Müzəffər
Ali Baş Komandanın möhtəşəm Zəfər
yürüşü
Bəşəriyyət
tarixboyu adı qələbə ilə simvollaşan müxtəlif
xalqların zəfər salnaməsinin yaranmasına şahidlik
edib. Xüsusilə də, vətənin
bütövlüyünü, dövlətin siyasi ləyaqətini
qorumaq üçün milli mübarizəyə qalxan bir
sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq şərəfinə
nail olublar. Güclü lideri, sarsılmaz milli birliyi olan və
qüdrətli dövlətə malik xalqların haqq
mübarizəsini qalibiyyətə çevirməsi çoxəsrlik
dünya tarixinin siyasi səhifələrini bəzəyib.
Bu
fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və
idman komitəsinin sədri Adil Əliyevin “Müzəffər
Ali Baş Komandanın möhtəşəm Zəfər
yürüşü” sərlövhəli məqaləsində
yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Fərəh
və məmnunluq hissi ilə qeyd etmək lazımdır ki,
öz adını bəşəriyyətin tarixi
yaddaşına mütərəqqi, sivil dəyərləri mənimsəmiş
humanist, şərəfli və ləyaqətli xalq kimi
yazdırmış Azərbaycan xalqı da Zəfər salnaməsi
yaradaraq öz qüdrətini və qətiyyətini
bütün dünyaya nümayiş etdirib. 2020-ci ildə
xalq–lider birliyinin və milli həmrəyliyin sayəsində
mürəkkəb beynəlxalq münasibətlər şəraitində
ərazi bütövlüyünün və tarixi ədalətin
bərpasına nail olan Azərbaycan dövləti
xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə
dastanını yazıb.
Xüsusi
vurğulamaq gərəkdir ki, 44 günlük müharibənin
qalibi olan güclü Azərbaycan postkonflikt mərhələsində
strateji addımları ilə öz qələbəsini
möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib
xalq və dövlət imicini gücləndirir. Xüsusilə
də, Qələbənin memarı – müəllifi olan Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri
müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir. Bu,
heç şübhəsiz, qalib dövlətin liderinin təntənəli
və möhtəşəm Zəfər
yürüşüdür.
Yeri
gəlmişkən, Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın Kəlbəcər və
Laçın rayonlarına səfəri də bir çox cəhətdən
olduqca əlamətdardır. Səfər Müzəffər
Ali Baş Komandanımızın həm işğaldan azad
olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri
infrastrukturun yaradılması, Böyük
Qayıdışın təmin olunması, həm sərhədlə
bağlı yaranmış vəziyyətə dair və digər
bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli
mövqeyinin ifadə olunması, həm də erməni
vandalizminin, Ermənistanın və onun təxribatçı
hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin
ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması
və digər məsələlərlə əlaqədar
verilən konkret və açıq mesajlarla yadda qaldı. Ona
görə də bəhs olunan məsələlər
kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər
yetirmək məqsədəmüvafiqdir.
Bərpa-quruculuq
işləri və zəruri infrastrukturun yaradılması strateji
prioritetlər sırasında...
Dövlət
başçısının Kəlbəcər və
Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə
bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması
vəzifəsinin strateji prioritetlər sırasında
olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin
ardıcıl və məqsədyönlü xarakter
daşıdığını bir daha təsdiqlədi.
Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə
quruculuq işlərini əsasən Azərbaycan şirkətləri
aparır. Ölkəmizlə bərabər böyük layihələrdə
qardaş Türkiyə şirkətləri də fəal
iştirak edirlər.
Kəlbəcər
rayonunun bərpası, yenidən qurulması da bu prosesin
mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər
rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı
üçün mühüm addımlar atılır. Bununla
yanaşı, Prezident İlham Əliyevin Sərəncamına
əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun
inşa olunması, “İstisu”ya öz əvvəlki
şöhrətini qaytarmaq üçün görülən
işlər və digər tədbirlər Azərbaycan
dövlətinin siyasi iradəsini və iqtisadi
gücünü nümayiş etdirir.
Digər
tərəfdən, Laçın rayonunun Qorçu kəndinin
ərazisində hava limanının inşası istiqamətində
atılan addımlar da mühüm strateji əhəmiyyətə
malikdir. Birincisi, hava limanının tikilməsi regionun
sosial-iqtisadi inkişafının təmin olunması, turizm
potensialının artırılması baxımından olduqca
əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz
səviyyəsindən ən hündürdə yerləşən
aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti
logistik mərkəzlərin yaradılmasına mühüm
töhfə verəcək. Bütün növ təyyarələrin,
o cümlədən ən ağır yük təyyarələrinin
də bu hava limanlarına enə bilməsi mühüm
üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil
azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun,
Qarabağın bərpası bu torpaqlara Böyük
Qayıdışın təmin olunması üçün
yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan,
Laçın, Füzuli hava limanlarının inşa edilməsi
və istismara verilməsi sosial-iqtisadi yüksəlişin
davamlılığının təmin olunması
baxımından çox önəmlidir. Nəzərə
almaq lazımdır ki, hava limanları sərnişin və
yük daşımaları, habelə hərbi məqsədlər
üçün istifadə ediləcək. Nəticə etibarilə,
bütün bunlar Azərbaycan dövlətinin
gücünün daha da artmasına, ölkəmizin yeni
strateji avantajlar və nailiyyətlər əldə etməsinə
xidmət edir.
İctimai-siyasi və
tarixi yaddaşımızın yenilənməsi mühüm
amil kimi...
Müzəffər
Ali Baş Komandanımızın bəhs olunan səfəri
ictimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi
baxımından da olduqca əlamətdardır.
Torpaqlarımızın işğal altına düşməsini
xalqımızın böyük faciəsi, azad edilməsini isə
tarixi hadisə kimi səciyyələndirən Prezident
İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi
mesajlar həm tarixi faktlara daha geniş rakursdan nəzər
salmağa və onlardan nəticə çıxararaq bu əsasda
müasir reallıqları dəyərləndirməyə, həm
də bu kontekstdə gələcək yol xəritəsini
müəyyənləşdirməyə imkan verir.
Dövlət
başçısının fikirləri qəhrəmanlıq
tariximizin daha yaxşı mənimsənilməsi ilə
yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin,
kobud siyasi səhvlərin unudulmaması üçün də
mühüm əhəmiyyətə malikdir. AXC-Müsavat
cütlüyünün torpaqlarımızın
işğalına şərait yaratması və səbəb
olması Azərbaycan xalqının tarixi yaddaşından
silinməyib. Faktlar bu gün antimilli mövqe nümayiş
etdirən, ictimai rəyi manipulyasiyaya məruz qoymaq sayəsində
milli birliyə zərbə vurmağa cəhd göstərən
marginal qrupların əsl simasını – gerçək niyyətini
bir daha aşkar edir. Bu faktların fonunda təzahür olunan
reallıq Azərbaycan xalqının milli şüurunda əksini
tapan və obyektiv qiymətini alan gerçəklikdir.
Azərbaycan
Prezidentinin tarixi adların bərpa olunması və
populyarlaşdırılması ilə bağlı fikirləri
də milli şüurun inkişafı, ictimai həmrəyliyin
gücləndirilməsi kontekstində böyük önəm
daşıyır. Ölkə başçısı mütəmadi
olaraq çıxışlarında “Şərqi Zəngəzur”,
“Qərbi Zəngəzur” toponimlərdən istifadə edir,
tarixi Azərbaycan torpaqlarının adlarını çəkməklə
ictimai yaddaşı təzələyir. Əlbəttə, bu
toponimlərin aktual anlayışlar – məfhumlar kimi
ictimai-siyasi leksikona gətirilməsi indiki və gələcək
nəsillərin obyektiv tarixi
dünyagörüşünün
formalaşdırılmasına xidmət edir. Bu milli məsələnin
təbliğində ictimai fəalların, elm və media
işçilərinin də üzərinə böyük vəzifə
və mühüm məsuliyyət düşür. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “indiki Ermənistan ərazisində
yerləşən bütün digər qədim Azərbaycan
yaşayış məntəqələri əsl adları ilə
də çağırılmalıdır. Bütün qədim
yəni, tarixi adlar bərpa edilməlidir”.
Ermənilərin hərbi-siyasi
mifologiyası döyüş meydanında darmadağın
edildi
Dövlət
başçısının bəhs olunan səfər
zamanı diqqət yetirdiyi mühüm məqamlardan biri Azərbaycanın
İkinci Qarabağ müharibəsində möhtəşəm
Qələbə qazanmaqla ermənilərin siyasi
mifologiyasının darmadağın edilməsi oldu.
Sirr
deyil ki, 30 ilə yaxın müddət ərzində erməni
təbliğat maşını “Ermənistan ordusunun məğlubedilməzliyi”,
“erməni əsgərlərin cəsarəti” barədə
çoxsaylı materiallar yayır, özlərini “qəhrəman”
obrazında təqdim edirdilər. Bəs nəticə nə
oldu? 44 günlük Vətən müharibəsi göstərdi
ki, güclü -qüdrətli Azərbaycan Ordusunun
qarşısında aciz vəziyyətə düşən və
darmadağın olan təcavüzkar Ermənistan silahlı
birləşmələri zəif və məğlubiyyətə
məhkum birləşmələr, erməni əsgərləri
isə qorxaq və fəraridirlər. Xocalı cəlladları
Koçaryanın, Sarkisyanın, Ohanyanın müharibə
zamanı qaçıb gizlənmələri timsalında “erməni
sərkərdələri” mifi də Ermənistan ordusu kimi
döyüş meydanında darmadağın edildi,
param-parça oldu. Bundan sonra onlar “qorxaq”, “fərari”, “məğlub”
damğası ilə yaşamağa məhkumdurlar!
Qətiyyətli
mövqe və məqsədyönlü fəaliyyət strateji
hədəflərə çatmağa imkan verir
Müzəffər
Ali Baş Komandanımız yeni reallıqlar fonunda bir çox
məsələlərlə əlaqədar Azərbaycan
dövlətinin qətiyyətli mövqeyini, prinsipial
yanaşmasını növbəti dəfə ifadə etdi.
Xüsusilə də, Prezident İlham Əliyev Ermənistana və
onun hamilərinə açıq mesaj verdi, ölkəmizin sərhədlərini
möhkəmləndirmək üçün ciddi addımlar
atdığını bildirdi, hazırda sərhədçilərimizin
yerləşdiyi ərazilərin Azərbaycan torpaqları
olduğunu, yeni sərhədlərin də oradan keçəcəyini
diqqətə çatdırdı. Bir daha aydın oldu ki, Azərbaycan
öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək,
strateji hədəflərini ardıcıl olaraq
reallaşdıracaq. Azərbaycan Prezidentinin “Biz düz yerdə
durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər
istəsək, harada lazım bilsək, orada da duracağıq”
fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli
mövqeyin təntənəsidir.
Bunlarla
yanaşı Azərbaycan, eyni zamanda, gələcəyə
aydın strateji baxışlarını ortaya qoyur,
qarşıda duran məqsədlərə çataraq yeni
perspektivlər yaradacağını əminliklə bəyan
edir. Yeni geostrateji situasiya fonunda indi əsas vəzifə Qələbənin
nəticələrini diplomatik müstəvidə möhkəmləndirmək,
siyasi və iqtisadi dayaqları gücləndirməkdir. Buna
paralel olaraq Böyük Qayıdışın yüksək səviyyədə
təmin olunması, Cənubi Qafqaz regionunda təhlükəsizlik
mühitinin yaradılması və çoxtərəfli əməkdaşlığın
dərinləşdirilməsi mühüm perspektivlər vəd
edir. Bütün bunlar isə daha güclü Azərbaycan deməkdir!
İki sahil.-2021.-20 avqust.-S.4.