Azərbaycanın Xoşbəxt oğlu

 

 

Dünyanın çağdaş sənaye inkişafının əsas hərəkətvericilərindən biri neft sektorudur. Qlobal energetikanın kökündə dayanan neft dünyanın aparıcı iqtisadiyyatlarının həyat mənbəyidir. Neft hasilatı bu günün çağırışıdır və bu çağırışın gerçəkləşdirilməsi geoloqların apardığı geoloji-kəşfiyyat işlərindən başlayır. Baxmayaraq ki, dünyanın böyük hissəsində adətən "geoloq" və "şöhrət" sözləri yanaşı işlənmir, amma sözsüz ki, istisna insanlar var və o insanlar üçün bu iki anlamı bir-birindən ayrı düşünmək olmur. Yəni, geoloqların içində də bu iki anlamı özündə birləşdirən, hamının tanıdığı və sevdiyi insanlar var. Xoşbəxt Yusifzadə də belə uğurlu örnək insanlardandır.

 

Xoşbəxt müəllim həm də onunla tanınır ki, dünyanın iş başında olan ən yaşlı geoloqudur. 1952-ci ildə o, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsini bitirib və geoloq kimi işə başlayıb. Onun neft geoloqu kimi 68 illik karyerası məhz həmin vaxtdan başlayıb.

 

1954-cü ildə X.Yusifzadə Xəzər dənizindəki Neft Daşları yatağında böyük geoloq vəzifəsinə təyin edilib. Onun birbaşa rəhbərliyi və iştirakı ilə Xəzər dənizinin təkcə Azərbaycan deyil, Türkmənistan və Rusiya sektorlarında da 20-dən çox neft və qaz-kondensat yatağı kəşf edilib. Onların sırasında indi bütün dünyada tanınan “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Bahar”, “Əşrəfi”, “Qarabağ”, “Ümid” və “Abşeron” yataqları var. X.Yusifzadə keçmiş SSRİ-nin Əməkdar geoloqu və eyni zamanda, Azərbaycan Respublikasının Əməkdar mühəndisidir.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra X.Yusifzadə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1992-ci ildə o, “Azərineft” dövlət konserninin birinci vitse-prezidenti, 1994-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə X.Yusifzadə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti təyin edilib və 2016-cı ildən SOCAR-ın birinci vitse-prezidentidir.

 

Xoşbəxt Yusifzadənin elmi fəaliyyəti də neft və qaz yataqlarının layihələndirilməsi, kəşfiyyat və hasilatı ilə bağlıdır. Onun neft və qaz yataqlarının işlənilməsinə verdiyi töhfə xarici ölkələrdə də yüksək qiymətləndirilir.

 

1987-ci ildə Xoşbəxt Yusifzadə Moskvada SSRİ Elmlər Akademiyasının Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda neft yataqları və layları, Neft Daşlarının cənub-qərb hissəsindəki neft obyektlərinin kəşfiyyatı mövzusunda dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

 

X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və Beynəlxalq Şərq Neft Akademiyasının üzvü və birinci vitse-prezidentidir. O, həmçinin Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı”, "Azərbaycan geofizikasında yeni inkişaflar" dövri nəşrlərinin, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neft-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi Geoloqları Assosiasiyasının, Avropa Alim Geoloqları və Mühəndislər Assosiasiyasının üzvüdür.

 

X.Yusifzadə 200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və səkkiz ixtiranın müəllifidir. Onun elmi işləri neft və qaz-kondensat bloklarının kəşf edilməsinə və həmin bloklarda kəşfiyyat işlərinin aparılmasına kömək edib. Bu işlərin nəticədə o, bu sahənin aparıcı mütəxəssislərinin və alimlərinin sırasına daxil olub.

 

Xoşbəxt Yusifzadə həm keçmiş SSRİ-nin, həm də Azərbaycan Respublikasının ən yüksək mükafatlarına və adlarına layiq görülüb.

 

2008-ci ildə X.Yusifzadə türk dünyasında elm, təhsil və iqtisadiyyatın inkişafı istiqamətində xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” medalına, 2009-cu ildə "İlin alimi" və 2011-ci ildə Türk Dünyasının Fəxri Elm Xadimi adlarına layiq görülüb.

 

2010-cu ildə X.Yusifzadə bir qrup SOCAR mütəxəssisi ilə birlikdə neft hasilatında nanotexnologiyanın tətbiq edilməsində nailiyyətlərə görə UNESKO medalı ilə təltif olunub. Onun adı UNESKO ensiklopediyasına əlavə edilib.

 

İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin İctimai Mükafatlar üzrə Şurası (UNCOPA) 27 dekabr 2018-ci il tarixli qərarı ilə Xoşbəxt Yusifzadəni "Avropa üçün Xidmətlərə görə" ordeni ilə təltif edib.

 

İstedadlı bir geoloq olmaqla yanaşı, X.Yusifzadə misilsiz yumor hissi sayəsində geniş və vacib auditoriyaları idarə etməkdə də xüsusi istedada malikdir. Yumor həyatımıza xoş əhval-ruhiyyə verən bir hissdir. X.Yusifzadə əhvalatları gözəl danışmaqda mahirdir və öz çıxışlarına məharətlə zarafat və lətifələr əlavə edərək xüsusi dad verir. O, sözlərini Azərbaycanda və Yaxın Şərqin digər ölkələrində çox populyar olan çoxsaylı maraqlı hekayələrin baş qəhrəmanı olan Molla Nəsrəddinin lətifələri ilə zənginləşdirir. X.Yusifzadə Molla Nəsrəddinin yumor və hazırcavablığını, habelə atalar sözlərini söhbətin təbii axınına uyğunlaşdırmaqda ustadır.

 

Həyatı boyunca X.Yusifzadə bir çox dünya liderləri ilə görüşüb, onlara Xəzər bölgəsindəki neft və qaz yataqlarının işlənməsi ilə bağlı mürəkkəb məsələlər barədə məlumat verib. Bu isə asan məsələ deyil. Lakin o, məlumatları çatdırarkən həmin məlumatları yumor hissi ilə gücləndirməklə, söhbətə mövzu ilə bağlı məzəli hekayələr qatmaqla həmsöhbətlərinin diqqətin cəlb etmək baxımından inanılmaz istedad sahibidir. Bəzən X.Yusifzadənin yaxınları ondan ciddi məlumatlar çatdırarkən dünya liderlərini necə güldürə bildiyini soruşurlar. Onlar başa düşürlər ki, yerinə düşməyən bir zarafatın söylənilməsi onları tez bir zamanda çıxılmaz vəziyyətə sala bilər. Əlbəttə, burada Xoşbəxt Yusifzadənin istedadı həmişə öz bəhrəsini verir: dünya liderləri əyləndikdə və güldükdə, bu, məlumatları daha rahat bir mühitdə çatdırmağa, onlarla xoş ünsiyyət qurmağa imkan verir. Liderləri güldürə bilmək həqiqətən fantastik bir hissdir. Onlar ürəkdən gülür və münasibətləri dəyişir. Dünya liderləri özlərini təmtəraq və əzəmətdən azad hiss etmək istədikləri hallarda, hansı problemləri həll etmələrindən asılı olmayaraq orada həmişə X.Yusifzadə kimi ab-havanı yumşaldan və müxtəlif həyati mövzularda yumorla ibrət dolu əhvalatlar danışan insanlar olacaq.

 

Xoşbəxt Yusifzadə təcrübə ilə zəngin bir ömür sürmüş və həyatın verdiyi müxtəlif dərslərdən çox şey öyrənmiş bir insandır. Kitablardan və ya illər boyu davam edən təhsildən əldə edilə bilməyən çox qiymətli təcrübə bizə sitatlar vasitəsilə gəlib çatır – bu sitatların bəziləri qızıl hərflərlə yazılmalıdır. X.Yusifzadə, bu böyük şəxsiyyət, istənilən bir sitatı və ya atalar sözünü canlandıraraq sizi dərhal ilhamlandıra bilər. İnsanlar onun sərbəst ünsiyyət tərzinə heyran qalırlar. SOCAR-ın birinci vitse-prezidenti X.Yusifzadə Azərbaycanın neft sənayesinin canlı əfsanəsi və canlı ensiklopediyasıdır, onun hekayələrini dinləmək hamı üçün tarixi ana çevrilir.

 

Xarici nümayəndə heyətlərinin Azərbaycana yüksək səviyyəli səfərləri zamanı hökumət rəsmiləri çox vaxt regionda neft-qaz sənayesi ilə bağlı dəyişikliklərlə maraqlanırlar, o cümlədən Bakı yaxınlığında ölkənin ən vacib strateji aktivi olan Səngəçal terminalına baş çəkirlər. Bu səfərlər çərçivəsində ev sahibliyi etmək BP üçün çox böyük bir şərəfdir və mən bu VIP nümayəndə heyətlərini bu böyük şəxsiyyətlə birlikdə müşayiət etmək şərəfinə nail oluram. Bu səfərlər Azərbaycanın neft-qaz sənayesinin inkişafını daha yaxşı başa düşməyə imkan verən terminal qurğuları ilə tanışlığı əhatə edir.

 

Həmin tədbirlər zamanı X.Yusifzadə həmişə səfər proqramının və hazırlıq işlərinin detallarını müzakirə etmək üçün hamıdan əvvəl gəlir. Bütün təşkilati işlər tamamlandıqdan sonra, onu həmişəki kimi hər kəslə və istənilən şəxslə müxtəlif söhbətlər apardığını görə bilərsiniz. Bir dəfə VIP nümayəndə heyəti Səngəçal terminalını ziyarət edən Çex Respublikasının Prezidenti ilə gəlmişdi və X.Yusifzadə məndən Çexiya Prezidentinə BP adından ehtiram əlaməti olaraq nə verəcəyimi soruşdu. Daha sonra o, içərisində SOCAR-ın hədiyyəsi, yəni, içərisində qızıl medallı şüşə qab olan kiçik bir taxta qutu götürdü. Bundan bir neçə saniyə sonra şüşə qutu onun əllərindən sürüşərək yerə düşdü və qırıldı, saniyələr öncə əlində olan şüşə qutudan əsər-əlamət qalmadı. Hər kəs pərt oldu, canlı söhbətlərin yerinə bir anda məyusluq hissi ilə dolu sakitlik çökdü. Bu gərginliyi aradan qaldırmaq və hamını ürəkləndirmək üçün X.Yusifzadə çox yaxşı bacardığı işi gördü və Molla Nəsrəddindən lətifə danışdı: “Bir gün Molla Nəsrəddinin həyat yoldaşı vəfat edir və camaat Mollaya başsağlığı verməyə gəlir. Başsağlığı qəbul etməkdən yorulan Molla Nəsrəddin mərasim başa çatdıqdan sonra dönüb adamlara deyir: "Əşi, qanınızı qaraltmayın, onsuz da boşayacaqdım onu".

 

Daha bir VIP nümayəndə heyətini qəbul etdiyimiz başqa bir tədbirdə X.Yusifzadə dənizdə işləməklə bağlı çətinliklərdən danışırdı. O, dənizdə 10 il işləyib, çətinliklərlə və təhlükəsizlik problemləri ilə üzləşib. Təhlükəsizlik prioritetdir və əgər qaydalara riayət etmirsinizsə, bunun özünüz və platforma üçün fəsadları ağırdır. X.Yusifzadə narahatlığını ifadə edərək vurğuladı ki, təhlükəsizlik hər kəs üçün vacibdir və neft hasilatında əsas dəyərlərdən biridir. Qəzalara və bədbəxt hadisələrə yol verməmək üçün hər kəs təhlükəsizliyə ciddi yanaşmalıdır. O, tövsiyəsini Molla Nəsrəddinin daha bir lətifəsi ilə başa çatdırdı:

 

Bir gün Molla Nəsrəddindən soruşurlar: “Meyiti qəbiristanlığa aparanda tabutun sağ tərəfində getmək yaxşıdır, yoxsa sol?” Mollanın cavabı ibrətamiz olur: “Çalış, tabutun içində getmə. Sağın, ya da solun elə bir fərqi yoxdur”.

 

X.Yusifzadə öz həyatında bir çox çətinliklərin öhdəsindən gəlib. O, dənizdə dəhşətli hadisələrin, həmçinin Xəzərdəki dəniz platformalarında işləyən neftçilərin itkilərinin şahidi olub, həyatında bir çox təhlükəli və çətin hallarla üzləşib. Onun yaxın həmkarlarının və dostlarının çoxu dünyasını dəyişib. O, iki oğlunu itirib. Ağır xəstəlik keçirib və müalicə olunaraq sağalıb. İllərin acısı onu çox az dəyişib, o, hələ də nikbindir və həmişə ümidlə həyatdan yaxşı hadisələr gözləyir. Xoşbəxt Yusifzadənin əvvəl olduğu kimi indi də eyni həvəslə çalışdığını, müxtəlif konfrans və tədbirlərə rəhbərlik etdiyini, dəyərli məsləhət və təcrübəsini neftçilərlə bölüşdüyünü indən belə də görəcəksiniz.

 

Göründüyü kimi, X.Yusifzadəni xoşbəxt edən səbəblərdən biri də ətrafındakılar üçün xoş xatirələr yaratmasıdır. Onun həyat hekayəsi iki kitab ("Ömrümün illəri və izləri" (2010) və "Biblioqrafiya" (2019)) şəklində nəşr edilib. O, həmin kitabları mənə də hədiyyə edib.

 

Bu kitablarda onun çox bənzərsiz hesab etdiyim və bir neçə dəfə oxuduğum zəngin ömrünün xatirələri və anları təsvir olunub. Bu gün Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Əminəm ki, onun 90 illik yubileyi bundan sonra da keçmişdə yaşanmış dəyərli xatirələri canlandıracaq və sabah üçün gözəl xatirələr yaradacaq.

 

90 yaşınız mübarək!

 

Qivami Rəhimli

İki sahil.- 2020.- 15 yanvar.- S.8