Şəxsi xarizma,
diplomatik ustalıq, varislik...
Ulu öndər Heydər Əliyev mahiyyətcə dahi vətənpərvər
idi. O,
heç vaxt xalqı çağırışlarla,
şüarlarla yükləmirdi. Böyük
dövlət adamı sadəcə olaraq Azərbaycanı təmənnasız
bir istəklə sevir və hər addımında bu sevgi
uğrunda istənilən fədakarlığa hazır
olduğunu sübut edirdi.
Heydər Əliyev gənc yaşlarından Kommunist
Partiyasının sıralarına qoşulmuşdu. O zamanlar təbii ki,
dövrün xarakterinə uyğun olaraq tapşırıqlar,
göstərişlər və ideoloji tezislər yuxarıdan gəlirdi
və onlar qeyd-şərtsiz yerinə yetirilməli idi. Ulu Öndərimiz belə məqamlarda heç vaxt ədalət
hissini itirmir, həmişə öz vicdanının səsinə
qulaq asırdı. Etiraf edək ki,
yuxarıların göstərişinə “yaradıcı
yanaşmaq” çox təhlükəli idi. Böyük siyasi xadim bu cür “yaradıcı
yanaşma”larını yuxarıların və bədxahlarının
nəzər-diqqətindən məharətlə
yayındırmağı da bacarırdı. Təsadüfi
deyil ki, o, Azərbaycan Respublikasının Prezidenti olarkən
deyirdi ki, mən Kommunist Partiyasının Mərkəzi Komitəsində
rəhbər vəzifələrdə, eyni zamanda, ondan əvvəl
Dövlət Təhlükəsizlik orqanlarında
çalışdığım zaman Azərbaycan
xalqının əleyhinə heç bir hərəkətə
yol verməmişəm. “Biz o dövrdə
heç bir dissidenti həbs etmədik. Antisovet
təbliğatına görə heç kimi cəzalandırmadıq.
Baxmayaraq ki, yuxarıdan belə göstərişlər
və təzyiqlər olurdu”.
O vaxt Azərbaycan
DTK-na məlumat daxil olmuşdu ki, Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsində
özbaşınalıqdır. Universitetin Elmi
Şurasında görünməmiş hadisə baş verib.
Bir neçə alim iddia edib ki, Azərbaycan
Rusiyaya heç də rəsmi təbliğatın diktə
etdiyi kimi könüllü olaraq birləşməmişdir.
Azərbaycan silah gücünə, qanlı
çarpışmalarla zəbt edilmişdir. DTK-nın sədri olan Heydər Əliyev həmin məlumatı
araşdırır və görür ki, “iddianı” irəli
sürənlər tanınmış tarixçilər Mahmud
İsmayılov və Süleyman Əliyarovdur. Onlarla bir sırada tarixçi-alim, eyni zamanda,
Böyük Vətən müharibəsinin
iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı
Ziya Bünyadovun da adı çəkilirdi. Həmin fakültədə baş verən hadisə
universitetin hüdudlarından kənara
çıxmışdı. Mərkəzi
Komitəyə və DTK-ya məlumat çatdıran
danosçular tələb edirdilər ki, Mahmud
İsmayılov, Süleyman Əliyarov və Ziya Bünyadov sərt
formada cəzalandırılsınlar. Onlar
hesab edirdilər ki, bu, ideoloji təxribatdır və təxribata
qarşı laqeyd qalmaq olmaz. Çünki bu hadisədən
beş il əvvəl Azərbaycanın
Rusiyanın tərkibinə könüllü daxil olması
haqqında geniş tədbirlər keçirilmiş, Azərbaycan
SSR Lenin ordeni ilə təltif edilmişdi. İndi isə azərbaycanlı
alimlər belə bir iddia ilə çıxış edirlər...
Heydər Əliyev həmin alimləri görüşə
dəvət edir, onlarla söhbət aparır. Alimlər Heydər
Əliyevə tarixi mənbələr, o cümlədən
arxivlərdən götürülmüş sənədlər
göstərirlər. Vətəninə,
xalqına qəlbən bağlı olan Heydər Əliyev
görür ki, alimlər haqlı danışırlar. Ziya Bünyadov əlavə edir ki, siz
ağıllı adamsınız, bilirsiniz ki, tarix siyasətdən
nə ilə və necə fərqlənir. Biz tarixi öyrənirik və tədqiq edirik. Müzakirə aparmadan elmi nailiyyətlər əldə
etmək mümkün deyil.
Heydər Əliyev nə etməli idi? Onun öz
karyerası təhlükə qarşısında qala bilərdi.
Bircə yanlış hərəkət bəs
edərdi ki, bədxahları onun bu addımını öz
bildikləri kimi yozsunlar. Ancaq həmişə
olduğu kimi, yenə də ədalət hissi, öz
xalqına məhəbbət üstün gəldi. Heydər
Əliyev göstəriş verdi ki, tarix
fakültəsində baş verən həmin hadisəni elmi
mübahisə kimi qiymətləndirərək arxivə göndərsinlər.
Sonralar Heydər Əliyev Bəxtiyar Vahabzadənin o
dövrdəki fəaliyyətindən danışaraq
böyük şairi hansı təhlükələrdən
(bir çox hallarda şairin özünün xəbəri
olmadan) qoruyurmuş. B.Vahabzadə özü deyirdi ki,
DTK-nın sədri Heydər Əliyev məni dəvət edib.
Lenin haqqında əsər yazmağımı təklif
etdi. “Leninlə söhbət” poemam
yarandı və Dövlət mükafatına layiq
görüldü. Başa
düşdüm ki, bütün bunlar mənim müdafiəm
üçün düşünülmüşdür.
Belə hadisələr çox olmuşdu və
Böyük Öndər xalqın xeyri üçün
bütün riskləri göz önünə almışdı. Təsadüfi
deyil ki, Heydər Əliyev ziyalılarla söhbətində “o
dövrdə bir nömrəli dissident mən özüm idim”
deyəndə çox səmimi və haqlı idi.
Heydər Əliyevin Kommunist Partiyasının
sıralarını tərk edərkən qeydiyyatda olduğu
SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına
yazdığı məktub-bəyanat unikal tarixi bir sənəddir. Mən
düşünürəm ki, bu məktub-bəyanatın mətni
orta məktəb dərsliklərinə salınmalı,
öyrənilməlidir. YAP-ın bütün təşkilatlarında
görkəmli yerlərdən asılmalıdır. Heydər
Əliyev həmin dövrdə heç kimin
bacarmadığı, hamının başa
düşdüyü, amma dilinə gətirməyə cəsarət
etmədiyini çox açıq şəkildə bəyan
etdi: “Bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu
özünü doğrultmadı. Zorakılıqla
yaranan və saxlanılan respublikaların ittifaqı süquta
uğramaqdadır”.
Bunları partiya təşkilatına ünvanlamaq
üçün böyük mərdlik, vətəndaş cəsarəti
tələb olunurdu. Heydər Əliyev bu bəyanatdan sonra
qarşısına çıxa biləcək çətinlikləri
təsəvvür edirdi. Çünki o,
DTK generalı idi. Cürbəcür
hücumları, iftiraları, təqibləri əvvəlcədən
görməmiş deyildi. Ancaq Kommunist
Partiyasının keçdiyi yolu düzgün təhlil etməsi
onu bu mövqeyə gətirmişdi. Xüsusilə
qeyd etmək istəyirəm ki, Heydər Əliyevin bu
addımı sadəcə olaraq Sov.İKP sıralarından
adi bir istefa deyildi, bu, üç yüz illik dövlətçilik
tarixi olan nəhəng bir imperiyaya meydan oxumaq idi.
Mən məktub-bəyanatın mətnindəki bəzi
məqamlar üzərində dayanmaq istəyirəm. Heydər
Əliyev partiyadan gedişinin üç səbəbini
göstərirdi. Birinci səbəb olaraq yazırdı:
“Hələ 1990-cı il yanvarın 20-də
Azərbaycan KP MK-nın siyasi rəhbərliyi altında Azərbaycan
xalqına qarşı edilmiş hərbi təcavüzdən
sonra məndə Sov.İKP sıralarından çıxmaq
fikri yarandı. Yanvar hadisələrində
günahsız dinc əhali öldürüldü və
şikəst edildi. Bu antihumanist, hüquqa
zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan
KP MK-nın bu cinayəti açacağına ümid bəsləyirdim.
Özümü ələ alıb səbirlə
gözlədim. Çıxışlarıma
cavab əvəzinə çox çəkmədi ki,
“Pravda”dan başlayaraq partiyanın mətbu orqanlarında mənə
qarşı hücumlar təşkil edildi. Mənə yönəlmiş uydurma faktları əsaslandırılmış
şəkildə elə həmin kütləvi informasiya vasitələrinin
özündə təkzib etmək cəhdlərim boşa
çıxdı. Yenidənqurmanın əsas
hədəfi olan aşkarlıq özünü birtərəfli
göstərdi. Artıq il yarım
keçib, nəinki bu dəhşətli cinayətlərin
hamıya məlum olan günahkarları üzə
çıxarılmayıb, əksinə, bunları
ört-basdır etmək üçün əllərindən
gələni edirlər. Ümid edirlər ki,
zaman keçdikcə bu faciə unudulacaq. Ancaq
tarix sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş
qanlı cinayətləri on illər keçsə də,
unutmaq və bağışlamaq mümkün deyil”.
Heydər
Əliyev ikinci səbəb olaraq qeyd edir: “Üç ildən
artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində
Sov.İKP MK-nın havadarlıq etdiyi erməni millətçilərinin
səyi ilə Azərbaycanın Dağlıq Qarabağ Vilayətində
yaranmış kəskin münaqişəli vəziyyət
saxlanmaqdadır. Vilayət əslində Azərbaycanın
dövlət idarəçiliyindən
çıxıbdır. Azərbaycanın
dövlət suverenliyi, ərazi bütövlüyü kobud
şəkildə pozulubdur. Ermənistan və
Azərbaycan arasında elan olunmamış müharibə
gedir. Demək olar hər gün iki tərəfdən
də adamlar ölür. Bütün bunlar
“humanist ideologiyalı” sovet dövləti üçün adi
haldır. Əminəm ki, partiya rəhbərliyi
istəsəydi, 1987-1988-ci illərdə Qarabağ problemi ətrafında
milli münaqişə başlayanda onun
qarşısını ala bilərdi. Getdikcə
güclənən qarşıdurmaya, həm Azərbaycan, həm
də erməni xalqına ağır fəlakət və
müsibətlər gətirmiş bu qırğına imkan
verməzdi. Deməli, siyasi mərkəzə
bu münaqişə lazımdır”.
Heydər
Əliyev üçüncü səbəb olaraq göstərir:
“Cəmiyyətin demokratikləşməsi Sov.İKP MK-nın
rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə
boğulur. İl yarımdır ki, Azərbaycanın
iki milyonluq paytaxtı fövqəladə vəziyyət
rejimində yaşayır”.
Daha sonra məktub-bəyanatda deyilir ki, mən öz
çıxışlarımda təklif etdim ki, xalq
arasında nüfuzunu tamamilə itirmiş Azərbaycan
Kommunist Partiyası təkhakimiyyətlilikdən imtina etsin. Bütün
siyasi qüvvələrin bərabərhüquqlu fəaliyyətini
təmin etsin. Ancaq bu çıxış
və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi
nəinki baxmır, əksinə, mənim ünvanıma təşkil
edilmiş və hazırlanmış hücumlar şəklində
cavab verir. Azərbaycanda mənim
çıxışlarımı dərc edən qəzet
redaktorları, jurnalistlər işdən
çıxarılır və təqiblərə məruz
qalır”.
Yeri gəlmişkən, qeyd edim ki, Ulu Öndər
“redaktorlar”, “jurnalistlər” deyəndə məni nəzərdə
tuturdu. Çünki o zaman məndən başqa heç
bir redaktor, jurnalist işdən
çıxarılmamışdı. Heydər Əliyev
haqqında bir sətir belə yaxşı söz
yazmırdılar, əksinə, rəhbərlikdə olduğu
on dörd il müddətində onu tərifləyən “qələm
adamları” vəzifədən gedəndən sonra Azərbaycanın
və Rusiyanın kommunist mətbuatında görkəmli
siyasi xadimə böhtan və iftiralar
yağdırırdılar. Mən də
KİV-lərdəki məqalələrimlə
yazılanları təkzib edirdim, ona görə də işdən
tez-tez azad olunurdum.
Heydər
Əliyev Moskvaya məktub-bəyanatı yazmağa gedəndə
özü mənə dedi ki, “səni dəfələrlə
(4 dəfə) işdən uzaqlaşdırdıqlarını
məktub-bəyanatımda qeyd edəcəyəm”. Bakıya
qayıdandan sonra “gördün, dediyimi etdim” - dedi. Bu barədə yazıçı-publisist, Elmira
Axundovanın “Heydər Əliyev. Şəxsiyyət
və zaman” çoxcildliliyinin beşinci cildində ətraflı
bəhs edilmişdir. Məktub-bəyanatında
Heydər Əliyevin göstərdiyi səbəblər onu
axırıncı addımı atmağa və partiya
sıralarından çıxmağa məcbur etmişdi.
Amma Heydər Əliyevin bu qərara gəlməsi son dərəcə
çətin olmuşdur: “Mən kommunist ailəsində
böyümüşəm və bütün şüurlu həyatım
Kommunist Partiyası ilə bağlı olub. 1943-cü
ildə iyirmi yaşında ikən öz taleyimi Bolşevik
partiyası ilə bağlamışam. Kommunist
Partiyasının ideallarına bütün
varlığımla inanmışam və onun
planlarının həyata keçirilməsində fəal
iştirak etmişəm. İndi
bütün bu inamlarım məhv olub”.
Azərbaycan xalqı öz dahi rəhbərini heç
vaxt unutmamışdır. Bu barədə Heydər Əliyev
1999-cu ildə Yeni Azərbaycan Partiyasının qurultayında
belə demişdi: “Nə Qorbaçov, nə Vəzirov, nə
Mütəllibov, nə də Əbülfəz Elçibəy
hakimiyyəti heç birisi Heydər Əliyevi Azərbaycan
xalqının qəlbindən çıxara bilməyib”.
Həqiqətən də belədir. Heydər
Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq
üçün göstərilən kobud cəhdlər onu
sürətlə hakimiyyətə
yaxınlaşdırırdı və bu
yaxınlaşmanın məntiqi nəticəsi olaraq xalq
öz liderini 1993-cü ildə təkidli tələblərlə
yenidən hakimiyyətə dəvət etdi. Heydər Əliyev eyni səmimiyyət və
ardıcıllıqla müstəqil Azərbaycanın
qurulmasında xarüqələr yaratmağı bacardı.
1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə
Azərbaycan imperiyanın unudulmuş, yaddan
çıxmış bir əyaləti idi. Həmin əyalət
14 illik hakimiyyəti ərzində Sovet İttifaqının və
dünyanın diqqət mərkəzində oldu.
1993-cü
ildə Heydər Əliyev hakimiyyətə gələndə
demək olar ki, eyni mənzərə ilə
qarşılaşmışdı: dövlət, hakimiyyət
adında heç nə yox idi. Əgər
dövlət olsaydı, adi müəllim Ayaz Mütəllimovun
hakimiyyətini, adi yun zavodunun direktoru Əbülfəz
Elçibəyi hakimiyyətdən devirə bilməzdi. Heydər Əliyev belə bir şəraitdə
dövlət maşınını qurub sazladı, işə
saldı.
Heydər Əliyevin şəxsiyyəti və
xarizması hesabına mürəkkəb bir regionda yerləşən
kiçik Azərbaycan böyüdü və möhtəşəm
uğurlara imza atdı, hətta nəhəng dövlətlər
Azərbaycanın mövqeyi ilə hesablaşmağa başladılar.
Şübhəsiz ki, Ümummilli Liderimiz qeyri-adi dövlətçilik
və diplomatik məharəti olmasaydı, “Əsrin müqaviləsi”
imzalanmazdı.
“Əsrin müqaviləsi” həm də “əsrin
mübarizəsi” kimi şərh edilməlidir. Əsrin bu keşməkeşli mübarizəsindən
qalib çıxan Azərbaycan öz xilaskar liderini həmişə
qürurla anacaqdır.
“Əsrin müqaviləsi” sadəcə olaraq iqtisadi bir
müqavilə deyildi, bu müqavilə uzun bir yola
çıxmış gənc, müstəqil dövlətin təhlükəsizlik
kəməri funksiyasını yerinə yetirir. Baxmayaraq ki, bəzi
üzdəniraq siyasətçilər bu layihəni əfsanə
adlandırırdılar, onun baş tutmayacağını
iddia edirdilər. Heydər Əliyev əfsanələri
gerçəkləşdirməyi bacaran əfsanələşmiş
bir lider idi.
O, Azərbaycanın
dövlət müstəqilliyini hər şeydən uca
tuturdu. Məlumdur ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi
“Azadlığa dəstək aktı”nın
907-ci maddəsinə Azərbaycanla bağlı düzəliş
tətbiq etmişdi. Həmin ədalətsiz qərarın
mahiyyəti belə idi ki, Azərbaycan Ermənistanı
blokadaya məruz qoyub, buna görə də cəzalandırılır.
Azərbaycan tərəfi isə hesab edir ki, 1991-1992-ci
illərdə məhz Ermənistan Naxçıvan Muxtar
Respublikası ilə əlaqələri kəsib, Azərbaycanın
digər regionları, Bakı ilə Naxçıvan
arasında kommunikasiyanı sıradan
çıxarmışdı. Naxçıvan
çətin vəziyyətə düşmüşdü.
İnsanlar soyuqdan donur, elektrik enerjisiz,
qaranlıqda qalırdılar. Lakin həmin
maddə Azərbaycana yardım göstərməyi
ABŞ-ın bütün dövlət qurumlarına qadağan
etmişdi. Amma Amerika belə
yardımları SSRİ-dən sonra müstəqillik
qazanmış respublikalara göndərirdi. Məsələn, Ermənistan və Gürcüstan
“Azadlığa dəstək aktı”ndan istifadə edə
bilirdi. Ulu öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk
gündən hər şey edirdi ki, ABŞ bu qərara yenidən
baxsın və ləğv etsin. O, Amerikanın o
vaxtkı Prezidenti Bill Klintonla müəyyən
razılığa da gələ bilmişdi. 1997-ci
ildə Heydər Əliyevin Vaşinqtona səfəri
zamanı dövlət başçıları bu barədə
bəyanat da imzalamışdılar. Amma
çox təəssüf ki, bu qərarın həyata
keçirilməsi baş tutmadı. ABŞ
Prezidenti Bill Klinton prezidentlik səlahiyyətlərinin başa
çatmasına bir neçə gün qalmış Heydər
Əliyevə məktub göndərmişdi. Məktubda
deyilirdi ki, ABŞ Konqresi Azərbaycana yönəlik 907-ci maddəni
Azərbaycanın Ermənistana göstərəcəyi hər
hansı güzəşt müqabilində, məsələn,
Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu sahəsində
ticarətə imkan yaradılması müqabilində ləğv
edə bilər. Azərbaycanın dövlət
maraqlarını hər şeydən üstün tutan Heydər
Əliyev rədd cavabı verir və məktubda yazır ki, Azərbaycan
indiyə kimi 907-ci maddə ilə yaşamışdır və
bundan sonra da yaşayacaq. Onun ölkəsi
Ermənistana güzəşt etməyəcəkdir. Əvvəlcə əsas məsələni həll
etmək, münaqişəni aradan qaldırmaq lazımdır.
Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarını azad etməlidir...
Heydər Əliyevin xarizmasında dəmir nizam-intizam və
humanizm bir-birini tamamlayan iki mühüm keyfiyyətdir. Mən onun 1993-cü il iyulun 15-də Milli Məclisdəki
çıxışını indiyədək
xatırlayıram. Bəzi dairələr onun
haqqında şayiə yayırdılar ki, guya hakimiyyətə
gələndən sonra ona vaxtilə pis münasibət bəsləmiş
insanlardan qisas alacaq. Həmin gün Heydər Əliyev bu
şayiələri, uydurmaları təkzib etdi və dedi:
“Bütün Azərbaycan xalqına elan edirəm ki, mənim təbiətimdə
qısqanclıq hissiyyatı yoxdur. Bunu sadəcə
olaraq ayrı-ayrı adamlar süni şəkildə
yaradıblar və görünür ki, təkcə mənə
ləkə vurmaq üçün yox, bizi parçalamaq
üçün fikirləşiblər. Sizə
söz verirəm ki, qisasçılıq hissiyyatına
qapılmayacağam. Əgər kimsə mənə
qarşı düzgün münasibət bəsləməyibsə,
inanın, mən onların hamısını çoxdan
bağışlamışam. Mən
özümü o hisslər səviyyəsinə
salmamışam və salmayacağam. Ona
görə yox ki, siz mənə etimad göstərdiniz, mən
belə bir vəzifəyə gəldim. Yox,
mən sadəcə bir vətəndaş kimi heç vaxt,
heç kəslə ədavət aparmaq istəməmişəm
və istəməyəcəyəm”.
Ulu
Öndər dərhal həmin çıxışında
anladır ki, bu, heç də qanunu pozanlara göz
yumacağı anlamına gəlməməlidir: “Ancaq vəzifə
çərçivəsində şübhəsiz ki, biz
hamımız nizam-intizama tabe olmalıyıq. Biz
hamımız qanuna tabe olmalıyıq. Qanunun
aliliyini təmin etməliyik. Və bu yolda
mən öz əqidəmdən dönməyəcəyəm”.
Dövlətçilik onun əqidəsindən
qızıl bir xətt kimi keçirdi. O öz şəxsi
nümunəsi ilə ətrafındakılara, cəmiyyətə
dövlətçilik əxlaqı aşılayırdı.
1993-cü ildə hakimiyyətə gələndə Azərbaycan
həbsxanalarında ölüm cəzasına məhkum
edilmiş və hökmün icrasını gözləyən
140 nəfər var idi. Heydər Əliyevin göstərişi ilə
ölüm hökmünün heç biri icra edilmədi.
1980-ci ildə isə Şərqdə ilk dəfə
olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi.
Ancaq özlərini demokrat adlandıran müxalifətçilər
bir il ərzində 8 nəfəri güllələtmişdilər...
Gələcək Heydər Əliyevindir. Bu, sadəcə
olaraq ona şəxsi simpatiyası olan bir qələm
adamının bəlağəti deyil, ciddi sosial-siyasi və
elmi-politoloji əsasları olan bir qənaətdir. Reallıq bundan ibarətdir ki, Heydər Əliyevin
siyasi kursundan kənarda Azərbaycanın dövlət müstəqilliyi
təsəvvür olunmur. Müasir
dünyada baş verən hadisələr, ayrı-ayrı
ölkələrdəki dağıdıcı proseslər
Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etməsinin
vacibliyini bir daha sübut edir. Biz
görürük ki, demokratiya adı altında ayrı-ayrı
ölkələrin həyatına rifah deyil, bədbəxtlik,
xaos və acınacaqlı həyat tərzi gəlir. Necə ki, XXI əsrin əvvəllərində
dövlət başçısını qətlə yetirmək,
dar ağacından asmaq kimi feodal ənənələr
qaytarılır.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin siyasi
kursunun davamçısı cənab İlham Əliyevin ətrafında
sıx birləşir. Prezidentimizin rəhbərliyi altında
islahatlar geniş miqyas alıb. Ona
xalqın etimadı sonsuz və tükənməzdir.
Əminəm ki, Heydər Əliyev siyasi kursu Prezident
İlham Əliyevin dəst-xətti ilə daha da zənginləşəcək
və müstəqilliyimizin təminatçısı statusunu
qoruyub saxlayacaqdır.
Xeyrəddin Qoca
İki sahil .- 2021.- 21 aprel .-
S.10;12.