Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz: Göyçə, Zəngəzur, İrəvan

 

Prezident İlham Əliyevin son zamanlar çıxışlarında İrəvan, Zəngəzur, Göyçə və digər ərazilərin tarixi Azərbaycan yurdu olduğunu tez-tez xatırlatması bizi, xüsusən də gənc nəsli öz tariximizə sayğı duymağa, onu araşdırıb öyrənməyə sövq edir. Ölkə başçısı bununla bu ərazilərin ermənilərin deyil, Azərbaycanın tarixi torpağı olduğunu dünyaya bir daha xatırladır. Söz yox, dünya bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu çox yaxşı bilir, amma Prezident bunu dəfələrlə vurğulamaqla bu tarixi yenidən dünyanın yadına salır ki, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazilər XIX və XX əsrlərdə Azərbaycanı parçalamaq məqsədi ilə tarixən Cənubi Qafqazda yaşamamış, bura məqsədyönlü şəkildə köçürülmüş ermənilərə təslim edilib. Faktiki olaraq İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağdaban Azərbaycandan zorla qoparılıb, bu tarixi yurdlarımızdakı türk-müsəlman əhalisi deportasiya edilib.

 

Bu günlərdə Prezident İlham Əliyev Kəlbəcər rayonunda olarkən bu məsələyə bir daha aydınlıq gətirdi və bildirdi ki, Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır: "Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

 

Göyçə Qərbi Azərbaycanın ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahaldır. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olub. 1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olub. Mahal Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb. (Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu). Böyük otlaqları, yaylaqları olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustadlar, saz-söz sənətkarlarını bəxş edib. İrsimizi, qədim tariximizi əks etdirən "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin tərənnümü və izidir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin.

 

Tarixi Azərbaycan ərazisi olan İrəvan (hazırda süni şəkildə Yerevan adı verilməklə, Ermənistan Respublikasının paytaxtıdır) Ağrı vadisinin şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir. Övliya Çələbiyə görə sonradan şəhər olmuş bu yerdə 810-cu ildə (hicri) öncə kənd salınıb, 105 il sonra  915–ci (hicri) ildə Şah İsmayılın əmri ilə onun sərkərdəsi Rəvanqulu xan tərəfindən bu kənddə qala tikdirilməyə başlanılıb. 7 ilə inşası bitirilmiş qala xanın adı ilə Rəvan və ya İrəvan qalası adlanırdı. Ərazinin adının da buna bağlı olduğu bildirilir. İrəvan türk izləri olan karvansaraları, qalaları, məscidləri, binaları və digər memarlıq abidələri ilə zəngin olmaqla bərabər, bu abidələr orijinallığı, memarlıq üslubu ilə seçilib. Zalıxan məscidi indiki İrəvan mehmanxanasının yaxınlığında yerləşirdi. İkinci Dünya müharibəsindən sonra məscidin təyinatı dəyişdirilib. Hazırda həmin binada Ermənistan Rəssamlar evinin sərgi salonu yerləşir. Şəhərdə sırf şərq memarlığı üslubunda tikilmiş binalar içərisində Xan Sarayı xüsusilə diqqəti cəlb edib. 1950-ci illərədək ermənilər o tarixi binadan konyak zavodunun anbarı kimi istifadə etsələr də nəhayət onu söküb həmin tarixi abidəni birdəfəlik məhv ediblər. İndi İrəvanda bir vaxt onun əsas əhalisi olan bir türk belə yaşamır. İrəvanın türk tarixi adından Yerevan adına keçməklə sanki tarixi həqiqətin üzərinə də qara pərdə çəkilmək cəhdləri edilir. Əslində İrəvan adı Azərbaycanın hər biri yaxın olan, doğma olan adların cərgəsinə daxildir: Şirvan, Ərkivan, Karaçıvan, Naxçıvan, Ağvan, İrəvan...

 

Zəngəzurun da türklərin qədim yurd yeri olduğu tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında öz əksini tapır. Buradakı türk mənşəli toponimik adların çoxluğu da bunun əyani təsdiqidir. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilib. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ qubernatorluğuna daxil olub. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.  Zəngəzur mahalı Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib...

 

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi  qərarı ilə həyata keçirilib. 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı rəsmiyyətdən silinir, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılır... Nəhayət, 1988-ci ildə isə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistana aid edilən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri də məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

 

Sevinc Azadi

 

İki sahil.-2021.-20 avqust.-S.13.