Müstəqil və müasir
Azərbaycanın memarı
Adını tarixə
müstəqilliyimizin xilaskarı kimi yazan müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ruhu şaddır- Torpaqlarımız
azadlığına qovuşub, cənnətməkana
çevrilirlər
Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur, hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”» Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna «yaşıl işıq» yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir»” söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu.
Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və s. kimi biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən «Əsrin müqaviləsi»nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu Öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən danışır. Perspektivdə nəzərdə tutulan iri miqyaslı layihə və islahatların tətbiqi ilə ölkəni iqtisadi və demokratik inkişaf yolu ilə irəliyə aparan Ulu Öndər eyni zamanda, səbatsız AXC-Müsavat cütlüyünün səriştəsizliyindən mənəvi depressiyaya düçar olan xalqda gələcəyə inam hissi yaratdı.
Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyatı əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyasını hazırladı, Milli Konstitusiya qəbul olundu. Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla iş üzrə Dövlət Komitəsi yaradıldı.
Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu Öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Göründüyü kimi, Azərbaycanın 30 illik müstəqillik tarixi zaman baxımından o qədər böyük olmasa da, əldə olunan uğurların miqyasının böyüklüyü bu dövrü daha da zənginləşdirir. Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bu günümüzü müstəqilliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsasında da Ümummilli Liderin şah əsərinin daha da qüdrətlənməsi, güclənməsi dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın söylədiyi «Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailyyətləridir» fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının təsdiqidir.
Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında biri-birindən əhəmiyyətli uğurlar dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013 və 2018-ci illərdə yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevə səs verməklə təsdiqləmişdir. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək, fundamenti o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var. Bu imkanlar Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha əzəmətli, möhtəşəm edir. Dövlət başçısı bildirir: «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.»
Bu illər ərzində «Azərbaycan 2020:gələcəyə baxış» İnkişaf Kosepsiyası icra edildi. On il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Təbii ki, bu məqsəd də realdır və bunun üçün zəruri olan addımlar atılıb, uğurlu nəticələr göz önündədir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən regionların malik olduğu potensialdan səmərəli istifadəni vacib amil kimi önə çəkdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfranslarda da Prezident bu məqamı xüsusi vurğulayır: «2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.» Regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün yaradılan şərait dinamik inkişafı təmin edir. Azərbaycanın uğurlu inkişafının bundan sonra da təmin olunacağına əminliyini ifadə edən cənab İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımların davamlı olacağını bildirir. Bütün bölgələr bu gün inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Rayonlarda, qəsəbələrdə infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Prezident İlham Əliyev regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrdə olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. O da məlumdur ki, cənab İlham Əliyevin hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri barədə sərəncam imzalanır. Təbii ki, bu, hərtərəfli inkişafın dövlət siyasətinin əsasında dayandığını təsdiqləyən amillərdəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfranslarda cənab İlham Əliyev regionların inkişafında, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində Dövlət Proqramlarının çox böyük rolu olduğunu önə çəkərək bu inamı ifadə etmişdir ki, bu gün Azərbaycan gələcəyə çox böyük inamla addımlayır: «Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir. Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda adadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.»
Bu günümüzün reallıqlarından biri budur ki, Azərbaycan islahatçı ölkə kimi dünya birliyində özünə layiq yer tutub. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmizin inkişaf modelinin cəlbedici olduğu xüsusi qeyd edilir. Prezident İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəflərin gerçəkləşdirilməsini sürətləndirir.
Artıq hər zaman arzusunda olduğumuz hədəfimiz də reallığa çevrilib. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. 44 günlük İkinci Qarabağ müharibəsi 30 ilin işğalına son qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. Azərbaycan yeni reallıqlara uyğun olaraq diktə edən tərəfdir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb. Artıq 2030-cu ilə qədərki dövrü əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Bu sənədlə yanaşı iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdışa doğru atılan addımlardır.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu sevinci bizlərə yaşadan ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirlər. Artıq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ruhu şaddır. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir, qürurludur.
Zəfərin mübarək, müasir müstəqil Azərbaycan! Bundan sonra Ulu Öndərin şah əsəri olan Azərbaycanımızı yalnız və yalnız uğur gözləyir.
Yeganə
Əliyeva
İki sahil.- 2021.- 11 dekabr.- S.2-3.