Heydər Əliyev şəxsiyyəti və
siyasi reallıqlar
Siyasi varislikdən qüdrətli dövlətcilik
fəlsəfəsinə
II məqalə
Heydər Əliyevin timsalında biz əyani
şəkildə görürük ki, şəxsiyyətlərin
tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər
Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası
bugünkü Azərbaycanın uğurlu inkişafının
təməlində dayanan bir amildir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1991-ci ildə müstəqilliyimizə
nail olmağın çətin tarixi sınaqları və bu
sınaqlarda şəxsiyyət və zaman
anlayışlarının ümummilli mahiyyətinin
açılması göstərir ki, Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin taleyüklü problemlərini
həll edən tarixi şəxsiyyət kimi yeni siyasi sistemdə
həm də yeni tarixi reallıqlar yaradan şəxsiyyətdir.
Ona görə də elmi ədəbiyyatımızda 15 iyun
Milli Qurtuluş Günü kimi tarixiləşmişdir. Həmin
gün xalqımızın həyatında yeni bir
başlanğıc, tərəqqi yolunda keyfiyyətcə yeni
bir mərhələnin əsasını qoyulub. Onun mahiyyəti
və sonrakı tarixi proseslərə başlanğıc verməsi
praktiki baxımdan ümummilli nəticələrin miqyası
ilə özünü sübuta yetirmişdir. Daha
dəqiq ifadə etsək Heydər Əliyev şəxsiyyətinin
malik olduğu xarizma millətin taleyinin bilavasitə xaosdan,
böhrandan, anarxiyadan xilas edilməsini, inkişafa, sabitliyə,
ən vacibi çoxminillik dövlətçilik tarixində
ilk dəfə xalq- ümummilli lider harmoniyasından yaranan
milli gücün unikallığının dərki prosesini
şərtləndirib. Bu dərketməni isə Heydər
Əliyev təfəkküründən müdrikliyindən kənarda
təsəvvür etmək mümkün deyildir. Deməli, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin
hədəfində azad və müstəqil dövlət
qurmaq uğrunda mübarizəsi ilə mümkün tarixi
şəraitdə zamanı qabaqlamaqla reallaşdırmaq məharəti
arasında çox böyük xarizmatik təfəkkür,
iti düşüncə və milli ruha
bağlılıq vardır.
Bu baxımdan, 1990-cı ilin
yayında Moskvadan Vətənə qayıdan Ulu Öndər
siyasi iradəsini ilk olaraq Naxçıvan MR üzləşdiyi
çətinlikləri dəf etməkdə
reallaşdırdı. 1993-cü ilin yayında isə Azərbaycan
“olum, ya ölüm” dilemması qarşısında
qaldığı bir vaxtda, xalqın təkidi ilə hakimiyyətə
qayıtması xalqının xilaskarlığı yolunda
mübarizəsinin məntiqi davamı idi. Odur ki, 1993-cü il
iyunun 15-dən Azərbaycan tarixində Heydər Əliyev
dövrünün yeni, daha əzəmətli mərhələsi
başlamışdır.
Bu qayıdış ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində
xalqın dərin böhrandan xilası-qurtuluşu idi. Ulu Öndər özü dəfələrlə
qeyd etmişdir ki, müstəqilliyi əldə etmək nə
qədər çətindirsə onu qoruyub saxlamaq, əbədiliyini
dönməzliyini təmin etmək daha da çətindir.Yuxarıda
qeyd etdiyimiz kimi, hələ 1969-1982-ci illərdə Azərbaycan
dövlətçiliyinin gələcək müstəqilliyinin
siyasi, iqtisadi əsaslarının yaradılması ilə
1993-cü ildən sonrakı mərhələ arasında
xüsusi bir əlaqə, məntiqi davamlılıq vardır.
Məhz həmin baza əsasında Azərbaycan
xalqı müstəqillik əldə etdikdən sonra nankor ermənilərin
təcavüzünə baxmayaraq, öz suverenliyini qoruyub
saxlaya bilmiş və böyük inkişaf yoluna qədəm
qoymuşdur. Çox qısa zamanda Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi üçün ciddi sosial-iqtisadi, siyasi islahatlar dövrünün
başlanması ilə Azərbaycanda hakimiyyətdə səriştəsiz
dairələrin olduğu 1991-1993-cü illərdə
mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah
gücünə, müxtəlif təxribatlar vasitəsilə
hakimiyyəti ələ kecirmək praktikasına əslində
son qoyuldu. Dövlət və xalq arasında möhkəm
birliyin əsasları yaradıldı. Onun ümummilli
gücü ifadə edən hədəfləri müəyyənləşdirildi.
Daha önəmlisi isə odur ki, Heydər Əliyev dövlətçilikdə
irəli sürdüyü əsas prinsiplərdən biri kimi
ölkəmizdə qanunun aliliyinin təmin edilməsinə
çox qısa vaxtda nail oldu. Dövlətin
mövcudluğunun bu prinsip əsasında
mümkünlüyü idarəcilik sisteminin özəyini təşkil
edən yeganə vasitəyə çevrildi. Qanunçuluq
prinsipi bir tərəfdən qanunun aliliyidirsə, digər tərəfdən
isə zamanın tələbinə və reallığa
uyğun olaraq yeni qanunların yaradılması və
onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsinin
təminatçısıdır kimi konsepsiyanın tətbiqi
uğurla həyata kecirildi. Heydər Əliyev dəfələrlə
bildirmişdir ki, “dövlət xalqa xidmət etməlidir,
dövlətin xalqa xidmət etməsi üçün
dövlət məmurları, dövləti idarə edən
şəxslər daim xalqla təmasda olmalıdır”. Elmi
yanaşma onu göstərir ki, Heydər Əliyevin dövlətçilik
təlimində bu strateji xətt mühüm əhəmiyyətə
malikdir. Digər önəmli məsələ
odur ki, 1993-cü ilin iyun hadisələri zamanı
yaranmış vətəndaş müharibəsi təhlükəsi
dahi siyasi xadimin müdrik siyasi iradəsinin gücü ilə
qısa zamanda aradan qaldırıldı. Bu istiqamətdə
ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və
təxirəsalınmaz addımlar atıldı ki, bu da
möhkəm dövlətçiliyin bərqərar olması
üçün ən mühüm amil idi. Heydər
Əliyev yaranmış gərgin siyasi vəziyyəti tənzimləməklə
eyni vaxtda dövlət quruculuğu siyasətinin tərkib hissəsi
kimi həm də Milli Ordunun yaradılması yolunda
bütün potensial imkanları səfərbər etdi.
1993-cü ilə qədər hakimiyyətdə olan iqtidar ordu
quruculuğunda çox ciddi böhranın baş
qaldırmasına yol açmış, vahid
komandanlığın isə olmaması dövlətin hərbi
strategiyasını iflasa uğratmışdı. Belə
şəraitdə nizami ordu quruculuğunun nə qədər
çətin olduğunu təsəvvür etmək çətin
deyildir. Bu taleyüklü məsələdə uğurlu
addımlara Heydər Əliyev iradəsi və gücü sayəsində
qısa zamanda nail olundu.
Ulu Öndər Heydər
Əliyevin siyasi xarizması qısa zamanda möhkəm
dövlətçiliyin əsasını qoymaqla həm də
ölkəmizi xarici qüvvələrin mübarizə
poliqonundan xilas etdi. 1994-cü ilin oktyabrında xarici qüvvələrin
dəstəyi ilə bəzi dairələrin Azərbaycanda
dövlət çevrilişlərinə
cəhdlərinin qarşısı alındı. Dövlətçiliyimizə
qarşı yönələn bu məkrli niyyətlər
puça uğradıldı. Həmin tarixi məqamda Azərbaycan
xalqının Heydər Əliyevə olan inamı hesabına
dövlət çevrilişinə edilən cəhdlərin
qarşısının qətiyyətlə
alınması Azərbaycan xalqının öz siyasi lideri ətrafında
mütəşəkkil birliyini təsdiqləmiş oldu. Bu
tarix ona görə mühüm əhəmiyyət kəsb
edir ki, Azərbaycanı parçalamaq niyyətləri həmişə
olduğu kimi, bu mərhələdə də təsadüfən
baş verməmişdi. O zaman-zaman xalqımızı istəməyən
qüvvələrin ənənəvi
riyakarlığının qarşısına qoyduğu məqsədli
və məkrli siyasətin davamı idi. Həmin
dövrdə Azərbaycanın öz təbii sərvətlərinə
sahib çıxması, Xəzər regionunun əməkdaşlığa
açıq elan olunması, qlobal layihələrin Azərbaycanın
iradəsi ilə reallaşdırılması yolunda həyata
keçirilən konsepsiya Azərbaycanı istəməyən
qüvvələrin rahatlığını pozmaqda
mühüm rol oynadı. 1994-cü ilin oktyabrında dövlət
çevrilişinə edilən cəhdin davamı olaraq 1995-ci
ilin martında yenidən dövlət çevrilişinə cəhd
olundu. Bu cəhdlərin qarşısı da Heydər
Əliyev müdrikliyi ilə alınaraq Azərbaycanda silah yolu
ilə hakimiyyətə gəlmək ənənəsinin
mümkünsüzlüyü sübut olundu. Belə
avantüradan doğan mübarizə üsulu Azərbaycan siyasi
səhnəsindən praktiki olaraq çıxarıldı.
Dövlətcilik tariximizdə bu addım həm də onu
sübut etdi ki, hakimiyyətə gəlmək və
güclü dövlət qurmaq yalnız demokratiyanın,
hüquq aliliyinin, insan və vətəndaş azadlıqlarının
təmini sayəsində mümkündür. Belə
də oldu və ictimai-siyasi sabitliyin təmin edilməsi yolunda
qanunun aliliyi prinsipi, uğurlu iqtisadi islahatlara açılan
yol 1995-ci ildə ölkənin Ali Qanunu- Konstitusiya
Aktının qəbul edilməsi, mütərəqqi
qanunvericilk bazasının əsaslarının
hazırlanması ilə özünü təsdiq etdi.
Yuxarıda qeyd etdiyimiz kimi, unutmamalıyıq ki, Ulu Öndər
Heydər Əliyevin ən böyük xidmətlərindən
biri Azərbaycanın öz təbii sərvətlərinə
sahib çıxması idi. Bununla da Azərbaycanın neft
strategiyası dünyanın siyasi və iqtisadi mənzərəsinə
mühüm təsiri ilə həm də siyasi
balanslaşdırılmanı təmin etdi. Ulu Öndərin
uzaqgörənliyi və qətiyyəti sayəsində
1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif
ölkələrin neft şirkətləri ilə
imzalanmış “Əsrin müqaviləsi” ilə bu strategiya
reallığa çevrildi. Dünyanın ən böyük
neft şirkətləri həmin zamanda bu narahat bölgəyə
yalnız Heydər Əliyev şəxsiyyətinə olan
inamınıın sayəsində investisiya qoymağa qərar
verdilər. Bu böyük inam
Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri,
Böyük İpək yolu və Bakı–Tbilisi–Qars dəmiryolu
kimi dünyada analoqu olmayan geosiyasi layihələrin
reallaşmasına şərait yaratdı. Azərbaycanın,
o cümlədən Xəzərin karbohidrogen
ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən
qüvvələrin praktiki baxımdan maraqları iflasa
uğradıldı. Bu istiqamətdə Heydər Əliyev
müdrikliyi region və dünya dövlətlərinin
qarşılıqlı əməkdaşlığı
fonunda çox hadisələrin məcrasını dəyişdi.
Bu böyük siyasətin davamı və məntiqi
nəticəsi isə o idi ki, XXI əsrin astanasında Azərbaycanın
razılığı və iştirakı olmadan Qafqazda
hansısa bir layihəni həyata keçirmək, regionda gedən
siyasi proseslərin mahiyyətini analiz etmək mümkün
deyildir. Cünki dövlətciliyin möhkəm
təməl prinsipləri təkcə həmin dövr
ücün deyil, gələcəyə yönələn hədəfləri
təyin etməklə həm də milli ideologiyanın uzunmuddətli
və tarixi ənənələrdən qaynaqlanan
bazasını yaratmışdır. Bu prinsiplərin
milli və bəşəri mahiyyəti azərbaycançılıq
ideologiyasına dövrün tələbləri səviyyəsində
konkret nəzəri məzmun verməsindədir. Dahi şəxsiyyət
azərbaycançılığın dövlətin siyasi
ideologiyasi səviyyəsinə yüksəlməsi
ücün onun konseptual əsaslarını da hələ
sovet dövründən hazırlamışdır. Tarixi
prizmadan baxanda Heydər Əliyev siyasi millətin
formalaşması prosesində cəmiyyətin
bütövlüyünü saxlamağın əsas şərtlərini
zamanında müəyyən etmişdir. Həmin kontekstdə
Heydər Əliyev zəkası siyasi mədəni ideoloji mənəvi
və əxlaqi faktorların Azərbaycan toplumunun
bütövlüyü naminə sintezini yarada bilmişdir. Bu
zaman hər birimizin diqqətini cəkən əsas məqamlardan
biri müstəqil dövlətçilik prizmasında
bütövlüyün daxili və xarici şərtlərinin
müəyyən edilməsi məsələsi
olmalıdır. Belə ki, azərbaycançılq ideologiya
kimi əslində, cəmiyyətin daxilindəki milli etnik
münasibətləri dövlətçilik naminə
nizamlamağın yollarıni müəyyən edir. Tam əsaslıdır
ki, SSRİ-nin süqutundan sonra Azərbaycanın dövlət,
cəmiyyət və millət olaraq bütöv halında
inkişaf etməsinin siyasi nəzəri əsaslarında bu məqamlar
ayrıca yer tutut. Məhz yuxarıda sadalananların
hesabına Heydər Əliyevin liderliyi ilə Azərbaycan
bütün böhranları aşa bilmişdir. XX əsrin
ortalarından başlayan bu müdrik siyasi xətt XXI əsrin əvvəllərində
konkret olaraq ğüclü dövlətcilik
strategiyasının formalaşması ilə özünü
təsdiq etdi. Prezident İlham Əliyevin siyasi müdrikliyi isə
bu strategiyanın davamlı tarixi uğurlar qazanmasına imkan
yaratdı.
Siyasi varislikdən qüdrətli dövlətçilik
fəlsəfəsinə..
Biz qüdrətli dövlətçilik
fəlsəfəsini ona görə siyasi varisliklə
müqayisə edirik ki, siyasi varislik müasir Azərbaycanın
siyasi və ictimai mühitində İlham Əliyevin dövlət
idarəetmə sistemindəki uğurlu fəaliyyəti ilə
tarix və müasirliyi bağlayan vahid ümumxalq
gücünün ifadəsində cəmləşib. Məlumdur ki, İlham Əliyev Prezident səlahiyyətlərinin
icrasına başladığı ilk gündən hakimiyyəti
xalqa xidmət vasitəsi hesab etdiyini bildirməklə Ulu
Öndər Heydər Əliyevin siyasi xəttini Azərbaycanın
inkişafı və tərəqqisi ücün prioritet kimi
qarşıya qoymuşdur. Son 18 ildə
qarşıya qoyulan hədəflərin mahiyyətini və nəticələrini
şərh edərkən açıqca bəlli olur ki, bu
tarixi dövr ölkənin sürətli inkişafını
təmin edən çevik idarəetmə sisteminin
formalaşmasını bilavasitə bərqərar etmişdir.
Qarşıya qoyulmuş coxsaylı islahatlar, irəli
sürülən yeni-yeni konsepsiyaların təkcə ölkəmiz
ücün yox, region və dünya üçün səmərəli
nəticələri Prezident İlham Əliyevi Cənubi Qafqaz
regionunda, hətta dünya siyasi məkanında Heydər
Əliyevdən sonra alternativsiz siyasi liderə çevrilməsinin
elmi əsaslarını
formalaşdırmışdır. Burada milli
varlığımızın qüdrətini şüurlara
hopduran güclü ideoloji təfəkkürlə ümummilli
düşüncə sistemi arasında xüsusi bir əlaqə
görmək mümkündür. Ümummilli lider Heydər
Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi
bizim tarixi nailiyyətimizdir. Xalqımız əsrlər
boyu həsrətində olduğu müstəqilliyə nail
olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini
dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı
dünyanın müxtəlif ölkələrində məskunlaşmış
50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək
bizim ən vacib vəzifəmizdir”. Bu vəzifəni həyata
keçirərkən millətin vahid ideya ətrafında birləşdirilməsi
zərurəti yaranmışdır ki, dahi siyasi xadim bu tarixi vəzifəni
zamanında həll etdi. Siyasi varis olaraq Prezident İlham
Əliyev isə cəmiyyətin qarşısında duran bu
önəmli vəzifə ilə bağlı demişdir: “Biz
güclü, demokratik cəmiyyət qurmaq əzmindəyik. Cəmiyyətdə
hər bir vətəndaş bütün haqlardan, verilmiş
azadlıqlardan istifadə etməli, onların bütün
hüquqları və azadlıqları qorunmalıdır”. Bu
tarixi kəlamlar millətin gücünün və
potensialının mümkün tarixi şəraitdə səfərbər
edilməsinə cağırış idi. Bütün çətinliklərə
baxmayaraq Prezident İlham Əliyevin həyata keçirdiyi
praqmatik və çevik siyasət nəticə etibarı ilə
Azərbaycan xalqını Heydər Əliyev ideyalarına əsaslanan
güclü dövlətçilik uğrunda mübarizədə
birləşdirdi. Siyasi varislikdə xalq-lider vəhdətinin
unikallığının Azərbaycan modeli qələbələr
və zəfər səlnamələrinin avanqardına
cevrildi.
İnformasiya məkanında qərəzli sədləri
sındıran dəmir iradə
Yaxın onilliklərin tarixi hadisələrinin
şərhi bir daha sübut etdi ki, dövlətçilik
strategiyasında istənilən addım Azərbaycanın
inkişafı ücün dividentlər gətirib. Hətta
zaman-zaman itirdiklərimizin bərpası ilə yanaşı,
yeni dünya nizamında Azərbaycan həqiqətlərinin bərqərar
olması kimi ümummilli məsələlərin müzakirəsi
hər zaman qələbə ilə başa çatıb. Erməni silahlı qüvvələrinin və
onların havadarlarının regiondakı sabitliyi pozmaqla
xalqların həyatına böyük faciələr gətirməsini
qəbul etmək istəməyən qüvvələrə
onların uydurduqları yalançı erməni miflərinin
mahiyyəti nəinki sübut olundu, hətta bu miflər
darmadağın edildi və əsl tarixi həqiqətlər
Azərbaycanın iradəsi ilə elmi siyasi müstəviyə
gətirildi. Burada Prezident İlham Əliyevin
siyasi iradəsindən doğan xalq diplomatiyasının
kökündə Azərbaycan xalqına qarşı tarixi ədalətsizliyə
səbəb olan sədlərin sındırılması kimi
missiyanın uğurlu nəticələrini görməmək
mümkün deyidir. Ən əvvəl II Vətən
müharibəsinin başlanmasınadək Prezident İlham
Əliyevin planetar təfəkkürünün gücü
beynəlxalq aləmə bu istiqamətdə çox ciddi dərslər
və mesajlar verdi. Daha sonra dünya informasiya məkanında
Azərbaycanın gətirdiyi ədalətli və qərəzsiz
arqumentlər riyakar qüvvələri fakt
qarşısında qoymaqla, həm də Azərbaycan
xalqının qəhrəmanlıq potensialının nəyə
qadir olduğunu anlatdı. Bu baxımdan Ulu Öndər Heydər
Əliyevin ideyalarının siyasi varisliklə
müqayisəsi deməyə əsas verir ki, bu tarixi missiya
xalqın özünüdərk prosesində siyasi liderin
xarizması ilə sıx bağlıdır və demək
olar ki, onun hərəkətverici qüvvəsidir. Ən
mühüm nəticəni 2020-ci ildə Azərbaycan xalqının
44 günlük Vətən müharibəsinin timsalında
gördük. Bu ümumxalq mübarizəsi göstərdi ki,
xalqın qələbə əzmi onun milli lider ətrafında
mütəşəkkil birliyindən keçir. Onun
formalaşması, xalq üçün uğurlu nəticələri
isə möhkəm siyasi iradənin, müdrik təfəkkürün
təsiri ilə zaman-zaman çox çətin tarixi şəraitdə
mümkün olmuşdur. Odur ki, Ulu Öndər Heydər
Əliyevin Azərbaycanın müstəqil dövlətçilik
strategiyasında qarşıya qoyduğu uzaqgörən hədəflərlə,
İlham Əliyevin qüdrətli siyasi liderliyi arasında
xüsusi bir bağlılıq vardır. Bu Azərbaycanı tənəzzüldən
tərəqqiyə, məğlubiyyətdən qalibiyyətə,
millilikdən bəşəriliyə aparan Heydər Əliyev
ideyalarının İlham Əliyevin uğurlu dövlətçilik
fəaliyyətindəki inikasıdır. Vətən
müharibəsindəki tarixi qələbə bu
strategiyanın Azərbaycanın inkişafındakı uzun
tarixi zaman alternativsizliyini bir daha sübut etmiş oldu. Biz əslində bu prosesdən yaranan qüdrətli
dövlətçilik fəlsəfəsinin uğurlu nəticələrini
nəinki Azərbaycanda Cənubi Qafqazada baş verən sulh
sabitlik və tərəqqi kontekstində təhlil etməli, nəticələrin
bəşəriyyət üçün faydasını
gündəmə gətirməliyik. Elmi və siyasi dairələrin
diqqəti bir həqiqətin dərkinə yönəlməlidir
ki, Azərbaycanın Vətən müharibəsi bölgə
xalqlarının sabit, sülh şəraitində yaşamaq
imkanları üçün yol acıb. Cənubi Qafqazın təhlükəsizliyinə
olan təhdidlərin aradan qaldırılması kimi tarixi vəzifəni
həll edib.
Postmüharibə dövründə
ağıllı güc bizə nə vəd edir
Azərbaycanın işğaldan azad edilmiş
tarixi ərazilərində suverenliyini mütləq formada təsdiq
edən 2020-ci il 10 noyabr Bəyənnaməsi bölgədə
sülhün bərqərar olması üçün
bütün imkanları yaradan mühüm sənəddir. Bu
imkanlar Azərbaycanın iradəsi ilə bölgədə
yaradılan yeni reallıqların sayəsində mümkün
olmuşdur. Təbii ki, işğalçılıq
xülyası ilə yaşam tərzi bir sıra qüvvələrin
bu reallıqları qəbul etməsi üçün çətin
bir prosesdir. Lakin postmüharibə
dövrünün reallıqları onu göstərir ki, Azərbaycanın
ağıllı gücünün qarşısında irəli
sürüləcək hər hansı tələb artıq
effektivliyini itirmişdir. Əgər indiyədək
bütün qüvvələrin və hüquq mexanizmlərinin bölgəyə dair mövcud olan mövqeləri
işğalçılığa rəvac veribsə, tənəzzülə
yol açıbsa Azərbaycanın sülh və əməkdaşlıq
konsepsiyasından irəli gələn yeni reallıqlara
hansı alternativlik ola bilər?
İşğalçını müdafiə etmək?
İkilistandartlar? Vandalizmi alqışlamaq? Etnik təmizləmə?Təbii ki, Vətən müharibəsində
bütün bunlar Azərbaycanın siyasi iradəsi ilə
öz qiymətini aldı və başqa hec bir neqativ
addımın atılmasına yer qalmadı. Ermənistanın
ənənəvi siyasi nihilizm xəstəliyi isə bu
reallıqları dərk etmədikcə, onun acı sonluğa
yaxınlaşmasını qaçılmaz edəcək.
Azərbaycanın geosiyasi balanslaşdırma
siyasəti və bölgənin konfiqurasiyası
Azərbaycanın
yaratdığı yeni reallıqlardan ən əsası budur
ki, Ermənistanın təcavüzkar tərəf olduğu
artıq bütün dünyada qəbul edilən inkarolunmaz
faktdır, təcavüzkar müharibədə kapitulyasiya
olduğu üçün bütün şərtləri qəbul
edib və onları yerinə yetirməyə borcludur. Bu
şərtlərin yerinə yetirilməməsi yaxud,
yayınma cəhdləri Ermənistan üçün
ağır nəticələrə səbəb olan yeni məsuliyyətin
yaradılması deməkdir. Nəzərə
alınmalıdır ki, kapitulyasiya aktının məzmunu və
zəruri məqsədi ilk növbədə hərbi əməliyyatların
dayandırılması ilə regionda əməkdaşlığın,
sabitliyin təmin edilməsini, qarşılıqlı
inteqrasiya proseslərinin sülh şəraitində təmin
edilməsi məqsədi ilə imzalanan hüquqi baza sənədidir.
Burada açıq ifadə olunmuş prinsipləri tərəflər
qəbul edərək rəsmən imzalamışlar. Postmüharibə mərhələsində
qarşı tərəflər zəruri həqiqəti dərk
etməlidir ki, 2020-ci ilin 10 noyabr tarixinə Azərbaycan, Rusiya
və Ermənistan tərəflərinin imzaladıqları Bəyanatın
9-cu bəndində əksini tapmış "Zəngəzur dəhlizi"nin
açılması istiqamətində Ermənistanın
üzərinə düşən öhdəliyin
müxtəlif bəhanələrlə uzadılması cəhdləri
regionda sabitliyin bərqərar olmasına maneələr
yaratmaqla, hətta təhlükəsizliyə olan təhdidlərə
yenidən yol açmış olur. Bu prosesdə
mövqesizlik, hətta bəyanatın prinsipləri ilə
ziddiyyət təşkil edir. Ona görə də
10 iyul 2021-ci il tarixdə Prezident İlham Əliyev Rusiyanın
dövlət başıçısı Vladimir Putinlə
Moskva şəhərində görüşərkən bu məsələyə
dair mövqeyini belə bildirmişdir: “Əlbəttə,
regionda münaqişədən sonrakı vəziyyət
mövzusu da var. Biz Sizinlə daim əlaqə
saxlayırıq. Hərbi əməliyyatlar başa
çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə,
yanvar ayında Moskvada şəxsən
görüşümüz və telefon söhbətlərimiz
vəziyyətin sabitləşdirilməsi işində
çox mühüm rol oynayıb. Biz qətiyyətlə
münaqişədən sonrakı dövrün maksimum
ağrısız keçməsi əzmindəyik.
Düşünürəm ki, ümumi səylərimizlə
buna nail olacağıq” Bəyanatın 9-cu maddəsində
qarşıya qoyulan bu məqsədlərin mahiyyəti belə
şərh olunmuşdur: “Bölgədəki bütün
iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hər iki
istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə
nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin
Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Lakin bu dəfə də növbəti
riyakarlığa əl atan Ermənistanın Baş naziri Nikol
Paşinyan sənədin bu maddəsini təhrif etməyə
cəhd etmiş və bildirmişdir ki, guya rəsmi Bakı
Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolunun
açılmasından imtina edib. Təəssüflər
olsun ki, Ermənistanda boşboğazlıq edib müharibədən
və ya Zəngəzurla bağlı reallığı əks
etdirməyən məsələlərdən danışanlar
erməni cəmiyyətinin də xeyirinə olacaq beynəlxalq
layihələrin reallaşmasını bu sərsəm fikirlərlə
əngəlləmiş olduqlarının
hələ də fərqində deyillər. İstər Ermənistanın,
istərsə də onun havadarlarının belə uğursuz
cəhdlərlə Azərbaycanın iradəsinə
qarşı addım atma cəhdləri əslində siyasi
spekulyasiyadan başqa bir şey ola bilməz. Çünki əvvəla,
Zəngəzur dəhlizi dövlətlərarası əməkdaşlığın
iqtisadi dividentləri üçün çox ciddi prioritet kəsb
edir. Onun reallaşmasına maneənin törədilməsi
dövlətlər üçün böyük iqtisadi itki
deməkdir. İkincisi, bu gün ən yaxşı halda dəhlizin
tələb edilməsi Ermənistana edilən güzəştdir.
Tarixi siyasi reallıqlar sübut edib ki, sonradan Ermənistan
adında yaradılan qurama dövlətin tərkibinə verilən
Azərbaycanın Zəngəzur mahalı vaxtilə
böyük siyasi oyunların qurbanına çevrilib. Azərbaycan hazırda bu kimi tarixi hadisələrə
olan münasibətini ortaya qoyub və baş vermiş ədalətsizliklərin
cavabını soruşmaq haqqına malikdir.
Üçüncüsü, Ermənistanı himayə edən
dövlətlər anlamalıdırlar və anlayırlar ki,
“məzlum erməniçiliyə” himayədarlıq etmək
onlara ağır iqtisadi siyasi zərbə vurmaqdan başqa
indiyədək hec nə verməyib və verməyəcək
də. Bəs onda əməkdaşığa maneə törətmək
hansı siyasi mətiqə sığır və buna kim
razı ola bilər? Təbii ki, bu, qəbuledilməzdir. Ona
görə də qarşılıqlı etimad mühitinin
yaradılması ilə böyük perspektivlərə nail
olmağın ən etibarlı vasitə olduğunu Azərbaycanın
iradəsi və zamanın reallığı göstərməkdədir.
Şuşa Bəyənnaməsi tarixi
reallıqların düzgün dərkini qarşıya qoyur
2021-ci il 15 iyun tarixdə Azərbaycan və
Türkiyə Prezidentlərinin Şuşa şəhərində
imzaladıqları Bəyənnamə xüsusi tarixi əhəmiyyətinə
görə beynəlxalq arenada bir çox analitiklərin təhlil
obyektinə çevrilmişdir. Azərbaycan
xalqının qəhrəmanlıq simvolu olan Şuşa
şəhərində Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətlərinin çoxtərəfli istiqamətlərini
əhatə edən Bəyannamə Azərbaycan
xalqının Qurtuluş günü - 15 iyun tarixinə və
Qarabağ, Zəngəzur üçün çox vacib
sayılan Qars müqaviləsinin 100-cü ildönümünə
təsadüf etməsinin isə xüsusi rəmzi mənası
vardır. O biri tərəfdən hər iki
müttəfiq ölkə tarixi hadisələrin
hazırkı dönəmində bölgədə
müşahidə olunan xarici qüvvələrin maraq və mənafelərinə
tutarlı cavab olaraq zəruri tarixi missiyanın həllinə
bu Bəyənnamədə qarşıya qoyulan vəzifələrlə
nail oldular. Azərbaycan Türkiyə müttəfiqliyinin
miqyası və potensial imkanları bir sıra qüvvələrin
özləri üçün ölcü götürməsini
gündəmə gətirdi. Biz regionun geosiyasi mənzərəsində
həmişə müşahidə edirik ki, tarixin təkrarlanması,
oxşar hadisələrin baş verməsi Azərbaycanın mənafeyinə
zidd addımların cərəyan etməsi fonunda
özünü göstərmişdir. Sirr deyil ki, indi də
bölgə uğrunda bir sıra region və Qərb dövlətləri
öz maraqları baxımında müxtəlif mübarizə
üsulları seçməkdədirlər. Fərqli zamanlarda
bu maraqların qurbanına cevrilmiş bir sıra milli problemlərimiz
sonralar çətin tarixi vəzifələrin həllini
qarşımıza çıxarmışdır. Ona görə
də Şuşada Türkiyə lideri ilə Bəyannamənin
imzalanması zamanı Azərbaycan Prezidenti İlham Əliyev
Qars müqaviləsinə və onun sonrakı hadisələrə
təsirinə diqqət yetirmiş və demişdir: “Tarixi
Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb.
Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən
sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik
haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək
işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə
bir çox önəmli məsələlər öz əksini
tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq
fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri,
mədəniyyət, təhsil, idman, gənclər siyasəti,
demək olar ki, bütün sahələr əhatə olunur. Cənub
Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya
üçün önəmi göstərilir. Hər bir məsələ
çox böyük önəm daşıyır”. Fərqli zamanlarda və tarixi şəraitdə
mövcud olan hər iki müqavilələrin mahiyyətində
bizi düşündürən o hal olmalıdır ki, Azərbaycan
100 il bundan əvvəl böyük təzyiqlərin
altında dərin siyasi böhran yaşadığı halda
bu gün qardaş Türkiyə Respublikası ilə
Şüşa şəhərində Zəfər
bayramını qeyd etməklə həm də bölgənin
taleyini həll edirlər. Dövlət
başçısının apardığı uzaqgörən
siyasət nəticəsində xalqımız düz 100 il
sonra tarixi ədaləti bərpa edərkən həm də
Şuşa Bəyannaməsi ilə dünyanın tarixi
gerçəklikləri qəbul etməsi ücün rəsmi
mövqe sərgilədilər. Bu mövqenin son iki
yüz ildən artıq bir dövrdə yeni geosiyasi
reallıqlara Azərbaycan tərəfindən verilən
başlanğıc olduğu tamamilə haqlı və əsaslıdır.
(davamı var )
İlham Məmmədzadə
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru,
professor
Sənan Həsənov
YAP Fəlsəfə və Sosiologiya
İnstitutu Ərazi Partiya Təşkilatının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Ötən il sentyabrın 27-dən
noyabrın 10-dək davam edən Vətən müharibəsi
Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Qurtuluş
savaşına başlayaraq öz tarixi torpaqlarını
işğalçılardan azad etdi, tarixi ədaləti
bərpa etdi. Rəşadətli ordumuz
işğalçıları bizim torpaqlardan qovdu və
ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın
çoxəsrlik tarixində buna bənzər qələbə
olmamışdır.
Beləliklə, Müzəffər Ali Baş
Komandanımızın rəhbərlik etdiyi rəşadətli
Ordumuzun əldə etdiyi tarixi Zəfərimiz nəticəsində
30 illik düşmən işğalına son qoyuldu. Təbii
ki, bu 44 günlük şanlı savaş həm indiki, həm
də gələcək nəsillər tərəfindən dərindən
öyrənilməlidir. Dövlət
başçısının bildirdiyi kimi, müharibənin
gedişatı hər kəsə məlumdur: “Sadəcə
olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə,
məqalələrdə, kitablarda müharibə ilə
bağlı və müharibədən əvvəlki dövrlə
bağlı çox müfəssəl və geniş məlumat
verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi
olduğu kimi yazaq və gələcək nəsillər
də daim bunu bilsin və unutmasınlar, o cümlədən
erməni vəhşiliyini unutmasınlar”.
Bu məqamda, vurğulamaq yerinə
düşər ki, Vətən müharibəsindəki qələbəmizi
şərtləndirən amillər sırasında
xalıqımızın milli birliyi və həmrəyliyi
ön sıralarda dayanır. Öz növbəsində, qəzetimizə
müsahibəsində bu məqama da toxunan Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid
Aydın deyib ki, tarixi Qələbəmizi şərtləndirən
amillərdən biri də Azərbaycanda yaşayan
bütün xalqların, o cümlədən dünya azərbaycanlılarının
düşmənə qarşı vahid yumruq kimi birləşməsidir.
Onun sözlərinə görə, bu birliyin əsasında isə
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını
qoyduğu azərbaycançılıq ideologiyası
dayanır. Vurğulanıb ki, məhz azərbaycançılıq
ideologiyasından güc alan xalqımız bir çox
uğurlara imza atıb. Eyni zamanda, ötən 18 il ərzində
daha da inkişaf etdirilən azərbaycançılıq
ideologiyası bu gün cəmiyyətin inkişafının
ideya təməlini təşkil edir. Prezident İlham
Əliyev azərbaycançılıq məfkurəsini
dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə
edərək demişdir: “Bizi əsrlər boyu bir millət,
bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu
gün bu məsələyə çox böyük diqqət
göstərilir. Bu gün qloballaşan, çətinliklərlə
üzləşən dünyada milli dəyərlərimiz
bizim dövlətçiliyimizin təməlini təşkil
edir. Bizim dövlətçiliyimizin çox möhkəm
ideoloji əsasları vardır. Azərbaycançılıq
məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
“Azərbaycançılıq ideologiyası
2010-cu ildə qurulan dərnəyimizin adından da
göründüyü kimi, bizim fəaliyyətimizdə
çox mühüm yer tutur. Məhz bu səbəbdən biz
dərnəyin adını Eskişehir Azərbaycanlılar Dərnəyi
qoymuşuq. Məqsədimiz Eskişehirdəki
bütün soydaşlarımızı bu ideologiya ətrafında
toplayaraq, birlik və bərabərliklə uğurlu və
güclü lobbiçilik fəaliyyəti həyata
keçirməkdir”, - deyən Cavid Aydın bu məqsədlə
çeşidli tədbirlərin keçirildiyini, davamlı addımların
atıldığını vurğulayıb.
Onun sözlərinə görə,
rəhbərlik etdiyi dərnək Eskişehirdəki azərbaycanlıları
hər hansı siyasi, dini və etnik ayrı-seçkiliyə
yol vermədən bir araya gətirmək və ölkəmizin
milli maraqlarının müdafiəsi naminə uğurlu fəaliyyət
göstərmək üçün çalışır:
“Bu ideologiyadan güc alaraq Azərbaycanın qədim tarixini, zəngin
mədəniyyətini, incəsənətini, bir sözlə,
Azərbaycanı hər yönü ilə doğru tanıtmaq
üçün işlər görürük. Dərnəyimiz zaman-zaman müxtəlif tədbirlər,
o cümlədən əlamətdar günlər, dini və
milli bayramlar, həmçinin 20 Yanvar faciəsi, Xocalı
soyqırımı, 31 Mart - Dünya Azərbaycanlılarının
Soyqırımı Günü ilə bağlı beynəlxalq
konfrans, mətbuat açıqlaması, panel, piket kimi
çeşitli tədbirlər keçirib. Bundan
əlavə Azərbaycanın dahi şəxsiyyətlərinin,
musiqisinin, mədəniyyətinin, tarixinin, Qarabağ həqiqətlərinin
tanıdılması yönündə bir çox tədbirlər,
o cümlədən bilik yarışmaları, ədəbiyyat
gecələri reallaşdırmışıq ki, bunların
kökündə də Ümummilli Lider Heydər Əliyevin
ideyalarının və Onun banisi olduğu azərbaycançılıq
ideologiyasının Eskişehirdəki soydaşlarımız,
o cümlədən gənclərimiz arasında daha geniş təbliği
əsas məqam kimi dayanıb. Onu da deyim ki, hazırda
Eskişehirdə 400-dək azərbaycanlı tələbə
təhsil alır”.
C.Aydın bildirib ki, azərbaycancançılıq
ideologiyasının, o cümlədən ölkəmiz
haqqında həqiqətlərin təbliği məqsədilə
Eskişehir Azərbaycanlılar Dərnəyi 2017-ci ildən hər
3 ayda bir “Üç Çizgi” adında elmi jurnal nəşr
edir: “2020-ci ildən isə Eskişehirin yerli televiziya
kanalı olan “EsTv”də “Üç Çizgi” adlı həftəlik
bir proqramımız yayımlanır. Vətən müharibəsində
də üzərimizə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışdıq. Belə ki, “Üç
Çizgi” proqramının müharibə dövründəki
və müharibə sonrasındakı yayınlarında
öz sahələrində məşhur şəxsləri dəvət
edərək Qarabağ müharibəsi haqqında proqramlar
hazırladıq. 8 noyabrda
Şuşanın düşmən işğalından
qurtuluşu səbəbi ilə, pandemiya
şəraitində olmağımıza baxmayaraq, şəhər
meydanında böyük bir zəfər bayramı qeyd etdik.
“Üç Çizgi” jurnalının 15-ci nömrəsi
başda general Polad Həşimov olmaq üzrə Tovuz şəhidlərinə,
16-cı nömrəsi Şuşaya, 17-ci nömrəsi 44
günlük müharibə nəticəsində qazanılan
Zəfərə həsr olundu”.
Müsahibimiz əlavə edib ki, indi yeni dönəm
başlayıb və bu dönəmdə azərbaycançılıq
ideologiyasını daha da geniş şəkildə təbliği
mühüm əhəmiyyət kəsb edir: “Dövlətimizin
başçısının avqustun 16-da Kəlbəcər və
Laçına səfəri zamanı bəyan etdiyi kimi, “indiki
mərhələdə bizim əsas vəzifəmiz müharibənin
nəticələrini möhkəmləndirməkdir, azad edilmiş
torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan
sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.
Yenidənqurma, bərpa işlərinə artıq start verilib,
bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi
köçkünləri azad edilmiş torpaqlara tədricən
qaytarmaq da gündəlikdə duran məsələdir”. Beləliklə, cənab Prezident yeni mərhələdə
yeni hədəflərimizi müəyyən edib və hesab
edirəm ki, o hədəflərə gedən yolda yenə də
əsas istinadımız milli birliyimizin təməli olan azərbaycançılıq
ideologiyası olmalıdır. Yəni dünyanın
harasında yaşamasından asılı olmayaraq, hər bir
azərbaycanlı bu ideologiyanın daha geniş şəkildə
təbliği və yeni nəsillərə
çatdırılması üçün var gücü ilə
çalışmalıdır”.
İlham Məmmədzadə; Sənan
Həsənov.
İki sahil.- 2021.- 25 avqust.- S.4.