Arzusuna çatan Şəhid!

 

Bir gün anasına “Bir arzum var, həyata keçməsi üçün dua elə” deyəndə, anası da əllərini Tanrı dərgahına açıb oğlunun nə olduğunu bilmədiyi arzusuna çatması üçün ürəkdən dua elədi. Bu arzunun – oğlunun ən böyük arzusunun müqəddəs Vətən torpağı uğrunda uca şəhidlik zirvəsinə qovuşmaq olduğunu bilsəydi, dua edərdimi görəsən biçarə ana, qürurlu ana, oğlunu hamıdan, hər şeydən çox sevən ana, “Çalmalı” ləqəbli kəşfiyyatçımız, qəhrəman şəhidimiz, nur üzlü şəhidimiz İmaməddin Abdullazadənin anası!

 

...Əmisi oğluna göndərdiyi səsli mesaja qulaq asıram. Alışdıra-alışdıra vəsiyyət edir. Deyir, əmioğlu, dünyanın işidir, alnımıza yazılıbsa, o da olacaq, möhkəm olmaq lazımdır, möhkəm olun! Barışmaq lazımdır hər şeynən, işdi-şayətdi birdən qayıda bilmərəm, o uca şəhidlik zirvəsini Allah mənə nəsib eliyər, baş daşı olsun, amma sinə daşı qoymazsınız mənə, istəmirəm sinə daşım olsun!

 

...Sinə daşısız məzarının başına yığılmışdı sevənləri, döyüş yoldaşları, qazilər, şəhid anaları Azərbaycanın ən çox şəhid vermiş kəndinin – Beyləqan rayonunun Kəbirli kəndinin camaatı. İmaməddin Əsgər oğlu Abdullazadənin 25-ci, cənnətdə birinci doğum gününü qeyd etməyə. Dualar oxundu, haqqında xatirələrini danışdılar, ruhuyla dərdləşdilər...

 

Dedilər ki, doğması, anası, namusu bildiyi, bildiyi qədər sevdiyi Vətənimizin, torpağımızın kafir tapdağında qalmasını qüruru, mənliyi götürməyib, ağlı kəsəndən hərbçi olmaq istəyib İmaməddin. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb, xidmətinin sonuna yaxın 2016-cı ilin aprel döyüşlərində iştirak edib – qeyrətlə, sücaətlə. Xidmətini bitirib evə qayıtdıqdan cəmi 3 ay sonra yenidən hərbi hissəyə yollanıb. Kəşfiyyatçı kimi hazırlaşıb Vətən müharibəsinə, haqq savaşına. O böyük hesab günü gələndə Füzuli, Hadrut, Xocavənd, Qubadlı uğrunda döyüşüb, yaralanıb, ancaq dayanmayıb, geri çəkilməyib. Gözəl, müqəddəs Şuşamızın yaxınlığına, şəhadətə qovuşacağı Daşaltına kimi gedib!

 

Bir dedilər ki, namərd gülləsinin yağış kimi yağdığı döyüşlərdə belə dəbilqə taxmırmış İmaməddin, komandirlərinə ona “Çalmalı” ləqəbini qazandıran çalmasının onu qoruduğunu, yaralansa da başından yaralanmayacağını deyirmiş. Elə olub, torpaq yaralanmasın deyə gülləyə sinəsini sipər edib, 2020-ci il noyabrın 4-də ən böyük arzusuna çatıb – həyata keçməsi üçün anasına dua etdirdiyi arzusuna!

 

Qəhrəmanlığı, sücaəti dəyərləndirilib İmaməddinin, Azərbaycan Respublikasının Prezidenti, Sialhlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Qubadlının Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Rahat uyu, “Çalmalı” kəşfiyyatçı, ölümünlə ürəyimizdə əbədi həyat qazanmısan! Doğum günün mübarək!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 7 avqust.- S.14.