Heydər Əliyev Fondunun ölkə təhsilinə
növbəti töhfəsi
Fondun
dəstəyi ilə respublikanın müxtəlif bölgələrində
inşa və əsaslı təmir olunan təhsil müəssisələrinin
açılışları davam edir
2020-2021-ci tədris ilində Heydər Əliyev
Fondunun dəstəyi ilə respublikanın müxtəlif
bölgələrində yeni inşa və əsaslı təmir
olunan məktəb, eləcə də məktəbəqədər
təhsil müəssisələri istifadəyə verilir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz,
Saatlı, Kürdəmir, Şamaxı, Lerik, Astara və
Masallı rayonlarında yeni istifadəyə verilən məktəb
və məktəbəqədər təhsil müəssisələri
ilə tanışlıq olub.
Xaçmaz
Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir edilən Xaçmaz şəhər Cəfər
Cabbarlı adına 6 nömrəli tam orta məktəbi yeni tədris
ilində istifadəyə verilib.
Tanışlıq zamanı bildirilib ki, Cəfər
Cabbarlı adına 6 nömrəli tam orta məktəb
1976-cı ildən fəaliyyətə başlayıb. Məktəb
binası yararsız vəziyyətə
düşdüyündən Heydər Əliyev Fondu tərəfindən
1176 şagird yerlik binanın əsaslı təmiri həyata
keçirilib. Tədris ocağı zəruri mebel və
avadanlıqla, fənn kabinetləri ilə təchiz edilib. Təhsil
müəssisəsində müasir istilik və
işıqlandırma sistemi də qurulub. Yeni məktəb
binasının həyətində qazanxana və su çənləri
inşa olunub.
Məktəb binasında 55 sinif otağı,
fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, 2
informatika, hərbi təlim, tibb, əmək təlimi
otaqları, kitabxana, yeməkxana, akt zalı və
açıq idman meydançası var. Məktəbin heyətinə
asfalt döşənib, ərazidə abadlıq və
yaşıllaşdırma işləri aparılıb.
Bundan başqa, məktəb ərazisində
Qarabağ döyüşlərində şəhid olan məzunların
xatirə lövhəsi yaradılıb, iki idman
meydançası salınıb.
Saatlı
Saatlının ucqar yaşayış məntəqəsi
olan Orta Muğan kəndində 432 şagird yerlik yeni məktəb
binası kollektivin istifadəsinə verilib. Təhsil
ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə
inşa edilib.
Məktəbin direktoru Zakir
Tağıyev bildirib ki, Orta Muğanda ilk dəfə 1930-cu ildə
4 illik siniflər üzrə tədrisə
başlanılıb, 1958-ci ildə isə ümumi orta təhsil
müəssisəsi yaradılıb. 1975-ci ildə isə
inşa edilən məktəb binası isə tam orta məktəb
kimi fəaliyyət göstərib. Son illər bina
istismar müddətini başa vurduğu üçün tədrisdə
bir sıra çətinliklər yaranırdı. Lakin yeni
binanın inşası artıq bu çətin günləri
geridə qoyur. Müasir standartlara uyğun inşa edilən
binada bütün zəruri şərait yaradılıb.
432 şagird yerlik məktəb binası 2 mərtəbə
və 3 blokdan ibarətdir. Binada 18 sinif otağı və fənn
kabinələri, iclas və idman zalları, bufet var. Sinif
otaqları və fənn kabinələri, zallar lazımi
inventarlarla təmin edilib. Həmçinin məktəbin ərazisində
stadion yaradılıb. Məktəbin həyətində
abadlıq işləri görülüb, yaşıllıq
zolağı salınıb.
Məktəb direktoru qeyd edib ki, ucqar kənddə
belə bir tədris binasının istifadəyə verilməsi
ölkə təhsilinə, o cümlədən Saatlıda tədrisin
keyfiyyətinin yüksəldilməsinə göstərilən
qayğının bariz nümunəsidir. O, həm kollektiv, həm
də kənd sakinləri adından Prezident İlham Əliyevə
və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Yeni məktəb binasının inşası
müəllim kollektivi ilə yanaşı, şagird və
valideynləri də sevindirib.
Məktəbin şagirdi Mələk Xəlilzadə
sevincini belə ifadə edib: “Məktəbimiz
üçün yeni binanın tikilməsinə görə
çox sevinirik. Bu bizim üçün çox böyük
bayram oldu. Sinif otaqlarımız işıqlı və
genişdir, məktəbdə bütün şəraitimiz
var. Çalışacağıq ki, bu gözəl məktəbdə
əla qiymətlərlə oxuyaq”.
Övladları məktəbdə təhsil alan
kənd sakini Hüseyn Muxtəsimov isə köhnə
binadakı çətinliklərin artıq arxada
qaldığını vurğulayıb: “Ötən illərdə
məktəbdə tədris zamanı çətinliklər
olurdu. Dam örtüyü bərbad olan binanın
işıqsız otaqlarında istilik sistemi olmadığı
üçün müəllimlərlə birgə şagirdlər
də əziyyət çəkirdi. Lakin indi çox gözəl
məktəb binası tikilib. Bunun üçün ölkə
rəhbərinə və Heydər Əliyev Fondunun prezidentinə
təşəkkür edirik”.
“Regional İnkişaf” İctimai Birliyinin
nümayəndələri və rayon rəhbərliyi müəllim
və şagird kollektivi ilə görüşüb. Yeni tədris
ilində kollektivə uğurlar arzu edilib, məktəblilərə
dərs ləvazimatları hədiyyə olunub.
Kürdəmir
Kürdəmir şəhər H.Həsənov
adına 7 saylı 40 yerlik körpələr evi–uşaq
bağçasının yeni binası da sentyabrın 16-da
qapılarını balacaların üzünə
açıb.
Bildirilib ki, Kürdəmir şəhər
7 saylı körpələr evi–uşaq bağçası
1992-ci ildə inşa olunub. 140 yerlik nəzərdə tutulan
bağçada tikinti işləri tam başa
çatdırılmadığı üçün 40 yerlik
olaraq fəaliyyət göstərmişdi. Bina istifadəyə
yararsız vəziyyətə düşdüyündən
Heydər Əliyev Fondu tərəfindən yeni körpələr
evi–uşaq bağçası inşa edilib.
40 yerlik körpələr evi–uşaq
bağçasında yataq və oyun otaqları, idman və
musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və
digər inzibati və texniki otaqlar mövcuddur.
Müəssisə zəruri mebel və
avadanlıqlarla tam təchiz edilib.
Bağçanın həyətyanı ərazisində
yenidənqurma və yaşıllaşdırma işləri
aparılıb.
Şamaxı
Şamaxı rayonunun Quşçu kənd
körpələr evi–uşaq bağçası da fəaliyyətə
başlayıb. Şamaxıdan 27 kilometr məsafədə
yerləşən Quşçu kəndi rayonun iri
yaşayış məntəqələrindəndir.
Hazırda kəndin 5148 nəfər əhalisi var. Heydər
Əliyev Fondu tərəfindən inşa edilən yeni
uşaq bağçası kənd sakinləri tərəfindən
böyük sevinclə qarşılanıb.
Qeyd edək ki, Quşçu kənd körpələr
evi–uşaq bağçası 1986-cı ildən sovxoz
üçün inşa olunan, uşaq bağçasına
uyğunlaşdırılan birmərtəbəli binada fəaliyyət
göstərib. Bağçanın binası
ötən ilin fevral ayında baş verən zəlzələ
zamanı qəzalı vəziyyətə
düşmüşdü. Elə həmin il Heydər
Əliyev Fondu tərəfindən yeni uşaq
bağçasının inşasına başlanıldı və
tikinti bu ilin avqustunda başa çatdırıldı.
40 yerlik körpələr evi–uşaq bağçasında
yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx,
yeməkxana, ayrıca tibb korpusu, camaşırxana, digər
inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri
mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın
həyətyanı ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb,
dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə
qurğuları, söhbətgahlar quraşdırılıb.
Bağçanın işçiləri, eləcə
də valideynlər belə gözəl məkana görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını bildiriblər.
Nəvəsi Muradı uşaq
bağçasına gətirən Atlas Fətullayeva da bu
işdə əziyyəti keçənlərə minnətdarlığını
bildirərək deyib: “Sağ olsun Birinci vitse-prezidentimiz, Heydər
Əliyev Fondunun prezidenti, bizə belə bir hədiyyə
etdi. Zəlzələdən sonra yararsız hala düşən
bağçamız yenisi ilə əvəzləndi.
Özü də əvvəlkindən qat-qat
yaxşıdır. İndi körpələrimizdən tam
arxayın ola bilərik. Bağçada hər cür şərait
var”.
Lerik
Lerik rayonunun M.Qafarov adına Siyov
kənd tam orta məktəbi 1923-cü ildə ibtidai məktəb
kimi fəaliyyət göstərib. 1928-ci ildə məktəb
üçün Akuşəpeşdə kəndində bina
tikilib. 1933-cü ildə isə 7 illik məktəb kimi fəaliyyətə
başlayıb, 1950-ci ildən orta məktəb statusu
alıb. 1987-ci ildə Siyov kəndində fin tipli yeni məktəb
binası tikilib və məktəb Siyov kəndinə
köçürülüb.
Kənddə Heydər Əliyev
Fondu tərəfindən yeni 132 şagird yerlik məktəb
binasının inşasına 2019-cu ilin sonlarında
başlanıb və tikinti işləri 2020-ci ilin iyul
ayında yekunlaşıb. İkimərtəbəli bina iki
korpusdan ibarətdir.
Məktəb zəruri mebel və avadanlıqla,
fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə
tam təchiz edilib.
Məktəb binasında 11 sinif otağı,
fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb və
əmək təlimi otaqları, yeməkxana, akt və idman
zalları və açıq idman meydançası da var.
Həyətyanı ərazidə abadlıq və
yaşıllaşdırma işləri aparılıb.
Siyov kənd tam orta məktəbinin istifadəyə
verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb
olub.
Bu kənddə fəaliyyət göstərən
uşaq bağçası isə 1985-ci ildə kolxoz
üçün inşa olunmuş, sonradan bir hissəsində
Piran kənd ərazi icra nümayəndəliyi yerləşmiş
binada 1989-cu ildən fəaliyyətə başlayıb. Bina
ötən müddətdə istifadəyə yararsız vəziyyətə
düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən kənddə
yeni körpələr evi–uşaq bağçasının
inşasına 2019-cu ilin sonlarında başlanılıb.
Tikinti işləri 2020-ci ilin avqust ayında başa
çatıb.
İkimərtəbəli, 60 yerlik körpələr
evi-uşaq bağçasında yataq və oyun otaqları,
idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb
otağı və digər inzibati və texniki otaqlar
mövcuddur. Müəssisə zəruri mebel və
avadanlıqlarla tam təchiz edilib.
Bağçanın həyətyanı ərazisində
yenidənqurma və yaşıllaşdırma işləri
aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə
qurğuları, söhbətgahlar quraşdırılıb.
Astara
Astara rayonunun Ərçivan kənd körpələr
evi-uşaq bağçası isə 1977-ci ildə sovxoz tərəfindən
inşa olunmuş birmərtəbəli binada fəaliyyət
göstərib. Bağçanın binası köhnəldiyindən
istifadəyə yararsız vəziyyətə
düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən
körpələr evi-uşaq bağçasının yeni
binasının inşası həyata keçirilib və 80
yerlik bina tikilib. Bağçada yataq və oyun otaqları,
idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb
otağı və digər inzibati və texniki otaqlar var.
Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz
olunub.
Bağçanın həyətyanı ərazisində
yenidənqurma və yaşıllaşdırma işləri
aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə
qurğuları quraşdırılıb.
Masallı
Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunan digər bağça isə Masallı rayonunun
Səmidxan kəndində yerləşir.
Səmidxan kənd körpələr
evi-uşaq bağçasının binası 1987-ci ildə
inşa olunub. Binada müxtəlif vaxtlarda kitabxana, həkim məntəqəsi
və müxtəlif təşkilatlar fəaliyyət göstərib.
Sonradan bina istifadəyə yararsız vəziyyətə
düşmüşdü.
Əsaslı təmir işlərinə 2019-cu
ilin sonlarında başlanılıb və bu ilin iyun ayında
yekunlaşıb.
Yüz yerlik körpələr evi-uşaq
bağçasında yataq və oyun otaqları, idman və
musiqi zalları, mətbəx, yeməkxana, anbar, tibb
otağı, camaşırxana və digər inzibati və
texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və
avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı
ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb.
Sakinlər ucqar kənddə bağça binasının əsaslı təmir olunmasına görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.