Əqli Mülkiyyət Agentliyi: Qədim mətnlər
və klassik mənbələr erməniçilik saxtakarlıqlarını
və uydurmalarını ifşa edir
]
Ümumdünya
Kitab və Müəlliflik Hüququ Günü və Beynəlxalq
Əqli Mülkiyyət Günü münasibətilə
vebinar keçirilib
Aprelin 26-da Əqli Mülkiyyət
Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı,
UNESCO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının dəstəyi ilə “Qədim mətnlər
və klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa edir
və ya işğaldan azad edilmiş ərazilərdə
mədəni sərvətlərin sahibləri haqqında”
mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn tədbir 23
aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ
Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət
Günü münasibətilə təşkil olunub.
Tədbirin
aktuallığını diktə edən amil əsrlərboyu
davam edən, ildən-ilə artan və yeni dövrün
elmi-texniki nailiyyətlərindən istifadə etməklə
hazırkı günümüzdə daha geniş vüsət
alan, qonşu xalqların, ilk növbədə, Azərbaycan
xalqının torpağına, mədəni irsi və
tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı
fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.
Vebinarı açan Əqli Mülkiyyət
Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Vətən
müharibəsində qələbədən sonra Azərbaycan
xalqının tarixi dövr yaşadığını
bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli
Ordumuzun Qarabağı Ermənistanın işğalından
azad etdiyini, işğalçı dövlətin kapitulyasiya
aktını imzalamağa məcbur olduğunu, hərbi yolla
azad edilməyən digər ərazilərin 10 noyabr Bəyanatına
əsasən Azərbaycana
qaytarıldığını vurğulayıb: “Prezident
İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “Biz bu
gün xalqımızın və dövlətimizin yeni tarixini
yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün
tarixi ədaləti bərpa edirik”. Monoetnik dövlət quran
işğalçı Ermənistanın hərbçiləri
torpaqlarımızdan qovulub və bununla çoxsaylı
köhnə və yeni hay-erməni mifləri
dağılır, hətta yaradılan monoetnik dövlət
quruculuğu da yardımçı olmur.
Ermənilərin məkrli
planlarının mahiyyəti onda idi ki, monoetnik mühitdə,
yalnız hay-erməni əhli məkanında uydurma fikirlərə
əsaslanaraq və digər xalqların siyasi tarixini və
tarixi coğrafiyasını təhrif etməklə, hay-erməni
millətinin sözdə rolunu şişirdərək, hay-erməni
“müstəsnalığını”, hayların
“xüsusi missiyasını”, “ilk bəşəriyyət
ocağını”, “böyük Ermənistanı” və s.
mifologemləri əhali arasında yaymaq daha asan və əlverişli
idi. Bu sırada xüsusi yerə malik olan “Dağlıq
Qarabağın təhrif edilmiş tarixini” və son 30 ilə
yaxın müddətdə beyinlərə yeridilən “yenilməz
erməni ordusu” mifini xüsusi qeyd etməliyik.
Gözümüz önündə rəşadətli
Ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi
haqqında mifi şam kimi əritdi. Belə də
olmalıdır, çünki bizim işimiz haqq işidir,
tarixi ədalətin bərpasıdır. Erməni
düşüncəsindəki mümkünsüz olanı Azərbaycan
dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə
bir səhifə kimi düşəcək parlaq nümunə
yaratdı. Yaşadığımız tarixi dövr – miflərin
dağıldığı, həqiqətin və ədalətin
zəfər çaldığı dövrdür.
Qeyd edilməlidir ki, məkrli
planlara görə, erməni dövlətində yeganə millət
olaraq qalan və yaşayan etnosun şüuru millətçilik
dumanına bürünərək bəhrələr gətirməli
idi. Çünki saxta mifologemlərlə
razılaşmayanların etiraz səsi çıxmır, digər
etnosların etiraz edə biləcək fikirləri səslənmir,
heç bir etiraz dalğası formalaşmır. Nəticədə
siyasi mifologiya zəfər çalır, hay-erməni dünya
etnik mənzərəsini müəyyən edir, erməni
etnosunun zahiri reallıqları dərk etməsini və
davranış mexanizmlərini formalaşdırır. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik”
haqqında miflər, digər xalqlara münasibətdə
ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək,
təbii adilik alternativinin qarşısına sipər çəkir,
“xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni
müasir dünya quruculuğunun təməl daşı
olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən,
onlara yol açan hakimiyyət və elita nəticədə
özü də həmin uydurmaların qurbanına və
dustağına çevrilir. Məsələ də
bundadır ki, şüurlu şəkildə işlənilən
ideologiya şüursuz yaranan və əhalidə kök salan
dünya mənzərəsini əvəzləməkdə
çətinlik çəkir. Nəticədə hamı
siyasi folklorun qəfəsinə düşür.
Lakin siyasi folklor, uydurulmuş
dünya mənzərəsi yalnız daxili istehlaka yönələrək
işləsə də, kağızdakı uydurma nəzəri
tezislərə, həqiqətdən uzaq, feyk növlü
saxtalaşdırmalara, çoxlu sayda yalançı kitab və
çıxışlara əsaslanaraq qurulsa da, həqiqi həyatla
qarşılaşdığı halda acı nəticələrə
gətirib çıxarır. Miflər dağılır,
reallıq üzə çıxır.
Bugünkü möhtəşəm tarixi zəfərimizin
nəticəsi uydurmaların dağıdılmasıdır.
Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi
ilə rəşadətli Azərbaycan əsgərləri və
zabitləri tərəfindən “yenilməz erməni ordusu”
mifinin puç edilməsidir. Bu miflə
yanaşı, “erməni motivasiyası”, yəni torpaqların
qorunmasında müstəsna cəsarət göstərilməsi
mifi də dağıldı. Və nəhayət, “əzabkeşliyə
hazır olan, özünü fəda və qurban edən
xalqın” mifi də puç oldu, çünki 10 mindən
artıq fərarisi olan millət 30 il əvvəl
işğal edilmiş torpaqları qorumağa qadir deyildi.
Bu miflərin dağılması
və dediklərimizin təsdiqi yalnız yenilməz sərkərdə,
Ali Baş Komandan kimi deyil, ümumiyyətlə Azərbaycanın
lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri
ilə müqayisədə intellektual üstünlüyü,
cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri
olmasındadır.
Təsadüfi deyil ki, görkəmli
filosof-maarifçi J.J.Russonun dediyi kimi, “bacarıqsız əllərdə
olan hakimiyyətdən təhlükəli şey yoxdur”.
Çünki belə hakimiyyət təcəssüm etdiyi
ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə,
faydasız və dayanıqsız olur. Çünki həyat göstərdiyi
kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini
millət çəkir və millət ödəməli olur. Tarix və gerçəklik göstərdiyi kimi, rəhbərin
xüsusi məsuliyyət daşıyıcısı
olması dövlətin taleyinin onun çiynində
olmasından irəli gəlir. Çünki dövlət
başçısı ölkəni irəli aparmaq
üçün hər zaman düzgün qərar qəbul etməklə,
ölkəni idarə etməlidir və bu qabiliyyət isə
seçmək qabiliyyətidir, gələcəyi görmək
qabiliyyətidir. Bu qabiliyyət siyasət və hüququn kəsişməsindən
irəli gəlir. Dövlətimizin başçısı bizə
qalib xalq düşüncələrini bəxş etdi, baş
ucalığı gətirdi və xoşbəxt etdi.
Bunları paşinyanlar unutmamalıdırlar. Nəhayət, qazanılmış zəfər Azərbaycan
xalqının son hərbi hadisələrdə erməni hərbçiləri
ilə toqquşmalarda bütövlüyünün, püxtələşməsinin,
vətənpərvərliyinin və ruhən
gücünün nümayişidir. Ölkəmizdə
mövcud olan tolerant, multikultural mühitin Ermənistandakı
millətçi əhval-ruhiyyə ilə müqayisədə
hədsiz üstünlüyünün nümayişidir.
Bu gün bölgədə yeni ictimai-siyasi vəziyyət
yaranıb və Azərbaycan öz qüvvəsini
barbar-işğalçıların bizə viran qoyub getdiyi əraziləri
bərpa etməyə yönəldib. Biz faktiki olaraq bu ərazilərdə
Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət
irsi, dağıdılmış, yaxud tamamilə yer
üzündən silinmiş müsəlman və türk mədəniyyətinin
abidələri ilə qarşılaşırıq. Azad edilmiş torpaqlarda sakinləri azərbaycanlıların
əcdadlarından biri olan və torpaqlarının hüquqi
varisinin Azərbaycan dövləti olduğu Qafqaz Albaniyası
irsinə aid edilən çoxlu abidə və xristian mədəniyyəti
nümunələri - kilsələr, monastırlar və s.
var.
Azərbaycan dövləti
bütün zamanlarda öz müsəlman mədəniyyətinə
və islama qədər olan, o cümlədən xristian
keçmişinə aid mədəni irsinə Azərbaycan
xalqının irsi kimi diqqət və hörmətlə
yanaşıb, onu qoruyub. Və bu
baxımdan torpaqlarımızdakı xristian abidələrinin
guya dağıdılması barədə bəzi dairələrin
riyakarcasına fəryad qoparmaları təəccüb
doğurmaya bilməz. Üstəlik hələ sovet
dövründən bəri, xüsusən də işğal
dövründə xristian keçmişin əksər
nümunələrinə erməniləşdirmə məqsədilə
erməni saxtakarları tərəfindən yenidən “əl gəzdirilib”
və onlar manipulyasiyaya məruz qalıb.
Alban xristian abidələrinə
gəldikdə isə tarixi həqiqət azərbaycanlıların
keçmiş abidələrini qorumaq istəməməsində
deyil, əksinə, bu abidələrin ermənilər tərəfindən
planlı şəkildə təhrif olunmasında, üzərindəki
köhnə yazıların məhv edilməsi və abidələrin
erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli
olan yeni yazıların həkk edilməsindədir.
Mövcud şəraitdə həm
vizual, həm də maddi baxımdan abidələrin vəziyyətinin
monitorinqinin, yəni özünəməxsus təftişinin
keçirilməsi, eləcə də qədim mətnlər və
klassik mənbələr əsasında tarixi sübutların
tədqiq edilməsi son dərəcə aktualdır və
bu gün həmin məsələlər bizim diqqət mərkəzimizdə
olacaq.
Erməni alimləri və siyasətçiləri
həmişəki kimi alban ərazilərini
özününküləşdirir, saxta erməniçilik
“mənbələri” əsasında dünyaya yalan yayırlar.
Bunların iddialarına erməni
müəllifi F.Ekozyantsın yazdıqları ilə cavab vermək
yerinə düşərdi (“İsrael Ori. Larets
Pandorı”. Kniqa 1). Kitabda, müəllifin qeyd
etdiyi kimi, “bir mistifikasiya tarixi haqqında” söhbət gedir və
bu cəfəngiyat avantürist İ.Ori başda olmaqla, erməni
tədqiqatçıları tərəfindən Səfəvi
və ondan sonrakı dövlətlərin müstəmləkəçilik
və hökmranlığına qarşı aparılan milli
azadlıq hərəkatı kimi təqdim edilir. Mistifikasiyanın mahiyyəti isə ondan ibarətdir
ki, burada söhbət erməni xalqının azadlıq hərəkatından
deyil, Qarabağ məliklərini öz planlarına cəlb etməkdən
(İ.Ori məlik oğludur) gedir, eyni zamanda, azadlıq hərəkatından
söhbət gedə bilməz, çünki “milli qəhrəmana”
çevrilən İ.Ori öz məqsədləri naminə
çalışan bir şəxsdir.
Həmin uydurmanın, Ekozyantsın
yazdığı kimi, digər saxtakarlıqlar sırasında
öz yeri var. Erməni müəllifindən sitat gətirirəm:
“XVIII əsrin əvvəlinə qədər erməni
xalqının yazılı tarixi heç bir zənginliyə
malik deyildi və Armeniya və ermənilər haqqında nadir qeydlərdən
ibarət idi. Və bu, əsasən Armeniya və onların
sakinlərindən uzaq olan Avropa müəlliflərinin
yazdıqları idi. Lakin XVIII əsr birdən-birə
tarixi “kəşflər” partlayışına çevrildi və
“xəyali dünyadan” öncə heç kimə məlum
olmayan çoxlu erməni çarlıqları
canlandırıldı və bunlar üzündən
köçürənlər ordusunun fəaliyyətinin nəticəsinə
çevrilərək, hətta onların qələmləri
Nuh gəmisinin ətrafına, bəşər
sivilizasiyasının mifik beşiyinə
çatdırıldı”.
Ekozyants xüsusi qeyd edirdi ki,
“bütün bu “mənbələr”in əmələ gəlməsi,
daha doğrusu, ecazkar vasitə ilə “aşkarlanması” XVIII əsrdən
XX əsrə qədərki dövrdə peyda olur, halbuki XVIII əsrdə
bunlar haqqında heç kəsin məlumat və biliyi
olmamışdır...”.
Bəs erməni tarixini ilkin “zənginləşdirənlər”
kimlərdir və hansı zamandan başlayaraq, çoxlu
mifologemlərlə dolmuş erməni tarixinin saxtakarlıq
epoxası start götürüb?
Ekozyantsın cavabı bəllidir:
“İsrael Orinin 1711-ci ildə ölümündən
sonrakı növbəti 1712-ci ildə Venesiya
yaxınlığında, Müqəddəs Lazar adasında
mxitaristlər ordeni fəaliyyətinə başlamış və
100 il keçməmiş yalnız onların
“çalışmaları” nəticəsində Armeniyanın
və erməni xalqının tarixi on minlərlə “qədim”
əlyazmalarla “varlandı”, “təkmilləşdi” və “elmə
çevrilməyə” hazır olduğunu nümayiş
etdirdi”. Deməli, ilkin addımda 12
qaçqın rahibdən ibarət olan bu toplum qısa müddətdə
mətbəə və kitabxana ilə zənginləşərək,
tam hüquqlu monastır kompleksinə çevrildi. Özləri
ilə gətirdikləri ilkin bir neçə kitab və əlyazmalar
əsasında bir neçə rahib 1857-ci ildə artıq minlərlə
“qədim əlyazmalara” çevrilən, Ekozyantsın istehza ilə
qeyd etdiyi kimi, “biliklərdə ecazkar yolla bütün antik və
orta əsr alimlərini üstələdi”.
Saxta əlyazmalarda mövcud olan
uydurma və saxtalaşmalar erməniçilik və onların
havadarları tərəfindən istifadə edilməyə
başladı və ilkin yalan yayanlar sırasında
tanınmış erməni publisisti və tərcüməçisi
Q.Ezov idi, “hansı ki, Avropa və Rusiya arxivlərindən əksəriyyəti
ondan əvvəl heç kim tərəfindən
dərc edilməmiş, naməlum bir sıra “yeni” sənəd
əldə edərək, özünün “Snoşeniya Petra
Velikoqo s armyanskim narodom” (Spb., 1898-ci il) kitabında
avantürist İ.Orini müsəlmanlara qarşı
çıxan erməni xalqının cəsur milli qəhrəmanına
çevirmiş oldu”.
Beləliklə, saxtakarlıqla
dolu olan “erməni xalqının tarixi” ilkin, özü də
ciddi redaktə və təftiş olunan bir neçə
orijinal mətnlər istisna olmaqla, dünyaya məlum olmayan
minlərlə saxta “tarixi əsərlər”ə çevrilərək
yayılmağa başladı. Onu da xüsusi qeyd etməliyik
ki, bu saxta əsərlərin orijinalları erməni
dilində yox idi və ola da bilməzdi.
Bu yerdə biz Ekozyantsın maraq doğuran və
həqiqətlə uyğunlaşan fikirlərini qoyub, digər
erməni mənşəli alimin
yaradıcılığına istinad edəcəyik. Söhbət ən tanınmış Amerika ermənişünası,
Miçiqan və Çikaqo universitetlərinin professoru Ronald
Qriqor Syunidən gedir (“Looking Toward Ararat. Armenia
in Modern History”, Indian University Press, 1993). “Ararata
baxış. Armeniya yeni tarixdə” adlanan əsərində
mxitaristlərdən söhbət açaraq, alim klerikal
elitanın erməni tarixinin formalaşdırılmasında
xüsusi rolunu qeyd edir. O göstərib ki,
(sitat) “mxitarist rahiblərin fəaliyyəti əslində erməni
millətçiliyinin bünövrəsinin, əsasının
yaranmasına səbəb olmuşdur...” və “sonrakı milli ənənənin
inkişafında kilsəyə xidmət edənlərin
yazılarına yeni aspektlər cəlb edilmişdi və
yazarlar mətnlərdə olan mövzulara dönə-dönə
qayıdaraq, bunların ətrafında əsərlər
yaratmışdılar”.
Söhbət hansı mövzulardan gedir? Bu suala
cavabı Syuni digər tanınmış Amerika alimi Robert
Tompsona istinad edərək belə formalaşdırır: “...Armeniya kiçik ölkə olsa da çox qədimdir
və burada çoxlu tarixi işlər görülüb
(M.Xorenli), bu xalqa xristianlıq digərlərindən öncə
qəbul etdirilib və bu da tanrı hökmüdür
(Aqafangel), bu xalq dininə, soy ənənələrinə
sadiqdir və əzabkeşliyə özünü qurban verməyə
hazırdır (Elişe)”. Bu üç millətçi fikir
qeyd etdiyimiz erməni uydurma tezislərindəndir”.
Kamran İmanov söylədiklərinin sonunda
erməni tarixşünaslarının qərb tarixçilərinin
ünvanına Ermənistan tarixinin
saxtalaşdırılması ilə bağlı
ittihamlarında və aldıqları cavablarda dayanaraq deyib: “Erməni tarixşünası Armen Ayvazyan
“Osveşeniye istorii Armenii v Amerikanskoy istorioqrafii
(Kritiçeskiy obzor)” əsərində bir sıra
tanınmış qərb armenistlərini və
qafqazşünasları, o cümlədən milliyyətcə
erməni olanları, professorlar Ronald Qriqor Syuni, Robert Tompson,
Ceyms Rassel, Riçard Ovanisyan və digərlərini Ermənistan
tarixini düşünülmüş
saxtakarlıqda ittiham edir. Əsas arqumenti isə “Erməni
yaylasının erməni xalqının formalaşma mənbəyinin
olmaması barədə müasir tarixi, elm tərəfindən
əsaslandırılmış müddəanı şübhə
altına almaq və əvəzində elm tərəfindən
rədd edilmiş ermənilərin gəlmələr
olması versiyasının təkidlə
reanimasiyasıdır”. Özü də Azərbaycan və
Türkiyə alimlərinin təqdimatları əsasında.
Qeyd olunur ki, “erməni mədəniyyəti həmin qərb
alimlərinin əsərlərində yalnız İran, Bizans,
Assuriya, ərəb və digər mədəniyyətlərdən
götürmələr ardıcıllığı şəklində
göstərilir. Tarixi Armeniya qeyri-mərkəzləşmiş,
zəif ölkə qismində təqdim edilir, İran və
Roma imperiyalarının əlindəki oyuncağa
çevrilir”. Bununla da 5 min illik erməni tarixi
alçaldılır, “halbuki, Hayasa, Urartu və Ervanduni
çarlıqları zamanında erməni ordusunun sayı bir
neçə on minlərlə olmuş, Artaşesid,
Arşakuni və Baqratuni (söhbət Pers mənşəli
şəxslərdən gedir) dövrlərində isə 100
mindən 200 minə qədər
döyüşçü sayı ilə
ölçülmüşdür”.
Bu müəlliflərin mövqeyi akademiklər
Qraçik Simonyan, Manvel Zulalyan və digərləri tərəfindən
dəstəklənib. Buna cavab olaraq, 4-6 oktyabr
2003-cü ildə “Erməni tədqiqatlarının yenidən
dərk edilməsi: keçmişi, bu günü və gələcəyi”
adlı Harvard, Kembric, Massaçusets universitetlərindəki
konfransda bir sıra əksəriyyəti milliyyətcə qərbdən
olan alimlər hay-erməni şovinist və millətçi
elminə tutarlı cavablar söyləyiblər. Belə ki,
professorlar Bardakçiyan, Rassel, Robert Xyuseni qeyd ediblər ki,
Ermənistan Respublikasının ermənişünaslığında
“ksenofobiya, ultramillətçiliklə səciyyələnən
“elm” hakim meyilə çevrilərək, özünü məhv
etməyə yönəlib”.
Robert Qriqor Syuninin fikrinə görə, “Erməni
alimləri millətçilik təfəkkürü
bataqlığındadılar”.
Bunların səbəbləri alimin qeyd etdiyi və
gördüyü kimi, “ermənilərin qabarıq şəkildə
mövcud olan millətçilik köklərinin olmaması və
tarixi biliklərin uydurmalarla əvəz edilməsindən irəli
gəlir”. “...Bu xalq öz tarixi keçmişi və irsi ilə
adətən qürur duyduğu halda heç bir təsəvvürə
malik deyildir”.
Deyilənlərə nə isə əlavə
etmək çətindir və bəlkə də ehtiyac
duyulmur. Lakin bir fikri çatdırmaq istəyirik,
hansı ki, “Regnum” İA-nin məlumatında vaxtı ilə dərc
edilib və həmin informasiya mənbəyində:
“istorioqrafiyadakı [erməni] elmi fikir intellektual təcavüzə
məruz qalır və ABŞ dövlət departamenti tərəfindən
maliyyələşdirilərək, öz əksini erməni
tarixinin qədim vaxtlardan başlayaraq, təhrif edilməsinə
gətirib çıxarır”. Bu məlumat qısaca olaraq, bir
sıra erməni tarixşünasların Yerevanda keçirilən
ermənişünasların beynəlxalq konqresində birgə
elan edilmiş bəyanatından irəli gəlir.
Deməli, obyektiv mövqedə duran
tanınmış qərb alimlərinin yanaşması, o
cümlədən erməni mənşəli olanlar, millətçilik
bataqlığında olan milli ermənişünaslıq elminə
təsir göstərməyə qadir olmayıb. Odur ki, həmin millətçilik
bataqlığından bəhrələnən
Paşinyanın təqdim etdiyi “Ermənistanın yeni Milli Təhlükəsizlik
Strategiyası” Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Hikmət Hacıyevin tamamilə doğru olaraq qeyd etdiyi kimi,
“sanki saxta tarix dərsliyidir” və bu növbəti uydurmalarla
dolu sənəd erməni millətçiliyinin dəyirmanına
su tökür, geniş ictimaiyyətə
çatdırılır”.
Vebinarın açılış mərasimində
çıxış edən təhsil naziri Emin Əmrullayev tədbirin
mövzusunun təhsil baxımından da aktual olduğunu
bildirib. Vurğulayıb ki, 44 günlük Vətən
müharibəsində Azərbaycanın Qələbəsi tədrisin
mövzusunda yenilik yaradıb. Növbəti tədris ilindən
Zəfər tarixi mövzusu tədris olunacaq. Gələcək
nəsillərin hazırlanmasında Azərbaycan tarixi fənninin
məzmununun təkmilləşməsi olduqca vacib məsələdir.
Bu baxımdan birinci məsələ bu fənnin
məzmununda tarixi ardıcıllıq və ən vacib olan
mesajların təhsilalanlara çatdırılmasıdır.
İkinci məsələ tarixin çatdırılmasına
uşaq, yeniyetmə prizmasından baxılmasıdır.
Şagirdlərdə maraq yaradılması üçün bu
mövzu mürəkkəb məzmunda deyil, aydın,
hamının başa düşdüyü şəkildə
çatdırılmalıdır. Burada əsas
məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində
hansı səbəblərdən onu itirdiyimiz, həmin
dövrün ictimai-siyasi vəziyyəti, uzunmüddətli
danışıqlar prosesi, bu dövrdə baş vermiş
hadisələrin vətəndaşlarımıza
çatdırılması və uşaqlarımıza mənimsənilməsidir.
Tədbirdə mədəniyyət nazirinin
müavini Sevda Məmmədəliyeva vebinarın mövzusunun
aktuallığını vurğulayıb. Qeyd edib ki, Ermənistan
işğal dövründə Qarabağ ərazisində azərbaycanlıların
izini silmək məqsədilə saxtalaşdırmalar
aparıb. Lakin Azərbaycan dövlətinin həyata
keçirdiyi işlər nəticəsində mədəni
irsimiz beynəlxalq aləmdə təbliğ edilib.
Sevda Məmmədəliyeva Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın gördüyü işlər sayəsində
mədəni irsimizin UNESCO-da təbliğ edildiyini diqqətə
çatdırıb.
Nazir müavini, həmçinin işğaldan
azad olunmuş ərazilərdə aparılan monitorinqlər
barədə məlumat verib. Qeyd olunub ki,
dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət
abidəsinin monitorinqi həyata keçirilib, bundan əlavə,
həmin ərazilərdə yerləşən dövlət
qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət
daşıyan 113 obyekt aşkar edilib. Ümumilikdə 828 mədəniyyət
müəssisəsi monitorinq edilib. Məlum olub ki, mədəniyyət
müəssisələrinin hamısı
dağıdılıb. Klassik şərq, İslam
memarlığı üslubunda tikilmiş karvansara, məscid,
türbələr məhv edilib.
Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO
üzrə Azərbaycan Respublikası Milli Komissiyasının
baş katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik
Hüququ Gününün və Beynəlxalq Əqli
Mülkiyyət Gününün təsis edilməsinin və
Azərbaycanda qeyd olunmasının əhəmiyyətindən
danışıb. O, həmçinin bu gün görkəmli
yazıçı Mir Cəlal Paşayevin anadan
olmasının 113-cü ildönümü olduğunu və ədibin
100 illiyinin 2008-ci ildə UNESCO-da qeyd edildiyini xatırladıb.
Vebinarın mövzusunun
aktuallığını vurğulayan Elnur Sultanov bu günlərdə
ABŞ Prezidentinin bəyanatında tarixi faktların
saxtalaşdırılmasının təəssüf
doğurduğunu söyləyib.
Qarabağda dünya və yerli əhəmiyyətli
abidələr olduğunu deyən Elnur Sultanov bu abidələrin
də Azərbaycanın digər mədəniyyət nümunələri
kimi, UNESCO-nun Dünya İrs Siyahısında yer
alacağına əminliyini bildirib.
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva Qarabağın maddi-mədəni sərvətlərinin
əsl sahibləri olan azərbaycanlıların ora
böyük sevinclə qayıdacağını və
aparılan işlərə töhfə verəcəklərini
vurğulayıb.
Çıxış edənlər vebinarın
işinə uğurlar arzulayıblar.
Vebinarda professor Kamran İmanovun
“Qədim mətnlər və klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa edir
və ya işğaldan azad edilmiş ərazilərdə mədəni
sərvətlərin sahibləri haqqında”, AMEA-nın
A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Kərim
Şükürovun “İşğaldan azad edilmiş sənət
abidələri, daşınan və daşınmaz tarix və
mədəniyyət abidələrinə qarşı erməni
vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti
Elşad Əlilinin “Qarabağ xristian abidələri barədə”
məruzələri dinlənilib.
Vurğulanıb ki, Azərbaycana qarşı
erməniçilik saxtakarlığı formalaşmış
bir fəaliyyət proqramıdır. Ona qarşı səmərəli
mübarizə üçün bütün sahələrdə
əldə edilmiş təcrübə əsasında
konseptual platforma hazırlanması və həyata keçirilməsi
zəruridir. Bununla da Azərbaycana qarşı mövcud erməniçilik
saxtakarlığını aradan qaldırmaq və təşkil
ediləcək yeni saxtakarlıqların önlənməsi
daha səmərəli olacaq.
Tədbirdə, həmçinin Milli Məclisin
regional məsələlər komitəsinin sədri Siyavuş
Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov çıxış ediblər.
Çıxışlarda işğaldan azad
edilmiş ərazilərdə türk xristian abidələrinin
tədqiq edilməsinin əhəmiyyəti diqqətə
çatdırılıb. Eyni zamanda, erməniçilik
saxtakarlıqlarının üzə
çıxarılmasında, habelə tədqiqatlar
aparılmasında Əqli Mülkiyyət Agentliyinin,
AMEA-nın ciddi tarixi missiya daşıdığı
vurğulanıb.
İki sahil.- 2021.- 27 aprel.- S.16-17.