Cənnətdəki ilk döqum günü mübarək,

 

 

Xətai rayonunda şəhidlərin xatirə löhvəsinin açılış mərasimi keçirildi

 

 

“Təki Vətən sağ olsun” deyib öz qanları və canları ilə torpağa azadlıq toxumu səpən, ərazi bütövlüyümüz  uğrunda qəhrəmanlıqla mübarizə aparan, qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik məqamına yüksələn, şəhadəti ilə tarix yazan igidlər sırasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Kərimov və şəhid polkovnik-leytenant  Babək Ramaldanov da var. Avqustun 9-da Bakının Xətai rayonu, Kazımağa Kərimov küçəsində  onların əziz xatirəsi şərəfinə ucaldılan xatirə lövhələrinin açılış mərasimi keçirildi.

 

 

 

“İki sahil” xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhidlərin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak edirdilər.

 

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, abidə kompleksinin önünə güllər düzüldü, dualar edildi.

 

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani mərasim iştirakçılarını salamladı.

 

 

 

Abdulla Qurbani şəhidlərin igidliyindən, cəsurluğundan, Vətənə bağlılığından söz açdı və onların xatirəsinin heç vaxt unudulmayacağını vurğuladı. Qeyd etdi ki, abidə kompleksinin açılmasında əsas məqsəd şəhidlərimizin xatirəsini uca tutmaqla yanaşı, yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissini yüksəltməkdir. Əlavə etdi ki, abidənin açılış mərasiminin bu gün keçirilməsi heç də təsadüfi deyil. Çünki avqustun 9-u şəhid polkovnik-leytenant  Babək Ramaldanovun  cənnətdəki ilk doğum günüdür. Babək Ramaldanov yaşasaydı 39 yaşı tamam olacaqdı...

 

 

 

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra belə qərara gəldik ki, Birinci və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsini birləşdirək. Məsələn, bu yaxınlarda açılışı olan Polad Həşimov adına küçədə və Polad Həşimov adına şəhidlərimizin xatirə parkında öndə şəhid generalın, sırasında 8 şəhidimizin lövhələri vurulub. Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı İnqilab İsmayılovun adını daşıyan park  hazırlandıqdan sonra, onun xatirə lövhəsi vurulmuşdur. Bu yaxınlarda daha 3 şəhidimizin o sırada lövhələrini vurduq. Bu gün də Birinci və İkinci Qarabağ savaşının qəhrəmanlarının xatirəsi qoşa əbədiləşdirilib.

 

 

 

 Şəhid Babək Ramaldanovun dayısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov da qeyd etdi ki,  xatirə lövhəsindəki qoşa qanad  bizə “baxır”, bu gün onların ruhları şaddır: "Çox təsiredici andır. Mənə elə gəlir ki, bu təşəbbüsün əsası məhz Xətai rayonunda qoyulub. Yəni, Birinci və İkinci Qarabağ savaşının igidləri bir-birinin yanında "dayanıblar". Mən deyərdim ki, bu ənənəni davam etmək lazımdır ki,  hər kəs bilsin ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız heç zaman unudulmayacaq. Şəhid Babək  Ramaldanov demək olar ki, bu küçədə böyüyüb. Buralara dəfələrlə  gəlib, buralarda oynayıb. Zənnimcə, onun xatirə abidəsinin bu ünvanda əbədiləşdirilməsini də çox doğru seçimdir".

 

 

 

Tədbirdə çıxış edən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğuladı ki, doğrudan da bu gün Xətai rayon sakinləri, həmçinin də şəxsən mənim üçün çox yaddaqalan bir gündür. Biz həm Birinci, həm İkinci Qarabağ savaşının şəhidləri Kazımağa  və Babək qardaşlarımızın xatirə lövhəsinin açılış mərasiminə toplaşmışıq. İlk olaraq, onların ruhu qarşısında baş əyirəm. Onların valideynlərinin qarşısında baş əyirəm.  Zaman keçdikcə şəhidlərimizin şanlı döyüş yolunun gənc nəslə çatdırılması üçün sanballı əsərlər yazılacaq, filmlər çəkiləcək. Hesab edirəm ki, onlar çox müqəddəs amal uğrunda canlarını fəda ediblər. Şəhidlərimizin həyatı hər bir vətəndaş,  o cümlədən Azərbaycan gənci, bir sözlə, gələcəyimiz üçün bir örnəkdir. Bu nümunə özündə qəhrəmanlıq simvolumuzu ehtiva edən örnəkdir. Ona görə də Vətən, dövlət, xalq üçün canını fəda etməkdən qürurlu və şərəfli heç nə ola bilməz. Şəhidlərimiz şərəfli həyat yaşayıblar. Bu cür igidlər təkcə valideynlərinin deyil, bütün Azərbaycan xalqının övladıdır. Hər bir azərbaycanlı üçün də əziz, dəyərli və müqəddəs insanlardır ki, bu gün bura toplaşmışıq. Mən Allahdan onlara qəni-qəni rəhmət diləyirəm. Onların ölməz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti, qüdrəti, şöhrəti zaman keçdikcə daha da yüksələcək.

 

Daha sonra Babək Ramaldanovun nənəsi Nuriyyə  xanım çıxış edərək  Allahdan hər kəsə cansağlığı arzuladı,  hər evdən şad xəbərlər gəlməsini dilədi.

 

Mərasimdə şəhid Babək Ramaldanovdan yadigar qalan oğullarından biri-Ramaldan Ramaldanov atasına həsr olunmuş şeir səsləndirdi.

 

Abidə kompleksinin açılışında iştirak edənlər, şəhidlərin ailə üzvləri ürək sözlərini, qəhrəmanlarla bağlı xatirələrini “İki sahil”lə bölüşdülər:

 

 

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid-jurnalist Kazımağa Kərimovun oğlu Rəşad Kərimov:“Bu gün mənim üçün çox qürurlu və fəxredici bir gündür ki, nəhayət 44 günlük Vətən müharibəsi sayəsində 30 ildir işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Biz bu günü ürək sevinci, şərəf hissi ilə qeyd edirik. Şükürlər olsun ki, öz torpaqlarımıza qovuşduq, şəhidlərimizin qanı yerdə qalmadı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa və cansağlığı arzulayıram.“

 

 

 

Meyvəddin Ramaldanov: “Mən şəhid polkovnik-leytenant Babək Ramaldanovun atasıyam. Qarabağ torpaqlarının azadlığı uğrunda öz şücaəti ilə yaddaşlara həkk olunan  Babək Ramaldanovun elə uşaqlıq arzusu da hərbiçi olmaq və Vətənə xidmət etmək idi. Babək Vətənini qorumaq, xalqa xidmət etmək üçün Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, məzun olduqdan sonra 11 il Naxçıvanda xidmət edib, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Babək Ramaldanov magistr təhsili aldığı Rusiya Ümumqoşun akademiyasını da qızıl medalla bitirir. M.V. Frunze adına həmin Hərbi Akademiyanı indiyə qədər 7 zabit bitirib. Amma Babək Ramaldanov yeganə zabit idi ki, adıçəkilən akademiyanı qızıl medalla bitirmişdi. Daha sonra “N” saylı hərbi hissəyə qərargah rəisi təyin olunan Babək müharibə başlayan gündən şəxsi heyəti ilə birlikdə 10 gün Murov istiqamətində vuruşub. Uğurlu əməliyyatlardan sonra Babəkin rəhbərlik etdiyi hərbi hissə Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılır. 38 yaşlı komandir Vətən müharibəsində xüsusi şücaət göstərərək düşmənə amansız mövqe tutur. “İrəli” yox, “Hər zaman arxamca” əmri verən qəhrəman zabit oktyabrın 16-da elə həmin istiqamətlərdə də döyüş tapşırığını yerinə yetirərkən düşmənin artilleriya atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Babək Ramaldanov Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Polkovnik-leytenant oktyabrın 18-i Bakıya gətirilərək İkinci Şəhidlər xiyabanında dəfn edilib. O ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.”

 

M.Ramaldanov əlavə etdi ki, mən fəxr edirəm ki, belə bir oğul yetişdirmişəm. Onlar həmişə qəlbimizdədir.Vətən müharibəsində şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, hərbçilərin rəşadəti sayəsində, dövlət başçımızın uzaqgörən siyasəti, diplomatik məharəti nəticəsində Azərbaycan şanlı Qələbəni qazandı.  Bizim başımız ucadır. Şəhidlərimizin ruhu şad  olsun ki, torpaqlarımız azaddır.  Şəhidlər ölməz, Vətən bölünməz.

 

 

 

Xalidə Ramaldanova: “Mən Babək Ramaldanovun anasıyam. Biz səyahət etməyi sevirik. Bir dəfə Babək mənimlə telefonla danışanda dedi ki, ana, tezliklə Şuşa elə gözəl abadlaşacaq ki, siz xaricə getməyəcəksiniz. Siz ancaq Şuşaya, Qarabağa  gəzməyə gedəcəksiniz. Siz ora özüm aparacağam.  Çox istəyirdi ki, biz oraları gedib görək. O, ad gününü təmtəraqlı keçirməyi xoşlamırdı. Babəkin axırıncı doğum günündə biz onu gözlədik, gəlmədi. Deyirdi ki,  bizim tədbirlərimiz var. Bitən kimi gələcəyəm,  qeyd edərik.  Ad günündən iki gün sonra  danışdıq. Dedi  ki, mənim tortumun şəklini çəkin göndərin.  Tortun videosunu çəkdik, ürək sözlərimizi dedik. Onun ad günü tortunu hər zaman özüm bişirirdim. Bilməzdim ki, axırıncı ad günü tortu olacaq.”

 

X. Ramaldanova əlavə etdi ki, övladları və həyat yoldaşı hər dəfə gələndə elə bilirəm ki, Babək də onların arasındadır. Oğlumun yoxluğunu qəbul edə bilmirəm, çox darıxanda telefonumda səsinə qulaq asır, şəkillərinə baxıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bundan sonra heç bir ana ağlamasın.

 

 

 

Ehtiyatda olan kapitan, Qarabağ qazisi, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov bildirdi ki, Babək Ramaldanova savadlı zabit olub. O, 2019-cu ildə Frunze adına akademiyanı qızıl medalla bitirib. Həm sağlığında, həm də öz şəhadəti ilə öz adını tarixə qızıl hərflərlə yazdırdı. Onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Həqiqətən də, Ali Baş Komandanın vurğuladığı kimi, “Dəmir yumruq”əməliyyatında bizim qəhrəman şəhidlərimiz, qazilərimiz böyük şücaət göstərərək işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər. Onların qələbisi nəticəsində yaşadağımız sevinc bizi qürurlandırır. Qəhrəman şəhidlərimiz sayəsində mənliyimiz, qeyrətimiz geri qayıtdı. Düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük müharibə ilə işğaldan azad olundu. Bu gün həmin ərazilərdə şanlı Azərbaycan əsgərləri xidmətlərini davam etdirirlər.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2021.- 10 avqust.- S.16,17.