Ramazan dostluq, bərabərlik, xeyirxahlıq
ayıdır
Bütün
müsəlman aləminin müqəddəs ay hesab etdiyi
Ramazan günləri davam edir. 11 ayın
sultanı sayılan Ramazanda müsəlmanlar İslamın 5 vacib şərtindən üçüncüsü
olan oruc tuturlar. Allah-Təala bizi bu ilahi
ziyafətə Bəqərə
surəsinin 183-cü ayəsində
dəvət edir. Müsəlmanlar orucu bir fayda təmənnası
ilə yox, Yaradanın tövsiyəsi
olduğu üçün
tutmalıdırlar. Oruc
sübh azanına qədər niyyət edilərək tutulur, axşam azanı ilə açılır.
Onun digər özünəməxsusluğu həm Quranda, həm də hədislərdə səbr
adlandırılmasıdır. Allah bütün bu maddi və
mənəvi xeyirləri
belə ifadə edib: “Bilsəniz oruc tutmaq sizin
üçün nə
qədər xeyirlidir!”
Ərəb mənşəli
söz olan Ramazan, “Ramaza” (çox isti olma) kökündən gəlir. Bunun səbəbi böyük ehtimalla Ramazan orucunun tutulduğu ilk zamanların yay fəslinə təsadüf etməsi ilə bağlıdır.
Ramazan bayramı, hicrətin (622-ci il) ikinci ilindən sonra qeyd edilməyə
başladı. Bayramda
lazımi bütün
mərasimlər və
ibadətlər Həzrəti
Məhəmməd peyğəmbər
tərəfindən təşkil
edildi. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir,
onlara öz iradə qüvvələrini,
dözümlülüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz,
vicdanlı olmağa yönəldir. Oruc Ramazan ayında tutulduğu üçün
ona “Ramazan orucu” da deyirlər.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır
və 29-30 gün davam edir. Qurani-Kərimdə
yazılır: “Sübh
açılınca, ağ sap qara sapdan fərqlənincəyə
qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın” (Bəqərə surəsi,
187). Ramazan ayının “Qədr”
və ya “Əhya” gecələrindən
birində müsəlmanların
müqəddəs kitabı
Qurani-Kərim yer üzərinə nazil olub. Qədr gecəsinin konkret
hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif
rəvayətlər var. Amma
ümumi fikir belədir ki, Qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslam peyğəmbəri və
imamlardan gələn rəvayətlərə görə,
Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən
biridir. Həmin gecə “leylət
al-Qadr” - qüdrətli,
əzəmətli gecə
adlanır. Quranda
belə yazılır:
“Qədr gecəsi min aydan daha xeyirlidir!
O gecə mələklər
və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə
kimi salamatlıqdır!”
(Qədr surəsi,
3-5).
Orucluğun başa çatdığı
gün “id əl-fitr”
(fitr) bayramı adlanır. Həmin gün bütün
müsəlmanlar bir-birlərini
təbrik edir, vəfat edənlərin qəbirləri ziyarət olunur, ruhlarına dualar oxunur. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən
3 kq buğda, yaxud xurma və
ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Qeyd edək
ki, 1993-cü ildən
Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.
Ramazan ayı günahların bağışlandığı
ay, cənnət qapılarının
hər kəsə açıq olduğu, cəhənnəm qapılarının
bağlı olduğu,
şeytanın zəncirləndiyi
aydır. Ramazan bayramı mükafat günüdür. Allah ibadətlərimizi
qəbul etsin!
Günel Eyyubova,
İki sahil.- 2021.- 10
aprel.- S.20.