Müasir Naxçıvan inkişaf
yollarında
Dövlətçilik
fəaliyyəti, idarəçilik peşəsi ağır
işdir. Bu işlə məşğul olmaq üçün
parlaq təhsil almaq, geniş dünyagörüşə malik
olmaq azdır. Bunun üçün çətinliklərə
sinə gərmək, dəmir iradə və dözüm,
insanlarla işləmək qabiliyyəti, səbr və təmkin,
uzaqgörənlik, qətiyyətli mövqe və həyat təcrübəsi
lazımdır. Bu keyfiyyətlər adətən insanlarda
ömrün orta çağlarında formalaşır. Lakin bəzən
elə insanlar da olur ki, nisbətən gənc
yaşlarından dövlətçilik və idarəçilik
işində nəzərəçarpacaq uğurlar
qazanırlar. Bu isə onların şəxsi keyfiyyətlərindən,
gendən gələn imkanlardan, düşdükləri tarixi
şəraitdən, qarşılaşdıqları görkəmli
şəxsiyyətlərdən aldıqları siyasi dərslərdən
asılıdır.
Ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
öz tarixinin çətin günlərini
yaşayırdı. Ermənilər tərəfindən
blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə
idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş,
insanların yaşaması üçün vacib olan zəruri
vasitələr problemə çevrilmişdi. Məhz belə
bir zamanda dünya şöhrətli siyasətçi,
qüdrətli dövlət xadimi Heydər Əliyev
Naxçıvana gəlməli oldu. Naxçıvana gələn
Heydər Əliyev bütün xalqın, eləcə də
naxçıvanlıların əzizi idi. Ağır günlər
keçirən, çətinliklərlə
qarşılaşan, erməni təcavüzünə məruz
qalan, blokada vəziyyətində yaşayan Naxçıvan əhalisinin
tələbi və təkidi ilə Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçildi. Bundan əvvəl Heydər Əliyevin tam yekdilliklə
Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici
orqanlarına üzv seçilməsi ilə xalqımız ona
öz sevgi və məhəbbətini bir daha göstərmişdi.
Dünya şöhrətli siyasətçinin
Naxçıvanda olması və yaşaması
Naxçıvan Muxtar Respublikasını gözləyən təhlükələrdən
və bəlalardan xilas etdi. Heydər Əliyev müdrikliyi,
xalqa inamı, Heydər Əliyev-xalq birliyi
Naxçıvanı xilas etdi.
Böyük
dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri olduqdan
sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın
ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli
rol oynamağa başladı. Muxtar respublikada həyata
keçirilən tədbirlər, demokratik dəyişikliklər,
milli dövlətçiliklə bağlı qəbul edilən
qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək
yolunda atılan məqsədyönlü tədbirlər idi.
Ulu
öndər Heydər Əliyevin bütün fəaliyyəti
muxtar respublikanın düşdüyü ağır vəziyyətdən
çıxarılmasına, sərhəd kəndlərinin və
muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə,
sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına, iqtisadi islahatların həyata
keçirilməsinə, Naxçıvandan rus
qoşunlarının çıxarılması və Milli
Ordunun formalaşdırılmasına, Naxçıvanın
blokadadan çıxarılmasına və beynəlxalq əlaqələrin
yaradılmasına, qanunsuz silahlı dəstələrin ləğv
edilməsinə və digər vacib məsələlərin həll
edilməsinə yönəlmişdir. Qarşıya qoyulan
bütün məsələlər Heydər Əliyev
uzaqgörənliyi, cəsarət və qətiyyəti sayəsində
həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə
keçməsinə imkan verilmədi. Ölkə Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi, naxçıvanlılar Heydər
Əliyevi qorudular, Heydər Əliyev isə
Naxçıvanı xilas etdi.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanda
siyasi hakimiyyətə qayıdışı zərurəti
reallığa çevriləndə o, düşmən təcavüzündən
və fəlakətlər girdabından xilas etdiyi
Naxçıvanı özünün dövlətçilik məktəbinin
yeni nəsil nümayəndəsinə etibar etdi. Məhz bundan sonra Azərbaycanın
xilası və inkişafı missiyasını həyata
keçirməyə başlayan ümummilli liderin bilavasitə
rəhbərliyi altında müstəqilliyin verdiyi real
imkanların ümummilli mənafelər naminə səfərbər
və istifadə edilməsi kimi mühüm tarixi mərhələ
başlandı.
1995-ci
ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Baş
nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci
müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri seçilməsi ilə
Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək
uğurlu inkişafın əsası qoyuldu və qısa
zamanda bu, öz nəticələrini göstərməyə
başladı. Çünki Ali Məclisin Sədri muxtar
respublikanın qarşılaşdığı problemlərə
bələd idi və ondan çıxış
yollarını da bilirdi. Qısa müddət ərzində
muxtar respublikanın həyatının bütün sahələrində
əsl canlanma müşahidə olunmağa başlandı.
Quruculuq və abadlıq işləri geniş vüsət
aldı. Həm paytaxtın, həm də bütövlükdə,
muxtar respublikanın bütün yaşayış məntəqələrinin
yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri
əsasları təsis edildi.
Müstəqillik
illərində, xüsusilə 1995-2019-cu illər, yəni təqribən
25 il müddəti sosial-iqtisadi inkişaf baxımından
Naxçıvan Muxtar Respublikasının tarixində
mühüm mərhələ təşkil edir.
Blokadanın
yaratdığı çətinliklərə baxmayaraq, muxtar
respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən
səmərəli istifadə olunmuş, həyata keçirilən
sabitləşmə, dönüş və inkişaf
konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn
xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyllər
daha da möhkəmləndirilmişdir.
Muxtar
respublikada inkişafın təmin olunmasında regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş dövlət proqramlarının uğurlu icrası
mühüm əhəmiyyət kəsb etmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata
keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində
makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin
etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan
vermişdir.
İqtisadi
və sosial sahədə bütün makroiqtisadi göstəricilərin
yüksəlişi təmin edilmiş, ümumi daxili məhsulun
(ÜDM) həcmi 1994-cü ildə 37.288 min manat olduğu
halda, 2019-cuu ildə 140 dəfə artaraq 2.839 milyon manat
olmuşdur. Onun bir nəfərə düşən həcmi
6202 manat təşkil edir.
Muxtar
respublika iqtisadiyyatında prioritet sahə kimi qəbul edilən
sənaye aparıcı rola malikdir. Muxtar respublika sənayesinin
əsas hissəsini emal sənayesi təşkil etsə də,
əvvəllər muxtar respublika üçün o qədər
də xarakterik olmayan maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma,
mebel, eləcə də yüngül və yeyinti sənayesi,
kənd təsərrüfatı təyinatlı 900-ə
yaxın istehsal və xidmət sahələri də
yaradılmışdır.
Muxtar
respublikada 90-cı illərin ortalarında 56 sənaye müəssisəsi
olduğu halda, 2015-ci ildə 438-ə çatmışdı.
2013-cü ildə sənaye 29 faizlik payla ÜDM-in tərkibində
ilk yerə çıxmışdır. 2019-cu ildə 1 milyard
15 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 442 sənaye
müəssisələrində 16.634 nəfər
işçi çalışmışdır.
2010-cu
ildə muxtar respublikada ilk dəfə olaraq minik avtomobillərinin
istehsalını həyata keçirən “Naxçıvan
Avtomobil Zavodu” MMC fəaliyyətə
başlamışdır. İllik istehsal gücü 5 min ədəd
avtomobil olan zavodda 12 modeldə avtomobil istehsal olunur.
Naxçıvan
Muxtar Respublikasında sənayeləşmənin həyata
keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin
yaradılmasına və inkişafına xüsusi fikir
verilmişdir. Yaradılan sənaye müəssisələri
daxili bazar üçün məhsul
istehsal etməklə yanaşı, ixracyönümlü məhsulların
istehsalını da gücləndirmişdir. 2013-cü ildə
241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdirsə,
2014-cü ildə bu, 321,8 milyon manat olmuşdur.
Naxçıvan
Muxtar Respublikasında enerji təhlükəsizliyi də
uğurla həll edilmişdir. 1991-1992-ci illərdə
yaranmış çətin şəraitə baxmayaraq,
blokadada olan muxtar respublikanı elektrik enerjisi ilə təchiz
etmək məqsədilə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Türkiyə
Cümhuriyyətindən 63 meqavat gücündə 154
kilovoltluq, İran İslam Respublikasından 42 meqavat
gücündə 132 kilovoltluq yüksək gərginlikli
elektrik verilişi xətləri çəkildi. Əhalini
elektrik enerjisi ilə təmin etmək üçün kompleks
tədbirlər həyata keçirildi. Naxçıvan Modul
tipli Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində
olan SES, Ordubad rayonu ərazisində - Gilançay üzərində
Biləv SES istifadəyə verildi. Ümumi gücü 50
meqavat olan Qaz-Turbin ES-in təbii qazla iş rejiminə
keçirilməsindən sonra istismara verilməsi də bu
istiqamətdə həyata keçirilən tədbirlərin tərkib
hissəsi idi. Arpaçay üzərində iki SES – 20,5 meqavat
gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə
“Arpaçay-2” – istismara verilmişdir. 2015-ci ildə 20 meqavat
gücündə Günəş Elektrik Stansiyasının
tikilib istifadəyə verilməsi və 2017-ci ildə
stansiyanın gücünün daha 2 meqavat
artırılması, 2018-ci ildə 2 meqavat gücündə
Qabıllı Günəş ES-in istifadəyə verilməsi
Naxçıvanın etibarlı enerji təminatına səbəb
olub. Bu gün Azərbaycan Respublikası üzrə Günəş
Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin 78 faizdən
çoxu muxtar respublikanın payına düşür. Bir
müddət bundan öncə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin Prezident İlham
Əliyevin rəsmi qəbulunda olarkən verdiyi məlumatlar,
muxtar respublikanın bütün sahələrdə, eləcə
də enerji təhlükəsizliyinin təmin edilməsi barədəki
görülən işlər qürur doğurur. Ali Məclisin
Sədri qeyd etmişdir ki, muxtar respublikada əvvəlki illərdə
cəmi bir elektrik stansiyasının istifadəyə verilməsi,
2018-ci ildə bir il ərzində ixrac edilən 35 milyon kilovata
yaxın elektrik enerjisinin miqdarı muxtar respublikanın
2003-cü ildə malik olduğu elektrik enerjisi resurslarından
çoxdur. Eyni zamanda muxtar respublikada elektrik enerjisinə olan tələbatın
65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri
hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr
üçün çox nadir göstərici hesab edilir.
Muxtar
respublikanın təbii qazla təmin edilməsi sahəsində
də böyük uğurlar qazanılmışdır. Məlumdur
ki, muxtar respublikaya Ermənistan ərazisi vasitəsilə
1991-ci ildən qaz verilməsi dayandırılmışdı.
Muxtar respublikanı vəziyyətdən çıxarmaq
üçün 1992-ci il avqustun 24-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev
İran İslam Respublikasında səfərdə olarkən
Prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə
görüşmüş, muxtar respublikanın qaz tələbatını
təmin etmək barədə razılıq əldə
etmişdi. Ölkə Prezidenti cənab İlham Əliyevin
bilavasitə himayə və qayğısı nəticəsində
2005-ci ildə İrandan mübadilə yolu ilə muxtar
respublikaya təbii qaz ötürən kəmər istifadəyə
verildi. Qısa müddət ərzində Naxçıvan
qazlaşdırıldı. 2005-ci ildə 6770 mənzilə və
195 fərdi evə qaz çəkildi. 2011-ci ilin yanvarınadək
220 yaşayış məntəqəsində 78157 mənzil
qazlaşdırılmış, abunəçilərə
pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz
sayğacları quraşdırılmışdır. 2011-ci
ilin sonunda isə muxtar respublika 100 faiz
qazlaşdırıldı, 86377 əhali abonenti və
bütün təsərrüfat subyektləri mavi yanacaqla təmin
olundu.
Ölkəmizdə
yaranmış sabitlik, iqtisadi sahədə əldə
olunmuş nailiyyətlər muxtar respublikada
tikinti-quraşdırma və abadlıq sahəsində də əsaslı
işlər görməyə şərait
yaratmışdır. Yaranmış şəraitdən
düzgün istifadə edilmiş, çoxsaylı inzibati
binalar, sosial obyektlər tikilmiş, yüksək səviyyədə
quruculuq və abadlıq işləri görülmüş,
“Naxçıvan möcüzəsi”
yaradılmışdır.
Muxtar
respublikanın uzunmüddətli dövrdə dayanıqlı
və tarazlı inkişafının təmin edilməsində
investisiyaların cəlbi xüsusi rol oynayır. 2015-ci ildə
əsas kapitala yönəldilən investisiyaların həcmi
1995-ci ildəki göstəricini 312 dəfə üstələyərək,
951196 min manatdan çox olmuşdur.
Ümumiyyətlə,
2018-ci ildə əsas kapitala yönəldilən vəsaitlər
2003-cü ildəki müvafiq göstəricini 16,1 dəfə
üstələyərək 1.017 milyon manatı
ötmüşdür.
1996-2018-ci
illərdə muxtar respublikada 562 inzibati bina, 284 təhsil
müəssisəsi, 285 səhiyyə müəssisəsi, 491
mədəniyyət obyekti,171 nasos stansiyası, 416 subartezian
quyusu, 52 idman obyekti, 516 fərdi ev, 982 istehsal və xidmət
obyekti, 181 körpü, 4 qəsəbə, 151 kənd mərkəzi
tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir
olunmuşdur.
Muxtar
respublikada tikinti-quruculuq və abadlıq işləri ildən-ilə
genişlənir. Yüksək zövqlə, peşəkarlıqla,
Şərq və Qərb memarlıq elementlərindən
ustalıqla və yerli-yerində istifadə etməklə tikilən
binalar, təmir olunan və yenidən qurulan inzibati və sosial
obyektlər, salınan gülkarlıqlar, yaradılan səliqə-sahman
böyük quruculuq və abadlıq işlərinin yüksək
səviyyədə görüldüyünü təsdiq edir.
Bütün bu işlərə Ali Məclisin Sədri diqqət
və həssaslıqla yanaşır, hər bir tikinti,
quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə,
keyfiyyətlə aparılmasına nəzarət və rəhbərlik
edir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyev 1999-cu ildə
Naxçıvan səfəri zamanı burada görülən
işlərdən, həyata keçirilən tədbirlərdən
razı qaldığını bildirmiş, bu işlərin
görülməsində təşkilati və rəhbər
rolu oynayan Ali Məclisin Sədrinin işini xüsusi
vurğulayaraq demişdir: “Mən məmnuniyyətlə demək
istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə
gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə
mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o
çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə
görə, bəlkə də ağır, çətin olar.
Ancaq o sübut etdi ki, vətəninə, millətinə,
xalqına sədaqətli olan adam yaşından asılı
olmayaraq böyük işlər görə bilər”.
Ölkə
Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar
Respublikasına hər səfərində keçirilən tədbirləri,
görülən işləri, quruculuq və abadlıq sahəsindəki dəyişiklikləri
yüksək qiymətləndirmişdir: “Mən çox
sevinirəm ki, Naxçıvanda gözəl quruculuq və
abadlıq işləri aparılır. Blokada şəraitində
yaşayan, Azərbaycanın əsas hissəsindən ayrı
düşmüş Naxçıvan yaşayır, güclənir
və irəliyə doğru inamla addımlayır. Fürsətdən
istifadə edərək mən Naxçıvan rəhbərliyinə
və şəxsən Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbova görülən
bütün işlərə görə öz dərin minnətdarlığımı
bildirirəm”.
Muxtar
respublika iqtisadiyyatında kənd təsərrüfatı hər
zaman öncül mövqeyini qorumuş, əhalinin ərzaq məhsullarına,
emal müəssisələrinin isə xammala olan tələbatının
ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun
təmin olunmasındakı əhəmiyyəti nəzərə
alınaraq bu sahənin inkişafı diqqət mərkəzində
saxlanılmışdır. Kənd təsərrüfatını
inkişaf etdirmək üçün əkin sahələrinin
strukturunda dəyişikliklər edilmiş, əkin sahələri
artırılmışdır. Belə ki, 1991-ci illə
müqayisədə 2005-ci ildə kənd təsərrüfatı
bitkilərinin əkin sahəsi 25,1 min hektardan 61,9 min hektara,
başqa sözlə 2,4 dəfə artsa da, məhsuldarlığın
artırılması hesabına ümumi məhsulun həcmi 29
dəfə artmışdır. Taxıl istehsalı 3,5 dəfə
artaraq 106,3 min tona, kartof istehsalı 113,5 dəfə artaraq 49
min tona, meyvə və giləmeyvə istehsalı 27,7 dəfə
artaraq 66,5 min tona, tərəvəz məhsulları
istehsalı 17,8 dəfə artaraq 82 min tona, bostan məhsulları
istehsalı 34,5 dəfə artaraq 38 min tona
çatmışdır. 2005-ci ildə 98,3 milyon manatlıq kənd
təsərrüfatı məhsulları istehsal edildiyi halda,
2019-cu ildə bu, 507,6 milyon manata çatmışdır.
1996-cı ildə qaramalın sayı 55,5 min baş,
xırdabuynuzlu heyvanların sayı 278,8 min baş olduğu
halda, 2018-ci ildə bunlar müvafiq olaraq 119,8 min baş və
741,6 min baş olmuşdur. 84 quşçuluq təsərrüfatı
yaradılmış, quşların sayı 911 min başa
çatmışdır. 72.350 arı ailəsi olmuşdur ki,
bunlardan 1448 ton bal istehsal edilmişdir. Son illərdə muxtar
respublikada keçirilən “Göycə”, “Kətə”,
“Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatları
məhsulları” festivalları, 2019-cu ilin muxtar respublikada “Ailə
təsərrüfatı ili” elan olunması kimi tədbirlər
aqrar sektorun inkişafına yeni imkanlar yaratmaqdadır.
Həyata
keçirilən aqrar siyasətin səmərəli nəticəsi
olaraq yerli istehsalın əhatə dairəsi genişləndirilmiş,
daxili bazarda məhsul bolluğu yaradılmışdır.
2015-ci il olan “Kənd təsərrüfatı ili”ndə muxtar
respublikada kənd təsərrüfatı istehsalı
bütün sahələr üzrə 100-400 faiz
artmışdır. Muxtar respublikada 383 növdə məhsul
istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli
istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə
artır. Enerji təhlükəsizliyi kimi, ərzaq təhlükəsizliyi
də təmin edilmişdir.
Muxtar
respublikanın sosial-iqtisadi inkişafının sürətlənməsində
nəqliyyat və rabitə sahələrinin də xüsusi
yeri vardır. Naxçıvanda 1 Beynəlxalq hava limanı, 5
avtovağzal kompleksi, 797 km uzunluğunda yeni avtomobil yolları
çəkilmişdir. Ümumiyyətlə, 2003-2019-cu illər
ərzində muxtar respublikada kənd yolları da daxil olmaqla 2
min kilometrə yaxın yol inşa olunmuşdur. Dəmiryol,
hava və avtomobil nəqliyyatları muxtar respublikanın
iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.
Muxtar respublikada hava nəqliyyatının inkişafı
istiqamətində yeni hava limanı kompleksi tikilib istifadəyə
verilmiş, Naxçıvan hava limanı beynəlxalq status
qazanmışdır. 2018-ci il ildə muxtar respublikada nəqliyyat
sektorunun yük və sərnişin daşınması
2003-cü illə müqayisədə hər iki halda 2,8 dəfə
artıb.
1995-2019-cu
illərdə muxtar respublikada rabitənin inkişafı
yüksək templə getmişdir. Cənubi Koreyanın
“DEU-Telekom” şirkəti ilə bağlanmış müqaviləyə
əsasən muxtar respublikada yaşayış məntəqələri
telefonlaşdırılaraq abonentlər birbaşa beynəlxalq
telefon rabitə sisteminə çıxma imkanı əldə
etmişlər. Hazırda muxtar respublikanın
yaşayış ərazilərinin 99,1 faizində
genişzolaqlı internet, 99,5
faizində isə simsiz internet xidmətləri göstərilir.
Muxtar
respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq
Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuşdur.
Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin
98 faizi optik şəbəkəyə birləşdirilmişdir.
Muxtar
respublikada informasiya və rabitə sahəsində daha bir
yenilik kimi 2016-cı ildə “Naxtel” MMC tərəfindən
dördüncü nəsil mobil rabitə şəbəkəsi
istifadəyə verilməsidir. “Evədək optika”, “Elektron
hökumət”, “Elektron imza”nın tətbiqinə
başlanılmışdır. 1997-ci ildən başlayaraq
muxtar respublikada bütün telefon stansiyaları
avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş,
yeni poçt şöbələri
yaradılmışdır. 2018-ci ildə informasiya və rabitə
xidmətləri 51.325 min manat olmuşdur ki, bu da 2003-cü ildəki
müvafiq göstəricidən 11,8 dəfə çoxdur.
Muxtar
respublikada ekoloji vəziyyətin daha da
yaxşılaşdırılması istiqamətində
işlər görülmüş, 16541 hektar sahədə
meşəsalma və meşəbərpa işləri
aparılmış, 10 milyondan çox ağac və bəzək
kolları əkilmişdir. Hazırda muxtar respublikanın
ümumi ərazisinin 14 faizini yaşıllıqlar əhatə
edir. 1990-cı ildə isə bu göstərici 0,6 faiz həddində
olmuşdur. Muxtar respublikanın 27 faizə qədər təbiət
ərazisi xüsusi mühafizə olunan ərazidir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə
həyata keçirilən tədbirlər əhalinin sosial
problemlərinin həllinə kömək etmişdir.
Əhalinin işlə təminatı sahəsində əməli
addımlar atılmışdır. 1996-2017-ci illərdə
85861 yeni iş yeri açılmışdır, ki, bunun da
59090-ı və ya 68,8 faizi daimi iş yerləridir. Ümumiyyətlə,
son 24 ildə 95.188 iş yeri yaradılmışdır. Orta
aylıq əmək haqqı 1998-ci ildə 163,2 manatdan 2018-ci
ildə 433 manata çatmış, 2003-cü illə
müqayisədə 11,3 dəfə artmışdır. Muxtar
respublikada əhali gəlirləri 2018-ci ildə 1.866.095 manat təşkil
etmişdir ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən
11 dəfə çoxdur. Bu dövr ərzində hər bir nəfərə
düşən gəlirlər 9 dəfə artaraq 4105,8 manat
olmuşdur.
Pensiyaçılar,
müharibə əlilləri, şəhid və aztəminatlı
ailələrin sosial müdafiəsinə daim diqqət
yetirilmişdir. Muxtar respublika əhalisinin sosial müdafiəsi
və təminatına çəkilən xərclər 57,2 dəfə
artmışdır. 2003-2013-cü illərdə bu qəbildən
olan insanlara 429 minik avtomobili verilmişdir. 52.254 nəfər
pensiyaçı hər cür qayğı ilə əhatə
olunmuşdur. 2019-cu ildə muxtar respublikada əhalinin sayı
2003-cü illə müqayisədə 22 faiz artaraq 456,7 min nəfərə
çatmışdır.
Hər
bir cəmiyyətin ən qiymətli sərvəti onun
sağlam üzvləridir. Naxçıvanda həyata
keçirilən səhiyyə islahatlarının mərkəzində
də insan amili dayanır. Son illər burada 230-dan çox tibb
müəssisəsi istifadəyə verilmiş, onlar ən
müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Muxtar
respublikanın səhiyyə müəssisələrində
çalışan 1290 həkim heyəti, 2260 orta tibb
işçiləri əhalinin sağlamlığı
keşiyində dururlar.
Xalqların
və dövlətlərin sürətli inkişaf yolu təhsildən
keçir. Təsadüfi deyildir ki, hələ vaxtı ilə
ulu öndər Heydər Əliyev cəmiyyət həyatında
təhsilin rolunu yüksək qiymətləndirərək
demişdir ki, təhsil millətin gələcəyidir. Ona
görə də dövlət hansı inkişaf səviyyəsində
olsa da təhsilə qayğı göstərməli, gənc
nəslin təhsilinə, müəllimə kömək etməlidir.
Ölkə Prezidenti İlham Əliyev təhsilə “Azərbaycanın
gələcəyini müəyyən edən prioritet sahə”
kimi yüksək dəyər vermişdir. Təhsilə, onun
inkişafına xüsusi əhəmiyyət verən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov demişdir: “Təhsilə qoyulan sərmayə
ölkənin gələcəyinə qoyulan sərmayədir”.
Müstəqillik
illərində çoxsaylı məktəb, uşaq
bağçası tikilmiş, onların maddi-texniki bazası
möhkəmləndirilmişdir. 1995-2017-ci illərdə muxtar
respublikada 40182 şagird yerlik 129 ümumtəhsil məktəbi
tikilmiş, 34024 şagird yerlik 52 təhsil müəssisəsi,
eləcə də 19 məktəbəqədər təhsil
müəssisəsi, 23 uşaq musiqi məktəbi, 3 orta
ixtisas təhsil müəssisəsi yenidən qurulmuş və
ya əsaslı təmir olunmuşdur.
Bu
gün nəinki Naxçıvan şəhərində, hətta
ən ucqar dağ və sərhəd kəndlərində də müasir tədris
avadanlıqları, sürətli internetə
çıxışı olan kompüter, elektron lövhələr,
zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin
olunmuş məktəb binaları tikilib istifadəyə
verilib. Ümumtəhsil məktəblərində 50 min 590
şagird təhsil alır, onların təlim-tərbiyəsi
ilə 6751 müəllim məşğul olur. Məktəblər
6 min kompüter, 650 elektron lövhə, 3 milyon dərslik, 600
min latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla
təmin edilmişdir.
Təhsildə
keyfiyyət dəyişiklikləri hər il artmaqda davam edir.
Bunlar ali məktəblərə qəbulda və bu zaman
yüksək bal toplayan abituriyentlərin sayında
özünü göstərir. 2004-2005-ci tədris ilində
5409 nəfər məzun olmuş, bunlardan 3074-ü ali məktəblərə
sənəd vermiş, 1024-ü qəbul olmuşdur (33,3 faiz).
2016-cı ildə 3138 nəfər məzun olmuş, bunlardan
2469-u ali məktəblərə sənəd vermiş, 1538-i qəbul
olmuşdur (62 faiz). 2018-ci ildə qəbul olunanların
sayı 1781 olmuşdur ki, bu da sənəd verənlərin 71
faizini təşkil etmişdir. 500-700 arasında bal toplayan
abituriyentlər 1996-cı ildə 5, 2010-cu ildə 280, 2018-ci
ildə 331 nəfər olmuşdur. 2010-2019-cu ildə 79 nəfər
tələbə Prezident təqaüdünə layiq
görülmüşdür.
Məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələrinin
geniş şəbəkəsi qurulmuş, 28 məktəbəqədər,
44 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət
göstərir.
Naxçıvan
şəhərində 1 lisey, 3 kollec və 3 ali təhsil
müəssisəsi yerləşir. Heydər Əliyev
adına Hərbi Lisey, Naxçıvan Tibb Kolleci,
Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət
Texniki Kollecində hüquq-mühafizə, tibb, musiqi və
texniki istiqamətlər üzrə kadrlar hazırlanır. Bu
təhsil müəssisələrində 1721 tələbənin
təlim-tərbiyəsi ilə 360 müəllim məşğul
olur.
Son
25 ildə muxtar respublikada ali təhsil müəssisələrinin
həyatında da ciddi dəyişikliklər baş
vermişdir. Naxçıvan Dövlət Universiteti,
“Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər
İnstitutunda 8800 tələbə təhsil alır, onlardan
825-i əcnəbi tələbələrdir. Naxçıvan
Dövlət Universitetinin 12 fakültəsində 98 ixtisas
üzrə 5 min tələbə bakalavr və 78 nəfər
magistr, 42 nəfər doktorant və dissertant təhsil alır.
NDU-da
407 nəfər professor-müəllim çalışır
ki, onlardan 3-ü AMEA-nın müxbir üzvü, 35-i elmlər
doktoru, 187-si fəlsəfə doktoru, 182-si isə müəllim
və baş müəllimdir.
“Naxçıvan”
Universiteti 1999-cu ildən müstəqil ali məktəbə
çevrilib. Hazırda universitetdə 1000-dən çox tələbə,
19 ixtisas üzrə bakalavr və magistr təhsili alır. Ali
məktəbdə 88 nəfər müəllim işləyir
ki, onlardan 3-ü elmlər doktoru, 20-si fəlsəfə
doktorudur.
Naxçıvan
Müəllimlər İnstitutu 2000-ci ildən Filial kimi
yaradılmış, 2003-cü ildən müstəqil ali məktəbə
çevrilmişdir. İnstitutda 1180 nəfər tələbə
bakalavr və magistr təhsili alır ki, onların təhsili
ilə 94 professor-müəllim məşğul olur. Bunlardan
7-si elmlər doktoru, 40-ı fəlsəfə doktorudur.
1995-ci
ilə qədər muxtar respublikada 5 nəfər elmlər
doktoru, 100-dən bir qədər artıq fəlsəfə
doktoru olduğu halda, hazırda elmlər doktorlarının
sayı 38-ə, fəlsəfə doktorlarının sayı
300-ə çatmışdır.
Ümumiyyətlə,
muxtar respublikanın bütün təhsil müəssisələrində
58 minə yaxın uşaq, şagird, tələbə və
kursant təhsil alır ki, onların təhsili ilə 10 minə
yaxın müəllim məşğul olur.
Bəhs
olunan illərdə muxtar respublikada dinamik və əsaslı
inkişaf edən sahələrdən biri də elm sahəsidir.
Azərbaycan milli elminə həmişə hamilik etmiş
ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə
qayıtdıqdan sonra elmə dövlət qayğısı
artdı.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən
Vasif Talıbov 6 aydan sonra, onun təşəbbüsü və
rəhbərliyi ilə “Uluslararası qaynaqlarda
Naxçıvan” beynəlxalq simpoziumu keçirildi. Belə
bir elmi tədbirin keçirilməsi Naxçıvanda elmi
mühitin inkişafına çox ciddi və əsaslı təsir
göstərdi. Artıq
sonrakı illərdə də muxtar respublikada beynəlxalq
konfransların keçirilməsi bir ənənəyə
çevrildi.
Ali Məclis
Sədrinin təşəbbüsü və Ölkə
Prezidenti Heydər Əliyevin sərəncamı ilə 2002-ci
ildə AMEA Naxçıvan Bölməsi yaradıldı.
Artıq bundan sonra elmin vahid elmi mərkəzdən idarə
edilməsi, əlaqələndirilməsi, elmi kadrların
hazırlanması, Naxçıvanın hərtərəfli
öyrənilməsi istiqamətində fəaliyyət
üçün əlverişli şərait yaradıldı.
Elmin
inkişafı bilavasitə yüksək ixtisaslı
kadrların hazırlıq səviyyəsindən, onların
elmi fəaliyyətindən asılıdır. 1998-ci ildən
Naxçıvan Dövlət Universitetində dörd ixtisas
üzrə, 2006-cı ildən AMEA Naxçıvan Bölməsində
üç ixtisas üzrə Dissertasiya Şuralarının
yaradılması və fəaliyyəti yüksək ixtisaslı
elmi kadrların hazırlanmasına öz müsbət təsirini
göstərmişdir. Dissertasiya Şuralarında 276 nəfər
fəlsəfə və elmlər doktoru dissertasiyası
müdafiə edilmişdir. Dissertasiya Şuralarının
yaradılması, yüksək ixtisaslı elmi kadrların
hazırlanması Ali Məclis Sədrinin təşəbbüsü,
diqqət və qayğısının nəticəsində
mümkün olmuşdur. AMEA-ya 2003,2007, 2014 və 2017-ci illərdə
keçirilən seçkilərdə Naxçıvandan olan
elm və təhsil işçilərindən 3-ü akademik,
13-ü müxbir üzv seçilmişdir. Tədqiqatçıların
çoxsaylı kitab və monoqrafiyaları, dərslik və dərs
vəsaitləri, məqalə və tezisləri çap
olunmuş, bir sıra fundamental ümumiləşdirici əsərlər
– iki cildlik “Naxçıvan ensiklopediyası”,
“Naxçıvan abidələri ensiklopediyası”,
“Naxçıvan tarixi atlası”, “Dədə Qorqud yurdu –
Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlası”,
üç cildlik “Naxçıvan folklor antologiyası”,
“Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”,
“Qırmızı kitab”lar, “Naxçıvan Muxtar
Respublikasının Ampeloqrafiyası”, “Naxçıvan
arxeologiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii
sərvətləri” və başqaları elmi ictimaiyyət tərəfindən
maraqla qarşılanmışdır.
1995-2019-cu
illərdə mədəni-maarif sahəsində çox
böyük dəyişikliklər baş vermiş,
Naxçıvanın mədəniyyət sahələrinin
inkişafı heç vaxt bu səviyyədə
olmamışdır. Kitabxanaların fəaliyyəti,
onların maddi-texniki bazası xeyli möhkəmlənmişdir.
Tikilən qəsəbə və kənd mərkəzlərində
kitabxana və klublara da yer ayrılmış, onların fəaliyyəti
üçün hər cürə şərait
yaradılmışdır. Muxtar respublikada 500-ə yaxın mədəniyyət
obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Muzeylərin sayı 30-a çatmışdır. Heydər
Əliyev muzeyi, M.T.Sidqinin, M.Arazın ev muzeyləri,
Açıq Səma Altında Muzey, Milli dəyərlər,
Xatirə, Bəhruz Kəngərli, Xalça muzeyləri
yaradılmışdır. “Bir xalqı dünyada mədəniyyət
qədər tanıdan ikinci bir amil yoxdur”, - prinsipi əsas
götürülərək bu sahənin inkişafı
üçün çox böyük işlər
görülmüşdür. Muxtar respublikada 3 Dövlət
teatrı, 4 Xalq teatrı, 2 Dövlət Filarmoniyası, 400-dən
çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif
müəssisələri, 27 uşaq musiqi, incəsənət
və bədii sənətkarlıq məktəbləri sakinlərin
bədii zövqlərinin formalaşması və
inkişafına çalışırlar.
Naxçıvan
Muxtar Respublikası tarix və mədəniyyət abidələri
ilə zəngin bir diyardır. Ali Məclis Sədrinin xüsusi
sərəncamı ilə muxtar respublika ərazisindəki 1213
tarix və mədəniyyət abidələri qeydə
alınmış və
pasportlaşdırılmışdır. 70-dən çox
tarix və mədəniyyət abidəsi bərpa
olunmuşdur.
Muxtar
respublikada son illərdə daha çox diqqət yetirilən
sahələrdən biri də turizmdir. Burada turizmin bir sıra
sahələri – dağ-xizək turizmi, dini-ziyarət turizmi, mədəni
turizm, müalicəvi turizm, kənd turizmi mövcuddur. Zəngin
tarixi və mədəni irsi, nadir təbiət və
memarlıq abidələri, müasir infrastruktura malik
yaşayış məntəqələri Naxçıvan
Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən
əsas amillərdir. Ağbulaq Kənd Turizm-İstirahət
Bölgəsinin yaradılması turistlərin
marağını xeyli artırmışdır. Muxtar
respublikaya 2008-ci ildə 219,1 min nəfər turist gəlmişdirsə,
2019-cu ildə bu, 416 min nəfər olmuşdur.
Naxçıvan
Muxtar Respublikasının müdafiəsi və təhlükəsizliyinə
daim diqqət göstərilmişdir. Əlahiddə
Ümumqoşun Ordusunun
yaradılması, onun müasir silah-sursat və hərbi
texnika ilə təminatı müdafiə təhlükəsizliyini
təmin etmişdir. Ali Məclisin Sədri ölkə
Prezidentinə verdiyi hesabatda ordu quruculuğu sahəsindəki
inkişafdan bəhs edərək demişdir: “Ümumqoşun
ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər
yol keçibdir. Bu da Sizin diqqətinizlə yaradılıb.
Alınmış silah-sursatla bu gün muxtar respublikanın
ordusu da lazımınca təmin olunur, hava hücumundan
müdafiə sahəsində işlər həyata
keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar
respublikanın müdafiəsi üçün orada yerləşən
hərbi hissələr hər bir tapşırığı
yerinə yetirməyə tam hazırdır”.
2018-ci
ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun
11000 hektar ərazini işğaldan azad etməsi Ali Baş
Komandanın rəhbərliyi ilə ölkəmizdə ordu
quruculuğu sahəsindəki uğurlarımıza əyani
sübutdur.
Naxçıvan Muxtar Respublikasında
görülən işləri, həyata keçirilən tədbirləri,
əldə edilən uğurları aşağıda qeyd
olunan bu fakt da bir daha təsdiq edir: Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri
olduğu “Caspian European Club” ölkədə həyata
keçirilən iqtisadi islahatların və sosial siyasətin
nəticələrini əks etdirən Azərbaycan
Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası
2017 və 2018-ci illərdə 18 parametr üzrə ən
yüksək bal toplayaraq lider olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Naxçıvanda görülən işləri,
sosial-iqtisadi və mədəni inkişafda baş verən dəyişiklikləri
yüksək qiymətləndirərək deyib: “Siz, Ali Məclisin
Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində
bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər
bölgələri də inkişaf edir. Amma sizə deyə
bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda
liderdir və ümid edirəm ki, siz gələcəkdə də
liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini,
yeni binaların yüksək zövqlə, səliqə ilə,
diqqətlə tikilməsini Naxçıvana gələn hər
bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər
böyük məhəbbətlə görülür”.
Ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə görülən
işlər, irəli sürülən təşəbbüslər,
həyata keçirilən islahatlar sayəsində respublikamız
çox böyük uğurlar əldə etmiş, lider
dövlətə çevrilmişdir. Ölkəmizin
ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar
Respublikası da tarixin heç bir mərhələsində
bugünkü qədər gözəl, abad və güclü
olmamışdır.
İsmayıl Hacıyev,
AMEA Naxçıvan Bölməsinin sədri,
Akademik
İki sahil.- 2020.- 11
yanvar.- S.8-10