Azərbaycanda ali əczaçılıq
təhsili 80 yaşını qeyd edir
Azərbaycan
səhiyyəsinin ayrılmaz tərkib hissəsi olan əczaçılıq
sahəsi üçün milli kadrlar hazırlayan ali əczaçılıq
təhsilinin 80 yaşı tamam olur. Bu təhsil istiqaməti
1941 – ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində
fakultə kimi yaradıldığı dövrdən
başlamış və indiyə qədər böyük yol
keçmişdir. Bununla belə ölkəmizdə təbabət
– dərmanşünaslıq elminin formalaşması və
sonradan dərmanşünaslığın əczaçılıq
elmi kimi müstəqil fəaliyyət dövrü orta əsrlərə
təsadüf edir. Hələ o zamanlar Azərbaycanda xeyli
akademiyalar, elm evləri, mədrəsələr fəaliyyət
göstərmiş və çoxlu sayda təbib – əczaçılar
hazırlanmışdır. Lakin təhsilin formalaşması
və intibah dövrü XX əsrə təsadüf edir. Azərbaycan
tarixində ilk dövlətçilik qurumları 1918-ci ildə
– Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaranmış və bununla da səhiyyə sisteminin, o cümlədən
əczaçılıq sahəsinin
əsası qoyulmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti
Xalq Səhiyyə Nazirliyi tibbi - əczaçılıq
şöbəsinin müdiri, provizor J.P.Punko Azərbaycan
tarixində ilk dəfə dövlət apteki, analitik və
bakteroloji laboratoriya, halen preparatları laboratoriyası, mərkəzi
aptek anbarı və əczaçılıq kurslarının
yaradılması qeyd olunmuş müəssisələrin təchiz
və saxlanması üzrə geniş, hərtərəfli
bir sənəd hazırlamış, xalq Səhiyyə nazirinə
məruzə etmişdir. Həmin məruzədə
Azərbaycanda və ümumən, müsəlman Şərq
aləmində əczaçı kadrların olmaması ilə
əlaqədar, Bakı şəhərində nümunəvi
dövlət aptekinin yaradılması və onun nəzdində
əczaçılıq elmi - praktik kurslarının təsis
olunması təklif edilir. Təqdimatda göstərilən
bir çox müddəalar sonradan Sovet hakimiyyəti
dövründə, respublikada əczaçılığın
bir çox sahələrinin yaradılması və
inkişafında öz təsdiqini tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti,
hələ 1918 - ci il oktyabrın 8 - də 283 saylı
“Bakı şəhərində dövlət apteki və əczaçılıq
kursları açılması haqqında” sərəncam
vermişdir. Təsis olunmuş əczaçılıq
kurslarında dərs deyən müəllimlərə
saatına 25 rubl məbləğində zəhmət haqqı
kəsilmişdir. Həmin illərdə respublikada əczaçılıq
fəaliyyətinin təkmilləşdirilməsi və
inkişaf etdirilməsi üçün milli əczaçı
kadrların hazırlanmasına böyük ehtiyac var idi.
1919 - cu ildə Bakı Dövlət
Universitetinin yaranması respublikada səhiyyəni, o cümlədən
əczaçılığı da inkişaf etdirdi.
Sonrakı illərdə apteklərdə milli əczaçı
kadrların olmaması üzündən, tibb
işçiləri həmkarlar komitəsinin təşəbbüsü
ilə apteklərdə işləyən, lakin əczaçı
olmayan şagirdlər üçün qısa müddətli
6 aylıq kurslar açıldı, 1924-cü ilə qədər
davam edərək, 52 nəfər milli kadrlardan ibarət əczaçı
köməkçisi hazırladı.
1925 - ci ildə Xalq Səhiyyə
Komissarlığının əmri ilə (şəxsən
nazir Möhsüm Qədirlinin təşəbbüsü ilə)
Bakıda Əczaçılıq texnikumu yarandı. Onun ilk
direktoru Y.Haşımlı olmuş və orada professorlar
J.Qolberq, H.Şahtaxtinski, C.Sultanov kimi görkəmli pedaqoqlar dərs
demişlər. Bu texnikumun yaranması sayəsində
hazırda müstəqil respublikamızda 5 minədək orta təhsilli
əczaçı kadrlar fəaliyyət göstərir.
Bakı Dövlət Universiteti nəzdində
olan tibb fakultəsinin uğurlu fəaliyyəti o zaman tibb
elminin və səhiyyənin inkişafında böyük rol
oynadı və sonralar – 1930 - cu
ildə həmin fakultənin sərbəst Tibb İnstitutuna
çevrilməsinə təkan verdi. Beləliklə, əczaçılığın
da gələcək inkişafı üçün
böyük zəmin yarandı və maddi - texniki bazanın,
yüksək ixtisaslı həkim və əczaçı
kadrların hazırlanması üçün əsas oldu.
Nəhayət, keçmiş
SSRİ - nin türkdilli respublikaları arasında, həmçinin
İran, Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə
ali əczaçılıq təhsili sahəsində ilk ali təhsil
müəssisəsi 1938 - ci ildə Azərbaycan Xalq
Komissarlığının qərarı ilə sərbəst
Əczaçılıq institutu yarandı. Bu institutun təşkilində professorlardan
Ə.Əliyevin, M.Əliyevin, B.Eyvazovun, C.Qolberqin, Ə.Həsənovun,
A.Sultanovun böyük xidmətləri olmuşdur.
İnstitutun ilk rektoru görkəmli şəxsiyyət və
böyük siyasi - ictimai xadim, professor Ə.Əliyev,
prorektoru professor Ə. Həsənov, dekanı isə C.Qolberq
olmuşdur.
Yarandığı zamandan etibarən
institutda mükəmməl əczaçı kadrların
hazırlanması istiqamətində bir sıra önəmli
işlər görülməyə başladı. Lakin II
Dünya müharibəsinin (1941– 1945 - ci illər)
başlanması ölkədə bütün sahələrdə
olduğu kimi, əczaçılıq sahəsində də
böyük çətinliklər yaratdı. İnstitutun
kadrlarının çox hissəsinin cəbhəyə
aparılması kadr çatışmazlığına səbəb
oldu. Bununla əlaqədar 1941 - ci ildə
Əczaçılıq instutu əczaçılıq fakultəsinə
çevrilərək, Azərbaycan Tibb İnstitutunun tərkibində
öz fəaliyyətini davam etdirməyə və yeni istiqamətdə
inkişaf etməyə başladı. 1945 - ci ildə
fakültənin 220 tələbəsi olmuşdur. 1957 - ci ildən
əczaçılıq fakultəsinin qiyabi şöbəsi
də fəaliyyətə başlamışdır. Lakin sonralar ali əczaçılıq təhsilinin
qiyabi tədrisinin məqsədəuyğun olmadığı
nəzərə alınaraq, bu şöbə 1969 - cu ildə
bağlandı. Ötən illər ərzində bu
şöbədə 240 nəfər orta təhsilli əczaçı
ali təhsil almışdır. 1966 - cı ildə əczaçı
kadrların ixtisasını artırmaq məqsədilə
fakultənin nəzdində təkmilləşdirmə kursu
yaradıldı. Bu işdə Azərbaycan əczaçılıq
elminin banilərindən sayılan, bu sahədə ilk əczaçı
azərbaycanlı alim, professor Rüstəm Qambay oğlu
Əliyevin böyük xidməti olmuşdur. Bakı
şəhər 1 nömrəli tibb məktəbi hazırda
onun adını daşıyır.
Bu kurslarda əczaçılıq işinin təşkili
üzrə 533 nəfər, əczaçılıq
texnologiyası üzrə 351 nəfər, aptek işi üzrə
207 nəfər (cəmi 1091 nəfər) ixtisaslaşma kursu
keçmişdir.
Universitetin əczaçılıq fakultəsi
respublikamızla yanaşı, keçmiş SSRİ - nin
Türkmənistan, Qazaxıstan, Ermənistan respublikaları
üçün də ali təhsilli əczaçı kadrlar hazırlamışdır. Fakultə
məzunları arasında Türkiyə, İran, Suriya, Anqola,
Nigeriya, Sudan, İraq, Əfqanıstan və başqa ölkələrin
vətəndaşları da vardır.
Respublikamız müstəqillik
qazandıqdan sonra Azərbaycanda bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də aparılan islahatlarla
əlaqədar olaraq, ali əczaçılıq təhsili sahəsində
də yeni nailiyyətlər əldə olundu.
“Əczaçılıq fəaliyyəti haqqında” (1996 -
cı il) və “Dərman vasitələri haqqında”
(2007 - ci il) qanunlar əczaçı kadrların
hazırlanmasına mühüm yer verilməsi, əczaçılıq
təhsili sahəsində yeni addımların atılmasına
zəmin yaratdı.
Yeni Təhsil Qanununda təsdiq
olunmuş çoxpilləli təhsil proqramına müvafiq
olaraq, Azərbaycanda ali əczaçılıq təhsili
çoxpilləli təhsil sisteminə (bakalavr, magistr)
keçməyə başladı. İlk dəfə olaraq 1997
- ci ildə 78, 1998 - ci ildə isə 67 məzuna əczaçı
bakalavr diplomu verildi. Fakultədə 5 illik təhsil müddəti 2004 - ci ildən etibarən 4 ilə
endirildi və tədris planları, fənnlər, onların
proqramları yenilənməyə başladı. Magistr təhsili
2 ildir.
Hazırda Azərbaycanda 6000 - dən artıq
ali təhsilli əczaçı bakalavr və magistr vardır.
Bunların demək olar ki, hamısı ATU - nun əczaçılıq
fakültəsinin məzunlarıdır. İndiyədək
fakültənin ixtisas kafedralarında 11 nəfər doktorluq,
45 nəfərdən artıq əməkdaş əczaçılıq
üzrə fəlsəfə doktorluğu dissertasiyası
müdafiə etmişdir. AMEA - da çalışan bir
çox aparıcı kimya və biologiya elmləri
doktorları da bu təhsil ocağının məzunlarıdır.
Ali əczaçılıq təhsilinin yeni
istiqamətdə inkişaf edib formalaşmasında, həmçinin
Beynəlxalq miqyasda əlaqələrin inkişafı da
mühüm rol oynamaqdadır. Son illərdə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),
UNESKO, Beynəlxalq Əczaçılıq Federasiyası
(BƏF) – İnternathional Pharmaceutical Federation, Federation
İnternathionale Pharmaceutique (FİP) kimi qurumlarla olan əlaqələr,
əczaçılıq təhsilinin inkişafına
mühüm təsir göstərmişdir. Belə ki, ÜST
və BƏF tərəfindən hazırlanan “Keyfiyyətli əczaçılıq
təhsili təcrübəsi” (Good Pharmacy Education Practice –GPEP) sənədində əczaçının
yeddi istiqamətdə fəaliyyəti müəyyən
edilmiş ( “the seven stars” pharmacist – əczaçının
“yeddi ulduzu”) və bu sənəd Yeni Orleanda əczaçılıq
təhsilinə aid keçirilən Birinci Ümumdünya
Konqresində təsdiq olunmuşdur. Bu konqresdə, həmçinin
əczaçının həm diplomaqədər, həm də
diplomdan sonrakı fasiləsiz təhsili haqqında da qərar
qəbul edilmişdir.
Hazırda dünyanın
inkişaf etmiş ölkələrində olduğu kimi,
müasir dövrün tələblərinə uyğun olaraq,
əczaçılıqda tədris olunan təhsil
proqramına əsas ixtisas fənnlərilə yanaşı,
tibb və bioloji fənnlərdən – kliniki farmakologiya,
farmakoterapiya, əczaçılıq biotexnologiyası,
toksikoloji kimya, farmako - iqtisadiyyat, farmako - epidemiologiya, əczaçılığın
tarixi və deontologiyası və s. kimi fənnlər daxildir.
İxtisas fənnlərinə isə əczaçılığın
texnologiyası, əczaçılığın idarəçiliyi
və iqtisadiyyatı, farmakoqnoziya, əczaçılıq
kimyası fənnləri aiddir.
Əczaçılıq fakultəsinin ixtisas
kafedralarında çalışan professor müəllim heyəti, yüksək ixtisaslı əczaçı
kadrlar hazırlamaqla yanaşı, həmçinin elmi-pedaqoji
kadrların hazırlanmasında da yaxından iştirak edirlər.
ATU - nun əczaçılıq fakultəsinin
elmi - pedaqoji potensialı və kafedraların son illərdə
genişləndirilmiş maddi - texniki bazası imkan verir ki,
diplomaqədər və diplomdan sonrakı pillələrdə
fasiləsiz əczaçılıq təhsili müasir tələblərə
uyğun inkişaf etdirilsin.
Hazırda müstəqil Azərbaycanda
elmi - texniki tərəqqinin nailiyyətlərinin xalq təsərrüfatının
bütün sahələrinə sürətlə tətbiq
edilməsi, respublikanın kadr potensialının keyfiyyətinin
yaxşılaşdırılması, mütəxəssislərin
peşəkarlığının yüksəldilməsi
vacib məsələ kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə 2008 - ci ildə Prezident İlham
Əliyevin imzaladığı “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı
bəzi tədbirlər haqqında” sərəncamı ölkənin
ali məktəblərinin Avropa ali təhsil məkanına
inteqrasiyasını və Boloniya prosesinə
qoşulmasını vacib bir amil kimi şərtləndirmişdir.
Təsadüfi deyil ki,
Avropanın 45 ölkəsi bu prosesə qoşularaq vahid
bir təhsil sistemi üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlayırlar.
Avropa Kredit Transfer Sistemi (AKTS)
adlanan bu təhsil proqramı tədrisin keyfiyyətinin yüksəlməsini,
tələbə və müəllimlərin məsuliyyətinin
artmasını, obyektivliyi və ədaləti təmin etməklə
yanaşı, fənlərin və müəllimlərin
seçilməsində tələbələrə müstəqillik
verir və onlara təhsilinin müəyyən
bir mərhələsini xarici ölkələrin
aparıcı universitetlərində davam etdirməsinə
imkan yaratmaqla, tələbələrin həmin ali məktəblərin
təhsil məkanına daxil olmasını, tədris prosesinə
qoşulmasını təmin edir.
Beləliklə,
diplomların beynəlxalq miqyasda tanınmasına zəmin
yaradır. Elə bu baxımdan da Azərbaycan
Tibb Universitetinin bütün fakultələrində olduğu
kimi, zamanın və həyatın tələblərinə
cavab verə bilən, yüksək ixtisaslı əczaçı
kadrlar hazırlayan və 80 illik yubilleyini qeyd edən əczaçılıq
fakultəsi də, respublikamızda bu istiqamətdə imzalanan
əmr və sərəncamlardan irəli gələn
vəzifələrin həyata keçiriliməsində fəal
iştirak edərək, ali təhsilin modernləşdirilməsi
yolunda hazırlanan mütəxəssislərin peşəkarlığının
Avropa və Dünya standartlarına
uyğunlaşdırılması işində əzmlə
çalışmaqla, bir sıra uğurlu nəticələr
əldə edir.
Aidə
BƏNDƏLİYEVA
ATU-nun
“Əczaçılığın texnologiyası və idarəçiliyi”
kafedrasının baş müəllimi
İki sahil.- 2021.- 27
aprel .- S.26.