Yenidən və daha gözəl...

 

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli bərpa-quruculuq işləri daha geniş vüsət alır

 

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda başlanan sürətli bərpa-quruculuq işləri minalanmış ərazilərin xəritələrinin əldə edilməsi ilə daha da geniş vüsət alacaq.

Çünki ermənilərin vəhşicəsinə, barbarcasına tamamilə dağıtdığı, daşına-divarına qədər söküb yerlə bir etdiyi kənd və şəhərlərimizin, yollarımızın, əkin və otlaq sahələrimizin, hətta qəbiristanlıqların belə faşistcəsinə piyada və tank əleyhinə minalarla, partlamamış döyüş sursatları ilə çirkləndirilməsi Qarabağda və Şərqi Zəngəzurda böyük layihələrin həyata keçirilməsini nisbətən ləngidən ən ciddi maneə idi. Bu səbəbdən Azərbaycan müharibənin bitməsindən keçən bir ildən bir az artıq müddət ərzində azad edilmiş torpaqlarda həyata keçirdiyi bərpa və quruculuq işlərini ilk olaraq minaların təmizlənməsi ilə başlamalı oldu. Buna baxmayaraq, ötən dövrdə kifayət qədər böyük layihələrin reallaşdırılmasına nail olunub, düşmən tapdağından azad edilmiş torpaqlarımıza həyat qayıdıb.

Görülən işlərin miqyasını bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə əsasən daha aydın təsəvvür etmək mümkündür. Belə ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulur. Gələcəkdə həmin məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, məbləğin daha çox olacağı gözlənilir. Müqayisə üçün bildirək ki, Ermənistanın 2021-ci ildə büdcə gəlirləri cəmi 2.87 milyard ABŞ dolları nəzərdə tutulub.

Bərpa-quruculuq layihələrinin reallaşdırılmasında yerli və xarici özəl şirkətlərin də müəyyən payı var və getdikcə artmaqdadır. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bu günlərdə Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda bildirib ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 900-dən çox müraciət daxil olub ki, bunların təxminən üçdə biri xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur: “İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur.

İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması kimi dəstək tədbirləri əksini tapacaq.”

Nazir müavini onu da qeyd edib ki, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gələcəkdə logistika və anbar komplekslərinin, TIR parkının, topdan və pərakəndə satış obyektlərinin, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, Qarabağdakı sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək.

Ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu əsasən hasilat sənayesi və sağlamlıq turizmi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi drayverlər kimi ixtisaslaşa bilər.

Qeyd edək ki, artıq işğaldan azad edilmiş ərazilərin təbii resurslarının öyrənilməsi və yataqların istismarı üzrə konkret addımların atılmasına başlanılıb. Belə ki, Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının tədqiqi, kəşfiyyatı və istismarı çərçivəsində İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Türkiyənin "Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri arasında “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair” müqavilə imzalanıb. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ və Şərqi Zəngəzurda müasir tələblərə cavab verən hidroloji və meteoroloji stansiyaların qurulması istiqamətində iş aparır. Bundan əlavə, ərazinin seysmik aktivliyinin nəzarətdə saxlanılması da artıq diqqət mərkəzindədir və bu il beynəlxalq qrant layihəsi çərçivəsində 22 seysmik stansiya alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edib ki, 2025-ci ilə qədər 10 seysmik stansiyanın Qarabağda quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri planlı formada həyata keçirilir və yeni innovativ yanaşmalar tətbiq edilməklə mərhələli şəkildə bütün sahələri əhatə edir. İlk olaraq yol infrastrukturu və kommunikasiyaların bərpası istiqamətində görülən işlər digər iri layihələrin də reallaşdırılmasına şərait yaradır. Bu baxımdan artıq çəkilişi yekunlaşmış “Zəfər yolu” başda olmaqla ilkin yol şəbəkəsi sahəsində, həmçinin elektrik enerjisi təchizatı, su xətlərinin çəkilişi, bərpası və digər istiqamətdə görülən işlər müstəsna əhəmiyyət daşıyır.

Rabitə sahəsində də ötən müddətdə diqqətçəkən işlər görülüb və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə,bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında mobil rabitə operatorlarının 92 ədəd baza stansiyası fəaliyyət göstərir, ərazilərin 72 %-i 2G şəbəkəsi ilə, 52 %-i isə 4G şəbəkəsi ilə təmin edilib. Artıq bir müddətdir ki, Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının müvəqqəti bərpası yerinə yetirilib. Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Şuşada təməli qoyulan 130 metrlik radio-televiziya yayım qülləsinin tikintisi davam etdirilir və onun fəaliyyətə başlaması ilə daimi keyfiyyətli yayımın təmin edilməsi mümkün olacaq. Nazirlik tərəfindən dövlət-özəl tərəfdaşlığı nəticəsində insan kapitalının inkişafı istiqamətində də işlər görülür, tədqiqat laboratoriyalarının qurulması, kibertəhlükəsizlik sahəsində, yaxud da "Data analyst" sahəsində yeni kadrların yetişdirilməsi ilə bağlı layihələrə artıq başlanılıb.

İKT texnologiyaların, innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi həm iqtisadi aktivliyin artırılmasına, makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına birbaşa təsir edəcək, həm də xidmət sektorlarının inkişafına səbəb olacaq.

Bəllidir ki, Azərbaycanda ilk olan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarının reallaşdırılmasında çox güclü internet şəbəkələşməsinin olması çox vacibdir.

İşğaldan azad edilmiş ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə də başlanılıb və konkret təkliflər planı hazırlanıb. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin məlumatına görə, Qarabağda yeni, innovatit ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsi təşkil olunacaq.

Planlı şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin dirçələcəyi, o yerlərə yeni və xoşbəxt həyatın qayıdacağı günlər uzaqda deyil. Bütün bunlar dövlətimizin fəaliyyət istiqamətində prioritet təşkil edir və ən başlıcası bunun üçün Azərbaycanın iqtisadi qüdrəti və əzmi kifayət qədərdir.

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 18 dekabr.- S.25.