Şəhid gizirin əbədi dastanı

 

 

Vətən müharibəsində hünəri ilə əbədi dastan yazan və ölməzlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də gizir Orxan Vidadi oğlu Balayev olmuşdur.

 

Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı olan Orxan yeniyetmə yaşlarından hərbçi olmağı arzulayıb. Onun bu arzusunun reallaşmasında dayısının - İkinci Qarabağ savaşında göstərdiyi igidliklərə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik-leytenant Balayev Zaur Zakir oğlunun da kifayət qədər əməyi olub.

 

 Orxan Balayev 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Vətənə, torpağa, xalqa xidmət etmək arzusu ilə üç aylıq gizirlik kursunu uğurla başa vuraraq Vətənə xidmətini davam etdirib. Belə ki, o, Yevlax-Aran korpusundakı “N” saylı hərbi hissədə həmlə qrupunda xidmətdə olub.

 

Orxan Balayev Vətən müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, müzəffər ordumuz tərəfindən tezliklə qələbə əldə olunacağını, xalqımızın Qarabağ həsrətinə son qoyulacağını da əminliklə bildirmişdi. Yeri gəlmişkən, o elə həmin müsahibəsində özünü belə təqdim etmişdi: “Mən özüm Qubadanam. Buradan bütün Azərbaycan xalqına salamlarımı söyləyirəm. Qoxrmasınlar, igidləri torpaqları geri qaytaracaqlar.” Hərbçi yoldaşlarının dediklərinə görə, Orxan  cəsur və qorxubilməz gənc gizirlərdən olub.

 

Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Həmin telefon söhbətini xırda detalları ilə xatırlayan atası Vidadi Balayevin sözlərinə görə, oğlunun ona söylədiyi son sözləri belə olub: “Telefona zəng çatmasa narahat olmayın”.

 

Anası Məlahət xanım isə vurğuladı ki, oğlu həmin gün ona da ürək-dirək verərək deyib ki, anam, gözün aydın, düşmən əsarətində olan ərazilərimizi sürətli, həm gözlənilməz həmlələrlə azad etməkdə davam edirik:Hər şey yaxşıdır. İnşallah, görüşərik. Mənim yerimə bacılarımın gözlərindən öp!” Həqiqətən bu söhbətdən sonra onun telefonuna zəng çatmayıb. Valideynləri bunu təbii qəbul ediblər. Buna baxmayaraq yenə cəhdlər göstəriblər. Amma telefon susmaqda davam edib. Oktyabrın 15-də isə Orxanın itkin düşməsi xəbəri yayılıb. Sonradan  Vidadi kişiyə oğlunun oktyabrın 8-də şəhid olduğu barədə məlumat verilib. Amma onun nəşini  döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb. Nəhayət, Orxanın nəşi noyabrın 30-da ailəsinə təhvil verilib.

 

Atası Vidadi kişi bizimlə söhbətini bu sözlərlə tamamladı: “Biz Orxanla fəxr edirik. O, Vətən yolunda, bu yurdun suverenliyi uğrunda canından keçib. Bundan böyük şərəf ola bilməz. Qürur hissi keçiririk ki, Qarabağımızı işğaldan azad etdik. Mənim oğlum da Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Bu da onun taleyi imiş. Vətən sağ olsun!”

 

Ailə üzvləri evin bir küncündə Orxanın döyüş yolunu özündə əks etdirən  guşə yaradıblar. Guşə ilə tanış olarkən Orxanın mənalı həyat yolundan heyrətlənməmək mümkün deyil. Elə şəhid ailəsini ziyarət edənlər bu guşəyə baş çəkir, onun simasında bütün şəhidlərimizə rəhmət diləyirlər.

 

Orxan Balayevin döyüş xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə gizir Orxan Balayev ölümündən sonraVətən uğrundamedalı ilə təltif olunub.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2021.- 27 aprel.- S.30