«Nizami ili» dünyaya təqdimatımızda
yeni səhifə açır
Dövlətimizin
başçısı İlham Əliyev 44 günlük
İkinci Qarabağ müharibəsində Qələbəmizi
şərtləndirən amillərdən bəhs edərkən
gənclərimizin milli-mənəvi dəyərlər ruhunda
böyüməsini, formalaşmasını xüsusi qeyd edir.
Təbii ki, bu dəyərlərə bağlılıq
möhkəm təmələ əsaslanır. Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə
gənclərə diqqət və qayğı xüsusi yer
tutub. Ümummilli Lider bu çağırışı edirdi
ki, gələcəyimiz indiki gənclərə nəyi və
necə öyrətməyimizdən asılıdır. Gənclər
tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi,
dilimizi, milli-mənəvi dəyərlərimizi dərindən
bilməli və inkişaf etdirməlidirlər. Bu deyim də
tarixin bütün sınaqlarından şərəflə
çıxıb ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.
Zəngin tarixə malik olan xalqımız öz böyük
şəxsiyyətləri vasitəsilə Azərbaycanın
milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş
və bu gün ümumbəşəri dəyərlərin
bir hissəsinə çevirmişdir.
Ulu öndər Heydər
Əliyevin fikirlərinə istinad etsək, çoxəsrlik
tariximizdə xalqlarımızı yaşadan, qoruyan və
bugünkü günlərə gətirib çıxaran amillərdən
biri, ola bilər ki, ən əsası mədəniyyətimiz,
ədəbiyyatımız, deməli, şairlərimiz,
yazıçılarımızdır. Məhz
Ümummilli Liderin respublikaya rəhbərlik etməyə
başladığı ilk günlərdən Azərbaycanın
görkəmli şəxsiyyətlərinin yubileylərinin
müntəzəm surətdə qeyd olunması bir ənənə
halını almış, bu isə Azərbaycan
xalqının ümummilli problemləri ilə sıx
bağlı olub milli ruhun, milli
özünüdərkin yüksəlişi, xalqın tarixi
yaddaşının özünə qayıtması, müstəqil
dövlətçilik ideyalarının gerçəkləşdirilməsi
üçün zəmin yaratmışdı. Ümummilli
Liderin təşəbbüsü sayəsində çox sayda
memarlıq abidəsinin bərpası mümkün olmuşdur.
Ulu Öndər Azərbaycan xalqının tarixi
keçmişində, mənəvi mədəniyyəti
tarixində iz qoymuş böyük şəxsiyyətlərin
abidəyə çevrilməsinin xalqın milli
varlığına, milli duyğularının güclənməsinə
son dərəcə müsbət təsir edəcəyini
çox gözəl bilirdi. Ümummilli
lider Heydər Əliyevin mədəniyyətimizə, tariximizə
dərin ehtiram nümayiş etdirərək göstərdiyi
qayğı sayəsində Bakının ən görkəmli
yerlərində xalqımızın milli
varlığının daşıyıcısı olan
böyük insanların əzəmətli heykəlləri
ucaldılmış, tarixi şəxsiyyətlərin hər
biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri yaradılmışdır.
Təbii ki, bu kimi addımlar Azərbaycan
tariximizə, ədəbiyyatımıza
bağlılığımızın təsdiqidir.
Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə
böyük inamla addımlayan xalq tarixin bütün
sınaqlarından şərəflə çıxacaq,
davamlı uğurları ilə dünyanın diqqətində
olacaq. Bu gün Azərbaycan xalqı bu yenilməzliyi, məğrurluğu
ilə dünyanın diqqətindədir. 30 ilin torpaq həsrətinə,
acısına 44 gündə son qoyuldu. Azərbaycan
Ordusu dövlətimizin başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ilə
şanlı tarix yazdı. Bu tarixin doğurduğu əks-səda
bir daha Azərbaycan xalqının əyilməzliyini, milli
qürurunu hər şeydən üstün tutduğunu təsdiqlədi.
Dövlətimizin başçısı
İlham Əliyevin İkinci Qarabağ müharibəsi
dövründə xarici mətbuata müsahibələrinin
birində işğalçı Ermənistana və ona
havadarlıq edən dövlətlərə ünvanladığı
«Dağlıq Qarabağ məsələsi milli qürur məsələsidir»
mesajı bir daha bu reallığı ortaya qoydu ki, bir
qarış torpağımızı belə düşmənə
verməyəcək, vaxtilə itirilmiş qürurumuzu
dirçəldəcəyik və elə də oldu.
Dövlətimizin
başçısı İlham Əliyev Qarabağın
tacı, musiqimizin beşiyi olan Şuşanı mədəniyyət
mərkəzi elan etdi. «Şuşa sən azadsan! Şuşa səni
dirçəldəcəyik!» bəyan edən cənab
İlham Əliyev Şuşamızda quruculuq və bərpa
işləri ilə tanış olmaq üçün dəfələrlə
bu şəhərə səfər edib. Zəfər
tonqalımızın da Şuşada - Cıdır
düzündə alovlandırılmasının öz rəmzi
mənası var idi. Cənab İlham Əliyev hər
daşı, hər qayası tarix olan Şuşanın cənnətməkana
çevrilməsi üçün zəruri işlərin
görülməsinə tapşırıqlarını verib.
2021-ci il «Nizami ili» olmaqla yanaşı, quruculuq
və bərpa ili kimi tarixə yazılacaq. Son
17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu
bütün istiqamətlərdə uğurla davam etdirən
Prezident İlham Əliyev “Müstəqillikdən əvvəl
bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli
ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub» söyləyərək bildirir ki, bu sahəyə
dövlət tərəfindən daim diqqət göstərilir.
Dövlət başçısı hər sahədə,
o cümlədən ədəbiyyat sahəsində
araşdırmaların miqyasının genişləndirilməsi,
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına
böyük töhfələr verən qüdrətli söz
ustalarının tanıdılması, irsinin öyrənilməsi
istiqamətində tapşırıqlarını vermiş və
mühüm addımlar atmışdır. Dünya ədəbiyyatının
inkişafında Azərbaycan ədəbiyyatının rolu
böyükdür. Dövlətimizin
başçısı İlham Əliyevin sərəncamları
əsasında 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti
ili», 2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi
ili" elan edilməsində də məqsəd tariximizin, ədəbiyyatımızın
hər bir dövrünü təhlil etmək, bugünkü və
gələcək nəsillərə
çatdırmaqdır. Ulu Öndər dünya
təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin
keçirilməsi bir tərəfdən yubilyarın xalq,
ölkə, dünya qarşısında xidmətlərini bir
daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən
müasir nəslin ona bəslədiyi hörmət və
ehtiramı bildirmək deməkdir. Dahi şair və
mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi
kamilliyə çağıran və yüksək mənəvi
keyfiyyətlər aşılayan zəngin
yaradıcılığının bəşər mədəniyyətinin
nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə
alaraq anadan olmasının 880 illik yubileyinin dövlət
səviyyəsində qeyd olunması Azərbaycanın zəngin
tarixi-mədəni irsinin təbliğinə çox
böyük töhfədir. Nizami
yaradıcılığı xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi
üçün şəxsiyyətin ən yüksək
meyarı insanlıq idi. Onun qəhrəmanları ədalət,
xalqın xoşbəxtliyi, yüksək məqsədlər
uğrunda mübarizə aparırdılar. İnsan şəxsiyyətinə,
insan əməyinə ehtiram şairin
yaradıcılığının aparıcı
mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər
şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla
əlaqələndirməyə, Vətəninin
keçmiş günlərini tərənnüm etməyə
çalışmışdır. Nizami Gəncəvi
yaradıcılığında Vətən məhəbbəti
doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Ölkəmizdə Nizami sənətinin
öyrənilməsi və tanıdılması sahəsində
xeyli iş görülmüş, əsərlərinin
nizamişünaslıqda yüksək qiymətləndirilən
elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis
tərtibatda və kütləvi tirajla nəşr
edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə
yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir
şairin doğma şəhəri Gəncədə məqbərəsi,
Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri
ucaldılmışdır. Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını
daşıyır. Nizami Gəncəvinin yubileyləri
ölkəmizdə hər zaman təntənə ilə qeyd
edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın
klassik ədəbi-mədəni irsinə həmişə
milli təəssübkeşlik və vətənpərvərlik
mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev
Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Onun 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, nəşrini və təbliğini
daha da yaxşılaşdırmaq tədbirləri haqqında”
qərar Nizami yaradıcılığının tədqiqi və
təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın
1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü
və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri
ölkənin mədəni həyatının əlamətdar
hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin
870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə
geniş qeyd edilmişdir.
Dövlətimizin
başçısı İlham Əliyevin hər ili konkret bir
sahənin adı ilə bağlaması dünənimizə
baxış fonunda gələcəyimizi düzgün müəyyənləşdirməyə,
yeni-yeni hədəflərə doğru irəliləməyə
böyük stimul verir. Bugünümüzün
«Gənclər milli ruhda tərbiyə olunmalıdır» tələbinə
uyğun olaraq Nəsimi, sonra Nizami irsinin öyrənilməsi
üçün belə mühüm sənədin
imzalanması təqdir olunur, ədəbiyyatşünaslarımızın
qarşısında mühüm vəzifələr qoyur.
Koronavirus infeksiyası ilə mübarizə tədbirləri
ilə əlaqədar olaraq distant təhsilə xüsusi
önəm verilməsinə baxmayaraq nizamisevərlər onun
yaradıcılığının təqdimatı
üçün videoformat şəklində keçirilən
tədbirlər əsasında diskussiyaların
aparılmasında maraqlı olmalı, Nizami Gəncəvinin
özünün bir tarix olduğunu əsaslı şəkildə
geniş auditoriyaya çatdırmalıdır. Yeni-yeni
araşdırmaların aparılmasına, dərliklərə
əlavələrə böyük ehiyac vardır.
Çünki Nizami Gəncəvini yalnız klassik kimi öyrənmirik,
onun yaradıcılığından tariximizi, mədəniyyətimizi
öyrənirik. Dövlətimizin başçısı
İlham Əliyevin məlum Sərəncamı Azərbaycanın
təqdimatında növbəti səhifəni açır.
Yeganə Əliyeva
İki sahil.- 2021.- 10 aprel.- S.29.