“Nəsillərə nümunə
ömür yolu” mövzusunda YAP-ın təşkilatçılığı
ilə akademik Zərifə Əliyevanın doğum
gününə həsr edilmiş videokonfrans keçirilib
Aprelin
27-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın doğum gününə həsr
edilmiş “Nəsillərə nümunə ömür yolu”
mövzusunda videokonfrans keçirilib.
YAP-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, videokonfransda
çıxış edən YAP sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, dünya
oftalmologiya elminə böyük töhfələr vermiş
akademik Zərifə xanım Əliyevanın zəngin irsi,
tibbin müxtəlif sahələri üzrə
apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini
təşkil edir. İnsanlara nur bəxş edən Zərifə
xanım Əliyevanın oftalmologiya elminin
inkişafındakı xidmətləri əvəzsizdir.
Zərifə xanım Əliyevanın Moskva
şəhərindən Vətənə qayıtdıqdan
sonra Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda elmi işçi vəzifəsində
çalışmağa başladığını deyən
Tahir Budaqov qeyd edib: “Apardığı tədqiqatların nəticələri
Zərifə Əliyevanın uğurla müdafiə etdiyi
namizədlik dissertasiyasının əsasını təşkil
edir. Ona görə bu fikir böyük inamla qeyd edilir ki, Azərbaycanda
traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə
Əliyevanın adı ilə bağlıdır.
Tanınmış alim Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasında davam etdirib. Burada dosent,
professor, daha sonra isə kafedra müdiri vəzifələrində
işləyib, oftalmologiyanın aktual problemlərinə həsr
edilmiş çoxprofilli tədqiqatlar aparıb. Alimin apardığı elmi-tədqiqat işlərinin
uğurlu nəticələrinə və oftalmologiyanın
inkişafına verdiyi töhfələrə görə
akademik Zərifə Əliyeva keçmiş ittifaqın
oftalmologiya sahəsində ən böyük mükafatı
olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax
adına mükafatına layiq görülüb. Zərifə
xanım Əliyeva həmin mükafata layiq görülən
ilk alim qadın idi. Moskva oftalmoloji məktəbi Zərifə
xanım Əliyevanı “oftalmologiyanın mirvarisi”
adlandırmışdı”.
YAP sədrinin müavini diqqətə
çatdırıb ki, akademik Zərifə Əliyeva 150-dən
artıq elmi əsərin müəllifi kimi, eləcə də
çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində
əvəzsiz xidmətlərinə görə Azərbaycanın
Əməkdar elm xadimi fəxri adına layiq
görülüb. Görkəmli alim həm
də keçmiş SSRİ-nin Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini kimi fədakarcasına
çalışıb, respublika "Bilik" Cəmiyyəti
İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar
Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən
"Oftalmologiya xəbərləri" jurnalının
redaksiya heyətinin üzvü olub.
Tahir Budaqov vurğulayıb ki, Zərifə
xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin, xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər
Əliyevin ömür-gün yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı, cənab
Prezidentimiz İlham Əliyevin anasıdır: “Ulu öndər
Heydər Əliyev dövlət işində, Zərifə
xanım Əliyeva elm və səhiyyə sahəsində
böyük uğurlara yol açaraq məktəb
yaratdılar. Zərifə xanım cənab İlham Əliyev
kimi övlad böyüdərək xalqımıza bəxş
edib. Əbəs yerə ömür kitaba bənzədilmir. Bu
kitabın çoxcildliliyi, böyük auditoriya
üçün təqdimatı yaşanan ömrün mənalılığından,
insanlar tərəfindən böyük sevgi ilə
qarşılanmasından və xatirələrə
çevrilməsindən asılıdır. Zərifə
xanım Əliyeva bu sevgini qazanan, daim qəlblərdə
yaşanan və hər zaman yaşanacaq şəxsiyyətlərdəndir”.
Sonra tədbirdə akademik Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
aparıcı elmi işçisi Nubar Haşımova məruzə
ilə çıxış edib. Nubar
Haşımova bildirib ki, Zərifə xanım Əliyeva
vurğunu olduğu sənətinə məhəbbətinı
öz tələbələrinə ötürməyi
bacarırdı. Onun konfranslardakı dolğun, məzmunlu
çıxışları daim axtarışda olan uzaq
görən alimin, əsl vətəndaşın milli
oftalmologiyanın gələcəyinə olan
baxışları idi. Zərifə xanım
milli oftalmologiyanın inkişafını müasir tələblərə
cavab verən oftalmoloji mərkəzin yaradılmasında,
öz ixtiralarını, kəşflərini dünya
miqyasına çıxara bilən yüksəkixtisaslı
kadrların hazırlanmasında, dünya oftalmologiya elminə
inteqrasiyada görürdü. Bu gün fəxrlə deyə
bilərik ki, bütün bu ideyalar onun davamçıları
tərəfindən böyük fəallıqla, əzmlə
yerinə yetirilir. Zərifə xanımın ideyaları bu
gün də yaşayır, onun ruhu şaddır.
2009-cu ildə Milli Oftalmologiya Mərkəzinin
yaradılmasının bu ideyaların həyata keçməsinin
bariz nümunəsi olduğunu bildirən Nubar Haşımova
qeyd edib: “Ən müasir diaqnostik və müalicə
avadanlıqları ilə təchiz olunmuş mərkəzdə
göz xəstəliklərinin diaqnostikası və müalicəsinin
təşkili, yüksək cərrahi texnologiyanın tətbiqi
üçün geniş imkanlar açıldı. Eyni
zamanda, Mərkəzin texniki təchizatı müasir tibbi
aparatlarla işləməyi bacaran mütəxəssislərin
yetişdirilməsini tələb edirdi. Gənc, istedadlı
oftalmoloqlarımız dünyanın aparıcı oftalmoloji
müəssisələrində təcrübə keçərək
yüksək cərrahi texnologiyanı tətbiq etməklə
bu vəzifənin öhdəsindən bacarıqla gəldilər.
Hazırda Milli Oftalmologiya Mərkəzində gözün
ön və arxa hissəsinin cərrahiyyəsi, o cümlədən
kerotoplastika, lazer əməliyyatları müvəffəqiyyətlə
həyata keçirilir. Hazırda milli oftalmologiya Mərkəzi
Masallı, Gəncə, Şəki filialları ilə birlikdə
sinxron işləyən nəhəng bir kompleksə
çevrilmişdir”.
N.Haşımova söyləyib ki, akademik Zərifə
Əliyevanın ideyalarının, arzularının
davamçıları olan Milli Oftalmologiya Mərkəzinin
kollektivi bu böyük alimin, xeyirxah insanın adını
daşımaq məsuliyyətini dərk edir, bununla fəxr
edir.
Daha sonra çıxış edən
YAP İdarə Heyətinin üzvü, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
bildirib ki, hər bir xalqın tarixində olduğu kimi, Azərbaycan
xalqının da həyatında vacib rol oynayan, onun
inkişafına, ictimai-siyasi həyatına,
milli-mədəni və ailə dəyərlərinin möhkəmlənməsi
işinə böyük töhfələr verən görkəmli
şəxsiyyətləri, tanınmış elm və incəsənət
xadimləri, dövlət adamları vardır. Bu gün adının və əməllərinin
işığına toplaşdığımız, onu
tanıyanların qəlbində, ilk növbədə,
yüksək şəxsi keyfiyyətləri, səmimiyyət
və mehribanlığı ilə silinməz izlər buraxan
bir şəxsiyyətin, varlığından və şərəfli
həyat yolundan qürurla danışdığımız
Zərifə xanım Əliyevanın isə bu insanlar
arasında özünəməxsus yeri vardır.
Bahar Muradovanın sözlərinə
görə, ötən əsrin 50-ci illərindən geniş
ictimaiyyətə əvvəl görkəmli ictimai-siyasi xadim
Əziz Əliyevin qızı, daha sonra ulu öndər, Azərbaycan
dövlətinin banisi Heydər Əliyevin ömür-gün
yoldaşı, nəhayət zəmanəmizin ən parlaq
liderlərindən biri, Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin anası kimi yaxşı tanış olan bu gözəl
insan haqda danışmaq mənim üçün böyük
şərəfdir. “Yəqin ki, taleyinə Tanrının bu
üç qismətindən biri düşən hər
hansı bir qadın özünü dünyanın ən
şanslı insanlarından biri sanar, bu qisməti ilə
öyünməyə haqqı çatdığını
düşünərdi. Lakin qeyd etmək
lazımdır ki, bu gün hələ
sağlığında onunla bir yerdə
çalışanlar, yol yoldaşı olanlar, heç olmasa
onunla ünsiyyətdə olanlar bu sadə, təvazökar və
geniş qəlbli xanımın daşıdığı bu təbii
və qazanılmış titullarının yalnız məsuliyyətinin
daşıyıcısı olduğunu hər zaman
vurğulamaqdadırlar. Hələ gənc
yaşlarından zamanın ziddiyyətli və insanı hər
an sınağa çəkən sərt ideoloji şərtləri
altında yaşamağa, mübarizə aparmağa, ədalətsizliklərlə
çarpışmağa məhkum olan ailəsinin üzləşdiyi
çətinlikləri öz üzərində hiss edən, nəciblik,
sədaqət və fədakarlıq kimi keyfiyyətləri
çətin şəraitdə öz simasında birləşdirməyin
və məğrurluqla daşımağın örnəyini
yaratmışdır. Həqiqətən də
Zərifə xanımın nəsillərə nümunə
olan ömür yoluna nəzər salan hər bir kəs, ilk
növbədə, bu zərif Azərbaycan qadınının
timsalında mənəvi zənginliyi ilə diqqətləri
çəkən və bitkin xarakterə malik bir insanla
üzləşir. Azərbaycan elminə sanballı töhfələr
vermiş görkəmli elm xadimi bütün vəzifə və
öhdəliklərinə vicdanla yanaşan vətəndaşla,
dəyanətli ömür-gün yoldaşı, fədakar ana
ilə tanış olur. Onun ömür yolu hər bir insan, həkim,
alim və ictimai xadim üçün kamillik məktəbidir.
Bütün bu sahələrdə uğur əldə
etmək, insanların sevgisini qazanmaq, mərhəmət və
xeyirxahlıq ünvanına çevrilmək
üçün, sözün əsil mənasında, yüksək
mənəvi keyfiyyətlərə, Tanrının bəxş
etdiyi qeyri-adi xüsusiyyətlərə malik olmaq
lazımdır”, - deyə komitə sədri qeyd edib.
Dövlət Komitəsinin sədri
vurğulayıb ki, bu gün Zərifə xanımı
seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə
etdiyi nəticələr, yaratdığı ənənələr,
qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan əfsanələrə
bənzər həqiqətlərə görə
tanıyan insanlar, ondan sonrakı nəslin nümayəndələri
hörmət və sevgi ilə anır. O bildirib: “Zənnimcə, bütün parametrlər üzrə
xarakteri və onun məzmunu ilə əsl Azərbaycan
xanımı obrazını müdrikliyi və mükəmməlliyi
sahəsində özü öz boyuna biçmiş bu gözəl
insanı müasir və gələcək nəsillər də
hər zaman yüksək ehtiram və minnətdarlıq
hissi ilə xatırlayacaqlar. Bir də ona görə
xatırlayacaqlar ki, müstəqil Azərbaycan dövlətinin
banisi, ümummilli liderimiz Heydər Əliyevin həyat
yoldaşı, eləcə də müasir, qüdrətli və
zəngin Azərbaycan dövlətinin qurucu lideri Müzəffər
Ali Baş Komandan İlham Əliyevin anasıdır”.
YAP Veteranlar Şurasının
üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov çıxışında
bildirib ki, görkəmli elm adamları, ziyalılar,
yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan
maddi və mənəvi irs mənsub olduqları xalqın,
dövlətin, eləcə də bəşəriyyətin sərvətidir.
Hər bir xalq özünün istedadlı şəxsiyyətləri,
elm və mədəniyyət adamları, siyasi xadimləri ilə
qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu
baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər,
çünki ölkəmiz bir çox sahələrdə
istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən
biri olan Zərifə xanım Əliyevanın zəngin həyat
yolu hər bir azərbaycanlıya örnəkdir.
Əhliman Əmiraslanov qeyd edib ki, Zərifə
xanım Əliyeva Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə səbəb olan geniş
yayılmış traxoma infeksion xəstəliyinə
qarşı mübarizə aparıb. Bu xəstəliyə
qarşı təsirli müalicə üsullarının
olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda
traxoma xəstəliyinin daha geniş yayıldığı
rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali
arasında maarifləndirmə aparırdı.
Akademikin sözlərinə
görə, Zərifə xanım Əliyeva yalnız
çalışdığı institutda fəaliyyət
göstərməklə kifayətlənmirdi, o,
respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin
yaranma səbəblərini araşdırır və xəstəlik
ocaqlarında kompleks şəkildə müalicə-profilaktik
tədbirləri həyata keçirirdi. Böyük alim
uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar
arasında yayılan traxoma xəstəliyinin
qarşısını almaqda da xüsusi xidmət göstərib.
Zərifə xanım Əliyevanın bu sahədə gərgin
fəaliyyəti tezliklə öz nəticələrini verdi.
Belə ki, onun təklif etdiyi müalicə metodunun respublikada
tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən
xilas olub. Sonrakı illərdə Zərifə xanım
oftalmologiya elminin digər mühüm istiqamətləri
üzrə tədqiqatlar həyata keçirirdi. Onun qlaukoma xəstəliyi
ilə bağlı tədqiqatları klinik göz xəstəliyi
sahəsində çalışan həkimlərin biliklərinin
genişlənməsinə müsbət təsir göstərib.
Əhliman Əmiraslanov diqqətə
çatdırıb ki, Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya
kafedrasına 1983-cü ildə müdir seçildikdən
sonra Zərifə xanımın fəaliyyəti daha da
genişlənib. O, həmçinin görmə
orqanının virusla zədələnməsinə həsr
olunmuş çoxsaylı araşdırmaları ilə də
oftalmologiya elminə töhfələr verib. Həmin dövrdə
Zərifə xanım qlaukomanın etimologiyası,
diaqnostikası və müalicəsi məsələlərinə
həsr olunan maraqlı tədqiqatlar aparıb.
Videokonfransa yekun vuran YAP sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, tədbirdə
akademik Zərifə xanım Əliyeva haqqında çox
maraqlı, dərin məzmunlu fikirlər səsləndi.
Bu gün Zərifə
xanımın ruhunun şad olduğunu deyən Tahir Budaqov qeyd
edib ki, son 18 ildə ulu öndər Heydər Əliyevin
memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın
daha da inkişaf edib çiçəklənməsinə,
dünyada layiqli yer tutmasına nail olan, davamlı uğurların
müəllifi onun əsl vətəndaş kimi
böyüdüb boya-başa çatdırdığı və
cəmiyyətimizə bəxş etdiyi övladı, möhtərəm
Prezidentimiz İlham Əliyevdir. Bu illərin ən
böyük uğuru dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərə imza atması, 30 ilin işğalına
son qoyub, ərazi bütövlüyümüzü təmin
etməsidir. Prezident İlham Əliyevin adı tarixə qalib
ölkənin qalib Sərkərdəsi kimi yazıldı.
“Azərbaycan xalqı xoşbəxt
xalqdır ki, onun Prezident İlham Əliyev kimi dövlətinin,
xalqının gələcəyini düşünən, onun
maraqlarını hər şeydən üstün tutan qətiyyətli
Lideri var”, - deyən YAP Mərkəzi Aparatının rəhbəri
vurğulayıb: “O, Heydər Əliyev və Zərifə
Əliyeva məktəbindən dərs alıb. Azərbaycan
Prezidenti son 18 ildə atdığı addımların əsasında
Heydər Əliyev siyasətinə sadiqliyin
dayandığını, hər bir vədini əməldə
təsdiqlədiyini göstərdi”.
Tahir Budaqov bildirib ki, Zərifə xanım
Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik
və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq,
onun parlaq xatirəsi daim anılacaq, qədirbilən
xalqımızın qəlbində əbədi yaşayacaq
İki sahil.- 2021.- 28 aprel.- S.16-17.