Ustadı yad etmək ibadətdir
Görkəmli nasir və kinodramaturq
Əhmədağa Muğanlının
95 illiyinə
Əhmədağa Qurbanov və ya Əhmədağa Muğanlı... Həmişə
bu ad çəkiləndə
ilk növbədə
“Dağlarda döyüş”,
“Od içində vahə”, “Atları yəhərləyin”, “Doğma
sahillər” bədii filmləri, “Şəhriyar
əfsanəsi”, “Ömürdən
yeddi yarpaq”, “Dağ dağa söykənər” kitabları
yada düşür.
Vətənə sevgi hissi müstəqillik arzusu ilə yaşadığımız
sovetlər dönəmində
bizə Ə.Muğanlı
kimi vətənpərvər
ziyalılarımız tərəfindən aşılanmışdır.
Öz doğma torpağının hüdudları
keşiyində ayıq-sayıq
duran sərhədçilərə
həsr olunmuş məşhur
“Dağlarda döyüş”
və “Doğma sahillər” filmləri tarixə gömülmüş fölqəldövlətin
– SSRİ-nin cənub sərhədlərini qoruyan
insanlara həsr olunsa da, bu
filmlərdəki milli
ruh, Arazın o tayı, Cənub nisgili mövzusu, üstəlik, əsas qəhrəmanların soydaşlarımızın
olması faktına görə Azərbaycan sərhədçilərinin həyatının
kino inikası kimi qəbul edirik. Elə buna
görə də ölkəmiz müstəqillik
qazandıqdan sonra, yəni ideoloji-mənəvi
dəyərlərin dəyişməsi
belə bu ekran əsərlərinə
tamaşaçı marağını
azaltmadı, əksinə,
hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş həmin filmlərə bu gün də baxarkən yüksək
zövq alırıq.
“Dağlarda döyüş”də qaçaqmalıçılara
bələdçilik edən
atasına güzəştə
getməyən gənc
sərhədçi Fərrux
Əsədov, “Doğma
sahillər”də sərhəd
qoşunlarında general-mayor
rütbəsi almış
ilk azərbaycanlı Mustafa Nəsirovun prototipi olan baş qəhrəman,
polkovnik Musa Nəsibov cəsur sərhədçi obrazları
ilə yaddaşımıza
həkk olunub. Eləcə də Əhmədağa Muğanlının ssenariləri
əsasında çəkilmiş
“Bizim sərhədçilər”,
“Mən sərhədçiyəm”,
“Vətən sərhəddən
başlanır” və
“Vətənin keşiyində”
sənədli filmləri
də gənclərimizdə sərhədçi
peşəsinə sonsuz
maraq doğurmuşdur.
...Biz hələ orta məktəb illərində “Dağlarda
döyüş” filminə
dəfələrlə baxmışdıq.
İlkin məlumata görə, o zaman SSRİ
məkanında
bu filmi 23 milyondan çox tamaşaçı izləmişdi.
Çox sonralar öyrəndim ki, Əhmadağa müəllim
gənc yaşlarında
sərhəd qoşunlarında hərbi xidmətdə olub. “Dağlarda döyüş”
də elə onun hərbi-vətənpərvərlik
mövzusunda qələmə
aldığı “Tikanlı
məftillər" povesti
əsasında ekranlaşdırılan
ilk kino-ssenarisidir... Yetmişinci illərin ortalarında Əhmədağa
Muğanlının yalnız
bir əsərini - “Şəhriyar əfsanəsi”
povestini oxumuşdum.
Etiraf edim
ki, bu povest
məndə ədəbi
yaradıcılığa böyük
həvəs yaradan əsərlərdən biri
olub. Hərbi xidmətdən sonra universitetin jurnalistika fakültəsinə daxil olanda Əhmədağa Muğanlı ilə yaxından tanış olacağımı xəyalıma
da gətirməzdim. Bakıda yaşayan həmkəndlimiz,
atamın xalası oğlu, Sosialist Əməyi Qəhrəmanı,
Əməkdar inşaatçı
Məmməd Hüseynovun
(hamı ona Ağa deyə müraciət edərdi) Əhmədağa müəllimlə
çox möhkəm
dostluq əlaqəsi vardı. Onların hər ikisi dəfələrlə Bakı şəhəri Oktyabr rayon XDS-yə deputat seçilmişdi. Günlərin
bir günü mənim mətbuatda çap olunan yazılarımın bir-iksini
gözdən keçirəndən
sonra Məmməd Hüseynov Əhmədağa
müəllimə zəng
elədi: “Mənim bir xalam nəvəsi
var, xahiş edirəm, yazılarını
oxu, ona düzgün istiqamət ver...”
Ertəsi gün Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" Kinostudiyasının
həyətində Əhmədağa
müəllim məni
çox səmimi və mehriban qarşıladı. “Ağanın
(Məmməd Hüseynovun
–N.Ə) özünün də
maraqlı həyat hekayəsi var” –deyib bir anlıq
fikrə getdi. O an Əhmədağa müəllimin ürəyindən
nələr keçdiyini
deyə bilmərəm.
Amma hiss etdim ki, bizim
Ağa dediyimiz Məmməd Hüseynovla dostluqlarının mayasında
halallıq, kəsdikləri
duz-çörəyə xətir-hörmət
dayanır. O gün Əhmədağa müəllim
mənim utana-utana təqdim etdiyim “Yandırılmış ürəklər”
adlı kinopovestimin əlyazmasını çantasına
qoydu. Sonra ev telefonunu və
ünvanını yazıb
mənə verdi: “Bir – iki günə
oxuyub fikrimi bildirərəm”dedi. Çox
həyəcan keçirirdim:
“Görəsən, Əhmədağa
müəllim yazım
barədə nə fikir deyəcək?” Kinopovest adlandırdığım
yazımı vaxtsız
dünyasını dəyişən
üç orta məktəb yoldaşlarımın
xatirəsinə həsr
etmişdim. Məktəbi bitirər-bitirməz onların bir-birinin ardınca qəfil ölümü çoxumuzun
ürəyini yandırıb-yaxmışdı.
Mən də bu hadisədən çox təsirlənmişdim,
hərbi xidmətdə
olduğum müddətdə
imkan tapandan-tapana “Yandırılmış ürəklər”i
yazmışdım...
Bir həftədən
sonra Əhmədağa
müəllimə zəng
elədim. Salam-kalamdan sonra o, məni evinə dəvət etdi. Bir xeyli söhbət
etdik. Əhmədağa
müəllimin səmimi
təbəssümü, sadə
həyat tərzi, qayğıkeşliyi və
səbirli kişi
obrazı səsiylə-söhbətiylə
birlikdə yaddaşıma
əbədi həkk oldu. “Dağlarda
döyüş”ün ssenarisini
yazan kişidə əzəmətli bir dağ vüqarı gördüm. Yazım
barəsində yalnız
bunu dedi: “Görünür, bu mövzunu işləyəndə
baxdığın hind filmlərinin
təsirindən çıxa
bilməmisən...” O, bu
fikri yaşıl qələmlə əlyazmamın
bir qırağına
da yazmışdı. “Çalış,
əvvəlcə kiçik
həcmli hekayələr
yaz”, - deyə məsləhət və tövsiyələri ilə
məni yazmağa ruhlandırdı.
Əhmədağa müəllimin o “bir saatlıq yaradıcılıq
dərsindən” sonra hekayələr, bir neçə sənədli
filmə ssenari yazdım. Aradan bir müddət
keçəndən sonra
ustadın “Ağanın
da maraqlı həyat hekayəsi var” fikrindən bəhrələnib
dostu Məmməd Hüseynov haqqında
“Halal adam” sənədli
povestini də yazdım.
Təəssüf ki, həmin kitabımı görmək
onların hər ikisinə qismət olmadı. Bir az mən yubandım, bir az da ölüm
tələsdi. Məmməd
Hüseynov 74, Əhmədağa
müəllim isə
75 yaşında bu dünya ilə vidalaşdılar.
…Əhmədağa müəllim
cəfakeş qələm
sahibi kimi çox dəyərli keyfiyyətlərə malik
sənətkar idi. Onun istər
kinematoqrafiya, istər
ədəbiyyatdakı yaradıcılığında
elə bir əsəri yoxdur ki, orada vətənərvərlik,
torpağa məhəbbət,
insanın yaşadığı
el-obaya fayda vermək kimi keyfiyyətləri önə
çəkilməsin. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin təbirincə
desək, ömrünü
milli kinomuzun inkişafına həsr edən Əhmədağa
Muğanlı “Qələminin
fəhləsi olub, şəxsiyyəti ilə
yaradıcılığı vəhdət təşkil
edirdi”. Bəli, şəxsiyyətlə yaradıcılıq vəhdəti
hər əhli-qələmə
nəsib olmayan mənəvi ucalıqdır.
46 il kinostudiyada ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli
və Elmi-Kütləvi
Filmlər Birliyinin baş redaktoru vəzifələrində çalışan
Əhmadağa müəllim
bir çox Azərbaycan filmlərinin,
o cümlədən “O olmasın,
bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”,
“Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”,
“Sevinc buxtası”. “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami”, “Əlaqə” bədii filmlərinin, çoxlu sayda sənədli filmin və dövrü kinojurnalların redaktoru olmuşdur.
Xalq şairi
Süleyman Rüstəmlə
birlikdə yazdıqları
ssenari əsasında ekranlaşdırılan, el qəhrəmanı
Qaçaq Nəbidən
bəhs edən “Qanlı zəmi” (“Atları yəhərləyin”)
tarixi-macəra filminə
görə Dövlət
Mükafatına layiq görülmüşdür.
Əməkdar mədəniyyət işçisi
fəxri adı da Əhmədağa Muğanlının
halalca haqqı idi, çünki o, həmişə gənc nəslə, özünün
mənəvi varislərinə
milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə
yorulmadan sevgi hissi aşılayan böyük RUH yiyəsi idi. Bu gün onun yaradıcılıq yolunu oğlu Araz və nəvəsi
Nigar xanım davam etdirirlər. Araz Qurbanov tanınmış araşdırmaçı – jurnalist,
bir çox maraqlı kitabların müəllifidir. Nigar Rzayeva
isə Azərbaycan Televiziyasında (Az.Tv) çalışır. Araz Qurbanov
həm də universal biliklərlə zəngin olan gözəl müsahibdir. Onun Azərbaycan ədəbiyyatını
fransızdilli xarici ölkələrdə təbliğ
edən mərhum tərcüməçi –alim
Əziz Gözəlsoyla dəfərlərlə
maraqlı söhbətlərinə
şahid olmuşam (o vədələrdə Araz
Milli Təhlükəsizlik
Nazirliyinin mətbuat xidmətinin rəhbəri
vəzifəsində çalışırdi).
…Yaxşı insanların özlərindən sonra adları və əməlləri yaşayır.
Ona görə də anadan olmasının 95-ci ildönümünü ustad
sənətkarımız, yazıçı
və kinodramaturq Əhmədağa Muğanlını
bu kiçik yazımla xatırlamağı
özümə mənəvi
borc bildim. Şəxsiyyəti halallıqla süslənmiş
belə insanları tez-tez xatırlayıb yad etmək, yaşatmaq da ibadətdir.
Şübhəsiz, Əhmədağa
Muğanlı öz sənəti - nəsr əsərləri, ssenariləri
üzrə çəkilmiş
filmlər ilə milli kinomuzun tarixində özünə
əbədi yaşamaq
haqqı qazanıb...
Ruhuna və şəxsiyyətinə
böyük ehtiramla
Nurəddin Muğanlı,
İki sahil.- 2021.- 17
avqust.- S.22