Vladimir Putin azərbaycanlı rəqqası
təltif etdi
Rusiya
prezidenti Vladimir Putinin Sankt-Peterburq Dövlət Akademik Mariinsk
Teatrının Primorsk səhnəsinin baş xoreoqrafı,
dünya şöhrətli rəqqas Eldar Əliyev bu ölkənin
“Əməkdar incəsənət xadimi” fəxri adına layiq
görülüb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə
Mədəniyyət Nazirliyi
məlumat yayıb.
Qeyd edək
ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində
anadan olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə
Mariinsk Teatrının
aparıcı solisti olub. O, dünyanın
40-dan çox teatr səhnəsində çıxış
edib. 1996-2005-ci illərdə
onun rəhbərliyi ilə ABŞ-ın "Ballet Internationale" truppası 30-dan çox tamaşa hazırlayıb.
Eldar Əliyev
bu günədək məsləhətçi, xoreoqraf,
baletmeyster kimi Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma teatrlarında
dünya klassikasının
bir sıra nümunələrinin tamaşaya
qoyulmasında iştirak
edib.
40-dan çox
ölkədə qastrol
səfərlərində olan
sənətkar Vaşinqtondakı
Kennedi Mərkəzi, Nyu-Yorkdakı Metropolitan Opera, Paris Opera,
Roma Opera, Milandakı La Skala, Kovent Qarden,
Kolizey, Sidney Opera teatrları daxil olmaqla ən
nüfuzlu səhnələrdə
çıxış edib,
geniş tamaşaçı
kütlələrinin rəğbətini
qazanıb.
Eldar Əliyev
2016-cı ildə Mariinsk
Teatrının Primorsk
səhnəsinin baş
baletmeysteri təyin olunub. O, ötən il Mariinski Teatrının
Primorsk və Sankt-Peterburq səhnələrində
dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə”
baletinin yeni quruluşunun müəllifi
və quruluşçu
baletmeysteri olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının baş
dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar
artisti Əyyub Quliyev rəhbərlik edib.
İki sahil.- 2021.- 10 aprel.- S.14.