dərin tarixi-mənəvi
kökləri vardır.
İlk növbədə müəllifin
türk tarixşünaslığının materialları əsasında
gəldiyi nəticə barədə: I Şah
İsmayıl dövründə Böyük Muğal dövlətinin
qurucusu Baburla yaradılan dostluq münasibətləri
sonrakı Səfəvi hökmdarları tərəfindən
davam etdirilmiş, imperiya maraqlarına görə arabir
münasibətlərdə müvəqqəti gərginliklər
yaşansa da, bu iki türk dövləti dostluq və
müttəfiqliyini hər zaman sürdürmüşdür. Burada qeyd etmək lazımdır ki, Osmanlı
dövləti ilə də dostluq əlaqələrinə
malik olan Muğal dövləti Osmanlı-Səfəvi
müharibələrində heç vaxt tərəf
tutmamışdır, baxmayaraq ki, o zamankı Hindistan və
Əfqanıstanın əksər hissələrini əhatə
edən bu dövlətin əhalisinin də əksəriyyətini
sünni təriqətinə mənsub
olan türk soylu xalqlar və digər etnik mənşəli
müsəlman xalqları təşkil edirdi.
Zahiruddin Məhəmməd
Babur (1483-1530) Əmir Teymurun (1336-1405) beşinci nəsil
törəməsi idi, Barlas türkü idi, görkəmli sərkərdə,
şair və dövlət başçısı kimi
müasirləri tərəfindən yüksək qiymətləndirilirdi.
Baburun anası isə Monqol
imperatoru Çingiz Xanın (1162-1227) on üçüncü
törəməsi olan Yunuş Xanın qızı idi və
onun, beləliklə, iki dünya fatehi ilə birbaşa qan
qohumluğu var idi. Babur əvvəllər Fərqanə hakimi idi, öz
özbək soydaşları tərəfindən məğlubiyyətə
uğradıldıqdan sonra 1504-cü ildə Kabula gəlmiş,
burada hakimiyyəti ələ alaraq ordusunu və hakimiyyətini
möhkəmləndirməyə başlamışdı.
1526-cı ilin aprelində Hindistana yürüş etmiş,
Dehli sultanı İbrahim Lodini Panipat döyüşündə
məğlub etmiş, burada Böyük Muğal dövlətinin
əsasını qoymuşdu (1526-1857). Burada qeyd
etməliyik ki, bu dövlət XVIII əsrin birinci rübündən
sonra çox zəifləyərək parçalandı,
Muğal sülaləsi isə rəsmən 1857-ci ilədək
davam etdi və sonuncu varis Bahadur Şah Zəfər də
ingilislər tərəfindən həbs edilib Burmaya (Birma)
sürgünə göndərildi. Muğalların rəsmən
sonuncu imperatoru sayılan Bahadur Şah 1862-ci ildə
sürgündə vəfat etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan
Səfəvi dövləti quruluşundan üzü bəri qərbdə
Osmanlı dövləti ilə,
şərqdə isə özbəklərin Şeybani
dövləti ilə ziddiyyətli münasibətlərə
malik olsa da, digər həmsərhəd ölkə olan
Böyük Muğal dövləti ilə sıx dostluq əlaqələrinə
malik idi. O zaman güclü Şeybani dövlətinə
qarşı dura bilmək üçün muğalların da
səfəvilərə ehtiyacı vardı. T. Nəcəfli
yazır ki, I Şah İsmayılın hələ o zaman Kabul
hakimi olan Zahiruddin Baburla ilk əlaqələri 1510-cu ildə Mərv
döyüşündə səfəvilərin özbək Məhəmməd
Xan Şeybaninin qoşununu darmadağın edəndən sonra
yaranmışdı. Döyüşdə I Şah
İsmayıl Məhəmməd Xan
Şeybanini və onun bir sıra tanınmış əmirlərini
öldürdü və çoxlu əsir götürdü.
Ələ keçən əsirlərin içərisində
Baburun bacısı Xanzadə bəyimin də olduğunu bilən
I Şah İsmayıl ona ehtiramla yanaşdı və
xüsusi müşayətçilərin əhatəsində
Qunduza - Baburun qərargahına yola
saldı. Bu hadisədən sonra başlanan şəxsi
hüsn-rəğbət münasibətləri iki
imperiyanın gələcək dostluq əlaqələrinin təməlini
qoymuş oldu. 1511-ci ildə İ Şah İsmayılın hərbi
dəstəyi ilə Baburun Səmərqənd şəhərini
özbəklərdən geri almasından sonra bu əlaqələr
daha da möhkəmləndi.
I Şah İsmayılın
yüksək dövlətçilik və sərkərdəlik
məharəti Azərbaycanda qurulan və tezliklə
bütün Persiyanı (1935-ci ilin martında ölkənin
bundan sonra “İran” adlandırılması və diplomatik
kanallarla dünyaya bildirilməsi haqqında Rza Şahın fərmanı
olmuşdur – E.M) və ətraf
coğrafiyanı əhatə edən Səfəvilər
dövləti bölgədə söz sahibi idi və I Şah
İsmayılın Baburla səmimi dostluq əlaqələri əhalisinin
və aparıcı qüvvələrinin əksəriyyətini
türklərin təşkil etdiyi bu imperatorluqların
xalqlarının ticarət-iqtisadi, mədəni-mənəvi
əlaqələrinə də güc verərək daha da zənginləşdirirdi.
I Şah İsmayıl və Babur Şah hər ikisi
yaradıcı şəxsiyyət idi. Baburun çağatay
türkcəsində yazdığı “Baburnamə” və
Şah İsmayılın Azərbaycan türkcəsində qələmə
aldığı “Dəhnamə”si türk xalqları arasında
geniş yayılmışdı.
Babur Şahın vəfatından
sonra oğlu Humayun 1530-1540-cı illər və 1555-1556-cı
illərdə Böyük Muğal
dövlətinə başçılıq etmişdir.
1540-cı ildə Humayun əfqan hakimi Şerşah Sur tərəfinən
taxtdan salınmışdı və hökmdar Humayun yaxın
ailə üzvləri ilə bərabər Təbrizə-Azərbaycan
Səfəvi dövlətinin paytaxtına, Səfəvi
şahı I Şah Təhmasibə pənah gətirmişdi. I Şah Təhmasib Təbrizdə Humayunu və ailəsini
15 il himayə etmiş, 1955-ci ildə onu 12 minlik
qızılbaş qoşunu ilə təchiz edərək vətəninə
yola salmışdı. Azərbaycan türkləri Budaq bəy
Qacarın və Şahverdi bəy Ustcalının
komandanlığı ilə Qızılbaş ordusu Dehlini
əfqanlardan azad edərək Humayunu yenidən taxta
çıxarmışdı. Bununla da Muğal
imperatorluğunun hakimiyyəti bərpa
edilmişdir. Məhz bunun nəticəsidir ki, Humayunun oğlu
Böyük Əkbərin hakimiyyəti (1556-1605) zamanı bu
dövlət artıq qüdrətli bir imperiyaya çevrildi.
Humayunun bacısı Gülbadan Bəyim (Qulbadan Begam)
yazdığı “Humayunnamə” əsərində bu dövrə
və Səfəvi –Muğal münasibətlərinə dair dəyərli
məlumatlar vardır. Yeri gəlmişkən, Humayunun Azərbaycandan
dəvət edib gətirdiyi memarlar, ustalar, sənətkarlar
burada mədəniyyətin inkişafında əhəmiyyətli
rol oynamışdılar.
T. Nəcəfli Səfəvi-Muğal
münasibətlərinin xoş olmayan, zaman-zaman bu iki türk
hökmdarları arasında soyuqluq salan, lakin heç vaxt
qarşıdurmaya çevrilməyən məqamlarını
da monoqrafiyasında geniş şərh etmişdir.
Mühüm strateji məntəqə olan Qəndəhara sahib
olmaq Muğallar və Səfəvilər üçün
vacib olduğundan soyuqluq əsasən bununla əlaqədar olurdu.
Müəllif qeyd edir ki, I Şah Abbasın
Muğal imperatoru ilə dostluq əlaqələri yaratması
həm də şərqdə özbəklər və qərbdə
osmanlılarla mübarizədə özünə müttəfiq
qazanmaq zərurətindən qaynaqlanırdı. O, Əkbər Şaha öz
nümayəndəsi ilə göndərdiyi məktubda yazırdı:
“...Sizi görməsəm də, Sizə sevgim içimdədir.
Bizim əlaqələrimiz qədimdən bəri davam etməkdədir.
Bu əlaqələr Teymur dövründən bu yana gün
keçdikcə inkişaf etməkdədir... Mən öz
nümayəndəmi göndərirəm və ümid edirəm
ki, iki ölkənin inkişafı nümayəndələrimizin
yerləşməsi ilə məqsədinə
çatacaqdır. Sizin sağlıq, güc və səltənətinizin
müşkülsüz davam etməsini arzu edirəm”.
Əkbər Şahın adından oğlu, vəliəhd
şahzadə Cahangir I Şah Abbasa cavab məktubunda
yazırdı: “Məktubumuzda dostluq və sevgidən bəhs
edirsiniz. Biz də qarşılıqlı olaraq eyni
duyğuları bölüşürük. Sevgi və
sayğılarımızı çatdırırıq....
Bunu yaxşı bilirik ki, iki ölkənin əlaqələri
daha əvvəl başlamışdır və davam edəcəkdir.
Biz sizinlə ticarət və siyasi sahədə müqavilə
bağlamağa hazırıq”.
T. Nəcəfli bu iki dövlət arasında
elçiliklər mübadiləsindən maraqlı faktlar gətirir.
O zamanlar elçiləri illərlə sarayda
hökmdarın yanında saxlamaq təcrübəsi vardı,
bəzən hətta elçiləri də hökmdar
yürüşə çıxanda yanında aparırdı.
Məsələn, 1603-cü ilin payızında I Şah Abbas
İrəvanı Osmanlılardan geri alanda Əkbər
Şahın elçisi, yanında da dörd ildən
artıq Muğal sarayında saxlanan səfəvi elçisi Mənuçöhr
bəy şahın huzuruna gəlir, şah Muğal
elçisinə “Həzrəti şah babam necədir?- deyə sual verir. Elçinin gətirdiyi
məktubda Əkbər Şah I Şah Abbasa yazırdı:
“Bizim arzumuz budur ki, Siz biz tərəfi
özünüzünkü hesab edəsiniz, tez-tez öz səmimi
məktublarınız və elçinizlə bizi sevindirəsiniz.
Biz şad olarıq, əgər siz vacib məsələlərlə
bağlı bizə müraciət etsəniz, biz qüvvəmiz
daxilində hər şeyi etməyə hazırıq”.
I Şah Abbasın Muğal hökmdarı,
Əkbər Şahın oğlu
Cahangirlə münasibətləri də diqqətçəkici
idi. I Şah Səfinin (1629-1642), sonra onun
oğlu Sultan Məhəmməd II Şah Abbas (1642-1666)
zamanlarında Muğal
hökmdarı Şah Cahanla (1592-1666) və ondan sonra
oğlu Aurangzeblə (1658-1707) dostluq və əməkdaşlıq
münasibətləri Qəndəharla əlaqədar arabir kəskinləşməsinə
baxmayaraq davam etdi.
T. Nəcəflinin təqdim olunan
əsərində Azərbaycan Səfəvi dövlətinin o
zamanın bütün böyük türk dövlətləri
ilə, həmçinin daha kiçik dövlət
qurumları olan Türküstan xanlıqları, Misir məmlukları
və digərləri ilə münasibətlərə geniş yer verməsi, siyasi mənafelər və
imperiya maraqları üzündən bu dövlətlər
arasında münaqişələrin, bir sıra hallarda müharibələrin baş verməsinə
baxmayaraq, xalqlararası münasibətlərin
pozulmadığının və həmişə sülh və
əməkdaşlıqla nəticələndiyinin vurğulanması
təqdirəlayiqdir. Bugünkü dövlət
quruculuğunda və diplomatik fəaliyyətlərdə
şanlı keçmişimizin təcrübələrindən
yararlanmaq baxımından faydalı olan bu əsərin elmi
ictimaiyyət və geniş oxucu dairəsi tərəfindən
maraqla qarşılanacağına inanır, hörmətli
müəllifə şəxsi həyatında və elmi
yaradıcılığında daha böyük uğurlar
arzulayıram.
Eynulla
Mədətli
Iki sahil.- 2020.- 30 oktyabr.- S.29.