Böyük Qayıdışımızın
daha bir təntənəsi - Vaqif poeziya günləri
1992-ci
ildə Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilənədək Şuşa şəhərində
hər il düzənlənən daha bir tədbirin yenidən
keçirilməsinin sevincini yaşayırıq. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Şuşada Vaqif Poeziya günləri
bu şəhər işğaldan azad edildikdən sonra ilk dəfədir ki, keçirilir. Prezident İlham Əliyev bununla bağlı demişdir ki, bir zamanlar
Şuşada böyük
coşqu ilə keçirilən Vaqif poeziya günləri bərpa edilməlidir və ediləcək. Düz, 39 ildən sonra, 2021-ci ilin 14 yanvarında tarixi məqbərənin qarşısında
çıxış edən
Prezident İlham Əliyev həmin günləri belə xatırlamışdı: “...Bu
tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə
mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı.
Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar,
Azərbaycan ziyalıları
heç o soyuğu
hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm
məqbərəsi açılırdı.
Bu təşəbbüsü
ulu öndər Heydər Əliyev irəli sürmüşdü,
onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı
və gözəl, əzəmətli məqbərə
ucaldılmışdı”.
Ölkə başçısı onu
da xüsusi vurğuladı
ki, xanın vəziri olan insanın şərəfinə
o vaxt - sovet dövründə məqbərə
ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər
kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm
dövründə xanın
vəzirinin şərəfinə
məqbərə ucaltmaq
doğrudan da fövqəladə
bir hadisə idi: “Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində
o vaxt Azərbaycan buna nail ola bildi
və bu yer də təsadüfən
seçilmədi. Molla Pənah
Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması
və açılışı
bir tərəfdən
Azərbaycan Respublikasının
öz tarixinə, Azərbaycan xalqının
öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi”.
Prezident çıxışı zamanı
bildirdi ki, Ulu Öndər sovet dövründə də milli ruhun
yüksək səviyyədə
olması üçün
çox böyük işlər görürdü. Bu məqbərənin
açılışı tarixi hadisə idi: “Mən o günü çox yaxşı xatırlayıram.
Mən təxminən orada, kənarda durmuşdum, burada atam və
görkəmli mədəniyyət
xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər.
Hətta
erməni şairləri
Azərbaycan dilində
şeirlər deyirdilər.
Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə
ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz
edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının
çoxəsrlik irsini
Qarabağ diyarından
silməyə çalışacaqlar...”
Xatırladaq ki, Vaqif poeziya
günlərinin keçirilməsinə
başlanması və
bu tədbirin ənənəvi xarakter alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət
etmək istəmiş,
lakin məzarı tapa
bilməmişdir. Onun göstərişi
ilə məzar tapılmış və Heydər Əliyev yaxşı vəziyyətdə
olmayan dağılmış
məzarı ziyarət
etmişdir. Ulu Öndər
nitqlərinin birində
gördüyü "`bu
məzarın Vaqifə
layiq olmadığını"
səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə
Vaqifin məzarı üzərində 1980-81-ci illərdə
abidə və türbə tikildi. Kompleks Şuşa
şəhərinin Cıdır
düşünə yaxın
ərazidə inşa
edilmişdi. 1982-ci ilin yanvar ayında
Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin
təntənəli açılışı
oldu. Kompleksdə
Molla Pənah Vaqifin Şuşa
həyatını əks
etdirən dövrə
aid olan 80-ə yaxın
eksponat da sərgilənirdi.
Soyuq, qarlı gündə keçirilən açılış
mərasiminə Şuşaya
istedadlı sənət
adamları toplaşmışdı.
Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrildi.
Beləliklə, ulu öndər Heydər Əliyev hər il Vaqif
poeziya günlərinin
keçirilməsi barədə
göstəriş verdi.
Həmin tarixdən etibarən hər il avqust
ayında Vaqif poeziya günləri düzənlənməyə başlanıldı.
Tədbirin proqramına şeir
gecələri ilə
yanaşı, konsertlər
də daxil edilmişdi. Vaqif poeziya
günlərinin keçirilməsi
ənənəyə çevrilmişdi.
Hər il
avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatırdı. Vaqif poeziya
günləri Şuşanın
erməni quldurları
tərəfindən işğalına
qədər davam etmişdir. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı
milli-mənəvi, dini
və tarixi-memarlıq
abidələrimizi talayaraq
məhv etmiş, həmçinin Molla Pənah Vaqifin məqbərəsini də
dağıtmışdılar. Mənfur düşmənin torpaqlarımızı
işğal etməsi
nəticəsində uzun
illər idi ki, Vaqif poeziya
günləri də keçirilmirdi.
Müzəffər Azərbaycan Ordusunun
şanlı Zəfərindən
sonra, 39 il əvvəl məqbərənin
açıldığı gündə - yanvarın
14-də Şuşa şəhərinə
səfəri zamanı
məqbərəni ziyarət
edən ölkə başçısı İlham
Əliyevin tapşırığına
əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin
təmir-bərpa və
yenidənqurma işlərindən
sonra açılışı
baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində
iştirak etdilər və görülən işlərlə tanış
oldular. Həmin gün Şuşa şəhərində Molla
Pənah Vaqifin büstünün də açılışı oldu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Molla
Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü
1958-ci ildə Cıdır
düzünə yaxın
ərazidə qəbirüstü
abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı
evinin yaxınlığına
köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından
əvvəl büst və onun ətrafı
təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst də
1992-ci ildə Şuşa
şəhərinin işğalı
zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.
Ölkə başçısının
göstərişinə əsasən,
abidə bu il onun müəllifi,
Əməkdar incəsənət
xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan
büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.
Göründüyü kimi, torpaqlarımız erməni işğalından
azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm
qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası,
ənənəvi tədbirlərin
yenidən və daha möhtəşəm
qeyd olunması qayıdışımızın daha bir təntənəsinə
çevrilib.
Sevinc Azadi
İki sahil.- 2021.- 31 avqust.- S.17.