Türkiyə-Azərbaycan
qardaşlığı regiona sülh, sabitlik gətirir
Türkiyə
Cümhuriyyəti -97
Prezident İlham
Əliyevin vurğuladağı kimi, bu gün Türkiyə
bölgədə və yeni coğrafiyada çox
önəmli, sabitləşdirici rol
oynayır
Birinci Dünya müharibəsində
məğlub olan Osmanlı İmperatorluğunun və torpaqların yadelli işğalçılar arasında
bölünməsi təhlükəsi türkləri çox böyük
ümidsizliyə uğratmışdı. Belə ağır,
taleyüklü problemin
həllini gözlədiyi bir zamanda «Əhalisi əsasən türklərdən
ibarət bölgələr türk
sərhədi olaraq da
qalmalıdır» çağırışı ilə
insanları ətrafına toplayan və
azadlıq mücadiləsinə, Qurtuluş
Savaşına başlayan Baş
Komandan Qazi Müstafa Kamal Atatürk qəhrəman sərkərdə kimi Vətəninin bütövlüyünü
qorudu. 30 avqust
1922-ci ildə Meydan Savaşını zəfərlə
qazanan Mustafa Kamal Atatürkün qətiyyəti
nəticəsində işğalçılar Türkiyə
torpaqlarından qovuldular. İstanbulun
azad olunmasından sonra
imzalanan Lozanna sülh müqaviləsi ilə Osmanlı İmperatorluğuna son qoyuldu. Bununla da bu gün dünyada böyük güclərdən sayılan
qüdrətli Türkiyə Cümhuriyyəti quruldu.
29 oktyabr 1923-cü ilədək sürən
danışıqlardan sonra Gümhuriyyətin
yaranması və Ankaranın paytaxt elan olunması bütün
dünyaya bəyan edildi.
Yarandığı gündən milli istiqlalın möhkəmləndirilməsi uğrunda mübarizə salnaməsi olan Türkiyə Respublikasının dövlətçilik tarixi bütünlükdə türk dünyası dövlətləri üçün örnək oldu. Tarixi, milli –mənəvi dəyərləri oxşar, eyni kökdən qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığı bu birlikdə xüsusilə fərqlənir. Azərbaycanla münasibətləri qardaşlıq səviyyəsində inkişafını daim diqqətdə saxlayan «Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan kədərlənərsə biz də kədərlənərik» sözləri ilə sevincimizi bölüşən, kədərimizə şərik olan Mustafa Kamal Atatürkün aforizmə çevrilən sözlərini «Biz bir millət, iki dövlətik» ifadəsi ilə daha da möhkəmləndirən ulu öndər Heydər Əliyevin müdrik kəlamı hər iki xalqın milli-mənəvi, tarixi, iqtisadi, siyasi, diplomatik əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı oldu.
Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur. BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir, qarşılıqlı olaraq ölkələrin iqtisadiyyatına yatırdıqları sərmayələrin həcmi ildən-ilə artır. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi türkdilli ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir, Bu kimi təşəbbüslər hər iki dövlət arasındakı münasibətlərin dəyişilməz möhkəmliyini təmin edir.
Tarixən qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkə arasındakı qlobal enerji, nəqliyyat layihələri regionda sabitliyin qorunmasına, iştirakçı tərəflərinin sabitliyə yönələn əməkdaşlığının möhkəmlənməsinə xidmət edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərələrinin davamçıları olan Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu bu iki qardaş dövlətin birgə səyinin təzahürü, dünyaya töhfəsidir. Qardaş Türkiyə ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycanın təbii ehtiyatları Türkiyə vasitəsilə Avropaya nəql olunur.
Qarşılıqlı münasibətlərdə
xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq
bütünlükdə bölgədə sabitliyin
qorunmasına xidmət edir. Hər
ki dövlət arasında
bağlanmış müqaviləyə uyğun
keçirilən hərbi təlimlər bəzi qüvvələri
təşvişə salsa da,
bu yaxınlıq Türkiyə-Azərbaycan
qardaşlığının dünyaya
yenilməzlik mesajıdır.
2016-cı ilin iyul ayında Fetoçuların Türkiyədə törətdikləri dövlət çevrilişlərinə cəhd hadisələrində Prezident İlham Əliyevin, xalqımızın Türkiyə ilə həmrəyliyinə «Azərbaycan ailəmizin üzvüdür» sözləri ilə cavab verən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı strateji əməkdaşlığı qardaşlıq münasibətləri kimi dəyərləndirdi. Dünya siyasətində söz sahibi olan Türkiyə-Azərbaycan qardaşlığı hər iki dövlətin diplomatik səylərini eyni məqsəd naminə birləşdirir, siyasi müstəvidə çəkisini artırır, iqtisadi inkişafına önəmli təsir göstərir. Qarşılıqlı olaraq yatırılan sərmayələrin çoxalması, SOCAR-ın qardaş ölkənin neyt-kimya sənayesinin inkişafında rolunun artması, mədəni-ticarət əlaqələrinin genişlənməsi tarixi münasibətləri yeni keyfiyyət baxımından inkişaf etdirir.
Azərbaycanın ən
ağrılı problemi olan
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həllində, aparılan
danışıqlarda ölkəmizin mövqeyini
müdafiə edən Turkiyənin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın, bu ölkənin dövlət və hökumət
rəsmilərinin Azərbaycanla bağlı bəyanatları,
xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi
əvəzolunmaz qardaş
yardımıdır.
Bu ilin sentyabrın 27-dən başlayaraq davam edən
Ermənistanın ölkəmizə qarşı təxribatlarını,
terror hərəkətlərini pisləyən
Türkiyə Azərbaycanın haqq-ədalət
uğrundakı mübarizəsini özünün
daxili problemi kimi daim diqqətdə
saxlayır, bütün dünya
dövlətlərini Ermənistanın təcavüzkarlığının
qarşısının alınmasına səsləyir.
Müharibə başlanan
gündən Azərbaycanın yanında olduğunu
qəti və kəskin bəyanatları ilə bildirən,
dünyanın nüfuzlu dövlət
başçısı və siyasətçisi kimi hadisələrin beynəlxalq hüquq normaları əsasında həllini tələb
edən Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan
edib ki, biz daim Azərbaycanın
yanındayıq, qardaşlarımıza hər cür dəstək və yardım göstərəcəyik.
Türkiyənin tanınmış
telekanallarına müsahibələrində bu
diqqəti yüksək dəyərləndirən Prezident İlham
Əliyevin «… Türkiyə hər zaman olduğu kimi, bizi bir daha
bu məsələ ilə bağlı
açıq və birmənalı dəstəklədi.
Əziz qardaşım Rəcəb Tayyib
Ərdoğanın açıqlamaları, digər
yüksək səviyyəli vəzifəlilərin
açıqlamaları bir daha
qardaşlıq mövqeyinin təzahürü
idi» sözləri bu
qardaşlığın yenilməzlik rəmzidir. Türkiyənin
Dağlıq Qarabağ münaqişəsinin
həllində önəmli rolunu «Təbii
ki, biz qardaş
Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz
bilirik ki, Minsk qrupu ATƏT tərəfindən
qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin
ki, hüquqi prosedurları
var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da
de- fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada
olsun. Onsuz da var» sözləri
ilə bir daha təsdiqləyən Prezident İlham Əliyev bütün danışıqlarda bildirir
ki, Türkiyə prosesdə var və əlimizdən gələni edəcəyik
ki, bundan sonra da olsun:
«Çünki Türkiyənin
burada iştirakı olmasa, bu məsələ
həll edilə bilməz. Bunu hər kəs anlamalıdır.»
Dünya
ictimaiyyətini saxta informasiyaları ilə aldatmağa çalışan,
Türkiyənin prosesdən
kənarlaşdırılması üçün yalanları
ilə diqqəti törətdiyi terrorlardan yayındırmağa çalışan
Ermənistanın təxribatlarının
qarşısını qardaşlıq
birliyi sayəsində
alan cənab
İlham Əliyev bildirir ki, Türkiyənin
Azərbacana siyasi dəstəyi də qardaşlıq münasibətlərinin
ifadəsidir: « Türkiyə
bizim qardaşımızdır.
Bizim qardaşlıq münasibətlərimiz artıq
sınaqlardan çıxıbdır.»
Azərbaycanın Milli Ordusunun uğurlu əməliyyatlarının
da bu qardaşlıq
dəstəyindən qaynaqlandığını
vurğulayan Ali Baş
Komandan İlham Əliyevin açıqladığı
kimi, artıq dünya dəyişir, hər kəs bizim gücümüzü
görür. Regional məsələlərdə
Türkiyə-Azərbaycan birliyinin
rolunu bütün dünya gücləri etiraf edir. Təbii ki, Türkiyə-Azərbaycan
birliyi daha da möhkəm olacaq. Bu həmrəylik
Türkiyə və Azərbaycan üçün
həyati əhəmiyyət,
önəm daşıyır.
Bu birlik isə
bölgəyə sabitlik,
sülh gətirir.
Hər iki dövlətin maraqları eyni səviyyədə qorunur,
mühüm regional məsələlər
bu birliyin möhkəmlənən təməli
əsasında həllini
tapır. «Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli, sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb
Tayyib Ərdoğanın
bu toqquşmaların
ilk saatlarında verdiyi
dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu
anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi
ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır, bəlkə
də burada vəziyyət qarışardı.
Bəlkə də başqa
kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə də bundan sonra bu bölgədə
biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq» söyləyən
Prezident İlham Əliyev bu sözləri ilə həm çağırılmayan
«ovçulara», terrorçu
Ermənistanı dəstəkləyənlərə
bildirir ki, bu qardaşlıq bölgədə güclər
nisbətini dəyişəcək,
Türkiyə ilə Azərbaycanın birliyi daha möhkəm olacaq.
Cümhuriyyət bayramın mübarək,
Türkiyə! Dünyada
bənzəri olmayan Türkiyə-Azərbaycan qardaşlığı
əbədi və sonsuz olmaqla xalqlarımıza, regiona sülh, əmin –amanlıq gətirsin!
Xuraman İsmayılqızı
İki sahil 2020.- 29 oktyabr.- S.18.