Zəngəzur dəhlizi bütün
türk dünyasını birləşdirəcək...
2009-cu ilin oktyabrında dövlət
başçılarının Azərbaycanın qədim
şəhəri Naxçıvanda keçirilmiş Zirvə
Görüşündə ölkələrimiz arasında əməkdaşlığın
təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan bölgəsi
arasında Zəngəzur yerləşir. Vaxtilə
Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana
birləşdirilməsi böyük türk
dünyasını coğrafi baxımdan parçaladı.
Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə
işimizlə biz türk dünyasının birliyini daha da
gücləndirdik və qardaşlığımızı
davam etdiririk. Bu mənada, Türk Şurasının
yaradılmasına dair qərarın, məhz
Naxçıvanda keçirilmiş Zirvə
Görüşündə qəbul edilməsi türk
dünyası üçün böyük rəmzi əhəmiyyətə
də malikdir
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (Türk
Şurası) martın 31-də videokonfrans vasitəsilə
keçirilən qeyri-rəsmi Zirvə görüşü
bir daha göstərdi ki, türkdilli dövlətlər
arasında əməkdaşlığın getdikcə
möhkəmləndirilməsi qarşıda duran ən mühüm
vəzifədir. Xatırladaq ki, Türk Şurasının fəaliyyəti
dövründə bu istiqamətdə bir sıra önəmli
tədbirlər reallaşdırılıb. Azərbaycanın
sədrliyi ilə keçirilən görüşlərdə
də ölkəmiz türkdilli dövlətlər arasında
əməkdaşlığın daha da möhkəmlənməsinə
ardıcıl səylər göstərib, ticari-iqtisadi, mədəni-humanitar
əlaqələrin güclənməsini, daha sıx
münasibətlərin qurulmasını, mədəni dəyərlərin
qorunmasını diqqət mərkəzində saxlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bu məqamla
bağlı zirvə görüşündəki
çıxışında deyib: “Bugünkü zirvə
görüşü 2019-cu ilin oktyabrında Bakıda
keçirilmiş zirvə görüşündən sonra
ikinci zirvə görüşüdür. Bir il əvvəl,
keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü
ilə COVID-19-a həsr edilmiş zirvə görüşü
keçirilmişdir və bu, özlüyündə bir
göstəricidir. Göstərir ki, zirvə görüşləri
müntəzəm olaraq keçirilir və əlbəttə
ki, üzv ölkələr arasındakı birliyə bunun
çox böyük müsbət təsiri vardır”.
Zirvə görüşündə
çıxış edən Qazaxıstanın birinci
Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri
Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,
Türk Şurasının Baş katibi Bağdad Amreyev
Türk Şurasının regional əməkdaşlıq
üçün səmərəli mexanizmə
çevrildiyini vurğulayıblar. Natiqlər türk dövlətlərinin
istənilən çağırışlara hazır
olmasının, mövcud potensialı genişləndirməsinin
vacibliyindən danışıblar. Bütün bunlarla bərabər
Azərbaycanı qazandığı qələbə
münasibətilə təbrik ediblər.
Zirvə görüşündə Vətən
müharibəsində Azərbaycanın haqq savaşı ilə
bağlı ətraflı danışılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin
30 ilə yaxın müddətdə işğal altında
saxladığı Dağlıq Qarabağ bölgəsi və
onun ətrafındakı rayonlar düşmən tərəfindən
talan edilib, xalqımıza məxsus tarix və mədəniyyət
abidələri vandalizmə məruz qalıb, yerlə-yeksan
olunub, bir qisminə isə toxunulmayaraq,
saxtalaşdırılıb, erməniləşdirilib.
Düşmənin ən çox dağıtdığı mədəni
irs nümunələri sırasında isə İslam dini abidələri
– məscidlər, türbələr və digər inanc yerləri
daha çox diqqət çəkib. Xalqımız Ermənistan
tərəfindən xüsusi əhəmiyyətə malik
unikal abidələrə bu cür barbarcasına münasibəti
isə dünya irsinə qarşı yönələn təhdid
kimi dəyərləndirib.
Rəsmi məlumata əsasən, işğal
edilmiş ərazilərimizdə tarixi-dini abidələrin
ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd,
192-si isə ziyarətgahdır. Qəbiristanlıqların
sayı isə 900-dən artıqdır.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Zirvə
görüşündəki çıxışında bu
barədə ətraflı bəhs edib. Dövlətimizin
başçısı deyib: “Azad edilmiş torpaqlarda hər
şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir,
diplomatlar səfərlər edirlər. Görürlər ki,
şəhərlər dağıdılıb, evlər
dağıdılıb, kəndlər dağıdılıb,
tarixi abidələrimiz dağıdılıb. Ağdamı
xarici və yerli jurnalistlər Qafqazın Xirosiması
adlandırıblar. Füzuli şəhəri işğaldan
azad olunandan sonra bu şəhərdə bir salamat bina
qalmamışdı ki, o binanın damında Azərbaycan
bayrağı qaldırılsın. Ermənilər
bütün şəhərlərimizi məhv ediblər,
bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları
şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan
çox məscidi dağıdıblar və
yarımçıq sökülmüş məscidlərdə
inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə
vardır. Yəni, bu, bütün müsəlman aləminə
qarşı təhqirdir, cinayətdir və bütün
dünya artıq bunu görür və görməlidir. Biz
öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv
etdik. Hazırda bərpa işlərinə start verilib.
Müharibədən sonra bir çox azərbaycanlı
mülki şəxs və hərbçi minaya düşərək
həlak olub və yaralanıb. Ermənistan bu günə qədər
bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi
cinayətdir. Ona görə minalardan təmizləmə
işi daha çox vaxt aparacaq. Bu işlər başa
çatmadan, əlbəttə ki, biz köçkün,
qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.
Yeri gəlmişkən, Prezident İlham
Əliyevin zirvə görüşündəki
çıxışında bir məqam da diqqət çəkdi.
Bu, Vətən müharibəsində qardaş
Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi
və siyasi dəstəyə, xüsusilə qardaş ölkə
rəhbərinin Azərbaycanın tək olmadığına
dair bəyanatlarına görə dövlətimizin
başçısı tərəfindən Prezident Rəcəb
Tayyib Ərdoğana xüsusi təşəkkür etməsi
ilə bağlıdır: “Biz müharibənin ilk
günündən qardaş Türkiyədən böyük dəstək
aldıq. Mənim əziz qardaşım,
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan
sentyabrın 27-də müharibə başlanan gün
açıq şəkildə Azərbaycana dəstək ifadə
etdi. Bu siyasi və mənəvi dəstəyin çox
böyük əhəmiyyəti var idi. Əziz qardaşım
bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın
yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj
idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını
uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar
qüvvə məsələyə müdaxilə etməsin...”
Dövlətimizin başçısı
çıxışında, eyni zamanda, Türk
Şurasının sentyabrın 28-də – müharibədən
bir gün sonra Azərbaycana dəstək xarakterli
açıqlama verdiyini, ondan sonra müharibə
dövründə
bir neçə dəfə buna oxşar
açıqlamalar diqqətə
çatdırdığını,
habelə digər beynəlxalq təşkilatların
– Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq
Təşkilatının Azərbaycana siyasi dəstək
göstərdiklərini də xatırladıb.
Hazırda Qarabağda quruculuq tədbirləri həyata
keçirilir, infrastruktur layihələri
reallaşdırılır. Ziyanın hesablanması
aparılır, şəhərlərin baş planları tərtib
olunur. İlk növbədə, Ağdam şəhərinin və
bu rayonun bütövlükdə baş planı
hazırlanır. Bütün bunlardan sonra isə sosial obyektlərin,
inzibati binaların inşası, nəhayət, məskunlaşmaya
başlanılması nəzərdə tutulur.
İnfrastruktur layihələrinin
reallaşdırılmasından danışarkən, bir məqama
xüsusi toxunmaq istərdik. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan
və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən
imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsi
ilə bağlıdır. Bu maddədə bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa
olunmasının zəruriliyi vurğulanır. Başqa
sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın qərb rayonlarını birləşdirən
yeni nəqliyyat kommunikasiyalarının inşasının
reallaşdırılması nəzərdə tutulur.
Fevralın 14-də Prezident İlham Əliyevin Horadiz-Ağbənd
dəmir yolu xəttinin təməlini qoyması da sözügedən
Bəyanatın 9-cu maddəsinin icrasına
başlanılmasının bariz ifadəsidir.
Yeri gəlmişkən, Azərbaycan və
Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında
2021-ci il yanvarın 11-də reallaşan üçtərəfli
görüş zamanı da nəqliyyat-kommunikasiya sistemlərinin
bərpası əsas müzakirə mövzusu olub. Görüşün gedişində imzalanan yeni Bəyanata
əsasən, 10 noyabr Bəyanatının 9-cu bəndinin
müddəalarını icra etmək üçün Azərbaycan,
Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin
həmsədrliyi ilə üçtərəfli işçi
qrupu yaradılıb. Həmin qrupun
iclasında isə Azərbaycan və Rusiya prezidentlərinin,
Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da
imzaladıqları bəyanatın həyata keçirilməsi,
dəmir yolu və avtomobil yolunun salınmasının prioritet
məsələ kimi icra olunması, eləcə də
üç ölkə rəhbəri arasında razılaşdırılan
digər istiqamətlərin müəyyənləşdirilməsi
ilə bağlı əsas fəaliyyət istiqamətlərinin
siyahısı hazırlanıb.
Xatırladaq ki, əməkdaşlıq
və nəqliyyat baxımından Zəngəzur dəhlizinin
yaradılması Azərbaycan, Rusiya və Ermənistan
arasında imzalanan sənədlər arasında ən
mühüm məsələlərdən biri sayılır və
bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin
maraqlarına xidmət edir. Azərbaycan bölgədə
davamlı sülhün bərqərar olunması
üçün əsas vasitəni əməkdaşlıqda
görür və buna görə də Zəngəzur dəhlizin
yaradılmasını və nəqliyyat əlaqələrinin
bərpasını qətiyyətlə dəstəkləyir.
Prezident İlham Əliyev zirvə
görüşündəki çıxışında bu
barədə deyib: “Müharibə başa çatdı,
münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı.
Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat
imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi
üzərində çox fəal
çalışırıq. Naxçıvanda
keçirilmiş zirvə görüşündə mən
demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb
Ermənistana birləşdirmək türk
dünyasının coğrafi parçalanması idi.
Çünki əgər xəritəyə baxsaq görərik
ki, sanki bizim bədənimizə xəncər
saplanmışdır, türk dünyası
parçalanmışdır. Qədim Azərbaycan
torpağı olan Zəngəzur indi türk
dünyasının birləşməsi rolunu oynayacaq.
Çünki Zəngəzurdan keçən nəqliyyat,
kommunikasiya, infrastruktur layihələri bütün türk
dünyasını birləşdirəcək, eyni zamanda, digər
ölkələr üçün əlavə imkanlar
yaradacaq, o cümlədən, Ermənistan
üçün. Ermənistanın hazırda onun müttəfiqi
olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir
yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.
Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi
yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin
edilə bilər. Azərbaycan Naxçıvan Muxtar
Respublikası vasitəsilə Türkiyə ilə birləşir,
Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi
yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start
vermişdir. Əminəm ki, tərəfdaş ölkələr
də bu imkanlardan istifadə edəcəklər”.
Dövlətimizin
başçısının bu fikirləri söyləməsi
ondan xəbər verir ki, Zəngəzur dəhlizinin
yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin
yeni bir “damarı” açılacaq və bu, nəticədə
bölgə ölkələri arasında xüsusilə
iqtisadi-ticari əlaqələrə müsbət təsir
göstərəcək. Türkiyə bu dəhlizdən
istifadə edərək əsas iqtisadi tərəfdaşlarından
biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq.
Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli
iqtisadi və turizm əlaqələrinin daha sürətli
inkişafına şərait yaradacaq. Digər tərəfdən,
Zəngəzur dəhlizi həm də Türkiyə
üçün Orta Asiyaya bir ticarət qapısı rolunu
oynayacaq və bu ölkənin türk dünyası ilə
iqtisadi əlaqələrini gücləndirməsinə imkan
verəcək.
Zəngəzur dəhlizi, həmçinin
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta
dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində
bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin
iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində
iqtisadi əlaqələrin genişlənməsi də
bölgədə davamlı sülhün və təhlükəsizliyin
qorunub saxlanmasına əhəmiyyətli dərəcədə
təsir göstərəcək. Dayanıqlı iqtisadi
inkişaf və sülh isə, təbii ki, gələcəkdə
Ermənistan tərəfindən zərərli millətçi
fikirlərin yayılmasının və yeni münaqişələrin
yaranmasının qarşısını alacaq.
Ermənistan isə Zəngəzur
dəhlizinin vurğulanan üstünlüklərindən
yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa
önəm verərsə, sosial-iqtisadi sahələrdə
müsbət göstəricilərlə qarşılaşa
bilər. İlk növbədə, iqtisadi blokadadan
çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək
imkanları əldə edər.
Əks halda, təcavüzkar siyasətindən
əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi
daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət
olunan oxşar iqtisadi vəziyyət getdikcə
ağırlaşacaq, düşmən respublikada xaos və
özbaşınalıq daha da dərinləşəcək.
Beləliklə, Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu xətti gələcəkdə Azərbaycandan
keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən
bir layihəyə çevriləcək. Bu da, öz növbəsində,
Qarabağın gələcəkdə iqtisadi potensialına
böyük töhfə verəcək, bu bölgədə
tikinti-quruculuq layihələrinin
reallaşdırılmasını sürətləndirəcək.
Ekspertlər bildirirlər ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızın işğaldan azad edilməsi və ərazi
bütövlüyünün təmin olunması Azərbaycanın
dünyanın, eləcə də regionun ən cəlbedici
ölkəsinə çevrilməsini gücləndirir.
Dövlətimizin başçısı tərəfindən
Füzuli rayonunda uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd
dəmir yolu xəttinin təməlinin qoyulması isə daha
bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən
xəbər verir.
Azərbaycanın uzun illər təhlükəsiz
tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə
resursları da Horadiz-Zəngilan-Ağbənd dəmiryolu xəttinin
uğurla reallaşdırılacağına imkanı verəcək.
Digər tərəfdən, bu infrastruktur
bütün türk dünyasını birləşdirməklə
yaxın gələcəkdə regionun türkdilli dövlətləri
arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və
möhkəmlənməsinə də əsaslı təsir
göstərəcək.
Azərbaycan regionda güclü potensiala sahib
olan və tranzit əlaqələri təmin edən ölkədir.
Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə
görə, burada bütövlükdə regionun təhlükəsizliyi
məsələsi önəm daşıyır. Ermənistanın
düşmən münasibəti bütün region
üçün təhdid deməkdir və bu yolu seçərsə,
növbəti dəfə öz dezinteqrasiyasının mənfi
nəticələrini görəcək.
Rasimqızı
Röya
İki sahil.-2021.- 24 aprel .- S.11.