Həyat qarantımız peyvəndlərdir

 

COVID-19-un yeni törəməsi «Omicron»a da bu yolla, epidemioloji vəziyyətin tənzimlənməsi ilə qalib gələcəyik

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), dünyanın tanınmış ekspertlərinin, mütəxəssislərin açıqlamalarında dəfələrlə qeyd olunduğu kimi, bəşəriyyəti yaratdığı təhlükəsi ilə qorxu altında saxlayan COVID-19-a qarşı mübarizənin ən etibarlı yolu əhali arasında peyvəndləməni sürətləndirmək, profilaktiki tədbirlərə diqqəti artırmaq, dezinfeksiyaedici məmulatlardan səmərəli istifadə etməkdir. Ən başlıca tələb isə maska taxmaq, məsafə saxlamaq, ictimai yerlərdə kütləvi toplaşma hallarına məhdudiyyət qoymaqdır. Bütün ölkələrdə peyvəndləmə prosesinin davam etdiyi müddətdə pandemiyanın mutasiyası nəticəsində yaranan ştammların profilaktikasının öyrənilməsi əlavə vaxt tələb etdiyindən müəyyən çətinliklər yaranır. Amma koronavirusun varlığını hiss etdirdiyi ilk günlərdən ÜST-in «karantin rejiminin qaydalarına da riayət olunmalı, fiziki məsafə saxlanılmalı, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar unudulmamalıdır» çağırışı həmişə aktualdır. Virusun yaranan yeni ştammlarına qarşı mübarizədə ən etibarlı vasitə, normal həyata qayıtmağın yolu əhalinin vaksinasiyaya cəlb olunmasıdır.

«Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»”na uyğun peyvəndləmə davam etsə də, yeni ştammların yaratdığı fəsadlar səhiyyə işçilərinin məsuliyyətini artırır. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni «Omicron»” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Hələ əlamətləri, yaradacaq fəsadları tam araşdırılmasa da, yayılma sürətinə görə əvvəlki viruslardan təhlükəli olan, iy və dad bilmə hissləri saxlanılan, yorğunluqla müşahidə olunan «Omicron»a qarşı profilaktiki tədbirlərin görülməsi zərurətə çevrilir.

İlk dəfə Cənubi Afrikada aşkarlanan, qısa müddətdə Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinənən «Omicron» ştammının əvvəlki mutasiyalarla müqayisədə daha riskli olması ilə bağlı informasiyalar virusa qarşı mübarizədə daha diqqətli olmağı tələb edir.

Yoluxduruculuq «qabiliyyəti» ilə bağlı araşdırmalar davam etdiyindən «Omicron»la bağlı tam açıqlama verməyin çətin olduğunu bildirən mütəxəssislər yeni ştammın yayılma coğrafiyasına nəzarəti artırır. Mübarizə üsulu isə dəyişilməzdir: Əhali arasında vaksinasiyanı sürətləndirmək, epidemioloji vəziyyətin qorunmasına diqqəti artırmaq.

Pandemiyanın «Alfa», «Beta», «Qamma» və «Delta» variantlarının COVID-19-un bütün dünyada yayılan minlərlə versiyalarından olduqlarını qeyd edən mütəxəssislər bütün dünya xalqlarını təsiri altında saxlayan koronavirusu indiyədək kəşf olunan ən təhlükəli virus adlandırırlar. Koronavirusun yeni mutasiyası olan «Omicron»un əvvəlki variantlardan çox fərqləndiyini bildirən dünyanın tanınmış mütəxəssislərinin araşdırmalarına əsasən demək olar ki, təxminən 50 mutasiyadan keçən yeni variantın üzərindəki tikanvari proteinlər vasitəsi ilə virus insan hüceyrələrinə daxil olur.

«Delta» variantı ilə müqayisədə «Omicron»un fəsadları haqqında tam məlumat yoxdur. Virusun son mutasiyası ilkin variantla müqayisədə çoxsaylı dəyişikliklərə məruz qaldığı üçün peyvəndlərə qarşı daha dayanıqlı ola bilər. Səhiyyə işçiləri vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici üçüncü- buster doza ilə peyvəndləməyə çağırır.

COVID-19 təlaşı ilə yaşadığımız illəri yola saldıqca pandemiya ilə «davranmağın» yollarını da öyrənir, ətrafımızda müşahidə etdiyimiz hadisələrdən koronavirusun insanlarda yaratdığı xofu daha aydın görür və virusun «tələblərinə» boyun əyirik.

Sosial şəbəkələrdə pandemiya ilə bağlı məlumatları izləmək insanların gündəlik həyat tərzinə çevrilib. Virusun sona çatma müddətini öyrənmək üçün bütün dünyada, ölkə daxilində pandemiyanın hərəkət trayektoriyasını izləyən, statistik məlumatlarda yoluxma hallarının artmasından vahimələnən insanları «Omicron»la bağlı deyilənlər daha çox narahat edir. Virusun yeni variantları haqqında yazılanlarla rastlaşdıqda daha çox məyus oluruq. İstər-istəməz xəstəliyi keçirənlərlə əlaqə saxlayır, həkimlərlə məsləhətləşir, bəzi hallarda ehtiyac olmayan, əksinə xəstəliyi ağırlaşdıran preparatlardan istifadə edirik. Unutmaq olmaz ki, həkimlərin təyinatı olmadan, müxtəlif təhlillər aparılmadan başqalarının təcrübəsinə əsasən koronavirusun özbaşına müalicəsi həyat üçün təhlükəlidir. İnsanların orqanizmləri, xəstəliyə qarşı müqavimətləri müxtəlif olduğu kimi, dərman preparatlarının təsiretmə gücü də fərqlidir. Bəzi insanlar orqanizimində hansı gizli bir xəsətliyin olmasından, hansı proseslərin getməsindən belə xəbərsizdir. Buna görə də kiminsə müalicəsində səmərəli olan müalicə metodu başqasının sağlamlığına, hətta həyatına təhlükə yarada bilər. Bu cür nəzarətdən kənar «özü-özünü» müalicə metodu təbii ki, sonradan ciddi fəsadlar yaradır. Çox vaxt xəstəxanalarda süni nəfəs aparatına qoşulmaqla nəticələnir. Yuxarıda qeyd olunduğu kimi virusdan qorunmağın ən etibarlı yolu istənilən vaksinlərlə peyvənd olunmaqdır. Amma virus haqqında tam məlumatları olmayan, sonradan özü üçün problem yaratmaq istəməyən bəzi həkimlər riskli xəstələrə, hamilə qadınlara orqanizmi kənar viruslardan qoruyan, immuniteti yüksəldən vaksinlərin vurulmasını məsləhət görmürlər. Saxta yollarla «peyvənd olunmağı təsdiqləyən» sənədi qeyri-qanuni yolla əldə edənlərə, bu sənədlərdən varlanmaq naminə istifadə edən həkimlərə də rast gəlirik. İçdikləri Hippokrat andına sadiq qalmayaraq əməlləri ilə ağ xalatlarına ləkə salan həkimlərin cinayətə cəlb olunması başqalarına da dərs olmalıdır. Pandemiyanın davamiyyət hərəkətini bildirən, hər gün açıqlanan statistik məlumatlarda qeyd olunan yeni yoluxmaların, ölüm hallarının artması hər kəsdə narahatlıq doğurur. Mütəxəssislər etiraf edirlər ki, koronavirusa yoluxaraq həyatını itirənlərin əksəriyyəti məhz vaksin vurdurmayanlardır.

Hazırda uşaqların peyvəndlənməsi ÜST-in ekspertlərinin müzakirə etdiyi ciddi məsələdir. Artıq bir neçə ölkədə 5-12 yaşlı uşaqlar arasında vaksinlərin vurulması prosesinə başlanılıb. Yoluxucu xəstəliklərin daha çox müşahidə olunduğu payız fəslində yayılan qriplə koronavirusun əlamətlərinin oxşar olması valideynləri, pedaqoji kollektivləri profilaktiki tədbirlər görməyə məcbur etdi. Bəzi məktəblər, siniflər distant təhsilə keçməklə yoluxmanın qarşısını almağa çalışdılar. Amma bütün hallarda yaşından asılı olmayaraq insan orqanizminin vaksinlə qorunması mütləqdir. Sosial şəbəkələrdə yer alan yeni doğulan uşaqlarda koronavirusun əlamətlərinin aşkar olunması barədəki informasiya alimləri düşündürür. Ümumiyyətlə «sabah nə olacaq, hansı gözləmədiyimiz təhlükə ilə üzləşəcəyik, əvvəlki həyatımız nə vaxt bərpa olunacaq» sualları planetimizin bütün sakinlərini düşündürən aktual məsələdir. Hələ ki, elmin insanlara bəxş etdiyi həyat qarantı müxtəlif ölkələrdə hazırlanan və özünü doğruldan peyvəndlərdir. Peyvənd olunaq ki, bu sualların cavablarını da tezliklə gündəlik həyat tərzimizlə reallaşdıraq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 4 dekabr.- S.18.