Qarabağ xanlığına
mənsub olan görkəmli şəxsiyyətlərin
məqbərələri
Qədim və
orta əsrlərdə
Şərqdə nüfuzlu
xan, bəy və hökmdar ailələri və nəslinin nümayəndələri
xüsusi qəbiristanlıqda
dəfn ediliblər. Onların dəfn olunduğu qəbiristanlıqlar
məqbərə və
ya türbə adlandırılıb. Qarabağ
xanlığının nümayəndələri
də həmin ənənəyə uyğun
olaraq müxtəlif regionlarda ailə qəbiristanlıqlarında torpağa
tapşırılıb.
Qarabağ tarixi, eləcə
də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox
kitabın müəllifi,
tədqiqatçı-jurnalist Vasif Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, Ağdam şəhərinin mərkəzində
Cavanşirlər nəslinə
- Qarabağ xanlarına,
onların əcdadlarına,
övladlarına və
qohumlarına məxsus
olan ailə qəbiristanlığı
İmarətdə yerləşirdi.
“Barlı bağ” adlanan həmin məkanda ilk dəfə olaraq Qarabağ hakimi Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa dəfn edilib: “Burada Pənahəli xanın və onun övladlarının qəbirləri üzərində
yonulmuş daşlardan
uca günbəzlər
tikilmişdi. Qapıları
tağbənd şəklində
olmuşdu, ətraflarında
isə uca çinar ağacları vardı. Deyilənə görə, həmin ağacları xan özü əkdirmişdi.
İran hökmdarı
Ağa Məhəmməd
şah Qacar 1795-ci ildə Şuşa qalasını ala bilməyib geri çəkilərkən qoşunlarına
istirahət vermək üçün Ağdam yaxınlığında düşərgə
salıb. Bir ay orada dincələndən
sonra Tiflis üzərinə yeridi və İbrahimxəlil xandan heyfini almaq üçün onun dədə-baba qəbiristanlığını yerlə-yeksan eləyib, qəbirləri dağıtdı.
Qarabağın üçüncü xanı
Mehdiqulu xan Cavanşir sonralar qəbiristanlığı abadlaşdırmış,
qəbirlərə vəqf
olaraq ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat
zamanı, aran yerlərdə yaşayanlar
hər il yayda biçin vaxtı və xəstələri üçün
buradan buz aparardılar.
Ailə qəbiristanlığında İbrahimxəlil xan, onun qardaşları Mehrəli ağa və Talıbxan bəy, Mehdiqulu xan, podpolkovnik Kərim xan Cavanşir, Xurşidbanu Natəvan, onun oğlanları Mehdiqulu xan Usmiyev, Mirabbas,
Qəmər bəyim,
Xan qızının kürəkəni Əmənulla
xan Naxçıvanski,
Qəzənfər
ağa Cavanşir və başqaları dəfn olunmuşdular”.
Tədqiqatçı-jurnalist
daha sonra deyib: “Qarabağda Goran kəndinin ətrafında yerləşən
böyük qəbiristanlıqda
XIX əsr Azərbaycan
memarlığının nümunəsi
olan dördü böyük, ikisi kiçik altı türbə var. Bir-birindən on metr aralı məsafədə yerləşən
dörd türbə kvadrat şəklində olub, bişmiş kərpicdən, böyük
türbələrin şərq
tərəfində yerləşən
iki kiçik türbə isə çay daşından tikilmişdi. Türbələrdən
yalnız kvadrat şəklində olan ikisi müəyyənləşdirilmişdi.
Kvadrat şəklində
olan türbənin daxilində qərb tərəfin divarında üç başdaşı
var. Başdaşıların
ərəb hərfləri
ilə yazılmış
kitabələrini tarixçi-alim
İsaq Cəfərzadənin
oxuyub müəyyənləşdirdiyinə
görə, türbə
“Qarabağnamə”nin müəllifi,
kapitan Mirzə Adıgözəl bəyin
ailəsinə məxsusdur.
Həmin başdaşılardan
biri də Mirzə Adıgözəl
bəyin qəbridir. O
biri qəbirlərin kimə məxsus olduğu hələlik aydınlaşdırılmayıb.
Bərdədə İbrahim məscidinin yaxınlığında Bəhmən
Mirzə Qacarın məqbərəsi yerləşir.
O, Bərdədə dəfn
olunmasını vəsiyyət
etmiş və məqbərəni vəfatından
(11 fevral 1884-cü il)
əvvəl hazırlatmışdı.
Məqbərə Arran
memarlıq məktəbi
üslubunda tikilmişdir.
Hazırda yarıuçuq
vəziyyətdədir. Üç
otaqdan ibarət olan məqbərənin tavanları gümbəzvaridir,
Ən böyük otaq giriş otağıdır, ikinci otaq nisbətən kiçikdir. Onun şimal tərəfində
iki şam yeri, bir kitab
taxçası, buxarı,
alt hissəsində isə ocaq yeri
var. Üçüncü
otaqda isə Bəhmən Mirzə Qacarın qəbri, qəbrin ətrafında isə divar boyu altı kitabə düzülmüşdür.
Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların
ailə qəbiristanlığı
yerləşib. Qəbiristanlıq
XIX əsrin 50-ci illərində,
yəni Şahzədə
Bəhmən Mirzə
Qacar İrandan Şuşaya köçəndən
sonra salınıb. Burada məşhur Qacar nəslinin görkəmli simaları ilə yanaşı, sülalədən olan adi insanlar da
dəfn edilib.
Uğulubəyovların türbəsi isə Qədim Qarağac qəbiristanlığında idi.
Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə
ucaldılıb və
həmin vaxtdan da ona “Uğurlubəyovların
türbəsi” adı
verilib”.
İki sahil.- 2021.- 28 aprel.- S.25.