“Generalı” ölümdən xilas edən əsgər

 

 

 

Qısa tanıtım: Əlisa Arif oğlu Əliyev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açıb. 2006-2017-ci illərdə Qızılağac kənd 2 saylı tam orta məktəbində təhsil alıb. Yeniyetmə çağlarından idmanın güləş növünə maraq göstərib, yarışlarda Fəxri Fərmanla təltif olunub. 2018-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb, 2019 - cu ilin yayında “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Masallıda fəaliyyət göstərən "Dostluq" MMC-də çalışıb. Arzusu avtomobil texnikası üzrə elektrik olmaq idi. 2020-ci il sentyabrın 29-da Ermənistan işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü gedib. Bir çox hərbi əməliyyatlarda iştirak edib, Füzuli, Cəbrayıl, Hadrud, Xocəvənd və Şuşa uğrunda döyüşlərdə vuruşub. 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində həlak olub. Şəhid Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

“Kiçik lələ”nin böyük ürəyi

 

Qızılağaclı Əlisa kişi sağlığında dünyaya gələn ikinci oğul nəvəsinə öz adını qoymuşdu. Düz 14 il - Əlisa kişi dünyadan köç edənəcən ailədə və qonum – qonşuda adaş baba ilə nəvəni çağıranlar onlara “böyük” və “kiçik lələ” deyə müraciət etdilər. Nəvə Əlisa orta məktəbdə yaxşı oxusa da babası kimi uşaqlıq çağlarından əllərini zəhmətə alışdırmışdı. Qardaşı Amidlə birlikdə təmirə ehtiyacı olan minik avtomobillərini və kənd təsərrüfatı texnikalarını sazlamaqda usta idi.

 

 ...Bu il Novruz bayramından sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərov və Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Abbasovla birlikdə kəndin tanınmış ziyalıları Zakir Abuşov, Fərhad Abbasov və başqaları ilə görüşəndə hər biri bizə Əlisanın çox mehriban, gülərüz gənc olduğunu, texnika işlərini yaxşı bacardığına görə hamının işinə yaradığını söylədi. Oğlunun böyük ürək sahibi olduğundan söz açanda atası Arif kişi dedi ki, yolda kiminsə maşınının nasaz olduğunu görəndə Əlisa onun yanından heç vaxt laqeyd ötüb keçməzdi, dayanıb təmənnasız həmin adamın maşınını təmir edərdi.

 

...Vətən müharibəsi başlayandan iki gün sonra cəbhəyə könüllü yola düşən Əlisanın Cəbrayıldan başlanan döyüş yolu Füzulidən, Hadrutdan, Xocavəndən keçmişdi. Silah yoldaşları bu zarafatcıl və şən oğlanı gah “Əlisoy”, gah da özünün ən çox işlətdiyi şirin ifadə ilə “Bərəkət haqqı” deyə çağırardılar. Əllərinin “sehrinə” bələd olan və onu müharibəyə qədər tanıyan həmyerliləri isə Əlisaya “lələ” deyərdilər. Bir dəfə Şuşa istiqamətində qanlı-qadalı döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin yüksək çinli zabiti bir neçə yerindən ağır yaralanır. Onu hospitala apararkən düşməndən qənimət götürülmüş maşın yolda xarab olur. Hamı əlimyandıda “lələ”ni axtarır. Vaxt itkisi isə  yaralı zabitin (Əlisanın atası Arifin dediyinə görə generalın) ölümünə bərabər idi. Çox keçmir ki, Əlisa köhnə VAZ -2107 markalı maşını işlək vəziyyətə gətirir. Bu, döyüş  bölgəsində onun təmir elədiyi ilk avtomobil deyildi...       

 

Şuşanın  70 addımlığında...

 

...Sevdiyi mahnıları zümzümə edən Əlisa bəzən coşub ucadan qıy vururdu: “Bərəkət haqqı, biz gəlirik...” Səsi-sədası dağlarda əks-sadə verən Əlisanın  bu gün Buzovnada yaşayan, əslən Masallının Xırmandalı kəndindən olan manqa komandiri, kiçik çavuş Əlisurət Rzayev deyir ki, cəbhədə “Bərəkət haqqı” andı ilə ad-san çıxaran Əlisanı Ağcəbədidə taqımlara bölünən gündən tanıyırdım: “Elə ilk gündən qardaş kimi doğmalaşmışdıq. Sanki Əlisa öz yaşından çox yaşamışdı, məndən 6 yaş kiçik olsa da çox böyük ürəyi vardı. 44 günlük Vətən müharibəsinin demək olar ki, 42 gününü səngərdən-səngərə birgə addımlamışdıq.  Şuşanın yaxınlığında Topxana meşəsində quru bir dərədə onunla mənim  aramda iri gövdəli ağac vardı. Bir tərəfimizdə Xankəndi, bir tərəfimizdə Şuşa idi. Gecənin qaranlıq örtüyünü səhərin üstümüzdən götürəcəyi anı gözləyirdik. Sübh çağına yaxın düşmən bizi yuxarıdan fasiləsiz atəşə tutdu. Mərmilərdən biri həmin ağacın yaxınlığında partaladı... Güclü partlayışından sonra hər tərəf tüstü - duman içində idi, göz - gözü görmürdü. Mən kontuziya olmuşdum,  özümə gələndə...”

 

...26 yaşlı Əlisurət kövrəlir. Fikirləri pərən-pərən olur... Sübh çağı ətrafdan qatı duman çəkiləndə artıq çiskin yağış yağmağa başlamışdı  Sanki o  gün  uca dağların  hüsnünə  seyrək dumandan tül  pərdə  çəkmiş doğma təbiət də Şuşa şəhəri uğrunda şəhid olan Azərbaycan əsgərlərinə yas saxlayırdı... Cıdır düzünün 70 addımlığında 30 nəfərlik taqımından cəmi 4 nəfər sağ qalmışdı... Taqım komandiri baş leytenant Namiq Şirinov təəssüf və qəhər dolu duyğular içində şəhid əsgərlərini bir-bir bağrına basıb göz yaşlarını içinə axıdırdı. Kiçik çavuş Əlisurət Rzayev  isə hospitala getməkdən imtina edib düşməndən şəhid silahdaşlarının intiqamını almaq üçün yenidən döyüşə atılmışdı...

 

Qırmızı telefon,  yadigar bilərzik  və...

 

Son döyüşdən əvvəl Əlisa qardaşı Amidə, bacıları Əfsanə və Bəstiqıza, yeznələri Ruslana və Raufa qırmızı rəngli telefonla zəng edib: “İnşallah biz tezliklə qələbə qazancağıq!..” demişdi.  Onun  minaatan kimi daxil  olduğu bölüyün sanitar həkimi Şamxal Quliyev deyir ki, adətdən əsgərlər özlərinə məxsus müxtəlif əşyaları bir-birlərinə hədiyyə edirdilər: “Hadrutdan Şuşa istiqamətinə yollananda mənim taxdığım bilərzikdən Əlisanın xoşu gəldi. Dedi ki, doktor, qoy bu bilərzik səndən də mənə yadigar qalsın...”

 

Şamxalın yadigar kimi verdiyi həmin bilərziyi Əlisa dörd gün  biləyində gəzdirdi. Həmişə deyib-gülən, şən zarafatlar edən Əlisa Şuşa uğrunda döyüş ərəfəsində sığındıqları o iri gövdəli ağacın altında əsgər yoldaşlarından birinə pıçıltı ilə: “Sübh çağı bəlkə də mən həyatda olmayacağam.” deyib. Ürəyinə daman fikir, başına gəlib... Sübh çağı onun tanınmaz hala düşmüş nəşini Şamxalın yadigar kimi bağışladığı bilərzikdən, bir də ailə üzvlərinə son dəfə zəng elədiyi qırmızı rəngli cib telofonundan tanıyıblar.

 

Şaqraq gülüşləri Daşaltı dərəsinə sığmayan, “Bərəkət haqqı” sədası dağalarda-daşlarda əks-səda verən “lələ” artıq həyatda yox idi... Aradan heç bir saat keçmir ki, Əlisa ilə bərabər şəhid olan igid Azərbaycan oğullarının intiqamı alan əsgərlərimiz Daşaltı dərəsindən qalxıb Cıdır düzündə Zəfər bayrağını dalğalandırırlar. Erməni faşistlərinə məxsus bayrağı Əlisurət Asif adlı əsgər yoldaşı ilə ayaq altına atıb tapdalayırlar. O gün düşməni darmadağın edən silahdaşları şəhid Əlisa Əliyevlə vidalaşaraq onun Azərbaycanın üçrəngli  bayrağına bürünmüş tabutunu  Masallıya yola saldılar...

 

Bəy otağı kimi bəzədilmiş şəhid güşəsi...

 

...Arif kişinin evinin ikinci mərtəbəsinin günçıxan tərəfindəki otaqlarından biri Əlisanın bəy otağı olacaqdı. İndi  həmin otaq  şəhidə məxsus bütün əşyaların saxlandığı kiçik muzeyi xatırladır. Güşədə igid Azərbaycan əsgərinin hərbi geyiminin yaxasından asılmış bir medal diqqətimizi cəlb edir. Arif kişi deyir ki, Qızılağac kənd məktəbində Əlisanın idman müəllimi vaxtilə özünün yarışlarda təltif olunduğu medallardan birini gətirib şəhid şagirdinin hərbi mundirinin yaxasına taxıb... Bu sayğı, adı ömürlük yaddaşlara yazılan Əlisanın orta təhsil aldığı məktəbin bütün müəllimlərinin şəhid şagirdlərinə olan böyük ehtiramının nişanəsidir.

 

...Şəhid əsgərimizə əyalətdə yaşayan şairlər şeir və meyxanalar da həsr ediblər. Arif kişi onların bəzisini şəhid oğlundan yadigar qalan telefonun yaddaşına köçürüb. Bu poetik nümunələrin hər biri Əlisanın  necə böyük ürək sahibi olduğunu, qalibanə və şən təbəssümlərini, sevdiyi peşəyə canla-başla yanaşdığını, “bərəkət haqqı” andına sədaqətini  göz önündə canlandırır. Amma bizim yadaşımızda əbədi qalan və milyonlarla insanın qəlbini fəth etmiş şəhidlərin ölməz olduğunu bəyan edən Vətən müharibəsinin qızılağaclı şəhidlərinə - Əlisa Əliyevlə Cavad Babayevə xitabən məzarları önündə deyilən dini mərsiyənin bu misraları oldu:

 

Ey Vətən qurbanları, bizdən  salam olsun sizə,

Cəbhənin aslanları,  bizdən salam olsun sizə!..

 

Nurəddin Muğanlı

 

İki sahil.- 2021.- 16 aprel.- S.14.