Otuz doqquz illik tarixi olan
Vaqif Poeziya Günləri yenidən Şuşada
Azərbaycan təbiətinin, tarixinin
və sənətinin
nadir incisidir Şuşa.
Təbiət, tarix,
sənət bu şəhərdən heç
nəyi əsirgəməyib.
Füsunkar mənzərələr,
səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərməğanıdır.
Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar,
daşlar - tarixin yadigarlarıdır. Musiqi,
şeir bu torpağın hər qarışında yaşayır.
Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır...
Nə az,
nə çox düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə
gəlmişdi həmvətənləri.
Yenə onun məqbərəsi ətrafında
qələbəlik idi.
Bəli, qələbəlik,
Qələbə ovqatlı
qələbəlik, Zəfər
ovqatlı qələbəlik.
Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin nakam
ruhu da elə
buradakıların bərabərində
dayanıb, hamını
salamlamaqdaydı. O müqəddəs
ruh ki, üç
onilliyin həsrətindən
perik düşmüşdü
buralardan, amma çox uzaqlara getməmişdi, elə burada öz can sirdaşlarının,
can qardaşlarının
gələcəyi günü
səbirsizliklə
gözləmişdi. Bax,
həmin gün bu gündür, Molla Pənah Vaqifin məqbərəsinin
yenidən açıldığı
gün, Vaqif Poeziya Günlərinin yenidən başladığı
gün.
Bu gün
39 illik tarixi olan Vaqif Poeziya
Günləri Şuşa
işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada
Molla Pənah Vaqifin məqbərəsinin
və Poeziya Evinin təntənəli açılışı onun
milli ədəbiyyata,
tarixə, mədəniyyətə
böyük marağının
təzahürü idi.
Məhz bu səfər çərçivəsində
ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin
keçirilməsi ilə
bağlı göstəriş
vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada
Vaqif Poeziya Günləri keçirilmişdi.
Müasir Azərbaycan ədəbiyyatı
tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək
hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz
Cıdır düzündə
yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində
şeir gecələri
ilə yanaşı, konsert proqramları da təşkil edilirdi.
Prezident İlham Əliyevin
Şuşa şəhərini
ölkənin mədəniyyət
paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi
festivalının və
Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində
deyil, bütövlükdə
torpaqlarını işğaldan
azad etmiş və ərazi bütövlüyünə
qovuşmuş müstəqil
Azərbaycanda mədəni
həyatın təntənəsinə
çevrilib.
Heydər Əliyev
Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki
açılış mərasimində
çıxışlardan sonra
Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş
etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi
səslənib.
Rəsmi açılış
mərasimindən sonra
tədbir iştirakçıları
Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini
ziyarət ediblər.
Tədbirin iştirakçılarından
olan Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
AZƏRTAC-a müsahibəsində deyir: “Bu gün
xoş təəssüratlar
yaşayırıq. Gözlədiyimiz
gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin
ruhu azad olundu. Bu günün
şahidi olmaq xoşbəxtlikdir. Taleyimə
minnətdaram ki, belə bir gün
yaşadım”.
Bu məqamda
bir neçə məsələni qeyd etməyi özümüzə
borc bilirik. Belə ki, bu günə
qədər Azərbaycan
xalqı öz sevimli şairini bir an da
olsun unutmamışdı.
Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli
şəxslərin və
əlamətdar hadisələrin
yubileyləri proqramı”na
daxil edilməsi Azərbaycanın çoxəsrlik
zəngin ədəbiyyatı
tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə
verilən yüksək
qiymətin təzahürü
idi. 2017-ci il, həmçinin Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər
keçirilmişdi.
Uzun illərdir
dövlətimiz tərəfindən
tanınmış şəxsiyyətlərin
yubileylərinin yüksək
səviyyədə qeyd
edilməsi, əsərlərinin
nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”
2017-ci il 12 yanvar tarixli Sərəncamına
əsasən ölkəmizdə
şairin xatirəsinə
həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.
Molla Pənah
Vaqif öz dövrünün böyük
şairi, mütəfəkkiri
və dövlət xadimi olub. Onun
yaradıcılığı özünəməxsus realist
ədəbi-estetik mövqeyi
ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə bu gün Şuşada keçirilən tədbirdə
səslənən şeirlər
də, oxunan mahnılar da Vaqif ruhuna çox
yaxın idi.
Azərbaycan Yazıçılar Birliyinin
katibi, tanınmış
yazıçı-dramaturq İlqar
Fəhmi bu günün tarixi əhəmiyyətini belə
şərh edir: “Bir il əvvəl
bizə desəydilər
ki, gələn il Şuşada Vaqif Poeziya Günləri
keçiriləcək, yəqin
inanmazdıq. Zaman dəyişdi, bizə yuxu kimi görünən
bu arzu Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.
Çox unudulmaz
bir gündür. Burada iştirak edən hər bir insanın həyatına, yaddaşına
qızıl hərflərlə
yazılan bir gündür. Poeziya günləri ənənəvi
olaraq 1982-ci ildən qeyd olunurdu. Erməni işğalının
başlanması ilə
buna ara verildi. Torpaqlarımız işğaldan azad ediləndən sonra Vaqifin məqbərəsi yenidən bərpa olundu, poeziya günlərinin keçirilməsi
ilə bağlı qərar verildi.
Bu gün
açılışını etdiyimiz Vaqif Poeziya Günləri bir neçə gün davam edəcək. Poeziya günləri çərçivəsində
çıxışlar, ədəbi
simpozium nəzərdə
tutulur, sərgilər
nümayiş olunur”.
Yeri gəlmişkən
qeyd etməliyik ki, torpaqlarımız Ermənistanın işğalından
azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında
yeni dövr başlanıb. Xalqımıza
məxsus tarixi abidələrin bərpası,
ənənəvi tədbirlərin
yenidən və daha möhtəşəm
qeyd olunması qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti
təntənəyə şahidlik
edirik. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin
yenidən ucaldılması
bütövlükdə Azərbaycan
ədəbiyyatına verilən
yüksək dəyərdir.
Bu dəyərin
bariz nümunəsi olaraq Vaqif Poeziya
Günlərinə ürək
dolu sözlə gələnlər sırasında
Xalq şairi Sabir Rüstəmxanlı da var. O, Şuşada yenidən bərpa olunan bu şeir bayramının
dünyaya bir mesaj olduğunu söyləyir: “İlk növbədə, Şuşanın
işğaldan azad olunması, Azərbaycanın
qədim mədəniyyət
mərkəzinin ruhunun
özünə qayıtması,
ədəbiyyat adamlarının
bura gəlişi, Vaqif məqbərəsinin
və Poeziya Günlərinin bərpası
son dərəcədə
böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin
parlaq səhifəsidir.
Əslində, Şuşanın
işğaldan azad olunması gücünü
əsgərlərimizə bəxş
edən Şuşanın
ruhu idi, tarixi idi. Şəhid
edilmiş vətəndaşlarımızın
intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində
poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü
kimi əbədi olacaq”.
Bu gün
Şuşada əsl bayram ab-havası var, hamı danışmaq, fərəhini,
sevincini bölüşmək
istəyir. Hər kəsin köksündə
qalibiyyətin xalqımıza
bəxş etdiyi əvəzsiz sevinc hissi var. Hər kəs
bu qələbəni,
bu zəfəri bizə yaşadan Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də ölməz şəhidlərimizə, sağlamlığından
keçmiş qazilərimizə
öz minnətdarlığını
yazdığı şeirdə,
oxuduğu nəğmədə ifadə etmək istəyir. Bir sözlə, bu gün Şuşa
şeir, söz çələnginə dönüb...
Qeyd edək
ki, Vaqif Poeziya Günləri avqustun 31-də simpozium ilə davam edəcək.
İki sahil.-
2021.- 31 avqust.- S.21