Ümummilli Lider: Ana dilinin

böyük qayğıkeşi hamisi

 

Ulu öndər Heydər Əliyevin milli dil quru­culuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir

 

Ötənlərin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi,  ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların tribunalarında səslənməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni möv­qeyinin yüksəlməsinə nail olunub.

Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi faktlar gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarı ilə, Azərbaycandilli məktəblərin, maarifin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin Ana dilində təhsilinə üstünlük verilməyə başlandı.

Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə məruz qalmasına, 70 illik SSRİ-nin tərkibində olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub.  Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan Ulu Öndər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.   1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 27-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.  Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev onun inkişafı və qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzaladı, qanunlar qəbul etdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan  2001-ci il  iyunun 18-də ümummilli lider Heydər Əliyev  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da ulu öndər Heydər Əliyev   “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” əhəmiyyətli bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı. Sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 2003-cü il   yanvarın 2-də ümummilli lider  Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.

Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində ümummilli lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.

Ulu Öndərin Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına verdiyi xüsusi dəyər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli və yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyev  çıxışlarında, ictimaiyyət nümayəndələri ilə görüşündə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi diqqət yönəldir. Dövlətimizin başçısının  “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da ictimai-tarixi əhəmiyyətinə görə yüksək  qiymətləndirilmişdir. Prezident İlham Əliyev, həmçinin  2004-cü il dekabrın 27-də “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdı. Bu sənədlərə uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki Sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilmişdir. Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə ölkə Prezidenti  2007-ci il avqustun 24-də daha bir Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı”nın nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur. Prezidentin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə həmin əsərlərin siyahısı təsdiq edilmiş, 18 sentyabr 2008-ci il tarixli Sərəncamla isə həmin nəşrlərin maliyyələşdirilməsi təmin edilmişdir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”  (23 may 2012-ci il), “Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” (29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında” (9 aprel 2013-cü il), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (17 iyul 2018-ci il), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Beləliklə, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktor kimi çıxış etməsini şərtləndirib.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2021.- 11 dekabr.- S.9.