Qarabağın bərpası tarixi
Zəfərimizin davamıdır
Quruculuq layihələrinin
uğurlu icrası dövlətimizin gücünün nəyə
qadir olduğunu dünyaya bir
daha nümayiş etdirir
Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi,
erməni faşizminin bu
ərazilərdə yerlə bir etdiyi şəhər və kəndlərimizin
ən qısa zamanda bərpası, yenidən
qurulması, buraya qayıdışın
tezliklə təmin edilməsi üçün
azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq,
abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində
saxlanılır. Ötən il noyabrın
16 -da başlanan təməlqoymalar
elektirk enerjisi, avtomobil və dəmir yolları
infrastrukturlarında, hava limanlarında
genişmiqyaslı tikinti işlərinə
rəvac verib. Qarabağda quruculuq
işlərinin aparılması üçün
2021-ci ilin dövlət büdcəsindən
2,2 milyard manat vəsait
ayrılıb.
Cənab Prezidentimizin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-sahibkar tərəfdaşlığının inkişafını təmin edən, o cümlədən, ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların qurulması –Prezident İlham Əliyev tərəfindən Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə tarixi, dini və mədəni abidələrimizin bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensialının əyani təzahürü olmaqla bütün dünyada heyrətlə qarşılanır. Bununla yanaşı, Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin Baş planları Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında hazırlanaraq, təqdim edilib.
Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Xüsusi vurğulanmalı məsələlərdən biri də, işğaldan azad edilmiş ərazilərdə icra edilən “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarıdır. Bu konsept üzrə həmin kəndlərdə – şəhərlərdə müasir məktəblər, bağçalar, poliklinikalar və elektron idarəetmə mərkəzləri tikilir, turizm infrastrukturu yaradılır. Bundan əlavə, bütün binalar, obyektlər, kənd təsərrüfatı məhsullarının emalı alternativ enerji mənbələri ilə təmin edilir.
Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanılması, beləliklə, işğaldan azad edilən bölgəmizdə müasir yol-nəqliyyat infrastrukturunun sürətli şəkildə yaradılması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyev bir müddət bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməlini qoyub.
Bu tədbirlər planının bir hissəsi olaraq mayın 12-də Şuşada “Xarıbülbül”, avqustun 29-da isə “Qarabağ” otellərinin yenidənqurmadan sonra açılışı olmuşdur. Otellər qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının gələcəkdə möhkəmləndirilməsində çox mühüm rol oynayacaq. Həmçinin “Qarabağ” xalçaları, “Qarabağ” Muğam məktəbi, “Qarabağ atları” mədəni turizmə maraq göstərən turistləri həmişə özünə cəlb edib. Qarabağ regionunun əsas turizm mərkəzi olan Şuşa şəhəri işğaldan azad ediləndən sonra Prezident İlham Əliyev tərəfindən respublikanın mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Prezidentinin tapşırığı ilə Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi qısa müddətdə bərpa olunub. Şuşada hazırda Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, Mehmandarovların evinin bərpası işləri davam etdirilir. Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi də bərpa olunur. Şəhərin tarixi siması saxlanılmaqla ən müasir formada bərpa edilməsi, dünya standartlarına uyğun turizm infrastrukturunun yaradılması sözsüz ki, Qarabağa turist axınını daha da sürətləndirəcək. Qarabağın turizm potensialı və orada bu istiqamətdə aparılan işlər heyranlıq doğurur.
Dövlət başçısı İlham Əliyevin 7 iyul 2021-ci il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı da Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir.
Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin edilməsi, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bütövlükdə, Qarabağ “Yaşıl enerji” zonası kimi elan edilmişdir. 2021-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391min ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmışdır. “Yaşıl enerji” konsepsiyası çərçivəsində bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün ssenari isə artıq hazırdır.
Yeni nəqliyyat-kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolların bərpası da yenidənqurma işlərinin prioritetini təşkil edir. Regionda avtomobil yollarının çəkilməsi layihəsi 10 əsas avtomobil yolunu əhatə edir ki, bunun da ümumilikdə uzunluğu 665,4 kilometrdir. Layihədə diqqət çəkən əsas məqamlardan biri uzunluğu 101 kilometr olan Zəfər yoludur. Bu yol hər birimizi “Qarabağın tacı”na – Şuşaya aparır və artıq həmin yol istifadəyə verilib. Hazırda düşməndən təmizlənən sahələrdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların inşası, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə icra olunur. Əhmədbəyli–Füzul–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Xudafərin–Qubadlı–Laçın, Qubadlı– Eyvazlı, Şükürbəyli–Cəbrayıl–Hadrut və Füzuli–Hadrut avtomobil yollarının çəkilişi yüksək keyfiyyətlə aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə–Ağdam avtomobil yolunun tikintisi də uğurla həyata keçirilir. Bu istiqamətdə dəmir və avtomobil yolları vasitəsilə Naxçıvanla Azərbaycanın qərb rayonlarının birləşdirilməsi və Zəngəzur dəhlizinin işə düşməsi zəruri məsələrdən biridir.
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin gerçəkləşməsi və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək. Zəngəzur dəhlizinin açılması aramıza çəkilmiş süni divarların bir növ dağıdılmasıdır. Yəni, dəhliz Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək və bütöv türk dünyası üçün yeni imkanlar açacaq. Dəhliz Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır.
Ötən müddətdə Qarabağın elektrik təsərrüfatının yenidən qurulması da diqqətdə saxlanılıb. “Azərenerji” ASC qısa vaxtda işğaldan azad olunan torpaqlarda mühüm infrastruktur yaradıb. Belə ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası yenidən qurulub, 4,4 MVT-lıq “Kəlbəcər-1” KSES-də yenidənqurma işlərinin isə tezliklə tamamlanması nəzərdə tutulub. Bölgədə elektrik enerjisinin təminatı ilə bağlı ötən müddətdə lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli iş görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib.
Bütün bunlar onu deməyə əsas verir ki, dövlət başçımızın işğaldan azad edilən şəhər və rayonlarımıza səfərləri çərçivəsində bərpa ilə bağlı qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər xarabaya çevrilən kənd və şəhərlərimizin qısa müddətdə gülüstana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanılacağından xəbər verir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2021.- 4 dekabr.- S.14.