Xətai rayonunda şəhidlərin xatirə lövhəsinin
açılış mərasimi keçirildi
Müqəddəs
ruhuna salam olsun, şəhidim!
İkinci Qarabağ müharibəsi dövründə
peşəsindən asılı olmayaraq hər kəs müsəlləh
əsgər oldu. 44 günlük Vətən müharibəsində şəhid olan və ya qazi
kimi evə dönən hər bir igidimizin həyatı qəhrəmanlıq
dastanıdır. Onlardan biri də haqqında
danışacağımız Ülvi Rəfael oğlu Rəfiyevdir.
Gəlin, Ülvi Rəfael
oğlu Rəfiyevin həyat kitabını vərəqləyək:
Ülvi Rəfiyev 16 avqust 1996-cı ildə Ordubad şəhərində
dünyaya gəlib. Ülvi bütün qohumları,
xüsusilə babası və nənəsi tərəfindən
çox sevilirdi. Çünki adı kimi
o qədər saf, təmiz, mehriban idi. 2013-cü
ildə Bakı şəhəri Xətai rayonu 263 nömrəli
orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft
Akademiyasına qəbul olunub. Yaxşı
oxumaqla bərabər, həm də universitetin ictimai həyatında
fəal iştirak edib. Gələcəklə
bağlı böyük arzuları var idi. Daha çox Azərbaycanı
beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi.
Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə
çağırılan Ülvi 2017-2018-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. Burada
özünü nümunəvi hərbçi kimi göstərib.
Ailəsinin və
Vətəninin başını uca tutub. Mülki həyata
qayıtdıqdan sonra həm sərbəst yaşamaq
,həm də ailəsinə dəstək olmaq
üçün əmək fəaliyyətinə
başlayıb. Evlənmək
üçün planlar qurmağa başlayıb. Deyərdi
ki, özümə elə bir möhtəşəm toy edəcəm və toyda Zeybək rəqsi
oynayacağam.
2020-ci ilin Tovuz döyüşləri zamanı
general-mayor Polad Həşimovun şəhid olmasından sonra
öz istəyi ilə Xətai Rayon Hərbi
Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri
olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın
27-də Ermənistanın növbəti təxribatına cavab
olaraq Azərbaycanın ərazi
bütövlüyü uğrunda başlanan Vətən
müharibəsi zamanı Cəbrayılın və
Füzulinin azad olunmasında gedən döyüşlərdə
savaşıb. Hərbi əməliyyatların
ilk günündən döyüşlərdə iştirak edən
qəhrəmanımız onlarla düşməni məhv etməklə
yanaşı, döyüş yoldaşlarını qoruyar,
yaralı əsgərlərə köməyini əsirgəməzdi.
Sentyabrın 20-də hərbi təlimlərə
qatılan Ülvi Rəfiyevin döyüş yolu oktyabrın
25-də başa çatdı. Ülvi oktyabrın 25-i Qubadlının
işğaldan azad olunduğu gün cəbhənin
Füzuli və Cəbrayıl istiqamətlərində gedən
ağır döyüşlərdə xüsusi qəhrəmanlıq
göstərərək ömrünün 24-cü baharında
özünün də arzuladığı kimi şəhidlik zirvəsinə
ucaldı. Şəhid Ülvi Rəfiyev əsrlər
boyu unudulmayacaq tarix yazaraq bu dünyadan köçdü və
gələcək nəsillərə bütöv Azərbaycan
əmanət etdi. Rəfiyev Ülvi Rəfael oğlu
Prezident İlham Əliyevin sərəncamları ilə
ölümündən sonra "Vətən uğrunda",
"Xocavəndin azad edilməsinə görə"
medalları ilə təltif olunub.
İkinci
Qarabağ müharibəsi başlayanda artıq 3 ay olardı
ki, sevdiyi
xanımla nişanlanmışdı. Lakin məlum səbəblərdən toy
yubanırdı. Hər ayın tamamında
o, nişanlısına gül buketi hədiyyə edirdi. Həmin gün Ülvi ilə sevdiyi qızın
nişanlanmasının 4-cü ayı idi. Oktyabrın
25-i Ülvinin arzuları, xəyalları, gənc ömrü
kimi sevdiyi xanımına göndərəcəyi güllər
də yarı yolda qaldı…
Ülvi həm də peşəkar rəqslə məşğul
olurdu.
İstedadlı rəqqas kimi beynəlxalq müsabiqələrdə
uğur qazanan Ülvi, bu dəfə ən böyük qələbəsini
döyüş meydanında qazandı. Avqustun
16-sı Vətən müharibəsi şəhidi Ülvi Rəfiyevin
ad günüdür. Yaşasaydı 25
yaşı olacaqdı...
Bu gün Azərbaycan xalqı qəhrəmanlıqları
ilə Vətənin başını uca edən igid
oğulları ilə fəxr edir, sonsuz qürur duyur. Düşmənin
canlı qüvvəsinin və döyüş
texnikasının məhv edilməsində fədakarlıq və
rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə
və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə
ucalan igid oğullarımızın doğum və anım
günləri vətənpərvərlik tədbirləri ilə
qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə
baş çəkilir, xatirələri ehtiramla anılır.
Bu cür tədbirlərdən biri də avqustun
16-da Bakı şəhəri, Xətai rayonunda Qarabağ
müharibələrinin şəhidləri Rəfiyev Ülvi
Rəfael oğlu və Cəfərov Zaur Fuad oğlunun xatirəsinə
həsr olunan lövhənin açılış mərasimi
oldu.
Qeyd edək
ki, Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Fərəcov
1974-cü il sentyabrın 2-də Bakıda
dünyaya göz açıb. O, 1994-cü il
yanvarın 28-də Xocavənd uğrunda gedən
döyüşlərdə itkin düşüb. 1999-cu il sentyabrın 22-də Z.Cəfərova şəhid
statusu verilib.
Tədbirdə
çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin
şöbə müdiri Pənah İmanov, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Məşədi
Dadaş məscidinin axundu, din xadimi Hacı Şahin, hər
iki şəhidin ailə üzvləri, döyüş
yoldaşları, rayon İcra Hakimiyyətinin nümayəndələri
və digər ictimaiyyət üzvləri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndiriləndən sonra iştirakçılar
bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinə
ehtiramlarını ifadə etdilər.
Tədbiri
giriş sözü ilə açan Xətai Rayon İcra
Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Pənah İmanov Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
qazanılan Qələbədə şəhidlərimizin
şücaətindən danışdı, Vətən
qarşısında öz borclarını ləyaqətlə
yerinə yetirən igid vətənpərvər Azərbaycan
oğullarının xatirəsinin xalqımız tərəfindən
daim əziz tutulacağını söylədi: “Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində
iştirak edən hər bir əsgər və zabiti
Böyük Zəfərimizin əldə olunmasında misilsiz
xidmətlər göstərərək nəinki Azərbaycan,
bütün dünya hərb tarixinə “44 günlük Vətən
müharibəsi” başlıqlı şanlı səhifə
yazdı. Əlbəttə ki, bütün bunlar
Vətən uğrunda canını qurban vermiş igid
oğullarımızın sayəsində gerçəkləşdi.
P.İmanov qeyd etdi ki, ənənəvi olaraq rayonumuzun ərazisində
Birinci və İkinci Qarabağ müharibəsində öz
canı bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin
xatirələrini əbədiləşdirmək
üçün tədbirlər keçiririk. Bu tədbirlərdən biri
də şəhidimiz
Rəfiyev Ülvi Rəfael oğlunun xatirəsini ehtiramla yad
etmək üçün keçirilir. Əsas
məqsədimiz şəhidimizin adını və xatirəsini
əbədiləşdirmək, onun ailə üzvlərinə,
yaxınlarına təskinlik vermək və qəhrəmanlığını
gənc nəslə nümunə olaraq onların
yaddaşlarına həkk etməkdən ibarətdir.
Daha sonra tədbirdə məktəblilər tərəfindən
Vətənə, ordumuza, şəhidlərimizə həsr
olunan şeirlər söylənildi, mahnılar oxundu. Şəhidin ibtidai sinif müəllimi
Ülvinin məktəb xatirələrindən,
nizam-intizamından, mehribanlığından, vətənpərvərliyindən
bəhs etdi. Ülvi kimi igid oğulun müəlliməsi
olduğu üçün çox qürur duyduğunu və Vətən
qarşısındakı borcunu ləyaqətlə yerinə
yetirmiş qəhrəman
şagirdi ilə fəxr etdiyini bildirdi. İşğal
altında olan torpaqlarımızı 30 illik həsrətdən
sonra yenidən bizə qaytardıqları üçün
başda Müzəffər Ali Baş Komandan olmaqla
rəşadətli Azərbaycan
Ordusuna, həmçinin Aşəhidlərimizə və qazilərimizə
minnətdarlığını çatdırdı.
Ardınca isə mərasimdə hər iki şəhidin
ailə üzvləri çıxış edərək
onlarla bağlı xatirələrini bölüşdülər,
onların Vətənə olan bağlılığından,
torpaq sevgisindən söz açdılar. Vətən
uğrunda canından keçən insanlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon
ictimaiyyətinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə
çıxış edən "İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə vurğuladı ki, bu gün qəhrəman şəhidlərimizin
valideynlərinin qürur hissi keçirməyə tam mənəvi
haqları var: “Çünki onların igid övladları Vətən
uğrunda qəhrəmanlıq göstərərək
canlarını fəda ediblər. Zənnimcə, Vətən
uğrunda canını fəda etməkdən qürurlu
heç nə ola bilməz. Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından
keçmiş Vətən oğulları təkcə öz
valideynlərinin deyil, bütün xalqımızın
övladı, qardaşı, əzizi və
doğmasıdır. Qəhrəman şəhidlərimizin
həyatı hər bir vətəndaş, o cümlədən
Azərbaycan gənci, bir sözlə, bu günümüz, gələcəyimiz
üçün bir örnəkdir.
Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin
qəhrəmanlıq yolunu öyrənməli, onların
şücaətindən bəhrələnməli və bu rəşadəti
öz həyatı üçün böyük amal hesab etməlidir. Şübhə
etmirik ki, zaman keçdikcə şəhidlərimizin
şanlı döyüş yolunun gənc nəslə
çatdırılması üçün sanballı əsərlər
yazılacaq, filmlər çəkiləcək.
Xalqımıza Qələbə, Zəfər sevincini
yaşatdıqlarına görə Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ordumuzun
bütün əsgər və zabitlərinə ürəkdən
minnətdarıq. Bütün şəhidlərimizin
ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət
diləyirəm.”
Məşədi
Dadaş məscidinin axundu, din xadimi Hacı Şahin əvvəlcə
Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və
aidiyyəti qurumlara belə silsilə anım tədbirlərini,
abidə və bulaq açılış mərasimlərini təşkil
etdikləri üçün təşəkkür etdi: “Mən
hər şəhid məclisində deyirəm ki, ordumuz və
şəhidlərimiz torpaqlarımızla yanaşı,
qürurumuzu və heysiyyətimizi bizə qaytardılar. Bir xalqın
ümidi özünə qayıdırsa, mənliyi özünə
qayıdırsa, bu, ən böyük qələbə və
uğurdur. Ona görə də şəhidlərin
Vətən müharibəsi dönəmlərində bu xalqa
xidməti heç nə ilə ölçülmür.”
Ehtiyatda
olan kapitan, Qarabağ qazisi, Xətai Rayon İcra Hakimiyyətinin
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri Anar Məmmədov bildirdi ki, qəhrəman
oğullarımızın Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasında göstərdikləri
şücaət, onların döyüş yolu gələcək
nəsillər üçün nümunə olacaq, Vətən
uğrunda canını fəda edən igidlərimiz əbədiyyətədək
xalqımızın yaddaşında yaşayacaq, onların
xatirəsi dövlətimiz tərəfindən daim uca
tutulacaq: “44 günlük Vətən müharibəsi bir daha
dünyaya sübut etdi ki, bizim xalqımız, ordumuz, Ali
Baş Komandanımız həm döyüş meydanında,
həm də siyasi müstəvidə öz sözünü
deyir. Şəhid və qazilərimiz sayəsində
bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin
necə qazanılmasını göstərdik. Ali Baş
Komandanın da vurğuladığı kimi, “dəmir yumruq”la düşmənin
başını əzdik. Allah
bütün şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin. Allah xalqımızı qorusun. Ali
Baş Komandanımızı bundan sonra da atacağı
addımlarda Müzəffər eləsin.”
Tədbirin sonunda şəhidlərin xatirə lövhəsinin
qarşısına tər güllər düzüldü.
Açılışda
iştirak edənlər, şəhidin ailə üzvləri
ürək sözlərini, qəhrəmanla bağlı xatirələrini
“İki sahil”lə bölüşdülər:
Şəhid
Ülvi Rəfiyevin anası Səyyarə Rəfiyeva bildirdi
ki, oğlu ilə çox böyük qürur duyur: “Həqiqətən
də o, qürur duyulası övladdır. Təkcə
şəhidliyinə görə yox, Ülvi haqqında
saatlarla danışmaq olar. O, hər kəsin xatirində
çox yaxşı insan olaraq məskən saldı. Ülvi şəhidlik zirvəsinə layiq oğul
idi. Əslində, mən istəyərdim
ki, mikrofon mənə onun toy günündə, şadlıq məclisində
uzadılsın, mənim xeyir-duamın alınması
üçün təqdim olunardı. Qürur
duyuram ki, bu gün mikrafonlar mənə şəhidimin qəhrəmanlığından,
xatirəsindən danışmaq üçün təqdim
olunur. Dalğalanan üçrəngli
bayrağımıza baxanda düşünürəm ki,
bütöv Azərbaycanın bayrağının bu gün
belə məğrur dalğalanmasında mənim Ülvimin də
zəhməti olub. Hər il onun
doğum günü öncəsi ailəvi səhayət
planlayırdıq. Axırıncı doğum
gününü nişanlısıgillə ailəvi
bağımızda qeyd etdik. O, 25 yaşının
tamamında toy etmək istəyirdi. Nə etmək olar,
görünür qismət belə imiş… Hər birinizə
təşəkkür edirəm ki, bu gün Ülvi 25-ci
yaş günündə, xatirə lövhəsinin
açılışında iştirak etdiniz, bizləri tək
qoymadınız. Onun qəhrəmanlığını,
döyüş yolu haqqında xalqımızı, gənc nəsli
məlumatlandırırsınız.”
Ülvinin
atası Rəfael Rəfiyev isə qeyd etdi ki, Ülvinin 25-ci
yaş gününü birgə keçirə bilmədik: “Mən
oğlumla ölənə kimi fəxr edəcəyəm,
qürur duyacağam. Hər zaman bir valideyn kimi mənim
başımı necə uca etmişdisə, indi də Vətənimizin
başını uca etdi. Mən fəxr
edirəm ki, belə bir oğul yetişdirmişəm. Onlar həmişə qəlbimizdədir.Vətən
müharibəsində şəhidlərimizin qanı, qazilərimizin
canı bahasına, hərbçilərin rəşadəti
sayəsində, dövlət başçımızın
uzaqgörən siyasəti, diplomatik məharəti nəticəsində
Azərbaycan tarixi Zəfər qazandı. Şəhidlərimizin ruhu şad olsun ki,
torpaqlarımız azaddır. Allah Ülvinin
timsalında bütün şəhidlərimizin ruhunu şad
eləsin.”
Müqəddəs
ruhuna salam olsun, şəhidim!
Məkanın
cənnət, ruhun şad olsun ,şəhidim!
Cənnətdəki ilk doğum günün mübarək,
şəhidim!”
Yaqut
Ağaşahqızı
Nurlan Məlikzadə
İki sahil.- 2021.- 17
avqust.- S.13.